Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1688/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının sığorta hissəsinə əlavənin ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına çıxdığı gündən almadığı əmək pensiyasına 93 manat 50 qəpik məbləğində əlavənin 17 mart 2009-cu il tarixindən etibarən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi təyinatlı qüvvələrin giziri olmuş mərhum X1 anası olaraq, 17 mart 2009-cu il tarixindən etibarən ailə başçısını itirməyə görə əmək pensiyası alır. Hazırda ona məlum olmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən şəhidlərin ailə üzvlərinin əmək pensiyasına (bu Qanunun 14- 16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində əlavə nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq da, xx.xx.2023-cü il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona şəhid ailəsi kimi əmək pensiyasına almadığı 93,50 manat məbləğində əlavənin 17 mart 2009-cu il tarixindən etibarən əmək pensiyama hesablayaraq ödənilməsini xahiş etsə də, cavabdeh tərəfindən müraciətinə reallıq ilə heç bir əlaqəsi olmayan formal bir cavab verilmişdir. Cavabdehin bu mövqeyi də qanunvericiliyə zidd olduğundan və onu qane etmədiyi üçün məhkəməyə müraciət etmişdir. Çünki işin faktiki hallarından biri odur ki, iddiaçının mərhum oğluna şəhidlik statusu 2022-ci ildə verilməsinə baxmayaraq, onun oğlu 04 sentyabr 2008-ci il tarixində döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən şəhid olmuşdur. Yəni verilən statusun faktiki əsası 2008-ci ildən yaranmışdır. Bu səbəbdən də hesab olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.1-ci maddəsində nəzərdə tutulmuş pensiyaya 93.50 manat məbləğində əlavəni, şəhid ailəsi kimi pensiya hüququ qazandığı vaxtdan almaq hüququ vardır. Reallıq odur ki, qanun ilə hüququ təsbit olunmasına rəğmən, 17 mart 2009-cu il tarixindən hazırki günə kimi aldığı əmək pensiyasının tərkibində sözügedən 93.50 manat məbləğində əlavə ona ödənilməmişdir. Onu da nəzərə alınması xahiş olunmuşdur ki, iddiaçı olaraq şəhid ailəsinin üzvü kimi hüquqi statusu xx.xx.2008-ci il tarixdən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu isə 17 mart 2009-cu il tarixdən qazandığına görə, həmin əlavə ona ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv olunmasına baxmayaraq, həmin dəyişiklik qüvvəyə minənədək hüququ yaranmış vətəndaşlara (tanıdığı eyni statuslu şəxslərə) sözügedən 93.50 manat miqdarında əlavənin ödənilməsi davam etdirilir. Faktiki hallardan da göründüyü kimi, iddiaçı kimi onun sözügedən əlavənin əmək pensiyama hesablanmamasmda heç bir günahı yoxdur. Cavabdehdə öz növbəsində nəzərə almalıdır ki, iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən “şəhid ailəsinin üzvü” statusunun və vəsiqəsinin 2022-ci ildə verilməsi halı, iddiaçının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanundan irəli gələn hüquqlarına (hazırkı halda, sosial təminat hüququna) təsir etməməlidir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə bildirilmişdir ki, iddiaçı ona şəhid ailəsi üçün qanunvericilikdə nəzərdə tutulan 93,5 manat məbləğində pensiyanın sığorta hissəsinə əlavənin xx.xx.2009-cu il tarixdən hesablanaraq ödənilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçı müraciəti üzrə araşdırma aparılmış,inzibati icraatın nəticəsi olaraq ona xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-32010/2024 nömrəli məktub ünvanlanmışdır. Sözügedən məktubda iddiaçıya hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyi, onun əmək pensiyasının sığorta hissəsindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş 19.1.1-ci maddəsinə (93,50 manat) əsasən əmək pensiyasının sığorta hissəsinə əlavədən və qulluq stajına görə əmək pensiyasına əlavədən ibarət olduğu bildirilmişdir. Bundan narazı qalan iddiaçı xx.xx.2009-cu il tarixdən etibarən ona ödənilməmiş şəhid ailəsi üçün əmək pensiyasının sığorta hissəsinə 93.5 manat əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı şəhid ailəsinin üzvü olduğu üçün ona pensiyasının tərkibində ödənilən əlavə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyi 17 mart 2009cu il tarixdən nəzərə alınıb. Eyni zamanda qeyd olunur ki, İddiaçı sabiq hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə ödənilən əmək pensiyasının məbləği hazırda 1798,33 manat təşkil edir. Həmin 1798,33 manat əmək pensiyası aşağıdakı tərkibdən ibarətdir: sığorta hissəsi -53,34; qulluq stajına görə əlavə hissəsi - 1488,01 manat. Qanunun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.1-ci maddəsinə əsasən - 93,50 manat; maddi yardım hissəsi -163,48 manat. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının və işin hallarının qarşılıqlı təhlilindən bir daha aydın olur ki, İddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş pensiyanın sığorta hissəsinə əlavə xx.xx.2009-cu il tarixdən hesablanaraq ödənildiyindən hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun məzmunda izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı cavabdehin dəlilinə münasibətdə bildirir ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh hər nə qədər də iddiaçının tələbinin təmin olunduğu irəli sürsə də, iddiaçı bununla razılaşmamış və əsaslandırılmış iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-M-32010/2024 saylı məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılaraq ona xx.xx.2009-cu ildən ƏPQ-nin 20.17.1-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X2 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi və həmin maddənin tələbinə müvafiq olaraq hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyi bildirilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 1/M-69 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, kiçik gizir X3 xx.xx.2008-ci il tarixində döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən kiçik gizir X3 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. İddiaçının pensiya işində olan sənədlərdən görünür ki: -xx.xx.1961-ci il təvəllüdlü iddiaçıya xx.xx.2009-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. -AR DSMF-in Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə İş üzrə Departamentin xx.xx.2009-cu il tarixli qərarı ilə iddiaçıya ƏPQ-nin 20.17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə 217,30 manat əmək pensiyası təyin edilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-1114/2023 nömrəli qərardan görünür ki, xx.xx.2009-cu il tarixdə pensiya hüququ yaranmış iddiaçının aldığı pensiya məbləği 694,16 manat, yenidən hesablanmış pensiya məbləği 763,58 manat təşkil edir. Yenidən hesablamanın səbəbi: Qanunun 20.17-ci maddəsinin tələblərinə uyğunlaşdırılması -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-3201/2024 nömrəli qərardan görünür ki, xx.xx.2009-cu il tarixdə pensiya hüququ yaranmış iddiaçının aldığı pensiya məbləği 973,93 manat, yenidən hesablanmış pensiya məbləği 1798,33 manat təşkil edir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda İddiaçı şəhid ailəsinin üzvü olduğu üçün ona pensiyasının tərkibində ödənilən əlavə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyi xx.xx.2009-cu il tarixdən nəzərə alındığı bildirilmişdir. Beləliklə, işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı oğlu xx.xx.2008-ci il tarixdə döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və şəhid statusuna malikdir. İddiaçıya xx.xx.2009-cu il tarixdə ikinci qrup əlillik təyin edilmiş və bu tarixdən etibarən pensiya hüququ yarandığından cavabdeh tərəfindən ƏPQ-nin 20.17.1-ci maddəsinə uyğun olaraq ailə başçısının itirilməsinə görə 217,30 manat əmək pensiyası təyin olunmuşdur. Hazırda iddiaçı ƏPQ-nin 01 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavənin ona ödənilmədiyini bildirir və həmin əlavənin pensiya təyin edildiyi xx.xx.2009-ci il tarixdən hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh pensiya qurumuna müraciət etmişdir. Lakin müraciətinə verilmiş cavabdan narazı qaldığından hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin mövqeyi belədir ki, sözügedən əlavə iddiaçıya pensiya təyin edildiyi xx.xx.2009-cu ildən hesablanaraq ödənilmişdir və hər hansı anlaşılmazlıq yoxdur. Göründüyü kimi mübahisənin predmeti kimi aydınlaşdırılmalı olan əsas məsələ, əmək pensiyasının sığorta hissəsinə dair müvafiq əlavənin iddiaçıya faktiki olaraq ödənilibödənilməməsi ilə bağlıdır. Məhkəmə iddiaçının tələbinin əsaslı olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Qanundan: -1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.5. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. -4.1. Bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. -4.4. (01 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir -4.4. (01 iyul 2017-ci ilədək qüvvədə olan redaksiya) Ailə başçısını itirməyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.4.1. baza hissəsindən; 4.4.2. sığorta hissəsindən. -14.1.2. (01 yanvar 2010-cu ilədək qüvvədə olan redaksiya) Ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. 01 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun sığorta hissəsinə əlavələr adlanan 19.1.1-ci maddəsində göstərilirdi ki, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14- 16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində sığorta hissəsinə əlavələr ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli, 240-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 19-cu maddə ləğv edilmişdir (1.4-cü bənd). X6 müddəaları adlanan 2.2-ci maddəsində göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir. Həmin Qanunun 3-cü bəndində qeyd olunur ki, bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. “Əmək pensiyaları haqqında” Qanunun: -20.17.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); -26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.2-ci maddəsinə (xx.xx.2021-ci il tarixədək olan redaksiyası) əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. -29.2-ci maddəsinə əsasən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il, №627-VİQD tarixli qanunla ləğv edilmişdir) bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırılmaqla, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Göründüyü kimi, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəhidlərin ailə üzvlərinə əmək pensiyasının sığorta hissəsinə əlavə ödənişlərinin hesablanması “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci ilədək qüvvədə olan redaksiyasının 19.1.1-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, şəhid ailəsi statusuna malik şəxslərə sığorta hissəsinə əlavə ödənilməsi qanunvericiliklə müəyyən edilmiş hüquqdur. Belə olan halda, iddiaçının şəhid ailə üzvü kimi hüquqlarının, o cümlədən əmək pensiyasının sığorta hissəsinə əlavələrin, məhz hüquqi əsasın yarandığı tarixdən, yəni pensiyanın təyin olunduğu xx.xx.2009-cu il tarixdən qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq, xx.xx.2020-ci il tarixinədək ödənilməsi təmin edilməli idi. Lakin cavabdehin iddiaçının tələb etdiyi 93,5 manat məbləğində əlavənin artıq ödənildiyi barədə mövqeyi, məhkəmə baxışı zamanı təqdim olunmuş sübutlarla təkzib olunmuşdur. Belə ki, iddiaçının pensiya işinin materiallarında olan hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsindən müəyyən olunur əsasən iddiaçıya xx.xx.2009-cu ildə pensiya məbləği hesablanarkən onun hərbi qulluqçu olmuş mərhum oğlunun 422,50 manat təşkil etmiş orta aylıq əmək haqqının 50 faizi götürülmüş (422,60 x 50%) və bu məbləğ 211,30 manat kimi müəyyən olunmuş üzərinə 6 manat (kommunal) əlavə gəlmiş, bununla da pensiyanın məbləği 217,30 manat kimi müəyyən olunmuşdur. Bununla belə, 93,5 manat məbləğində sığorta hissəsinə əlavə ayrıca göstərilməmişdir. İş materiallarında olan sənədlərlə iddiaçının pensiyasının sığorta hissəsinə əlavələrin nəzərə alındığı müəyyən olunmur. Cavabdeh inzibati orqan qeyd olunan ödənişlərin iddiaçıya ödənilməsini bildirsə də, bununla bağlı hər hansı tutarlı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə icraatı zamanı işin mübahisəli halının araşdırılması məqsədilə mütəxəssis kimi dəvət olunmuş cavabdehin pensiya qurumunun nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının ilkin pensiya məbləği (217,30 manat) hesablanarkən sığorta hissəsinə edilən əlavələr artırıldığından qulluq illərinə görə əlavələr azaldılmışdır. Məhkəmə qeyd edir ki, qulluq illərinə əlavənin hesablanması qaydası - Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. İstinad olunan normadan görünür ki, şəxsə ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər, hansı ki, bu zaman birinci halda qulluq illərinə görə əlavənin məbləği azaldılır, ikinci halda isə artırılır:
1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə görə əlavənin məbləği artım qədər azaldılır;
2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda – bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır. Birinci hal, yəni əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən həyata keçirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 6.2.-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Göründüyü kimi qulluq illərinə əlavə də indeksləşdirmə kimi bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır. Məhz buna görədir ki, həm Qanunun 29.2-ci maddəsinə, həm də Qaydanın 2.1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulmuşdur. İşdən görünür ki, iddiaçı, ƏPQ-nun 19.1.1-ci maddəsində əvvəlki redaksiyasında nəzərdə tutulan əlavələrin sığorta hissəsinə əlavə olunaraq yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı birinin olmamasına baxmayaraq, həmin əlavələri sığorta hissəsinə əlavə edildiyini və qulluq stajına görə əlavənin azaltdığını bildirmişdir. Halbuki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etməmişdir. Bu səbəbdən də məhkəmə, cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hüququnun yarandığı xx.xx.2009cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası alan iddiaçıya 93,5 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanmalı olduğundan iddiaçıya münasibətdə istinad olunmuş Qanunun 19.1.1-ci maddəsinin tətbiqini zəruri edən bütün şərtlər mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin xx.xx.2017-ci ilə qədər olan redaksiyasına əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin maddənin xx.xx.2017-ci ildən qüvvədə olan redaksiyasına əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının pensiyasının sığorta hissəsinə 93,5 manat əlavənin ödənilməsi cavabdehin pensiya qanunvericiliyindən və konkret olaraq “Əmək pensiyaları haqqında” Qanunun 19.1.1-ci maddəsindən irəli gələn vəzifəsi olduğundan və iddiaçıya həmin ödənişləri pensiya təyinatı zamanı nəzərə alaraq ödənildiyini bildirməsinə baxmayaraq, işin araşdırılması ilə həmin ödənişlərin iddiaçıya ödənilmədiyi sübuta yetirildiyindən, başqa sözlə, hazırkı mübahisə əmək pensiyasının müəyyən edilməsi ilə bağlı olmamaqla iddiaçıya əvvəldən verilməli olan pensiya məbləğinin düzgün hesablanmamasını ehtiva etdiyindən, sözügedən ödənişlər Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı vaxtdan 19.1.1-ci maddənin qüvvədən düşdüyü xx.xx.2020-ci ilədək ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2009-cu ildən hesablanmaqla xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1.1-ci maddəsinə uyğun olaraq şəhidlərin ailə üzvlərinə ödənilən əmək pensiyasının sığorta hissəsinə 93,5 manat (doxsan üç manat əlli qəpik) məbləğində əlavənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov