Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1689/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Azərbaycan Respublikası Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinə qarşı fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsinin, əlavə pay torpağının verilməsi, yaşayış evinin tikilərək iddiaçının məskunlaşdırılmasıbarədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsinin verilməsi və Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən 4 otaqlı fərdi yaşayış evinin tikilərək onun məskunlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər Bakı şəhəri Xəzər rayon Türkan kənd Bələdiyyəsi, Azərbaycan Respublikası Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinə qarşıBakı şəhəri Xəzər rayon Türkan kənd Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsinin, əlavə pay torpağının verilməsi,Cavabdeh2 və Əmək və X4 Nazirliyi tərəfindən tam təmirli, əmlakla təchiz edilmiş 4 otaqlı fərdi yaşayış evinin tikilərək onun məskunlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əlillərə olan güzəştlər ləğv edilməmiş, 1999cu ildə Bakı şəhəri İcra Hakimiyyəti başçısının M-1355 nömrəli razılıq məktubuna əsasən Bakı Bağlar İdarəsində növbəyə durmağı və əlilliyi ilə əlaqədar qanunla ona növbədənkənar pulsuz daça-bağ yeri, torpaq sahəsi verilməli idi. Həmin vaxtdan qanunla xüsusi mülkiyyət olmalı torpağı Dövlət Torpaq Fondunda qalmışdır. Sonralar qəbul olunmuş “Bələdiyyələr haqqında Qanun”un bu məsələnin həllinə aidiyyəti yoxdur. İlk növbədə dövlətin pozulmuş qanunu, pozulmuş hüququ bərpa olunmalıdır. Pozulmuş hüququnun bərpa olunmasından, qanunla pulsuz torpaq təminatından əlavə torpaq sahəsi istəsə, ancaq əlavəyə “Bələdiyyələr haqqında Qanun”la baxılar. Bağlar İdarəsi ləğv olduğundan Torpaq Məcəlləsinin 59-cu maddəsinə görə Xətai və Xəzər rayon Türkan kənd bələdiyyələri hüququ bərpa etməli idi. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Xətai rayon bələdiyyəsinə torpaq sahəsi ayrılmış olsa da, hüququ təmin olunmamışdır, bildirmişlər ki, bizdə boş torpaq sahəsi yoxdur. Xəzər rayonunda boş torpaq sahələri olsa da, həmin rayonun Türkan kənd bələdiyyəsindən də boş torpaq sahəsinin olmadığı bildirilmişdir. Xəzər rayonunun Türkan kənd bələdiyyəsindən dənizə yaxın ərazidən torpaq sahəsi verilməsini istəyir. Bakı və ətrafı üçün orta bazar qiyməti sotu 5000 (beş min) manat olmaqla, ona növbədənkənar pulsuz verilməli olan 15 sot torpaq sahəsinin verilməsi, yaxud 75000 (yetmiş beş min) manat dəyəri adları çəkilən bələdiyyələr tərəfindən və Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Mənzil Məcəlləsinin 39, 48, 56-cı maddələrinə görə əmək əlili olduğundan onlara növbədənkənar mənzil verilməli idi. Sığınacaq yeri olmadığı halda, üstəlik 1992-ci ildən bəri müavinətlər də ödənilməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehlərin yazılı mülahizələri (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 2-1(82)-3842/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbul edilməsi, iddia tələbinin “iddiaçıya torpaq sahəsi, əlavə pay torpağı verilməsi və tam təmirli, əmlakla təchiz olunmuş 4 otaqlı fərdi yaşayış evi tikilərək onun məskunlaşdırılması” kimi göstərilməsi, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin inzibati məhkəmə icraatına cəlb olunması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi X3 izahatında Türkan bələdiyyəsinin 2020-ci ildən fəaliyyətə başladığını, iddiaçı tərəfindən hazırki tələblə onlara müraciət olunmadığını, Türkan bələdiyyəsinin torpaq fondunun olmadığını göstərərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi X2 izahatında iddiaçının tələblərinin təmsil etdiyi Nazirliyin səlahiyyətlərinə aid olmadığını göstərərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırda müxtəlif tələblər irəli sürmüşdür. İnzibati Prosessual Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasları zamanı iddiaçıya bir daha İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təklif edilmişdir. Lakin, iddiaçı iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olan iddianın tələblərinə uyğunlaşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Həmin Qərarın 16-cı bəndinə əsasən 16.1. iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi iləməlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması, onun İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələblərinə uyğunlaşdırılması məqsədi ilə məhkəmə tərəfindən müddət təyin olunmuş, lakin iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olan iddianın tələblərinə uyğunlaşdırmamış və dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1, Azərbaycan Respublikası Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinə qarşı fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsinin, əlavə pay torpağının verilməsi, tam təmirli, əmlakla təchiz edilmiş 4 otaqlı fərdi yaşayış evinin tikilərək iddiaçının məskunlaşdırılması barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1689/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1689/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver