Məhkəmə qərarları › İş №2-1(112)-169/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-169/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-169/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin nümayəndəsi X3, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla maddi və mənəvi ziyanın tutulması barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “B” tikilisinin sökülməsinə görə Bakı şəhəri Binəqədi rayon İcra akimiyyətindən, Bakı şəhəri İcra Hakimiyyətindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 150.000 manat məbləğində maddi ziyanın və 100.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin də cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildə qaçqın kimi gəlib Bakı şəhərində Binəqədi rayonu ərazsində məskunlaşıb, həmin ərazidə müəyyən fəaliyyətlə məşğul olub. Belə ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində “A” və “B” tikililərindən ibarət iki tikili onun sahibliyində olmuşdur. Həmin tikililərdən “A” tikilisində hətta yaşayış sahəsi də inşa edib və uzun illərdir ki, orada yaşayır. Həmin tikililərdə istifadə edilən qaz, elektrik və su üçün haqqlar da onun tərəfindən ödənilmişdir. Qeyd edilən tikililərə dair Bakı şəhər İcra hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 15 sentyabr 1997-ci il tarixli Texniki Pasport verilmişdir. X9 əsasən “A” və “B” tikililərinin ona aid olması öz əksini tapır. 1997-ci ildən rəsmi olaraq onun istifadəsində olan “B” tikilisi Binəqədi rayon İcra hakimiyyəti tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən və heç bir məhkəmə qərarı olmadan 16.07.2019-cu il tarixində sökülmüşdür. Halbuki, iddiaçıya verilən texniki pasportun mülkiyyətçi və icarədar təşkilat adı verilmiş qrafada iddiaçının adı yazılmışdır. Texkini pasportdan görünür ki, qeyd edilən ərazidə iki tikili vardır. “A” və “B” tikililəri. Həmin tikililərin ümumi sahəsi 307.5 kv., metrdir. “A” tikilisində 3 istehsalat sexi (ümumi sahəsi 199.6 kv.m). 1 müdir otağı (sahəsi 8.8 kv.m). 1 sanitar qovşağı (sahəsi 2.2 kv.m) vardır. “B” tikilisində 1 istehsalat sexi (sahəsi 97.9 kv.m) vardır. Qeyd edilən tikililərdən “B” tikilisi Binəqədi rayon İcra hakimiyyəti tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən və heç bir məhkəmə qərarı olmadan 16.07.2019-cu il tarixində sökülmüşdür. 97.9 kv.metr sahəsi olan bir tikili mülkiyyətçinin razılığı olmadan sökülmüşdür. Qeyd edilən tikililərə dair bütün elektrik, qaz ,və su sərfiyyatı ilə bağlı ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. Uzun illər həmin tikililərin iddiaçının istifadəsində və hətta dövlət tərəfindən ona verilmiş rəsmi sənədin olmasına baxmayaraq Bakı şəhər İcra hakimiyyəti və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüşdür.İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 18.07.2019-cu il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh-Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə tərəfindən Bakı şəhər İcra Hakimiyyəti ikinci cavabdeh qismində, Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə 3-cü şəxs qismində işə cəlb edilmişlər. İPMin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin 18.10.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh-Bakı şəhəri İcra hakimiyyətinə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən İPM-in 13 və 48-ci maddələrinin tələblərinə uyğun olaraq, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir ərizə (iddianın dəyişdirilməsi) təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan, Binəqədi rayon İcra hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus tikilinin sökülməsi ilə əlaqədar olaraq hər-hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər-hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi rayon İcra hakimiyyəti tərəfindən hər-hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz. Binəqədi rayon İcra hakimiyyəti tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfi ünvanda hər-hansı bir abadlıq quruculuq və s. Dövlət tədbirləri aparılmır. Beləliklə də rayon icra hakimiyyəti qeyd olunan ünvanda hər-hansı təmir- tikinti və ya abadlıq-quruculuq işləri aparmırsa iddiaçının istifadəsində olmuş tikilinin sökülməsinə lüzum qalmır. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də məhkəməyə təqdim etdiyi, sözügedən tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əvəzinə Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 15.09.1997-ci il tarixli Texniki Pasport təqdim etmiş. Qeyd olunmuş sənəd tikili üzərində mülkiyyət hüquqlarını təsdiq etmir, sadəcə əmlakın texniki göstəricilərini əks etdirir. Teniki sənəddə tikilinin təyinatı əks olunmadığından hansı qeyri-yaşayış və ya yaşayış obyektindən söhbət getməsi müəyyən edilmir. Beləliklə də, iddiaçı tərəfindən sözügedən tikilinin onun xüsusi mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlardan əlavə, iddiaçının 25 000 manat kompensasiya ödənilməsi tələbi ilə əlaqədar cavabdeh şəxs Binəqədi rayon İcra hakimiyyəti olmadığından bu məbləğ ondan tələb oluna bilməz. Qeyd olunanlara görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. İddiaçının iddia etdiyi tikili “Azərbaycan Yazıçılar Birliyinin əməkdaşları üçün çoxmənzilli binanın tikinti üçün ayrılmış ərazinin giriş hissəsindədir. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Bu səbəbdən də, İddiaçı cavabdeh Binəqədi rayon İcra hakimiyyətinə qarşı dəymiş maddi və mənəvi zərərin tutulması barədə iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri İcra hakimiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri İcra hakimiyyəti tərəfindən mübahisəli ərazidə heç bir söküntü işləri aparılmamış və bu barədə heç bir təşkilata göstəriş verilməmişdir. Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “A” və “B” tikililərinə dair İddiaçı adına 15 sentyabr 1997-ci il tarixdə Texniki Pasport (iş materiallarına notarial qaydada təsdiq olunmuş surəti əlavə olunmuşdur) tərtib olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti tərəfindən verilmiş 02/09/11-31/2097 №li 23 avqust 2019-cu il tarixli və 03/09- 11-30/90 №li 18 sentyabr 2019-ci il tarixli məktublarda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilisi Binəqədi rayon İcra hakimiyyəti tərəfindən sökülməmiş və söküntü işlərinin aparılması ilə bağlı Binəqədi rayon İcra hakimiyyəti tərəfindən hər hansı qərar qəbul olunmamışdır. Söküntü işlərinin hansı qurum tərəfindən aparılması barədə məlumat rayon İcra hakimiyyətində aşkar olunmamışdır. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********28 №li 14 fevral 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfindəyerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması, həmin qeyri-yaşayış sahəsinə dair onun adına texniki pasportun tərtib edilməsi haqqında hər hansı məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə öhdəliyin icrası haqqında iddia onunla xarakterizə olunur ki, ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi məhkəmədən tələb olunur. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdehlər Bakı şəhər İcra hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “B” tikilisinin sökülməsinə görə ona dəymiş maddi və mənəvi ziyanın tutulmasına dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mübahisəli sahəyə dair iddiaçının adına tərtib olunmuş texniki pasporta gəldikdə isə, məhkəmə bununla bağlı qeyd edir ki, daşınmaz əmlaka dair tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd deyil, texniki sənəd olmaqla texniki göstəriciləri əks etdirən sənəddir, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmır və belə olan halda hazırki iddianın qaldırılması üçün səbəb ola bilməz. Bundan əlavə qeyd olunan texniki pasportun iddiaçının adına tərtib olunmasına əsas olmuş sənədlərin təqdim olunması barədə məhkəmənin müvafiq sorğusuna DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda hər hansı məlumatın (sənəd) İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehlərə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı inzibati orqanlara müraciət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhər İcra hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan B tikilinin sökülməsinə görə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən, Bakı şəhəri İcra Hakimiyyətindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 150.000 manat məbləğində maddi ziyanın və 100.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar