Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1690/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Bakı Şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi) qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Mərdəkan Bələdiyyəsinin 117 saylı, xx.xx.2006-cı il tarixli Qərarı və həmin qərara əsasən tərtib edilmiş digər sənədlər əsasında əsasında alqı-satqı yolu ilə ona satılmış 200 kv.m. torpaq sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsində sahəsi 200 kv.m. təşkil edən torpaq sahəsinin alqı-satqı yolu ilə alınmasına dair ərizə ilə Mərdəkan Bələdiyyəsinə müraciət etmişdir. Ərizə əsasında Mərdəkan Bələdiyyəsinin 117 saylı, xx.xx.2006-cı il tarixli Qərarı ilə Mərdəkan qəsəbə yaşayış məntəqəsinin hüdudları daxilində 200 kv.m. torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçıya satılması qərara alınmışdır. Bu qərar əsasında eyni tarixdə Mərdəkan Bələdiyyəsi ilə iddiaçı arasında “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqında alqı-satqı müqaviləsi” bağlanmış, eyni zamanda torpaq sahəsinin sxemi və baş plandan çıxarış tərtib edilmişdir. Həmin vaxtdan torpaq sahəsi fasiləsiz olaraq iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı 27 may 2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bakı Ərazi İdarəsinə ********** saylı ərizə ilə müraciət edərək, bəhs edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən torpaq sahəsinin qeydiyyata alınması əvəzinə xx.xx.2024-cü il tarixli **********4 saylı məktubla ərizənin icrasından imtina edilmişdir. Məktubda imtina səbəbi kimi bildirilmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların-alqı-satqısına dairaktı təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın bu imtina məktubu onun konstitusiya ilə qorunmalı olan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Belə ki, iddiaçı qanuni şəkildə alqı-satqı yolu ilə əldə edilmiş torpaq sahəsinə dair mülkiyyət hüquqlarıı dövlət qeydiyyatına aldıra bilmir və bununla da iddiaçı ona məxsus daşınmaz əmlaka sərəncam vermə hüququmdan məhrum edilmiş olur. Belə olduqda, iddiaçı hal-hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqısatqısına dair akt təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun oimaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Mərdəkan Bələdiyyəsinin 117 saylı, xx.xx.2006-cı il tarixli qərarı və həmin qərara əsasən tərtib edilmiş digər sənədlər əsasında alqı-satqı yolu ilə ona satılmış 200 kv.m torpaq sahəsinin mülkiyyət hüquq üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********54 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı Şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Bakı Şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, bələdiyyənin vergi bazasında iddiaçıya aid heç bir məlumat yoxdur.
7. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Mərdəkan BƏlədiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 117 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
8. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir.
II. İddianın geri götürülmüş sayılması
9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
10. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
11. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixdə hazırlıq icraatı iclasının keçirilməsi vaxtı barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı həmin tarixdə məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən növbəti tarixdə (xx.xx.2024-cü il tarixdə) iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, hazırlıq icraatı üzrə iclas xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Qeyd edilən tarixdə iddiaçı məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.
12. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
13. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
14. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
15. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
16. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
17. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
18. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva