Məhkəmə qərarları › İş №2-1(112)-1691/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1691/2023

27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1691/2023 27.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində ananın soyadının tibbi şəhadətnaməyə uyğun düzəliş edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş İddiaçı doğumunun 7 nömrəli Doğum Evi (TƏBİB “X16” publik hüquqi şəxsi 7 nömrəli Doğum Evi) tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********72 nömrəli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınması və doğum akt qeydi tərtib edilərkən doğumu haqqında akt qeydinin “ata-anası haqqında məlumat” bölməsində anasının soyadının **********72 nömrəli tibbi şəhadətnamədə yazıldığı kimi “Babayeva” deyil, “Varaqyan” olaraq qeyd edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası Babayeva (Varaqyan/Ağayeva) İrana Telmanovna xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası doğulan zaman valideynlərinin arasında nikah olmadığından və doğumu qeydə alınarkən atalıq müəyyən edilmədiyindən onun soyadı anasının soyadına uyğun olaraq “Varaqyan” kimi qeydə alınmışdır. X2 Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynləri 2000-ci ildə ailə qurmuşlar, lakin həmin vaxt anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməmişlər. 2011ci ildən sonra atası ilə anası ayrılmışdır. Həmin vaxtdan etibarən o, anasının himayəsində böyümüşdür. İddiaçı doğulan zaman anasının şəxsiyyətini təsdiq edən sənədi olmamış və "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" səbəbindən o etnik mənsubiyyətini bəyan etməkdən qorxmuş, bu səbəbdən də övladını doğarkən xəstəxanada özünü atası hesab etdiyi şəxsin soyadına uyğun olaraq “Ağayeva” soyadı ilə təqdim etmişdir. Ona görə də, iddiaçının doğulmağı faktını və vaxtını təsdiq edən sənəddə qeydlər aparılarkən anasının soyadı “Ağayeva” kimi göstərilmişdir. Lakin həmin vaxt anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün ona xəstəxana tərəfindən uşağın doğulmağı haqqında tibbi şəhadətnamə verilməmişdir. 2015-ci ilin noyabr ayında anası Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-694/15 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. xx.xx.2016-cı il tarixdə anası nikaha daxil olmuş və nikaha daxil olduğu şəxsin soyadına uyğun olaraq ona “Babayeva” soyadı verilmişdir. Nikaha daxil olduqdan sonra anası övladının doğumu haqqında tibbi şəhadətnaməsini almaq məqsədilə doğulduğu tibb müəssisəsinə - TƏBİB “X16” publik hüquqi şəxsi 7 nömrəli Doğum Evinə (7 nömrəli Doğum Evi) müraciət etmişdir. xx.xx.2016-cı il tarixdə 7 nömrəli Doğum Evi tərəfindən iddiaçının anasına xx.xx.2002-ci il tarixdə həmin Doğum Evində bir oğlan uşağı doğmağı barədə **********72 nömrəli doğum haqqında tibbi şəhadətnamə verilmişdir. Lakin həmin doğum haqqında tibbi şəhadətnamənin “ana haqqında məlumat” bölməsində iddiaçının anasının soyadı nikahdan sonrakı soyadına uyğun olaraq “Babayeva” kimi göstərilib. 7 nömrəli Doğum Evi tərəfindən iddiaçının anasına onun doğulmağı barədə tibbi şəhadətnamə verildikdən sonra iddiaçının anası onun doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün xx.xx.2016-cı il tarixdə qanunvericiliklə tələb olunan sənədlərlə birlikdə həmin vaxt qeydiyyatda olduğu əraziyə uyğun olaraq Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin müraciətdən uzun müddət keçməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi anasının müraciətinə cavab vermədiyi üçün anası onun doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbi ilə xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İşə baxan 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3817/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə anasının iddiası təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, o doğulan zaman anası “Varaqyan” soyadını daşıdığı halda, onun doğulmağı haqqında tibbi şəhadətnamədə anasının soyadı “Varaqyan" deyil, o doğulduqdan sonra anasının nikaha daxil olmaqla əldə etdiyi soyadı - “Babayeva” qeyd edildiyindən onun “Babayeva” soyadına hüququ çatmır. Bundan sonra iddiaçının anası həmin qərardan xx.xx.2018-ci il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-740/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3817/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi də öz qərarını birinci instansiya məhkəməsinin mövqeyi ilə əsaslandırmışdır. İddiaçının anası Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvəyə minmişdir. Beləliklə də, iddiaçının doğum haqqında tibbi şəhadətnaməsində anasının soyadı kimi qeyd edilmiş “Babayeva” soyadı ilə doğumunun qeydə alınması mümkün olmamışdır. 18 yaşı tamam olduqdan sonra iddiaçı doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi məqsədilə sənədləşmə işinə başlamış, bu məqsədlə anası xx.xx.2022-ci il tarixdə 7 nömrəli Doğum Evinə müraciət edərək “Doğum haqqında tibbi şəhadətnamə" elektron registrində xx.xx.2002-ci il tarixdə 7 nömrəli Doğum Evində övladının doğulmasını təsdiq edən **********72 nömrəli doğum haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olan tibbi qeydlərdəki səhvlərin düzəldilməsini - ana haqqında məlumat” bölməsinin soyadı qrafasında “Babayeva” soyadının “Varaqyan” soyadına düzəldilməsini və həmin düzəlişlər əsasında yeni doğum haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin 7 nömrəli Doğum Evi tərəfindən iddiaçının anasının müraciətinə cavab olaraq doğum haqqında tibbi şəhadətnaməyə hər hansı bir dəyişiklik edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək aşağıda qeyd edilmiş inzibati hərəkətlərin edilməsini xahiş etmişdir: “Mənim - xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş İddiaçı - doğumumun 7 nömrəli Doğum Evi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********72 nömrəli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınmasını; Doğum akt qeydinin tərtib edilərkən doğumu haqqında akt qeydinin “ata-anası haqqında məlumat” bölməsində anasının soyadının **********72 nömrəli tibbi şəhadətnamədə yazıldığı kimi “Babayeva” deyil, “Varaqyan” olaraq qeyd edilməsini; məndən şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikası ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında mənim doğum haqqında şəhadətnamə ilə təmin edilməyimi.” Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinə özünün xx.xx.2022-ci il tarixli, 1562-05/15 saylı məktubu ilə aşağıdakı məzmunda cavab vermişdir: “Sizin barənizdə tərtib olunmuş 7 saylı doğum evinin **********72 saylı, xx.xx.2016-cı il tarixli doğum haqqında tibbi şəhadətnamədə və AA0128642 nömrəli, xx.xx.2019-cu il tarixli şəxsiyyət vəsiqəsində anasının soyadı “Babayeva" qeyd edildiyindən ərizənizin icrası qeydiyyat şöbəsində mümkün deyil. İddiaçıya yuxarıda göstərilənləri nəzərə alaraq, yaşadığı rayonun məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı eyni zamanda, Bakı şəhəri Cavabdehnə müraciət edərkən həmin müraciətin bir surətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə də göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, doğumu qeydə alınarkən ona anasının nikahdan əvvəlki soyadının verilməsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmənin qəbul etdiyi qərardan asılı olaraq məsələyə baxılacaq. İddiaçı hesab edir ki, Bakı şəhəri Cavabdeh bu cavabı tamamilə əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. X-JQ seriyalı, 363099 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının anasının doğumu qeydə alınarkən onun soyadı “Varaqyan" kimi qeyd edilmişdir. AZ-İ1 seriyalı, 097741 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə X12 ilə nikaha daxil olmuşdur və nikaha daxil olduqdan sonra ona nikaha daxil olduğu şəxsin soyadına uyğun olaraq “Babayeva” soyadı verilmişdir. 7 nömrəli Doğum Evi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********72 nömrəli doğum haqqında tibbi şəhadətnamənin “uşaq haqqında məlumat” bölməsindən görünür ki, uşaq xx.xx.2002-ci il tarixdə doğulmuşdur, “ana haqqında məlumat” bölməsindən görünür ki, ananın soyadı nikahdan sonrakı soyadına uyğun olaraq “Babayeva” kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş 7 nömrəli doğum evi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 153 nömrəli arayışdan görünür ki, 1984-cü il təvəllüdlü Ağayeva (Varaqyan) İrana Telmanovna xx.xx.2002-ci il tarixdə 7 nömrəli doğum evində bir oğlan uşağı doğub. İşin yuxarıda qeyd edilən hallarından və iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından bəlli olur ki, 2016-cı ildə iddiaçının anasına onun doğulmağı barədə xəstəxana tərəfindən tibbi şəhadətnamə verildikdən sonra o, övladının doğumumunu qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün xx.xx.2016-cı il tarixdə həmin vaxt yaşadığı əraziyə uyğun olaraq Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həmin müraciətdən uzun müddət keçməsinə baxmayaraq, Nəsimi rayon Qeydiyyat Şöbəsi iddiaçının doğumunu qeydə almadığından anası “onun doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin Bakı səhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” tələbi ilə xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi2-1(81)-3817/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbini rədd etmişdir. Məhkəmə öz qərarını aşağıdakı kimi əsaslandırıb: “İş materiallarından görünür ki, 7 saylı doğum evi tərəfindən verilmiş AZE **********72 nömrəli doğum haqqında 103 saylı tibbi şəhadətnamə və 2 saylı uşaq poliklinikasının arayışında ərizəçinin və uşağın soyadı “Babayev” qeyd edilmişdir, iddiaçının soyadı o, xx.xx.2016-cı ildə nikaha daxil olaraq Babayev soyadını götürənədək Varaqyan olmuşdur. Beləliklə, xx.xx.2002-ci il təvəllüdlü oğlunun doğulduğu vaxt iddiaçı Varaqyan soyadını daşıdığı halda, 7 saylı Doğum Evindən verilmiş və 2 saylı poliklinikadan verilmiş arayışda soyadlar “Babayeva” qeyd edilmişdir, həmçinin, iddiaçı iddia ərizəsində öz soyadını “Babayeva (Varaqyan/Ağayeva)” kimi qeyd etmişdir. Sənədlər arasında iddiaçının soyadı ilə bağlı ziddiyyətlər yarandığından iddia tələbi əsaslı hesab oluna bilməz.” Bundan sonra iddiaçının anası həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi özünün 2-1(103)-740/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )-3817/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Göründüyü kimi, işə baxan məhkəmələr öz qərarları ilə Nəsimi rayon Qeydiyyat Şöbəsinin iddiaçının anasının nikahdan sonrakı soyadına - “Babayeva” soyadına hüququnun çatmadığı arqumentini əsaslı hesab ediblər. Beləliklə, doğum akt qeydi tərtib edilərkən iddiaçının doğumu haqqında akt qeydinin “ataanası haqqında məlumat” bölməsində anasının soyadının **********72 nömrəli tibbi şəhadətnamədə yazıldığı kimi “Babayeva” olaraq qeyd edilməsi mümkün olmayıb. Bundan sonra, anası xx.xx.2022-ci il tarixdə 7 nömrəli Doğum Evinə müraciət edərək “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrində xx.xx.2002-ci il tarixdə 7 nömrəli Doğum Evində iddiaçının doğulmağını təsdiq edən **********72 nömrəli doğum haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olan tibbi qeydlərdəki səhvlərin düzəldilməsini - "ana haqqında məlumat” bölməsinin soyadı qrafasında “Babayeva” soyadının “Varaqyan” soyadına düzəldilməsini və həmin düzəlişlər əsasında yeni doğum haqqında tibbi şəhadətnamənin verilməsini xahiş edib. Lakin 7 nömrəli Doğum Evi tərəfindən iddiaçının anasının müraciətinə cavab olaraq doğum haqqında tibbi şəhadətnaməyə hər hansı bir dəyişiklik edilməsinin mümkün olmadığı bildirilib. Belə ki, “Doğum haqqında tibbi şəhadətnamə” elektron registri tam avtomatlaşdırıldığı üçün orada hər hansı bir dəyişikliyin edilməsi mümkün olmur. Çünki uşağın anasının şəxsiyyət vəsiqəsinin seriya, nömrəsi və FİN kodu elektron registrə daxil edildikdə ana barədə məlumatlar elektron registr sisteminə avtomatik olaraq sinxronizasiya edilir və ona hər hansı bir kənar müdaxilə etmək mümkün deyil. İddiaçının doğulmağı haqqında 7 nömrəli Doğum Evində onun doğulmağını təsdiq edən **********72 nömrəli doğum haqqında tibbi şəhadətnamə də anasına şəxsiyyət vəsiqəsi aldıqdan sonra onun şəxsiyyət vəsiqəsi əsasında verilmişdir. Lakin həmin vaxt artıq anası nikahda olduğu üçün şəxsiyyət vəsiqəsində də nikahdan sonrakı soyadı, yəni “Babayeva” soyadı qeyd edilmişdir. Bu səbəbdən də doğum haqqında tibbi şəhadətnamənin “ana haqqında məlumat” bölməsində anasının soyadı təqdim etdiyi şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Babayeva” kimi göstərilib. Göründüyü kimi, bir tərəfdən doğum haqqında tibbi şəhadətnamədə düzəliş edilməsi yuxarıda qeyd etdiyi səbəbdən mümkün deyil. Digər tərəfdən isə həmin şəhadətnamədə qeyd edilmiş anasının nikahdan sonra götürdüyü “Babayeva” soyadı ilə onun doğumunun qeydə alınması mümkün deyil. Bu səbəbdən də Bakı şəhəri Cavabdeh iddiaçının doğumunu doğumum haqqında akt qeydinin “ata-anası haqqında məlumat” bölməsində anasının soyadını onun doğulduğu vaxt anasının daşıdığı soyada uyğun olaraq “Varaqyan” kimi yazaraq qeydə almalı idi. Bundan başqa iddiaçı qeyd edir ki, anası heç vaxt rəsmi olaraq “Ağayeva” soyadına malik olmasa da, Bakı şəhəri 14 saylı tam orta məktəbdə və İ.Hacıyev adma “Tərəqqi” texniki humanitar liseydə “Ağayeva” soyadı ilə təhsil almışdır. Bu öz təsdiqini həmin təhsil müəssisələri tərəfindən verilmiş arayışlarda və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3016/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsində də tapır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3016/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçının anasının - Ağayeva (Varaqyan) İrana Telmanovnanın 1990-cı il tarixdən qətnamə çıxarılan günədək Azərbaycan Respublikasında yaşamağı faktı müəyyən edilmişdir. Təqdim olunan sənədlər sübut edir ki, iddiaçı doğulan zaman anası “Varaqyan” soyadını daşıyırdı. Lakin həmin vaxt şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün xəstəxana tərəfindən ona iddiaçının doğulmağı barədə tibbi şəhadətnamə verilməmişdir. Sonradan onun doğulmağı barədə tibbi şəhadətnaməni isə nikaha daxil olduqdan sonra təmin olunduğu şəxsiyyət vəsiqəsi əsasında aldığı üçün doğum haqqında tibbi şəhadətnamədə anasının soyadı “Varaqyan” deyil, “Babayeva” kimi qeyd edilmişdir. (Lakin sonradan Nəsimi rayon Qeydiyyat Şöbəsi və işə baxan məhkəmələr onun “Babayeva” soyadına hüququnun çatmadığını bildirmiş, tibbi şəhadətnamədə isə düzəlişin edilməsi mümkün olmamışdır. Hətta, tibbi şəhadətnaməyə düzəliş edilməsi ilə bağlı məhkəmə qərarı mövcud osaydı belə, həmin qərarın icrası mümkün olmayacaqdı. Çünki, bu məsələ dogum haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olan elektron registr sisteminin tam avtomatlaşdırılmasından irəli gəlir. Bakı şəhəri Cavabdeh iddiaçının doğumunu doğum haqqında akt qeydinin “ata-anası haqqında məlumat” bölməsində anasının soyadını iddiaçının doğulduğu vaxt anasının daşıdığı soyada uyğun olaraq “Varaqyan” kimi yazaraq qeydə almaqdan imtina etmişdir. Bu isə onun sənədsiz yaşaması ilə nəticələnir. Belə ki, artıq onun 19 yaşı var, lakin doğum haqqında şəhadətnaməsinin olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi mümkün deyil. Şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün hazırda o vətəndaşsızlıq halında olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun (xüsusən “fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o hüquqlara çatımlılığını itiririr - hüquq subyekti kimi qəbul edilmir. Bu hal - şəxsiyyəti təsdiq edən sənədinin olmaması onun vətəndaşsızlıq halında olan şəxs kimi yaşamağına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin plunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, Cavabdeh, İddiaçı Cavabdehnə qarşı “doğum faktının 03 06.2016-cı il tarixli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınması və doğum haqqında akt qeydinin ata-anası haqqında məlumat bölməsində ananın soyadının dəyişdirilməsi vəzifəsinin qoyulması” tələbinə etiraz edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cu ıl tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci maddəsində doğum qeydə alınarkən təqdim edilən sənədlər sırasında valideynlərin şəxsiyyətini təsdiq edən sənəd və doğum faktını yerini və vaxtını təsdiq edən tibb müəssisəsindən sənəd qeyd olunub. Belə ki, İddiaçı barəsində tərtib edilmiş 7 saylı doğum evinin **********72 saylı, xx.xx.2016-cı il tarixli doğum haqqında tibbi şəhadətnaməsində və anasının AA0128642 nömrəli xx.xx.2019-cu il tarixli şəxsiyyət vəsiqəsində soyadı “Babayeva” qeyd edilmişdir. Yuxarıdakıları nəzərə alaraq, qeyd edilir ki, İddiaçı doğum haqqında akt qeydində ata-ana haqqında məlumat qrafasında ananın soyadının dəyişdirilməsinə dair kifayət qədər əsas olmadığına görə iddiasını təmin etmək mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iş yükünün çoxluğu ilə əlaqədar işə onların nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni iddiaçı doğum haqqında akt qeydinin tərtib edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, Cavabdehnə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının “doğumun qeydə alınması, ananın soyadının Varaqyan qeyd edilməs, doğum haqqında şəhadətnamənin verilməsi” ilə bağlı ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.23-cü maddəsinə əsasən müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itirilmiş vətəndaşlıq vəziyyəti aktlarının bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İddiaçının barəsində tərtib olunmuş 7 saylı doğum evinin **********72 saylı, xx.xx.2016-cı il tarixli doğum haqqında tibbi şəhadətnamədə və AA0128642 nömrəli, xx.xx.2019-cu il tarixli şəxsiyyət vəsiqəsində anasının soyadının "Babayeva” qeyd edilidiyindən ərizənin icrasının qeydiyyat şöbəsində mümkün olmadığı, göstərilənləri nəzərə alaraq, yaşadığı rayonun məhkəməsinə müraciət etməyi tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya verilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının doğumunun dövlət qeydiyyatına alınmasına dair daxil olmuş müraciətinə baxılmış və bildirilmişdir ki, müraciətə əlavə edilən Bakı şəhəri 7 saylı Doğum evi tərəfindən verilmiş tibbi şəhadətnamədə X4 xx.xx.2002-ci il tarixdə “kişi" cinsindən olan uşaq doğduğu məlum olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında qeydiyyat şöbəsi tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Göstərilənlərlə bağlı doğum qeydə alınarkən iddiaçıya anasının nikahdan əvvəlki soyadının verilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 9xx-xx-00038 nömrəli Himayə Sənədininin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sənəd xx.xx.2002-cı il tarixdə anadan olmuş Varaqyan Aliyə verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. Himayə sənədində “mühüm qeyd” kimi 3 məsələ göstərilmişdir: BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş edir. Bu sənəd səfər üçün istifadə oluna bilməz Bu sənədin surəti Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər regional Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Varagyan Ali (himayə sənədi № E7C-********) Dövlət Miqrasiya Xidməti tərəfindən 18 yanvar 2022-ci il tarixindən 02 avqust 2022-cı ıl tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. - 7 №li Doğum Evi tərəfindən verilən AZS-103 №**********72 saylı xx.xx.2016-cı il tarixli tibbi şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Ana haqqında məlumat” bölməsində soyadı, adı, atasının adı: X8, milliyəti: azərbaycanlı, vətəndaşlığı: Azərbaycan, təhsili: orta, ailə vəziyyəti: evli, doğum tarixi: xx.xx.1984, “Uşaq haqqında məlumat” bölməsində Soyadı: Babayev, adı: . atasının adı: XXX, doğum tarixi: xx.xx.2022-ci il, cinsi: kişi, “Doğulduğu yer” bölməsində ölkə: Azərbaycan, rayon: Nizami, şəhər: Bakı qeyd edilmişdir. Ata haqqında məlumat bölməsində heç bir məlumat qeyd edilməmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X16” PHŞ-si 7 nömrəli Doğum Evi tərəfindən verilən 04 iyul 2013-cü il tarixli məktubdan görünür ki, 7 saylı Doğum evi bildirir ki, Nəsimi rayonu, Pişəvari küçəsi, ev 10, mənzil 16 unvaninda yaşayan 1984-cü il təvəllüdlü Ağayeva (Varaqyan) İrana Telmanovna xx.xx.2002-ci ildə 40 həftəlik hamiləlik diaqnozu ilə 7 saylı Doğum evinə daxil olub. xx.xx.2002-ci il tarixdə çəkisi 2900,0, boyu 50 sm oğlan uşağı doğub. xx.xx.2002-ci ildə ana uşaqla kafi vəziyyətdə evə gedib. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X16” PHŞ-si 7 nömrəli Doğum Evi tərəfindən iddiaçının anasına ünvanlanan 16 mart 2022-ci il tarixli məktubdan bildirilmişdir ki, doğum haqqında şəhadətnamənin verilməsi üçün şəxsiyyəti təsdiq edən sənədi sistemə işlədikdən sonra çıxmış məlumatlara əsasən verilir. Təqdim edilən şəxsiyyət vəsiqəsi üzrə soyadı Babayeva olduğundan sənədlərdə də soyadının avtomatik olaraq Babayeva kimi qeyd olunduğu, təqdim olunmuş doğum haqqında şəhadətnaməyə (F-103) doğum evi tərəfindən hər hansı bir dəyişikliyin edilməsi mümkün deyil. - Nəsimi rayon VVAQ tərəfindən verilən X-ЖГ №363099 saylı, xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası- X6, anası- X3. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 2659 nömrəli qeyd aparılmışdır. - 5 saylı Bakı “ASAN” xidməti X10 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ № 097741 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X9 ilə xx.xx.1984-cü il təvəllüdlü X7 nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 06 yanvar 2016-cı il tarixdə, 45 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Babayeva” soyadı verilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 3817/2017 saylı qərarının surətindən görünür ki, həmin iş üzrə iddiaçı Babayeva (Varaqyan/Ağayeva) İrana Telmanovna cavabdeh Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı 21 sentyabr 2002-ci il tarixdə Bakı şəhəri, Nizami rayonun ərazisində yerləşən 7 saylı doğum evində anadan olmuş iddiaçının oğlunun doğum faktının qeydiyyata alınması və onun doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının (İrana Babayevanın) soyadı nikaha daxil olduğu xx.xx.2016-cı il tarixədək Varaqyan olmuşdur. Belə ki, xx.xx.2002-ci il təvəllüdlü oğlunun doğulduğu vaxt ərizəçi Varaqyan soyadını daşıdığı halda, 7 saylı doğum evi tərəfindən verilmiş və 2 saylı poliklinikadan verilmiş arayışda soyadlar “Babayeva” qeyd edilmişdir, həmçinin iddiaçı iddia ərizəsində öz soyadını “Babayeva (Varaqyan/Ağayeva)” kimi qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, sənədlər arasında iddiaçının soyadı ilə bağlı ziddiyyətlər yarandığından, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-740/2018 saylı qərarının surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )- 3817/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. - Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunan məlumatlardan görünür ki, ASAN 5 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, 15051028 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1984-cü il təvəllüdlüdür. Şəxsiyyət vəsiqəsi xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixlərdə yenisi ilə əvəz edilmişdir. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab məktubunda xx.xx.2002-ci il təvəllüdlü İddiaçı “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyatinformasiya sistemi”ndə “doğumu” barəsində heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. - Məhkəmənin sorğusu ilə Nəsimi rayon Polis İdarəsi tərəfindən təqdim olunmuş fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğiulmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı doğumunun 7 nömrəli Doğum Evi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********72 nömrəli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınması və doğum akt qeydi tərtib edilərkən doğumu haqqında akt qeydinin “ata-anası haqqında məlumat” bölməsində anasının soyadının tibbi şəhadətnamədə yazıldığı kimi “Babayeva” deyil, “Varaqyan” olaraq qeyd edilməsini üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasının mübahisələndirir. Məhkəmə gəldiyi qənaəti əsaslandırmaq üçün aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə görə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə gprə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: - 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - 164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. - 164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: Həmin Qaydaların 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; Uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir. Həmin Qaydaların 2.8.2-ci bəndinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini, qeydiyyatın aparılması üçün tələb olunan sənədləri aydın şəkildə göstərmişdir. Hazırkı iddiada mübahisəli məqam tibb müəssisəsi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamədə iddiaçının anasının soyadının “Babayeva” kimi qeyd edilməsi və bu halın onun əvvəlki soyadı ilə ziddiyyət təşkil etməsidir. İş materiallarında olan sənədlərlə iddiaçının anasının əvvəlki soyadının “Varaqyan” olduğu, onun 2016-cı il tarixdə nikaha daxil olması ilə “Babayeva” soyadını götürdüyü müəyyən edilmişdir. X5 soyadının “Varaqyan” olması yuxarıda istinad olunan qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-3817/2017 saylı qərarında da vurğulanmışdır. Bu baxımdan, məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, uşaq doğulan zaman iddiaçının anasının soyadının Varaqyan olduğu iş materialları ilə təsdiqini tapdığından və iddiaçının doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd mövcud olduğundan, iddiaçının tibbi şəhadətnamədə ananın soyadının “Varaqyan” kimi dəyişdirilməsi üçün yenidən məhkəməyə müraciət etməsinə zərurət görmür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə nail olması üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, aparılmış araşdırma ilə iddiaçının tələbinin təmin edilməsi ilə bağlı şərtlər ödənilir. Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş İddiaçı doğumumun 7 nömrəli Doğum Evi (TƏBİB “X16” publik hüquqi şəxsi 7 nömrəli Doğum Evi) tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********72 nömrəli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınması və doğum akt qeydi tərtib edilərkən doğumu haqqında akt qeydinin “ata-anası haqqında məlumat” bölməsində anasının soyadının **********72 nömrəli tibbi şəhadətnamədə yazıldığı kimi “Babayeva” deyil, “Varaqyan” olaraq qeyd edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar