Məhkəmə qərarları › İş №2-1(112)-1692/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1692/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1692/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinin 73 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov İcra şöbəsindən xx.xx.2022-ci il tarixdə ona “Tələbin könüllü icra edilməsi haqqında” bildiriş və “İcraata başlamaq haqqında” qərar göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinin 73 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr. 1993-cü məhəllə ünvanında yerləşən, ümumi sahəsi 400 kv. metr sahəsinə görə xx.xx.2005-ci il tarixli, 30 saylı icarə müqaviləsinə əsasən 2010-2021-ci illər üçün 4400 (dörd min dörd yüz) manat pul vəsaiti ondan tutularaq, Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməlidir. Nərimanov rayon Bələdiyyəsinin Qərarından heç-bir məlumatı olmadığından xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri Nərimanov Bələdiyyəsinə müraciət edərək Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinin 73 saylı, xx.xx.2022-ci il tarixli Qərarını qəbul etmişdir. Həmin Qərara əsəsən, Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinin 73 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr. 1993-cü məhəllə ünvanında yerləşən, ümumi sahəsi 400 kv.m. sahəsinə görə xx.xx.2005-ci il tarixli, 30 saylı icarə müqaviləsinə əsasən 2010-2021-ci illər üçün 4400 (dörd min dörd yüz) manat pul vəsaitinin ondan - "xxxx" MKM-nin direktorundan tutularaq Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinin 73 saylı, xx.xx.2022ci il tarixli qərarı əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayon Bələdiyyəsinin 09 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Z.Bünyadov prospekti 1993-cü məhəllə ünvanında yerləşən torpaq sahəsi onun istifadəsində deyil, "xxxx" MKM-nin istifadəsinə verilmişdir. Həmçinin o, "xxxx" MKM-də (hal-hazırda "xxxx" MMC) direktor vəzifəsində işləmir. Sonradan əsassız hesab edilən həmin sərəncam əsasında tərtib olunmuş icarə müqaviləsinin imzalanmasından 17 (on yeddi) il keçməsinə baxmayaraq bu günə qədər ona heç bir xəbərdarlıq gəlməmişdir. Halbuki, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müqavilə üzrə tərəflərin birinin müqavilə şərtlərinin pozması onun ləğv olunmasına əsas hesab edilir. Həmin torpaq sahəsi ilə bağlı məhkəmə araşdırması olmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-2295/2014 saylı qərarı ilə iddia təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1689/2014 saylı, xx.xx.2014-cü il tarixli və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(102)-376/2015 saylı qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi Nərimanov rayon Bələdiyyəsinin mülkiyyətində deyil Dövlətin mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 299 saylı Sərəncamı və xx.xx.2002-ci il tarixli, 0063 saylı icarə müqaviləsi ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Marks prospekti, 1993-cü məhəllədən istehsalat sexinin layihələndirilməsi və tikintisi üçün 49 (qırx doqquz) il müddətinə 0,11 ha torpaq sahəsi "xxxx" MKM-nin istifadəsinə verilmişdir. Həmin torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair xx.xx.2003-cü il tarixli, JN- 3166 saylı Şəhadətnamə verilmişdir. "xxxx" MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1996-cı il tarixdə, 29033 saylı Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MKM-nin hüquqi varisidir. Cəmiyyət tərəfindən torpaqdan istifadə üçün icarə haqqı mütamadi olaraq dövlət büdcəsinə ödənilir. Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2009- saylı Sərəncamı ilə "xxxx" MMC-yə Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2009-cu il tarixli, 18/03-8/1697 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun texniki servis mərkəzinin tikintisinə icazə verilmişdir. "xxxx" MMC və "xxxx" MMC-nin təsisçiləri eyni şəxs olduğundan qeyri-yaşayış binasının tikintisinə razılıq verilmişdir. Mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış binasında tikinti işləri bitdikdən sonra qüvvədə olan qanunvericiliyə uyğun olaraq istismara qəbul olunmuş və "xxxx" MMC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasport verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etmişdir. İddia mümkündür.

İşin halları. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1947-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi X2 Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Ədliyyə Nazirliyində xx.xx.1996-cı il tarixdə, 29033 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" müstəqil kiçik müəssisəsinin hüquqi varisidir. X1, Qanuni təmsilçisi isə X7 göstərilmişdir. Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən xx.xx.2021-cü il tarixdə çap edilmiş **********991700 saylı çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.1996-cı ildə qeydiyyata alındığı, dövlət qeydiyyatı (VÖEN) ********** (əvvəlki qeydiyyat № 29033), hüquqi ünvanı-Bakı şəhəri Yasamal rayonu, B.Bağırova, ev 12 A, təsisçilərinin X8 və X5 olduğu qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq saəsinin ayrılması haqqında” 299 №-li, xx.xx.1999-cu il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 445 saylı məktubu nəzərə alınaraq, Nərimanov rayonu, K.Marks prospekti, 1993 saylı məhəllədə "xxxx" müstəqil kiçik müəssisəsinə istehsalat sexinin layihələndirilməsi və tikintisi üçün 011 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-3166 №-li, 00700003 Kodlu xx.xx.2003-cü il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, "xxxx" Müstəqil kiçik müəssisəsinə Bakı şəhər İHB-nin xx.xx.1999-cu il tarixli 299 saylı Sərəncamı və xx.xx.2002-ci il tarixli 0063 saylı icarə müqaviləsi ilə Nərimanov rayonu, K.Marks prospekti 1993-cü məhəllədən istehsalat sexinin layihələndirilməsi və tikintisi üçün 49 il müddətinə 0,11 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsinə dair 30 №-li, xx.xx.2005-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Nərimanov rayon Nərimanov Bələdiyyəsi adından gələcəkdə “İcarəyəverən” şəxsində bir tərəfdən Nərimanov Bələdiyyəsinin sədri H.F.Cəfərov və gələcəkdə “İcarəçi” adlandırılacaq "xxxx" MMC-nin direktoru İddiaçı şəxsində digər tərəfdən xx.xx.2005-ci il tarixli 01/86 saylı ərizə əsasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 400 kv. metr olan, Ziya Bünyadov prospekti, 1993-cü məhəllədə yerləşən torpaq sahəsi təsərrüfat məqsədləri üçün “İcarəçi”nin istifadəsinə verilmişdir. X3 tərəfindən təsdiq olunmuş "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin cizgsi əlavə olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, 1993-cü məhəllə, X9 prospekti 100C saylı ünvanda dövlətə məxsus istifadədə olan 0,06457 ha ölçüdə torpaq sahıəsinin üzərində inşa edilmiş ümumi sahəsi 2683,6 kv. metr qeyri-yaşayış binası xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 6630 nömrəli vərəqində "xxxx" MMC-nin adına qeydə alınmışdır. Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinin “Bələdiyyə iclasının xx.xx.2022-ci il tarixli, 07 saylı protokolunun Qərar”ından xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1993-cü məhəllədə yerləşən 400 kv. metr torpaq sahəsinə dair bağlanmış xx.xx.2005-ci il tarixli 30 saylı torpaq icarə müqaviləsinə görə 2010-2021-ci illər üçün 4400 manat icarə haqqı borcunun tutularaq Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsi; borcun qısa müddətə, tam şəkildə Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etmək məqsədilə qərar qəbul edilməsi və qərarın icrasının Nərimanov rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh 73 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1993-cü məhəllədə yerləşən 400 kv. metr torpaq sahəsinə dair bağlanmış xx.xx.2005-ci il tarixli 30 saylı torpaq icarə müqaviləsinə görə 2010-2021-ci illər üçün 4400 manat icarə haqqı borcunun tutularaq Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsi; icarə haqqının 10 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi; qərarın icrasının Bakı şəhəri Nərimanov rayonu İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş Nərimanov Bələdiyyəsinin 73 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1993-cü məhəllədə yerləşən 400 kv. metr torpaq sahəsinə görə xx.xx.2005-ci il tarixli 30 saylı torpaq icarə müqaviləsinə görə 2010-2021-ci illər üçün 4400 manat icarə haqqı borcu tutularaq Nərimanov Bələdiyyəsinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlanaraq, borcluya 10 gün müddətində icranı könüllü icra etmək təklif olunmuşdur.

Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində öz inzibati əraziləri daxilində bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq bələdiyyələrin səlahiyyətidir. 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 17.2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. 19.1. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. 19.2. İcarəyəverən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. 19.3. İcarəyəverən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. 19.4. Torpaqların icarə haqqı torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. 19.5. Torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 mislindən az ola bilməz. 27.2. Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində öz inzibati əraziləri daxilində bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq bələdiyyələrin səlahiyyətlərinə aid edilsə də, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulmuşdur. Lakin işin hazırkı hallarından müəyyən olunur ki, cavabdeh qeyd olunan qanunun tələblərinə əməl etməmiş, iddiaçını öz qərarı ilə hesablanmış torpaq icarə haqlarını ödəməyə məcbur etmiş və bu qərarı icraya yönəltmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda icarə haqları ilə bağlı müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz”. Buna görə də cavabdehin ödənilməyən icarə haqlarının ödənilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə istinad edərək hazırda mübahisələndirilən qərarı qəbul etməsi qanuni hesab edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan qərarı yuxarıda qeyd olunanlara əsasən qanunsuz hesab edilməklə ləğv olunmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin 73 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin 73 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar