Məhkəmə qərarları › İş №2-1(112)-1693/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1693/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1693/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili Bayramov Ceyhun Qəhrəman oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi Heydərli Orxan Çingiz oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində böyük hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı Məmiyev Elşən Rəfiaddin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məmiyev Elşən Rəfiaddin oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən iddiaçı Məmiyev Elşən Rəfiaddin oğlu barədə qəbul edilmiş 07.06.2021-ci il tarixli, **********2287 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********854900 N-li iş üzrə 2 iyul 2021-ci il tarixli Qərarı ilə iddiaçı barəsində Dövlət Vergi Xidmətinə verdiyi 05.06.2021-ci il, 07.06.2021-ci il, 08.06.2021-ci il, 09.06.2021-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş və 20.04.2021-ci il tarixli DVX seriyalı 000714 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X88 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 07.06.2021-ci il tarixli, **********2287 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilmişdir. Cavabdehin qərarları əsassızdır. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən “Əhmədli ucuzluq” mağazasını fiziki şəxs olaraq (VÖEN: **********) işlədir. Hər bir işçi ilə xidməti müqaviləsi mövcuddur.İşçilərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baki şəhəri X89 üzrə Baş İdarəsinin rəhbərliyinə ünvanladıqları ərizələrdən də məlum olur ki, hər bir işçi “Xidməti müqavilə” əsasında fəaliyyət göstərmişdir. Buna baxmayaraq 20.04.2021-ci il tarixdə özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər, sözügedən mağazanın içərisinə daxil olaraq, vergi qanunvericiliyini kobud şəkildə pozaraq, əsassız, qanunsuz şəkildə, yoxlama icazəsi haqqında qərarları olmadan, zor gücünə hər bir işçiyə izahat yazdırmışlar. İzahatlarda olan yanlış məlumatlar isə Vergilər Nazirliyinin əməkdaşlarının özlərinin diqtə edərək yazdırdıqları izahatlardır. Sonradan işçilər öz ərizələrində baş verənləri qeyd etmişlər. Yoxlamaya gələn əməkdaşlar qanuna müvafiq qaydada yoxlama aparmamışlar. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanına əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”də qeyd edilən yoxlama qaydalarına riayət edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi göstərmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X88 üzrə Baş İdarəsinin 20.04.2021-ci il tarixli **********7293 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 20.04.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 27 (iyirmi yeddi) fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq 20.04.2021-ci il tarixli, DVX seriyalı, 000714 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair” akt tərtib edilmiş, lakin vergi ödəyicisinin səlahiyyətli nümayəndələri olan X61 və X73 aktı imzalamaqdan imtina etmişlər. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən 22.04.2021-ci il tarixdə saat 12:08:08-də oxunmuşdur.Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 07.06.2021-ci il tarixli, **********2287 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 54000 (əlli dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 07.06.2021-ci il tarixli, **********698400 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 08.06.2021-ci il tarixdə saat 10:05:17-də oxunduğu müəyyən edilmişdir.Vergi ödəyicisi Qərardan inzibati qaydada şikayət etmiş və vergi orqanı tərəfindən 2 iyul 2021-ci il tarixli, **********854900 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərar qəbul edilmişdir.Operativ vergi nəzarəti zamanı 21 nəfər fiziki şəxs onlarla əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiklərini, 3 nəfər fiziki şəxs obyektdə ay ərzində 2-3 dəfə təmir işləri gördüyünü izahatlarında qeyd etmiş, 3 nəfər fiziki şəxs isə izahat verməkdən imtina etmişdir.Aparılmış araşdırma zamanı operativ vergi nəzarəti tədbiri vaxtı X34, X35 və X36 izahat verərək mağazada ay ərzində 1 - 2 və ya 2 - 3 dəfə təmir işləri gördüklərini və bununla bağlı onlarla hər hansı müqavilə bağlanmağını bildirdikləri, bundan əlavə etibarnamə üzrə səlahiyyətli nümayəndə N.Hidayətovun izahatında 2 nəfər dostu olduqlarını bildirdiyi X62 və X1 operativ vergi nəzarəti tədbirindən əvvəlki tarixlərdə İddiaçılə əmək müqaviləsi bağladıqları və müvafiq olaraq 02.07.2019-cu il və 16.02.2021-ci il tarixlərdə İddiaçılə aralarında bağlanmış əmək müqavilələrinin ləğv edildiyi müəyyən edilmişdir. Bundan əlavə operativ vergi nəzarəti tədbirindən sonra 11.06.2021-ci il tarixdə X80 ilə İddiaçı arasında əmək müqaviləsinin bağlandığı, 20.04.2021-ci il tarixdə saat 11:30-dan operativ vergi nəzarəti tədbiri keçirildikdən sonra həmin gün saat 12:38-də X63 ilə əmək müqaviləsinin bağlandığı və 10.05.2021-ci il tarixdə isə saat 19:34-də Z.Abbasova ilə bağlanmış əmək müqaviləsinin ləğv edildiyi müəyyən edilmişdir.Araşdırma zamanı 3 nəfər fiziki şəxsin (X64, X65 və X66) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildikləri sübut edilməmişdir. Bu səbəbdən də vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilmiş və 07.06.2021-ci il tarixli **********2287 nömrəli qərar 6.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, 48.000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.X5 20.04.2021-ci il tarixli etirafedici izahatında 2 ildir ki, İddiaçı tərəfindən mağazada satıcı vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını və aylıq əmək haqqının 400 manat təşkil etdiyini bildirmişdir.X12 20.04.2021-ci il tarixli etirafedici izahatında 26.01.2021-ci il tarixində İddiaçı tərəfindən ünvan 2 ünvanında işə götürüldüyünü, aylıq əmək haqqının 250 manat təşkil etdiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir.X31 20.04.2021-ci il tarixli etirafedici izahatında 2020-ci ilin oktyabr ayından etibarən İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən obyektdə işə götürüldüyünü, aylıq əmək haqqının 350 manat təşkil etdiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir.X32 20.04.2021-ci il tarixli etirafedici izahatında 1 il olar ki, İddiaçı tərəfindən işə götürüldüyünü, aylıq əmək haqqının 350 manat təşkil etdiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir.X13 20.04.2021-ci il tarixli etirafedici izahatında İddiaçı məxsus mağazada 2 gündür ki, satıcı vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir.X19 20.04.2021-ci il tarixli etirafedici izahatında ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus obyektdə 20.04.2021-ci il tarixindən saat 09:00-dan etibarən işə cəlb edildiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir.X20 20.04.2021-ci il tarixli etirafedici izahatında İddiaçı məxsus mağazada 2 aydır ki, satıcı kimi işə götürüldüyünü, aylıq əmək haqqının 350 manat təşkil etdiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir.X21 20.04.2021-ci il tarixli etirafedici izahatında 01.02.2020-ci il tarixindən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mağazada satıcı vəzifəsində işlədiyini, aylıq əmək haqqının 250 manat təşkil etdiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir.Digər 13 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını bildirmişdir.Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili və nümayəndəsi Bayramov Ceyhun Qəhrəman oğlu iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Heydərli Orxan Çingiz oğlu iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən iddiasını təsdiq edən sübut qismində məhkəməyə Mirzəliyeva Şərəf Səfər qızının, Əliyeva Aynurə Rəşid qızının, Həsənli Mahizər Rail qızının, Rüstəmova Gülnar Cəbrayıl qızının,Babayev Əhəd Xəqani oğlunun,Nərimanova Elmira Şahvələt qızının,Rüstəmova Gülşən İsmayıl qızının,Şəfiyeva Şahidə Ağalar qızının,Rəhimova Dilbər Şahbala qızının, Məmmədova Füruzə Ələddin qızının,Əlişov Samir Məhərrəm oğlunun,Həmidova Xəyalə Malik qızının,Məmmədov Gülbəniz İsa qızının,Musayeva Səkinə Murtuza qızının, Həsənli Tacir Ehtibar oğlunun,Qasımov Şəhriyar Balabəy oğlunun,Camalzadə Vəfa Yəhya qızının,Quluyeva Aygün Musa qızının Məmmədov Nicat Abbas oğlunun,Nuriyeva Pərvanə Əlirza qızının,Nadirova Gülər Bahadur qızının şəxsiyyət vəsiqələrinin surətləri,Məmiyev Elşən Rəfiaddin oğlunun “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə”sinin və şəxsiyyət vəsiqəsinin kserosurətləri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 02.07.2021ci il tarixli, **********854900 nömrəli qərarı, Nadirova Gülər Bahadur qızının, Nuriyeva Pərvan Əlirza qızının, Məmmədov Nicat Abbas oğlunun, Quluyeva Aygün Musa qızının, Camalzadə Vəfa Yəhya qızının, Qasımov Şəhriyar Balabəy oğlunun, Həsənli Tacir Ehtibar oğlunun, Musayeva Səkinə Murtuza qızının, Həmidova Xəyalə Malik qızının, Məmmədova Gülbəniz İsa qızının, Əlişov Samir Məhərrəm oğlunun, Məmmədova Firuzə Ələddin qızının, Rəhimova Dilbər Şahbala qızının, X8, Şəfiyeva Şahidə Ağalar qızının, Nərimanova Elmira Şahvələt qızının, Babayev Əhəd Xəqani oğlunun, Rüstəmova Gülnar Cəbrayıl qızının, Həsənli Mahizər Rahib qızının, Əliyeva Aynurə Rəşid qızının,Mirzəliyeva Şərəf Səfər qızının “Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə”lərinin, 10.05.2021-ci il tarixli izahatlarının və ərizələrinin, 20.09.2020-ci il tarixli, 03/103 nömrəli, 17.04.2021-ci il tarixli, 01/10 nömrəli, 19.03.2020-ci il tarixli, 01/16 nömrəli, 12.10.2017-ci il tarixli, 03/111 nömrəli, 04.04.2019-cu il tarixli, 01/16 nömrəli, 31.03.2021-ci il tarixli, 03/13 nömrəli, 18.02.2021-ci il tarixli, 03/112 nömrəli, 30.02.2021ci il tarixli, 01/16 nömrəli, 29.03.2021-ci il tarixli, 03/012 nömrəli, 18.04.2021-ci il tarixli, 01/16 nömrəli, 19.04.2021-ci il tarixli, 03/20 nömrəli, 19.12.2018-ci il tarixli 01/10 nömrəli, 19.02.2021-ci il tarixli, 03/105 nömrəli, 20.08.2020-ci il tarixli, 03/104 nömrəli, 26.01.2021-ci il tarixli, 03/102 nömrəli, 11.04.2021-ci il tarixli, 01/16 nömrəli, 01.10.2020ci il tarixli, 02/22 nömrəli,17.02.2021-ci il tarixli, 03/108 nömrəli, 01.02.2020-ci il tarixli, 01/10 nömrəli, 27.10.2020-ci il tarixli, 03/107 nömrəli, 17.03.2021-ci il tarixli, 01/16 nömrəli iddiaçı ilə bağlanmış xidmət müqavilələrinin, Əliyev Qabil Nadir oğlunun əmək müqaviləsinin ləğv edilməsi haqqında 09.09.2018-ci il tarixli ərizəsinin, həmin şəxslə əmək müqaviləsinin ləğv edilməsi haqqında 11.09.2018-ci il tarixli, 12i nömrəli əmrinin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin, həmin şəxsin işə qəbul edilməsi haqqında 01.05.2018-ci il tarixli ərizəsinin və onunla əmək müqaviləsi bağlanması haqqında 02.05.2018-ci il tarixli əmrin,əmək müqaviləsi bağlanması barədə əmək müqaviləsi bildirişinin, işdən çıxma haqqında 01.07.2019-cu il tarixli ərizəsinin, əmək müqaviləsinin ləğv edilməsi haqqında 01.07.2019-cu il tarixli, 07 nömrəli əmrinin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin,11.09.2018-ci ildə işə qəbul haqqında əmrinin, onunla əmək müqaviləsi bağlanması haqqında 10 nömrəli, 11.09.2018-ci il tarixli əmrin, əmək müqaviləsi bağlanması barədə əmək müqaviləsi bildirişinin, Heydərov Qamədin Şəmsəddin oğlunun əmək müqaviləsinə xitam veriməsi haqqında 16.02.2021-ci il tarixli, 01.01.2020-ci il tarixli ərizələrinin, onunla bağlanmış əmək müqaviləsinə xitam veriməsi barədə 01.01.2020-cu il tarixli, 01 nömrəli,16.02.2021-ci il tarixli,01 nömrəli, 12e nömrəli, 11.09.2018-ci il tarixli əmrin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin,işə qəbul edilmə haqqında 08.12.2017-ci il, 14.12.2020-ci il, 11.09.2018-ci il tarixli ərizələrin, 10.09.2018-ci il tarixli işə qəbul edilmə haqqında 10 nömrəli, 15.12.2020-ci il tarixli, 04 nömrəli, 09.12.2017-ci il tarixli əmrin, 11.09.2018-ci il tarixli əmək müqaviləsi bağlanması barədə əmək müqaviləsi bildirişlərinin, cavabdehin ünvanına ünvanlanmış 20.04.2021-ci il tarixli Məmmədova Firuzə Əli qızının, Şəfiyeva Şahidə Ağalar qızının, Camalzadə Vəfa Yəhya qızının,Həmidova Xəyalə Malik qızının, Qulieva Aygün Musa qızının, Nərimanova Elmira Şahvələd qızının, Həsənli Tacir Ehtibar oğlunun, Nadirova Gülər Bahadur qızının, Rüstəmova Gülşən İsmayıl qızının,Məmmədova Gülbəniz İsa qızının,Məmmədov Nicat Abbas oğlunun,Həsənli Mahizər İrahil oğlunun,Babayev Əhəd Xəqani oğlunun, Əliyeva Aynurə Rəşid qızının, Nuriyeva Nərminə Əlirza qızının,Rəhimova Dilbər Şabal qızının, Mirzəliyeva Şərəf Səfər qızının, Abbasova Zeynəb Ramin qızının, Əlişov Samir Məhərrəm oğlunun, Qasımov Şəhriyar Balabəy oğlunun, Musayeva Səkinə Mustafa qzının ərizələrinin surətlərini təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə cavabdehin etirazını təsdiq edən sübut qismində cavabdehin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 07.06.2021-ci il tarixli, **********2287 nömrəli qərarının, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********2288 nömrəli tələbnamənin, ”Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” cavabdehin 20.04.2021-ci il tarixli, **********7293 nömrəli qərarının, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”ın, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 20.04.2021-ci il tarixli, **********7296 nömrəli qərarının, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********7295 nömrəli, 20.04.2021-ci il tarixli tələbnamənin, ”Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetrilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” 20.04.2021-ci il tarixli, 000714 nömrəli aktın,habelə operativ yoxlama zamanı izahatı alınmış şəxslərin - Məmmədova Firuzə Ələddin qızının, Şəfiyeva Şahidə Ağalar qızının, Camalzadə Vəfa Yəhya qızının, Həmidova Xəyalə Malik qızının,X57, Məstanova Elmira Şahvələd qızının,X28, Nadirova Gülər Bahadur qızının,Rüstəmova Gülşən İsmayıl qızının, Musayeva Səkinə Murtuza qzının,Bağırlı Nizam Əlislam oğlunun, Mustafayev Azad Şükür oğlunun,İsmayılov Araz Bəhrəm oğlunun, Qasımov Şəhriyar Balabəy oğlunun,Abbasova Zeynəb Ramin qızının,Əlişov Samir Məhərrəm oğlunun, X14, Rəhimova Dilbər Şaban qızının,X18, Əliyeva Aynurə Rəşid qızının, X56, Həsənli Mahizər İlahil qızının, Məmmədov Nicat Abbas oğlunun, Məmmədova Gülbəniz İsa qızının izahatlarını, operativ vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktın iddiaçının nümayəndəsinin təhvil almasından imtina etməsi barədə 20.04.2021-ci il tarixli aktın,iddiaçının nümayəndələri olan Əhmədov Elman Telman oğlunun, Hidayətov Nicat Kamal oğlunun adına verilmiş etibarnamələrin, həmin şəxslərin şəxsiyyət vəsiqələrinin, poçt qəbzinin, 931201 nömrəli qaimənin surətlərini təqdim etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinn 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;.. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 44-ü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağıanır.Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib eidlir.Əmək müqaviləsi ikinüsxdən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işmidə digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işilərin əmək kitabşasında onların işə qəbul edilməsi, ba.qa daimi işə keçirilməsi, əmək müqaviləin xitam verilməsu barədə müvafiq qeydləri yazmalıdır. İşin faktiki hallarına əsasən iddiaçının 24 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan “Əhmədli ucuzluq” pərakəndə ticarət obyektində müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya münasibətdə iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı həmin qərarın qəbul edilməsinə əsas kimi götürülmüş halların mövcud olmamasına dair sübut qismində adları operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş aktda göstərilmiş şəxslərin ərizələrini, həmin şəxslərin vergi ödəyici kimi uçota dayanmaları haqqında şəhadətnamələri, onlarla bağlanmış xidməti müqavilələri məhkəməyə təqdim etmiş və göstərmişdir ki, vergi orqanına verdikləri izahatları aktda adları çəkilən şəxslər vergi orqanının əməkdaşlarının onlara göstərdikləri təzyiq nəticəsində vermişlər. Lakin məhkəmə iddiaçının bu barədə bildirdiklərini mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, əvvəla cavabdehin əməkdaşları tərəfindən həqiqətən də aktda adları iddiaçının işçisi kimi qeyd edilən şəxslərə təzyiq göstərilməsiə görə həmin şəxslər tərəfindən vergi orqanı işçilərinin hərəkətlərindən Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə, və ya hüquq-mühafizə orqanlarına müraciətləri,şikayətləri, həmin müraciətlərin, şikayətlərin müsbət nəticələrinə dair sənədlər təqdim edilməmiş, belə bir sənədlərin mövcud olması barədə məhkməyə məlumat verilməmişdir. Əksinə məhkəmə iş materiallarında olan Məmmədova Füruzə Ələddin qızının 20.04.2021-ci il tarixli izahatında onun Məmiyev Elşən Rəfiaddin oğlu tərəfindən mağazada satıcı vəzifəsinə işə götürüldüyü, onunla əmək və ya xidməti müqavilə bağlanmadğı və aylıq əmək haqının 400 manat təşkil etdiyi, Şəfiyeva Şahidə Ağalar qızının izahatında onun 26.01.2021-ci il tarixində Məmiyev Elşən Rəfiaddin oğlu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi, ev 20A ünvanında işə götürüldüyü, aylıq əmək haqqının 250 manat təşkil etdiyi və onunla əmək və ya xidməti müqavilə bağlanmadığı, X121 Rəşid qızının izahatında onun 2020-ci ilin oktyabr ayında iddiaçı tərəindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi, ev 20A ünvanında işə götürüldüyü, aylıq əmək haqqının 350 manat təşkil etdiyi və onunla əmək və xidməti müqavilə bağlanmadığı, Məmmədova Gülbəniz İsa qızının izahatında onun iddiaçı tərəfindən mağazada 2 gündür ki, satıcı vəzifəsinə işə götürüldüyü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığı, Abbasova Zeynəb Ramin qızının izahatında onun 20.04.2021-ci ildən saat 09.00-dan etibarən işə cəlb edildiyi və onunla əmək və ya xidməti müqavilə bağlanmadığı, Həsənli Tacir Ehtibar oğlunun izahatında onun iddiaçıya məxsus mağazada 2 aydır ki, satıcı kimi işə götürüldüyü, aylıq əmək haqqının 350 manat təşkil etidyi göstərilmişdir, aktda adları göstərilən digər 14 nəfər şəxs də oxşar məzmunda izahat vermişlər. Məhkəmə qeyd edir ki, təqdim edilmiş izahatlarda izahatları yazan şəxslərin işə götürülmə tarixlərinin və əmək haqlarının fərqli göstərilməsi həmin şəxslər tərəfindən izahatlar verildikdən sonra heç bir dövlət orqanına şikayət etməmələri ilə məcmu şəkildə qiymətləndirildikdə məhz həmin, ilkin olaraq cavabdehin adına yazılmış izahatlarda göstərilənlərin həqiqət olması qənaətinə gəlməyə əsas verir. İddia ərizəsində cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”də qeyd qeilən yoxlama qaydalarına riayət edilməməsi barədə bildirilənlər də inzibati məhkəmə icraatı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”a əsasən cavabdeh Məmiyev Elşən Rəfiaddin oğluna məxsus obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti növündə yoxlama aparılması barədə məlumat qeyd edilən reyestrdə mövcuddur, yoxlama aparılan obyektin yerləşdiyi ünvan Bakı şəhəri, Xətai rayonu, Əhmədli, Məzahir Rüstəmov, ev 20A ünvanda yerləşən ixtisaslaşmış mağaza göstərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz:70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Beləliklə, məhkəmədə aparılan inzibati araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X88 üzrə Baş idarəsinin iddiaçı Məmiyev Elşən Rəfiaddin oğlu barədə qəbul edilmiş 07.06.2021-ci il tarixli, **********2287 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ Qərarının ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,32, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Məmiyev Elşən Rəfiaddin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X88 üzrə Baş idarəsi tərəfindən qəbul edilmiş 07.06.2021-ci il tarixli, **********2287 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ Qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar