Məhkəmə qərarları › İş №2-1(112)-1693/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1693/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1693/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Müzəffər oğlunun iştirakı ilə, İddiaçı Müzəffər oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Müzəffər oğlu məhkəməyə müraciət edərək Suraxanı Rayon Polis İdarəsinin üzərinə İbrahimova (Əkbərova) Kəmalə Nizam qızının ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Müzəffər oğlu 1959-cu ildə ünvan 2 ünvanda yerləşən ev 19-cu əsrin sonlarında iddiaçının babası tərəfindən tikilmişdir. İddiaçının oğlu X7 10 dekabr 2008-ci ildə İbrahimova (Əkbərova) Kəmalə Nizam qızı ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra İbrahimova (Əkbərova) Kəmalə Nizam qızı yuxarıda göstərilən ünvana Suraxan Rayon Polis İdarəsin tərəfindən pasport qeydiyyatına düşmüşdür. xx.xx.2020-ci ildə X7 ilə İbrahimova (Əkbərova) Kəmalə Nizam qızı arasında olan rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı tərəfindən rəsmi nikah dövründə İbrahimova (Əkbərova) Kəmalə Nizam qızına anadan olduğu Saatlı rayonunda 3 (üç) otaqlı mənzil alınmışdır. Hal-hazırda İbrahimova (Əkbərova) Kəmalə Nizam qızı həmin evin mülkiyyətçisidir. İbrahimova (Əkbərova) Kəmalə Nizam qızı hazırda İddiaçı Müzəffər oğluna məxsus evdə formal olaraq pasport qeydiyyatındadır. İddiaçı bildirmişdir ki, nikahın pozulduğu vaxtdan indiyədək İbrahimova (Əkbərova) Kəmalə Nizam qızının adına müxtəlif sənədlər yaşadığı evə gəlir və bu hallar bizi narahat edir. İddiaçı hesab edir ki, İbrahimova (Əkbərova) Kəmalə Nizam qızı ilə oğlu X7 arasında olan nikah pozulduğdan sonra birincinin iddiaçıya məxsus olan evdə yaşamadığından və özünə aid şəxsi mənzili olduğundan həmin mənzildə pasport qeydiyyatına düşə bilər. İddiaçı qeyd edir ki, İbrahimova (Əkbərova) Kəmalə Nizam qızının ona məxsus olan evdən qanunla müəyyənləşdirilmiş qaydada heç bir istifaə hüququ yoxdur və olmamışdır. Həmçinin iddiaçı 1(bir) əsrdən artıq müddətdir ki babası tərəfindən tikilmiş qeyd olunan evin dövlət qeydiyyatına alınmasına dair çıxarış almamışdır. İddiaçı bu halı sovet dövründə mənzillərin özəlləşdirilməməsi ilə əlaqələndirir. İddiaçı bildirmişdir ki, müstəqillik dövründən sonra qeyd olunan evin sökülərək yeni ev veriləcəyinə dair vədlər verildiyindən mənzilin özəlləşdirilməsinə ehtiyac duymamışdır. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə hüquqi və faktiki əsaslı ərizə ilə müraciət etdiyini, lakin cavabdeh qurum 3 ildən artıq müddətdir ki iddiaçının evində yaşamayan və öz evi olan Kəmalənin pasport qeydiyyatından çıxarılmasından imtina etdiyini xüsusi olaraq bildirmişdir. İddiaçı Müzəffər oğlu bildirir ki, bugün onun şəxsi və ailə həyatına hörmət hüququ pozulur. Belə ki, Kəmalənin kommunal xərcləri bir neçə ildir ki, iddiaçı tərəfindən ödənilir və bu hallarla əlaqədar dövlət orqanlarının nümayəndələrin Kəmaləni iddiaçı və onun həyat yoldaşından soruşmaları ailə üzvlərini narahat edir. İddiaçı Müzəffər oğlu 25 may 2022-ci il tarixində Suraxanı Rayon Polis İdarəsinə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsi, 25 ünvanında yerləşən mənzildən İbrahimova (Əkbərova) Kəmalə Nizam qızının qeydiyyatdan çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Suraxanı Rayon Polis İdarəsi 15 iyun 2022-cı il tarixli cavab məktubu ilə İbrahimova (Əkbərova) Kəmalə Nizam qızının qeydiyyatdan çıxarılmasından imtina etdiyini bildirmişdir.

3. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxsin qeydiyyatı formal xarakter daşıyır.

4. Üçüncü şəxs məhkəmə iclasında iştirak etmir.

5. Cavabdeh Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

8. Cavabdeh Suraxanı Rayon Polis İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli imtinada bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir, Odur ki, qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək məqsədə müvafiq hesab edilir.

9. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.

11. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X5 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzil X2 xüsusi mülkiyyətindədir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********15 nömrəli məktuba əsasən ünvan 1 saylı fərdi yaşayış evinin 5/6 hissəsi X3, 1/5 hissəsi isə X4 adlarına qeydiyyatına keçmişdir və hazırda mülkiyyətlərindədir.

14. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1204 №-li arayışa əsasən İddiaçı Müzəffər oğlu xx.xx.1984-cü il tarixdən ünvan 1 saylı fərdi yaşayış sahəsində yaşayır.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5551742№li arayışdan görünür ki, X1 rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsi, 25 saylı fərdi yaşayış sahəsində qeydiyyatdadır.

16. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 5 ünvanında iki fərdi yaşayış evi mövcuddur. Evlərdən birinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçıya aidiyyəti yoxdur. Digər evə dair vaxtilə verilmiş ev kitabı olmaqla iddiaçıya aiddir və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Üçüncü şəxs X5 İddiaçı Müzəffər oğlunun ərizəsi əsasında qeyd edilən ünvan üzrə ona aid olan evə qeydiyyata alınmışdır.

IV. Məhkəmənin mövqeyi

17. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə yaxın qohumluq əlaqələri yoxdur (ailə üzvləri deyillər), istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

20. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

23. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və X5 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar