Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1693/2024 18.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, İddiaçı 9 avqust 1950-ci il tarixdə doğulmuşdur. 14 oktyabr 1967-ci il tarixdə adına açılmış əmək kitabçasına əsasən o, 10 oktyabr 1967-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1983-cü ildən Bakı Ovuntu Metallurgiya Təcrübə Zavodunda işləmiş, 21 mart 1983-cü il tarixli 43 saylı əmrlə Zavoda usta vəzfəsinə qəbul edilmiş, 1 iyun 1983-cü il tarixli 81 saylı əmrlə Odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə keçirilmişdir. 6 iyul 1983-cü il tarixli 78 saylı əmrlə Odadavamlı birləşmələr sexinə usta vəzifəsinə, 2 yanvar 1986-cı il tarixli 1 saylı əmrlə böyük usta vəzifəsinə, 21 may 1986-cı il tarixli 46 saylı əmrlə Odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə, 24 dekabr 1987-ci il tarixli 54 saylı əmrlə İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmişdir. 26 fevral 2002-ci il tarixədək həmin vəzifədə işləmişdir. Onun 1 yanvar 2006-cı il tarixədək 32 il 15 gün ümumi iş stajı, 18 il 11 ay 9 gün zərərli iş şəraitində xüsusi stajı vardır. Bakı Ovuntu Metallurgiya Təcrübə Zavodunda işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinun 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 7-ci bəndində nəzərdə tutulmuş vəzifəyə uyğundur (Metallurgiya istehsalatı (əlvan metallar) 7.13. Əlvan metal ovuntularının istehsalı 7.33. Əlvan metal ovuntusunun istehsalı b) rəhbərlər və mütəxəssislər). Qeyd edilənlərə əsasən 57 yaşı tamam olduğu 9 avqust 2007-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməlidir. Müvafiq sənədlərdən görünür ki, onun güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixədək toplandığından, 57 yaşı tamam olduğu 9 avqust 2007-ci il tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Göstərilənlərə və İPM-in 2, 8, 27, 33 və 73-cü maddələrinə əsaslanaraq, məhkəmədən iddiaya hüququnun yarandığı 9 avqust 2007-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlətlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı münasibətində bildirilir ki, İddiaçı iddiası mümkün hesab edilməməlidir. İş materiallardan da aydın olduğu kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün 27 fevral 2023-cü il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş) «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qeyd edilən sənədlərin təqdim edilməsinin zəruri olduğu bildirilmişdir: şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajı təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.), yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış, pensiya təyin edilməsi ilə bağlı ərizə. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilibedilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Göstərilənlərə və İPM-in 33, 35-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 bildirdi ki, cavabdeh inzibati orqanın imtinası şablon şəkildə verilmişdir. İddiaçı 1983--cü il tarixdən Bakı Ovuntu Metallurgiya X2 birləşmələr sexində işləmişdir. Onun əmək kitabçasında işdən çıxması ilə bağlı qeyd aparılmadığından, mülki məhkəmə icraatı qaydasında mübahisəyə Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. Həmin iddia üzrə icraatda iddiaçının adıçəkilən müəssisədə işləməsi işin mübahisəsiz hallarına aid olmuşdur. Məhkəmə qətnaməsində əks olunmuşdur ki, iddiaçı qeyd olunan vəzifələrdə işləmişdir. Hazırkı iş üzrə imtinanın əsası iş yerindən güzəştli arayışın olmamasıdır. Dəfələrlə müraciət olunsa da, iş yeri ona güzəştli arayışı verməmişdir. İddiaçının işlədiyi vəzifə müvafiq siyahıda əks olunanlara uyğundur. O, 1950-ci il təvəllüdlüdür, Zavodun Odadavamlı birləşmələr sexində usta, mühəndis, rəis vəzifələrində işləmişdir. Onun 32 il ümumi stajı, 18 il 11 ay güzəştli əmək pensiyası hüququ verən işlərdə iş stajı toplamışdır. Ona 57 yaşadan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etmişdir. İddia tələbinin təmin olunması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün iş yerindən güzəştli arayış təqdim olunmalıdır. Lakin iddiaçı belə arayışı təqdim etməmişdir. İddianın təmn olunmaması məhkəmədən xahiş olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 9 avqust 1950-cı il tarixdə doğulmuşdur, əmək kitabçasına əsasən 1 yanvar 2006-cı il tarixədək 32 ildən artıq ümumi sığorta stajı var, o cümlədən 18 il 11 aydan artıq Bakı Ovuntu Metallurgiya X3 birləşmələr sexində usta, mühəndis və sex rəisi vəziifələrində işləmişdir. Həmin vəzifələrin bəziləri (ustala, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bəndinin 13-cü (Əlvan metal ovuntularının istehsalı) yarımbəndində nəzərdə tutulmuşdur. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi bildirilmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işləməsi barədə arayış təqdim edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. Həmin Siyahının “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bəndinin 13-cü (Əlvan metal ovuntularının istehsalı) yarımbəndində sex rəisləri, onların istehsalat üzrə müavinləri 2091500b – 24125 kodu ilə əks olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən 21 iyun 1993cü il tarixli qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» da təsdiq edilmişdir. Həmin Siyahının Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bəndinin 13-cü (Əlvan metal ovuntularının istehsalı) yarımbəndində ustalar, böyük ustalar 1071500b – 12187 kodu ilə nəzərdə tutulmuşdir. Göründüyü kimi, qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, yəni Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 321 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən işlərdə staja malik kişilər 1 avqust 2000=ci il tarixdən sonrakı dövrdə 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 64.5-ci maddəsinə əsasən normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirməsi və ya vəzifələrini yerinə yetirməsi üçün zəruri olan tələblər (şərtlər) ağır və (və ya) çətin yerinə yetirilən tələblər (şərtlər) ola bilməz. Həmin Qanunun 64.6-cı maddəsinə görə normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir. Həmin Qanunun 64.8-ci maddəsinə əsasən normativ hüquqi aktda vəzifəli şəxsin öz mülahizəsindən asılı olaraq fiziki və hüquqi şəxslər üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək imkanı nəzərdə tutula bilməz. Normativ hüquqi aktda vəzifəli şəxslərə normativ hüquqi aktla nizamlanmayan güzəştlər, habelə qadağa və məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə tutula bilməz. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Sadalanan normaların təhlili belə nəticə yaradır ki, inzibati icraat çərçivəsində inzibati orqan tərəfindən qanunla birbaşa nəzərdə tutulmadığı halda, müraciət etmiş şəxsdən əlavə sənədlərin tələb olunması yolverilən deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqanın inzibati icraat üzrə müraciət etmiş şəxs kimi İddiaçı əmək kitabçasında müvafiq vəzifələrdə çalışması barədə yetərli (onların qeyri-mətəbərliyi təsdiqini tapmamışdır) dərəcədə mübahisəsiz qeydlər mövcud olduğu halda, qanunda birbaşa nəzərdə tutulmayan əlavə sənəd – güzəştli arayış tələb etməsi qanunun tələbinə adekvat qiymətləndirilə bilməz. Bundan başqa, baxmayaraq ki, İddiaçı Tahor oğlunun müvafiq dövrlərdə işlədiyi “usta” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda, “sex rəisi” vəzifəsi isə həmin qərarla təsdiq edilmiş 2 nömrəli siyahıda nəzərdə tutulmuşdur, onların siyahılarda təsnifatlaşdırılmasının məqsədi baxımından müvafiq sahədə “usta” vəzifəsinin xüsusiyyətləri, “sex rəisi” vəzifəsinin xüsusiyyətlərindən aşağı dərəcədə deyil (hər iki siyahıdakı vəzifələr zərərli iş şəraitini nəzərdə tutduğundan). Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının əmək kitabçasında əks olunmuş müvafiq iş stajının onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdəki stajına daxil edilməməsi qanuna ziddir. Belə olan halda, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə stajı toplanmış olur. Bu halda İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan (9 avqust 2007-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan (9 avqust 2007-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1693/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1693/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver