Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1693/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********169860 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********169860 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının 2021-ci il üzrə hesablanmış 1605792,87 manat manat məbləğində mənfəət vergisi və həmin məbləğə tətbiq olunmuş maliyyə sanksiyası hissəsində ləğv edilməsi öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********157223 saylı qərarına əsasən iddiaçıda növbəti səyyar vergi yoxlaması həyata keçirilmiş və nəticəsi ilk olaraq xx.xx.2023-cü il tarixli yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********169860 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh aktda qeyd etmişdir ki, guya iddiaçının xərclərini müəyyən etmək mümkün deyil. Bundan başqa, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozaraq birbaşa 67.14-cü və 83.9-cu maddələrinə istinad etməklə mənfəəti şərti rentabellik norması əsasında müəyyən etmişdir. Halbuki, iddiaçının əsas xərcləri idxal etdiyi və e-qaimə ilə alınmış mallar üzrə çəkilən xərclərdir və cavabdehin onlayn rejimdə həmin mallar üzrə məlumatlara çıxış imkanı vardır. Belə olan halda cavabdeh xərc sənədlərinin olmamasına istinad edib şərti rentabellik norması əsasında mənfəət vergisi hesablaya bilməzdi. Ümumiyyətlə, cavabdehin heç bir halda müəssisənin əlaqəli məlumatlarını və eyni fəaliyyətlə məşğul olan analoji vergi ödəyicisinin məlumatlarını kənara qoyaraq birbaşa Vergi Məcəlləsinin 67.14-cü maddəsini tətbiq etmək hüququ yoxdur. Qeyd olunan məsələ həm Vergi Məcəlləsinin 67-ci maddəsinin, həm də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli, **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları” tələblərinə ziddir. Belə ki, mənfəət vergisini müəyyən etmək üçün mənfəəti, mənfəəti müəyyən etmək üçün isə illik gəlir və xərci müəyyən etmək mütləq şərtdir. Bu müəyyənetmə üçün isə vergi ödəyicisinin il ərzində gəlir və xərclərini təsdiq edən sənədlər ya tam şəkildə olmalıdır, ya da qismən olduğu üçün natamam hissəni digər mənbələr əsasında qiymətləndirmək lazımdır. Digər mənbələr isə Vergi Məcəlləsinin 67.1.1 - 67.1.9cu maddələrində nəzərdə tutulmuş əlaqəli məlumatlar, eyni zamanda Məcəllənin 67.2 və 67.3-cü maddələrində nəzərdə tutulan analoji vergi ödəyicisinin məlumatlarıdır. Qanunun bu tələbi vergi orqanının 67.14-cü maddəni birbaşa tətbiq etmək hüququnu məhdudlaşdırır. Vergi ödəyicisinin real qazancını hər hansı mənbə əsasında müəyyənləşdirmək mümkün olmadıqda, Məcəllənin 67.14-cü maddəsinə istinad etməklə son addım kimi şərti rentabellik norması əsasında mənfəəti müəyyən etmək olar. Adından da bəlli olduğu kimi, şərti rentabellik norması vergi ödəyicisinin əldə etdiyi real mənfəəti müəyyən etmir. Ümumiyyətlə, “şərti” sözü hadisəni olduğu kimi yox, simvolik surətdə əks etdirən, qeyri-real olan məna ifadə edir. Buna görə də, qanunverici ilkin olaraq real mənfəətin müəyyən olunması üçün tədbirlərin görülməsini, bütün bunlar nəticəsiz qaldıqda isə son addım kimi şərti rentabellik normasının (qazanılmayan mənfəətin) tətbiqini nəzərdə tutur. Həmçinin, vergi orqanının Məcəllənin 67.14-cü maddəsini tətbiq etməsi üçün 67.1 -ci maddənin 67.1.1-67.1.9-cu bəndlərində sadalanan əlaqəli məlumatlar əsasında mənfəəti birbaşa müəyyən etməyin mümkünsüz olmasına dair real sübutlar mövcud olmalıdır. Başqa sözlə, 67.1.1-67.1.9-cu bəndlər 67.1 -ci maddənin tərkib hissəsi olduğundan vergi orqanları həmin maddənin bütün tələblərini gözləmədən 67.14-cü maddəni tətbiq edə bilməz. Bu ardıcıllığı elə 67.14-cü maddənin özü müəyyən edir. Xüsusilə vacib məqam bundan ibarətdir ki, Məcəllənin 83.9-cu maddəsinə görə, şərti rentabellik norması vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda tətbiq edilməlidir. Mənfəətin birbaşa müəyyən olunması isə Məcəllənin 104.1 -ci maddəsinə uyğun olaraq gəlirdən xərcin çıxılması yolu ilə həyata keçirilir. Yəni, vergi ödəyicisinin həm gəliri, həm də xərci müəyyəndirsə, bu halda mənfəət vergisinin hesablanması birbaşa (düzünə) üsulla həyata keçirilir. Qanunvericinin müəyyən etdiyi digər üsulların hər birində ya gəlir, ya xərc, ya da hər ikisi məlum olmadığı üçün mənfəət birbaşa deyil, dolayı qaydada müəyyən olunur. Məhz bu səbəbdən qanunverici ilk növbədə mənfəətin birbaşa, bu mümkün olmadıqda isə dolayı üsullarla müəyyən olunmasını təsbit etmişdir. Göstərilən bütün bu tədbirlərin həyata keçirilməsindən sonra isə mənfəətin birbaşa müəyyən olunmaması ehtimalı çox azdır. Lakin aktdan göründüyü kimi cavabdeh qeyd olunan istiqamətlər üzrə heç bir araşdırma aparmamışdır və aktda bu barədə heç bir qeyd yoxdur. Halbuki mənfəətin birbaşa müəyyən olunması məqsədilə bütün əlaqəli məlumatları nəzərdən keçirmədən şərti rentabellik norması tətbiq olunaraq mənfəət vergisi hesablana bilməzdi. Əgər qeyd olunan araşdırmalar nəticəsində gəlir və ya xərc müəyyən olunmazdısa, o zaman dolayı hesablama metodlarından istifadə oluna bilərdi. Lakin cavabdeh aktın 11-ci səhifəsində bununla bağlı yoxlama üçün naməlum olan xərclərin əlaqəli məlumatlarla müəyyən edilməsi mümkün olmadığına və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin guya tapılmadığına istinad etməklə kifayətlənmiş, bununla da mənfəətin şərti rentabelliklə hesablanması qaydasını seçmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir (idiaçının tələbi yalnız 2021-ci il üzrə mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyasının ləğvi ilə bağlı olduğundan etirazın yalnız iddia tələbinə aid hissəsi göstərilmişdir). Etirazda göstərilmişdir ki, yoxlanılan dövrdə iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin düzgünlüyü yoxlanılarkən 2019-2020-ci illər üzrə gəlir və xərcinin olmadığı müəyyən edilməmişdir. Lakin, 2021-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən iddaçı tərəfindən Vergi Məcəlləsinin 16-cı,108-ci və 130-cu maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********157223 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərara əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar Vergi Məcəlləsinin 23-cü, 36-cı və 42-ci maddələrinin tələblərinə müvafiq olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********157267 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə xx.xx.2022-ci il tarixli **********386200 nömrəli məktubla vergi ödyisinin elektron poçt ünvanına göndərilmişdir. Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********157267 nömrəli tələbnamə ilə tələb olunan sənədlərin xx.xx.2022-ci il tarixədək vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya cavabdehə təqdim edilməsi tələb olunmasına baxmayaraq, tələb onunan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən iki nüsxədən ibarət xx.xx.2022-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt tərtib edilmiş və bir nüsxəsi xx.xx.2022-ci il tarixli **********028100 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Yoxlama zamanı iddiaçının rəhbəri X1 tapılması üçün bütün tədbirlər görülməsinə baxmayaraq, görülmüş tədbirlər müsbət nəticə verməmiş, iddiaçının rəhbərini tapmaq və ya onunla əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin, tələbnamə ilə tələb olunan və yoxlamaya təqdim edilməmiş sənədlərin dərhal yoxlamaya təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixli **********194900 nömrəli “Sənədlərin təqdim edilməsi barədə” məktub iddiaçının elektron poçt ünvanına göndərilmişdir. Eyni zamanda iddiaçının rəhbərinin tapılaraq yoxlamada iştirakının təmin olunmasına köməklik göstərməsi üçün xx.xx.2022-ci il tarixli məktubla aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli xidməti məktubda X1 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazisini tərk etdiyi bildirilmişdir. Lakin bütün qeyd olunan tədbirlərin görülməsinə baxmayaraq, X1 və ya onun səlahiyyətli nümayəndəsinin yoxlamada iştirakı təmin edilməmiş və nəticədə səyyar vergi yoxlaması zamanı vergitutma obyekti Vergi Məcəlləsinin 67.14-cü maddəsinə müvafiq olaraq şərti rentabellik norması əsasında müəyyən edilmişdir. Vergi ödəyicisinin digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış o cümlədən inşaat materiallarının (qum, çınqıl, şeben, aqlay, plitələr, kubiklər və analoji məmulatlar, müxtəlif ölçülü dəmir listlər, divar kağızı və sair) topdansatışı və tikintiyə və mülki tikinti işlərinə aid olan layihələrin idarə edilməsi üzrə xidmətlər, təmir tikinti, asfalt işlərinin görülməsi fəaliyyəti üzrə gəlir və xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün analoji vergi ödəyicisinin müəyyən edilməsi barədə sorğu edilmiş, lakin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyənləşdirilməmişdir. Belə ki, vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri olaraq "xxxx" MMC və "xxxx"MMC-nin məlumatları araşdırılmış, lakin təqdim edilmiş malların çeşidləri, obyektlərin sayı, sahəsi, dövriyyələri fərqli olduğu üçün əlaqəli məlumat olaraq vergilərin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi mümkün olmamışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən malların (işlərin,xidmətlərin) təqdim edilməsi barədə e-qaimə fakturalara və bank məlumatlarına əsasən vergi ödəyicisinin 2021-ci il üzrə malları təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən gəlirinin 51 248 708,69 manat olduğu müəyyən edildiyi halda, gəlirin əldə edilməsi ilə bağlı xərclərin o cümlədən 2021-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 221.4-cü sətrində göstərilmiş 50 484 396,80 manat məbləğində malların dəyərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən yoxlama zamanı vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsindəki malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirlər əsas götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı üçün 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 1 605 792.87 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 802 896,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 31 oktyabr 2024-cü il tarixli, KY221736520 nömrəli çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçının bütün təsərrüfat obyektlərində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə xx.xx.2019xx.xx.2022 dövr üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********157860 nömrəli səyyar vergi yoxlaması aktı iş materiallarına əlavə edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********169860 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə mənfəət vergisi üzrə 1 605 792,87 manat, əlavə dəyər vergisi üzrə 630 518,46 manat, mədən vergisi üzrə 669 311,33 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində 2052,69 manat, cəmi 2 907 675, 35 manat əlavə vergi, habelə 1 490 540,84 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçıya həmin qərarla Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 640 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödəniməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********128300 nömrəli tələbnamə göndərilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən çıxarışa əsasən onun xx.xx.2025-ci il tarixə 6 139 089,08 manat ödənməli vergi borcu vardır. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2023-cü il tarixli **********169860 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının 2021-ci il üzrə hesablanmış 1605792,87 manat manat məbləğində mənfəət vergisi və həmin məbləğə tətbiq olunmuş maliyyə sanksiyası hissəsində ləğv edilməsini xahiş edir. İddia tələbi mahiyyətcə mübahisələndirmə barədə iddiadır. Cavabdeh yazılı vəsatətində həmin qərarın xx.xx.2023cü il tarixdə elektron qaydada iddiaçıya göndərildiyini, xx.xx.2023-cü il tarixdə onun tərəfindən oxunduğunu lakin iddiaçının xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək qərarın mübahsələndirilməsi üçün 30 günlük müddəti ötürdüyünü bildirmişdir. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1.). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir (73.1). Qeyd edilməlidir ki, qanunda nəzərdə tutulmuş “məlumat vermək” ifadəsi müvafiq rekvizitlərə malik inzibati aktın inzibati icraat iştirakçısına təqdim edilməsini ehtiva edir. Belə təqdim etmə zamanı təqdim olunan inzibati akt onun üçün zəruri olan bütün zəruri rekvizitlərə malik olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş qərar isə elektron sənədlər üçün qanunla nəzərdə tutulmuş rekvizitlərə (elektron imza ilə imzalanma, müvfiq QR kodun mövcudluğu) malik olmadığı üçün rəsmi təqdim edilmiş sayıla və onun iddiaçının elektron kabinetinə yerləşdirildiyi andan iddiaçının şikayətvermə müddəti hesablana bilməz. Bu səbəbdən məhkəmə iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1). Vergi Məcəlləsinin 103-106-cı maddələri isə hüquqi şəxslərin mənfəət vergisi ilə əlaqədar məsələləri tənzimləyir. Belə ki, həmin Məcəlləyə əsasən Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2023-cü il tarixli, **********169860 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla iddiaçıya vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə 2021-ci il üzrə mənfəət vergisinə görə 1 605 792,87 manat əlavə vergi, habelə 802 896,44 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı hazırda həmin məbləği mübahisələndirir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozaraq birbaşa 67.14-cü və 83.9-cu maddələrinə istinad etməklə mənfəəti şərti rentabellik norması əsasında müəyyən etmişdir. İPM-də göstərilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər (1.2.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində gösətrilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı qərar iddiaçının 2019-2022-ci illər üzrə hesabat dövrü ilə bağlı qəbul edildiyindən iddiaçıya Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan müddəaları tətbiq edilə bilər. Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan redaksiyasına əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri (67.1.1); vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar (67.1.2); vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar (67.1.3); vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar (67.1.4); vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar (67.1.5); vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar (67.1.6); vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar (67.1.7); vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri (67.1.8); vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar (67.1.9). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı (67.2.1); eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi (67.2.2); fəaliyyət göstərilən ərazi (67.2.3). Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır (67.4). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (67.14). Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 83.9.-cu madəsinbə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Qanunun qeyd edilən müddəalarından göründüyü kimi vergi ödəyicisinin gəlirini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda vergi orqanı onun vergi borcunu əlaqəli məlumatlardan istifadə etməklə hesablamalıdır. Həmin əlaqəli məlumatlar isə vergi ödəyicisinin əvvəlki illər üzrə hesabatları və digər məlumatlar, o cümlədən analoji vergi ödəyicilərinin məlumatlarına əsasən hesablanır. Bu mümkün olmadığı halda isə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, yəni şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi borcu hesblanır. Yəni, Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi ilə bağlı sıralama müəyyən etmişdir ki, vergi orqanı həmin sıralamadan kənara çıxmalı deyil. İşdən göründüyü kimi cavabdeh iddiaçıya 2021-ci il üçün mənfəət vergisi hesablayarkən Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi borcu hesablamışdır. Cavabdeh iddiaya etirazında bunu iddiaçının rəhbərini taparaq yoxlamaya cəlb eməyin mümkün olmadığı ilə əsaslandırmışdır. Belə olan halda cavabdeh iddiaçıya əlaqəli məlumatlar əsasında vergi borcunun hesablanmasının mümkün olmadığını əsaslandırmalıdır. Cavabdeh bununla bağlı bildirmişdir ki, vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri olaraq "xxxx" MMC və "xxxx" MMC-nin məlumatları araşdırılmış, lakin təqdim edilmiş malların çeşidləri, obyektlərin sayı, sahəsi, dövriyyələri fərqli olduğu üçün əlaqəli məlumat olaraq vergilərin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi mümkün olmamışdır. Qeyd edilməlidir ki, cavabdeh həmin məsələlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, həqiqətən qeyd olunan vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması, bununla bağlı müvafiq sorğular göndərilməsi və sair məsələlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikası Ali məhkəməsinin bir sıra qərarlarında da (2-1(102)-488/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-564/2023 saylı, xx.xx.2023-cü il tarixli) öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli, **********169860 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı 2021-ci il üzrə hesablanmış 1605792,87 manat manat məbləğində mənfəət vergisi və həmin məbləğə tətbiq olunmuş maliyyə sanksiyası hissəsində ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********169860 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2021-ci il üzrə hesablanmış 1 605 792 (bir milyon altı yüz beş min yeddi yüz doxsan iki) manat 87 (səksən yeddi) qəpik məbləğində mənfəət vergisi və həmin məbləğə tətbiq olunmuş 802 896 (səkkiz yüz iki min səkkiz yüz doxsan altı) manat 44 (qırx dörd) qəpik maliyyə sanksiyası hissəsində ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1693/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1693/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver