Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1694/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixlərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 15 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş "Dəmir Beton” ATSC bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sulutəpə qəsəbəsində bağçılıq üçün ayrılmış torpaq sahəsindən ona ayrılmış sahəsi 5 sot (20x25) olan torpaq sahəsinin onun adına dövlət reyestrindən çıxarışın verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 500,0 kv.m sahəsi olan 15 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 30 yanvar 1988-ci il tarixli, 1/25 nömrəli qərarına əsasən 9 nömrəli Dəmir-Beton Boruları zavoduna Sulutəpə qəsəbəsində bağçılıq üçün ayrılmış torpaq sahəsindən sahəsi 5 sot (20x25) olan 15 nömrəli torpaq sahəsi ona verilmişdir. 9 nömrəli Dəmir-Beton Boruları zavodunda xx.xx.1980-ci il tarixindən etibarən baş mexanik vəzifəsində işləmişdir. Həmçinin "Bağçılıq cəmiyyəti” üzvlərinin xx.xx.1989-cu il tarixli 6 nömrəli protokoluna əsasən 15 mart 1989-cu il tarixində “Bağçılıq cəmiyyəti”nə üzv qəbul edilmişdir. Sulutəpə qəsəbəsində yerləşən və onun üçün ayrılmış sahəsi 5 sot olan 15 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2021-ci il tarixli, **********56 saylı imtina məktubu ilə bildirmişdir ki, "Dəmir-Beton ATSC” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında adı aşkar edilmədiyi üçün ərizəsinin icrası mümkün deyildir. Bağçılıq-yoldaşlıq üzvlük kitabçasında üzvlük barədə bütün məlumatlar, o cümlədən ona ayrılmış torpaq sahəsi barədə məlumatlar qeyd olunmuşdur. Həmçinin əmək kitabçasında da qeyd olunduğu kimi xx.xx.1999-cu il tarixində 9 saylı X2 adı dəyişilərək "Binəqədi Dəmir-Beton” ATSC olmuşdur. 9 saylı DBB Zavodunun ümumi yığıncağının torpaq sahəsinin ayrılması barədə 2 mart 1989-cu il tarixli, 6 nömrəli protokolu ilə torpaq sahəsinin ayrılması barədə siyahıda 65 nəfərə torpaq sahəsi ayrılmışdır. Həmin siyahının qeyd olunduğu sənədin əslində torpaq sahəsi ayrılanlardan biri kimi onun adı siyahıda 55-ci qeyd olunmuşdur. Torpaq sahəsinin yerləşmə çizgi-sxemlərində 9 nömrəli Dəmir-Beton Boruları zavoduna Sulutəpə qəsəbəsində bağçılıq üçün ayrılmış torpaq sahəsinin, həmçinin həmin sahədən ona ayrılmış torpaq sahəsinin sxemi, sahəsi, ölçüsü, o cümlədən digər məlumatlar qeyd olunmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 1/25 nömrəli qərarından görünür ki, 9 nömrəli X2 65 nəfər üzvünə kollektiv bağçılıq təşkilatı yaradılması məqsədilə Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində torpaq sahəsinin ayrılması qərara alınmışdır. İyul 1988-ci il tarixli 8/375 saylı aktdan görünür ki, zavoda ayrılmış torpaq sahəsi 3.99 ha təşkil edir. 9 nömrəli X2 nəzdində yaradılan “Gənclik” bağçılıq-yoldaşlıq cəmiyyətinin 1989-cu il tarixli üzvlərinin siyahısından görünür ki, İddiaçı adı siyahıda 55-ci sırada qeyd edilmişdir. İşdə olan 9 nömrəli X2 ümumi iclasının xx.xx.1989-cu il tarixli, 6 nömrəli protokolundan görünür ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 1/25 nömrəli qərarı ilə 9 nömrəli Dəmir-Beton Boruları zavoduna Sulu-təpə qəsəbəsində 65 nəfərlik 3,99 ha torpaq sahəsi ayrılmış, müvafiq protokolla bu sahə yerində ölçülərək 65 yerə bölünmüşdür. Protokola əsasən 15-ci sırada qeyd olunan İddiaçı 500 kv.metr (20x25) sahəsi olan 15 nömrəli torpaq sahəsi verilmiş, iddiaçının adına üzvlük kitabçası tərtib edilmişdir. İşdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktından görünür ki, İddiaçı istifadəsində olan Sulu-təpə qəsəbəsində yerləşən 15 nömrəli torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərlə ölçüsü 500,0 kv.m, faktiki olaraq isə 541,0 kv.metrdir. Bağ sahəsi hasar daxilindədir. Sahədə birmərtəbəli, yarımtikili ev və həyət tikilisi vardır. İddiaçı hazırda onun istifadəsinə verilmiş 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Eyni zamanda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdən görünür ki, iddiaçı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını və üzvlərin iclasının protokolundan çıxarışı təqdim etmişdir. Cavabdeh iddiaçının adının İdarənin arxivində olan “Dəmir-beton” ATSC bağçılıqyoldaşlıq üzvlərinin siyahısında olmamasına istinad edərək ona imtina cavabı vermişdir. Məhkəmə bu imtina ilə razılaşmır. Çünki birincisi, İdarənin arxivində olan siyahı avqust 1988-ci ilə aid olmuş, iddiaçıya isə mübahisəli bağ sahəsi 1989-cu ildə ayrılmışdır. Belə olan halda, onun adının tərtib edilən ilkin siyahıda olmaması təbiidir. İkincisi, Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1980-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşçi və qulluqçuların bağçılıq yoldaşlığının nümunəvi nizamnamə”sinin 1-ci bəndinə əsasən bağçılıq yoldaşlıq müəssisə, idarə, təşkilatın yanında yoldaşlığa üzv olmaq istəyən 30 nəfərdən az olmayan şəxsdən təşkil edilir. Nizamnamənin 11-ci bəndinə əsasən bağçılıq yoldaşlığın üzvü 18 yaşına çatmış işçi və qulluqçular, habelə daha əvvəl həmin müəssisə, idarə və ya təşkilatda işləmiş pensiyaçılar ola bilər. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1500 nömrəli sərəncamı ilə ləğv edilmiş “Azərsənayetikinti" Dövlət Şirkətinin 9 nömrəli dəmir-beton borular zavodunun bazasında "X10" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Həmçinin işdə olan iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı 1983-1996-cu illərdə 9 saylı X11 Zavodunda işləmişdir. Eyni zamanda işdə olan “X10” ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il gtarixli məktubundan görünür ki, İddiaçı 9 saylı X8 uzunmudət fəaliyyət göstərmişdir. 2 mart 1989-ci il 6 nömrəli li Protokolu ilə 9 №-li X12 zavoduna Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bağçılıq üçün ayrılmış torpaq sahəsi İddiaçı təqdim edilmişdir. 1993-cu ildən orda ev tikmiş və hazırda da orda yaşayır. Həmin 6 №li protokol və siyahının surətini məktuba qoşma olaraq əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının 9 saylı X8 işləməsi mübahisəsizdir. Həmçinin onun adı 1988-ci il tarixli ilkin siyahıda olmasa da, zavod tərəfindən təqdim edilmiş 1989-cu il tarixli siyahıda və xx.xx.1989-cu il tarixli protokolda mövcud olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının təqdim etdiyi üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış “9 saylı X9” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, cavabdeh xx.xx.1989-cu il tarixli 6 nömrəli protokol əsasında Sulutəpə qəsəbəsi, Binəqədi X9 22 saylı bağ sahəsinə dair X1 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır, hansı ki, onun adı İdarənin arxivində olan 1988-ci il tarixli ilkin siyahıda deyil, iddiaçının və “X10” ASC-nin məhkəməyə təqdim etdiyi 1989-cu il tarixli ikinci siyahıda mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Cavabdeh digər şəxsə münasibətdə ikinci siyahını etibarlı sənəd kimi qəbul etsə də, iddiaçıya münasibətdə qəbul etməmiş və bu halı əsaslandırmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Çünki qanunvericiliklə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin hüuquların dövlət qeydiyyatı üçün nəzərdə tutulması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 500,0 kv.m sahəsi olan 15 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1694/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1694/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver