Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1696/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Nərimanov rayonu, 2074/2077-ci məhəllə 7-ci köndələn küçəsi, bina 5b, 11 №-li mənzil Azərbaycan Respublikası DİN-in Avtomobil Təsərrüfatının xx.xx.2011-ci il tarixli, 9 №-li orderinə əsasən 4 nəfər ailə üzvü (X6, onun həyat yoldaşı Kələntərova Laçın qızı, qızı X3, nəvəsi X4) ilə birlikdə X5 istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 55/1 №li, xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077-ci məhəllə, 5B saylı evin, yaşayış sahəsi 49,60 kv.metr olan 3 otaqlı 11 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. X2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir. İddiaçı həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “... qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 55/1 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, 7-ci köndələn küçəsi, 2074/2077-ci məhəllə, 5 B saylı evin 11 saylı mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, o, həmin ünvanda qeydiyyatdadır və həmin mənzildə yaşayır. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 7-ci köndələn küçəsi, 2074/2077-ci məhəllə, 5 B saylı evin, 11 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 55/1 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki sahəsi 70.6 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən Nərimanov rayonu, 2074/2077-ci məhəllə 7-ci köndələn küçəsi, bina 5b, 11 №-li mənzil Azərbaycan Respublikası DİN-in Avtomobil Təsərrüfatının xx.xx.2011-ci il tarixli, 9 №-li orderinə əsasən 4 nəfər ailə üzvü (X6, onun həyat yoldaşı Kələntərova Laçın qızı, qızı X3, nəvəsi X4) ilə birlikdə X5 istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 55/1 №li, xx.xx.2020-ci il tarixli Sərəncamına Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077-ci məhəllə, 5B saylı evin, yaşayış sahəsi 49,60 kv.metr olan 3 otaqlı 11 saylı mənzilinə iddiaçının adına daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. İddiaçının hazırkı tələbi qaldırmaqda hüquqi marağı, istifadəsində olan qeyd olunan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsidir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə istinad edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı tələbinin faktiki əsası və hüquqmüəyyən edici sənəd kimi Azərbaycan Respublikası DİN-in Avtomobil Təsərrüfatının 2011-ci il tarixli orderinə və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 55/1 №-li, xx.xx.2020-ci il tarixli Sərəncamına istinad edir. Tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.11-ci maddələri təşkil edir. Həmin normalara görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahələri; 1) müvafiq icra hakimiyyəti orqanının (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanları) sərəncamı; 2) order; 3) və ya mənzil kirayəsi müqaviləsi ilə verilir və qeyd edilən hər üçün sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. İddiaçı həmçinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 55/1 №-li, xx.xx.2020-ci il tarixli Sərəncamını təqdim etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil X5 adına verilmiş 9 saylı Order, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatının ümumi yığıncağının ümumi yığıncağının 21 aprel 2011-ci il tarixli 22 nömrəli protokolu əsasında verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X6 Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzil verilənə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil təsərrüfatına məxsus olan ünvan 3 ünvanında yerləşən yataqxanada yaşayıb. Həmin məktubdan müəyyən edilir ki, iddiaçının atasında 2011-ci ildə order verilmiş və həmin mənzil, onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil təsərrüfatına məxsus olan ünvan 3 ünvanında yerləşən yataqxananın sökülməsi ilə əlaqədar verilmişdir. Göründüyü kimi, iddiaçının mübahisəli mənzillə bağlı hüququ 2009-cu ildən əvvəl yaranmışdır. Belə ki, iddiaçının sözügedən ünvanda yerləşən yaşadığı keçmiş yataqxana binası boşaldılmış və əvəzində sözügedən mənzillə təmin edilmişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Göründüyü kimi, cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olmaması işdə olan sənədlərlə təkzib edilir. Cavabdehin etirazında qeyd etdiyi mənzilin sahəsinin 70.6 kv.metr təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində mənzilin sahəsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququnu qeydə alarkən mənzilin faktiki vəziyyətinə uyğun hüquqmüəyyənedicisi və texniki sənədlər vermək cavabdehin vəzifəsidir. Göstərilən hal iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina əsası kimi qiymətləndirilə bilməz. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, 7-ci köndələn küçəsi, 2074/2077-ci məhəllə, 5 B saylı evin 11 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1696/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1696/2024
08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver