Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16961/2025 27.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı ““Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Komitənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun valideyni (atası) Qanuni nümayəndə 1993-cü ildən etibarən Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. Bu barədə ona Komitə tərəfindən məcburi köçkün vəsiqəsi də verilmişdir. Hazırda yetkinlik yaşına çatmayan o, atası ilə birlikdə ünvan 1 ünvanında pasport qeydiyyatındadır. O, və qanuni nümayəndəsi faktiki olaraq Zəngilan rayonundan məcburi köçkün kimi ünvan 3 ünvanında yaşayır və bu barədə 149 saylı MKİS tərəfindən arayış verilmişdir. Zəngilan rayonu İHB-nın Mincivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 269 nömrəli xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, “onun atası Qanuni nümayəndə məcburi köçkündür, məcburi köçkün ailəsində doğulduğu üçün 2009-cu ildən məcburi köçkünlərə verilən vahid aylıq müavinəti 2025-ci ilin iyun ayına kimi almışdır, həmin vaxtdan anası məcburi köçkün olmadığı üçün aylıq müavinəti dayandırılmışdır.” O, hal-hazırda məcburi köçkün statusu almaq və məcburi köçkünlərə verilən təminatlardan (təhsil haqqı güzəşti və s.) yararlanmaq niyyətindədir. Bu barədə onun qanuni nümayəndəsi - atası Qanuni nümayəndə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, cavabeh orqan tərəfindən ona xx.xx.2025-ci il tarixli imtina məktubu təqdim edilmişdir. İmtina məktubunda “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə istinad edilərək bildirilmişdir ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Komitənin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. xx.xx.2009-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətlidir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: AA seriyalı ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsinə dair məlumatların elektron sorğulanmasından müəyyən olunur ki, iddiaçının atası – xx.xx.1984-cü il tarixli Məmmədov X5 rayonu, Mincivan qəsəbəsi ərazi dairəsi, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 24 ünvanında qeydiyyatdadır. Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 428844 nömrəli Nikah haqqında Şəhadətnamədən (surəti) müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü Qanuni nümayəndə ilə xx.xx.1988-ci il təvəllüdlü X3 arasında xx.xx.2008-ci il tarixində nikah bağlanmışdır. Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 250312 nömrəli doğum haqqında Şəhadətnamədən (surəti) müəyyən olunur ki, xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonunda doğulmuşdur. Atası xx.xx.1984-cü il təvəllüdlü Qanuni nümayəndə, anası xx.xx.1988-ci il təvəllüdlü X2r. Komitə tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AA seriyalı, 172984 №-li Məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçının atası – Qanuni nümayəndə 1993-cü ildən daimi yaşadığı Zəngilan rayonunu tərk etmiş və vəsiqənin verildiyi tarixdə Bakı şəhəri, Səbail rayonunda məskunlaşmışdır. Zəngilan rayon İHB-nın Mincivan qəsəbə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 269 №-li xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkündür, məcburi köçkün ailəsində doğulduğu üçün 2009-cu ildən məcburi köçkünlərə verilən vahid aylıq müavinəti 2025-ci ilin iyun ayına kimi almışdır, həmin vaxtdan anası məcburi köçkün olmadığı üçün aylıq müavinəti dayandırılmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-36-3/2-M-114xx-xx/2025/12537 №-li cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il təvəllüdlü İddiaçı anası X1 qeydiyyatı Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanında olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir TƏTBİQ EDİLƏN HÜQUQ “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları. Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. ... Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar. Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. ... Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi ... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - Əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İ. Ümumi müddəalar ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. MƏHKƏMƏNİN MÖVQEYİ Qanunvericiliyin tələbindən də göründüyü kimi mərkəzi icra hakimiyyəti orqanlarının qərarları, həmçinin həmin qərarla təsdiq edilmiş qaydalar Azərbaycan Respublikası ərazisində və həmin ərazidə olan şəxslər, dövlət orqanları üçün məcburi hüquqi qüvvə malikdir. Qeyd olunan səbəbdən də, məhkəmə normativ hüquqi akt statusuna malik olan Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkibində olan mərkəzi icra hakimiyyəti orqanı kimi Komitə tərəfindən qəbul edilmiş Qaydalar”ın 4.1.6-cı yarımbəndinə uyğun olaraq hesab edir ki, iddiaçı məcburi köçkün statusuna malik olmayan şəxsdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı və onun qanuni nümayəndəsi həmin yarımbəndin hazırkı vəziyyətdə tətbiq edilməsi ilə razılaşmır, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci ilə bağlı aylıq müavinətin aldığını əsas götürülməklə iddianın təmin edilməsini xahiş edir. Cavabdeh isə, qeyd olunan yarımbəndin tələbinə uyğun olaraq iddiaçının anasının qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmamasını əsas müəyyən edərək iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtina ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Qaydaların 4.1.6-cı yarımbəndində iddiaçılara məcburi köçkün statusu verilməsinə əsas olmuş hər iki şərt də ödənilmir. Yarımbəndin məzmunundan da göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, 1 Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2 hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işin faktiki hallarından isə görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş 1-ci şərt ödənilsə də, iddiaçının məcburi köçkün statusunun alınması üçün zəruri olan 2-ci şərt ödənilməmişdir. 1-ci şərtlə bağlı aparılmış qiymətləndirmə ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər hazırkı iş üzrə birbaşa məcburilik xarakteri olmasa da yuxarı instansiya məhkəməsinin hazırkı növ işlər üzrə mübahisələrə baxılmasında məhkəmə qərarının stabilliyinin qorunması baxımından əhəmiyyət kəsb edən fərdi işlər üzrə qərarlarında vurğulandığı kimi, adıçəkilən Qaydaların 4.1.6-cı yarımbəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd olması, sözügedən Qaydaların atası “məcburi köşkün” statusuna malik uşaqların məcburi köçkün statusunun verilməsi barədə müddəasının, iddiaçıya münasibətdə ayrı-seçkilik baxımından yanaşmasına qiymət verilməməsi barədə yuxarı instansiya məhkəməsi tərəfindən mövqe nümayiş etdirilmişdir. Lakin, məhkəmə 2-ci şərtin ödənilməməsi səbəbindən 1-ci şərtin ödənilməsinin iddiaçıya münasibətdə hər hansı əhəmiyyət kəsb etmədiyi gənaətinə gəlir. Belə ki, yarımbənddən də göründüyü kimi hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olması imperativ qaydada müəyyən edilmişdir ki, bu şərt 1-ci şərtin ödənilməsi (atanın “məcburi köçkün” statusuna malik olması) ilə birgə vətəndaşa “məcburi köçkün” statusunu əldə etmək hüququnu yaradır. Göründüyü kimi məhkəmə üçün iddianın imtina əsası həmin 2-ci şərtin ödənilməməsi ilə bağlı olmuşdur ki, işin faktiki hallarından, o cümlədən şəxsiyyət vəsiqəsi məlumatlarından göründüyü kimi iddiaçının anası X3 Bakı şəhəi, Səbail rayonu, ünvan 7 ünvanda yerləşən yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur ki, qeyd olunan hal iddiaçıya məcburi köçkün statusunun verilməsini istina edir. Belə ki, yarımbəndin tələbindən də göründüyü kimi hər yalnız iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini olmuş olması zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçının valideyni olan anası Bərdə rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyət vəsiqəsinə malik olan şəxsdir. Bu zaman iddiaçının qanuni nümayəndəsi qismində tanınan atası – Qanuni nümayəndə “məcburi köçkün” statuna malik olması və işğaldan azad olunmuş rayonda (Zəngilan rayonu) qeydiyyata olması iddiaçının xeyrinə dəyişməyən haldır. Belə ki, iddiaçının hər iki valideyni Bakı şəhərində qeydiyyatdadırlar. Göründüyü kimi, iddiaçının valideynlərinin daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərti ödəməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-16961/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16961/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver