Məhkəmə qərarları › İş №2-1(112)-1697/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1697/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1697/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı qeyd edir ki, hakimlərin bir çoxuna məhkəmə qərarları əsasında 15 faiz və 25 faiz əlavələrin ödənilməsi, digərlərinə isə məhkəmə qərarları olmadığından əlavələrin ödənilməməsi və əmək pensiyasının məbləğzi hesablanarkən nəzərə alınmaması bərabərlik hüququna əməl olunmaması deməkdir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə də həmin əlavələrin nəzərə alınmalı olması öz təsbitini tapmışdır. Bundan əlavə, iddiaçı qeyd edir ki, onun əmək pensiyasının məbləği müəyyən edilərkən aldığı maddi yardım da nəzərə alınmalıdır. Cavabdehin etirazının mahiyyətindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinad edərək “sonrakı artımlar” müddəasıın pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutduğunu qeyd edərək iddiaçının işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortaya cəlb edilməyən əlavələrin əmək pensiyası hesablanarkən nəzərə alınmalı olmamasını bildirir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.İskəndərova iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddia tələbindən də göründüyü kimi iddianın mahiyyəti iddiaçının işlədiyi dövrdə aldığı maddi yardımların və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavinin vəzifə maaşına 25 faiz və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Məhkəmə bununla bağlı olaraq qeyd edilməsini zəruri hesab edir ki, hazırkı iddia tələbinin mahiyyəti qeyd olunan hesablamanın hazırkı iş üzrə iddiaçıya münasibətdə tətbiqi maddi yardım və əlavələrin alıb-almamasından, həmçinin həmin maddi yardımdan və əlavələrdən məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsindən asılıdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun: -109-cu maddəsinin 5-ci və 6-cı hissəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərinin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. -29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 2017-ci ilin iyul ayının 1-dək qüvvədə olmuş 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi əmək haqqında daxil olan ödənclərin şəxsin işlədiyi dövrdə alınması əmək pensiyasında nəzərə alınmalı olması müəyyən edilmişdir ki, bununla bağlı faktiki şərt də hazırkı iş üzrə müəyyən edilmişdir. Belə ki, iddiaçının pensiya işində olan Azərbaycan Respublikası iqtisad Məhkəməsi tərəfindən verilmiş 14 fevral 2006-cı il tarixli iddiaçının 5 illik əmək haqqının aylar üzrə məbləği əks olunmuş arayışdan görünür ki, iddiaçı 1997-ci il tarixdə və 1998-ci il tarixdə müvafiq maddi yardımlar almışdır. Məhkəmə sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli cavab məktubu ilə isə müəyyən edilmişdir ki, iddiaçıya 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə məhkəmənin 14 oktyabr 1997-ci il tarixli əmri ilə 207500 manat (AZM), Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə məhkəmənin 11 dekabr 1997-ci il tarixli əmri ilə 415000 manat (AZM) və 28 May – Respublika Günü münasibəti ilə məhkəmənin 12 may 1998-ci il tarixli əmri ilə 207500 manat məbləğində maddi yardım almışdır. Qeyd olunan məbləğ də əmək haqqının tərkibinə daxil edildiyindən əmək pensiyasının məbləği müəyyən edilərkən nəzərə alınmalıdır. Cavabdeh isə zəruri inzibati araşdırma aparmadan, məhkəmənin müxtəlif tarixli 3 əmri ilə 3 dəfə ödənilmiş, 2-si 207500 manat, 1-i 415000 manat olan maddi yardımlı ödənilmədiyi əsası ilə qanunsuz olaraq əmək pensiyasının ödənilməsi zamanı nəzərə almamışdır. Məhkəmə sözügedən maddi yardımlardan sosial sığorta haqqının ödənilibödənilməməsinə münasibətdə isə bildirir ki, ümumiyyətlə sosial sığorta anlayışı özündə fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasını xarakterizə edir. Nəzərə alınmalıdır ki, sosial sığorta haqqının ödənilib-ödənilməməsi pensiya təminatında mühim rol oynayır. Başqa sözlə desək, bura da sığorta haqqı ödənilən əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsindən söhbət gedir. Lakin, qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətləridə mövcuddur ki, bu istisna hal 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti müddətlərinə şamil olunur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 iyul 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki: - mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilməsi zamanı əmək haqlarının nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının maddi yardımları aldığı dövrlər 01 yanvar 2002-ci ildən əvvəlki dövrləri konkret olaraq 1997-1998-ci illərdəki dövru əhatə etdiyindən, həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Ona görə də, onun pensiyası hesablanarkən həmin əlavələr nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 3 dəfə X1, Dunya Azərbaycanlıların Həmrəyliyi günü və 28 May-Respublika günü münasibəti ilə 1997-1998ci illər tarixində aldığı maddi yardımlar nəzərə alınmaqla onun əmək pensiyası yenidən hesablanmalıdır. Bu səbəbdən də Məhkəmə i qeyd etməyi zəruri hesab edir ki, iddia qismən- yəni iddiaçının işlədiyi dövrdə aldığı maddi yardımların nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması hissəsində əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. İddia digər - Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavinin vəzifə maaşına 25 faiz və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması hissəsində isə məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı konkret olaraq sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsini qanunun tələblərinə uyğun hesab etməmişdir. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını istədiyi həmin əlavələr isə, məhz onun işlədiyi dövrdə almadığı, daha sonrakı dövrlərdə işləmiş hakim statusunda olan şəxslərə ödənilməsi nəzərdə tutulmuş əlavələrlə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 19 oktyabr 2010-cu il tarixli 1160 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə müəyyən edilmişdir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” 8 oktyabr 2010-cu il tarixli, 1092-İİİQD nömrəli Qanununa əsasən "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunun 106cı maddəsinə aşağıdakı məzmunda üçüncü hissə (hazırda qüvvədən düşmüşdür) əlavə edilmişdir. "Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. Həmin redaksiya 2010-cu il oktyabrın 1-dən qüvvədə olmuşdur. Göründüyü kimi yüksək hüquqi ixtisasına görə vəzifə maaşına 15 faiz miqdarında əlavənin və əlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında əlavənin ödənilməsi 2010-cu il tarixdən sonra fəaliyyətdə olmuş hakimlərlə bağlıdır ki, həmin əlavələr iddiaçı tərəfindən alınmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı 2000-ci ilin uyun ayında səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifədən azad olunmuşdur ki, həmin hal 10 il sonra qanunvericiliklə ödənilməsi nəzərdə tutulmuş əlavələrin iddiaçı tərəfindən alınmasını hər bir halda istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya yüksək hüquqi ixtisasına görə vəzifə maaşına 15 faiz miqdarında əlavə və əlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında əlavə ödənilmədiyindən iddia həmin əlavələrin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması hissəsində təmin edilməməlidir. Məhkəmə, həmçinin əmək pensiyasının yenidən hesablanmaqla 01.06.2021-ci il tarixdən ödənilməmiş məbləğin yenidən ödənilməsi hissəsində iddianı əsaslı hesab etsə də, ödənişin birdəfəlik ödənilməsini də qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi əmək pensiyası məbləğinin ödənilməsi qaydaları tənzimləyən normalar prosessual xarakterli norma olduğundan və hazırkı işə baxılarkən qüvvədə olan prosessual xarakterli normalar əmək pensiyası məbləğinin ödənilməsi ilə bağlı birdəfəlik ödəmə qaydası nəzərdə tutmadığından, məhkəmə ödənişin 37.7-ci və 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilməli olmasını, bu səbəbdən də məbləğin birdəfəlik ödənilməsinin istisna olunduğu qənaətindədir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. AR İPM-nin 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı işlədiyi dövrdə 3 dəfə ödənilmiş maddi yardımlar, yəni 18 oktyabr X1 münasibəti ilə 207500 manat (AZM), Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə 415000 manat (AZM) və 28 May – Respublika Günü münasibəti ilə 207500 manat məbləğində İddiaçı ödənilmiş maddi yardımlar nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin cavabdehin 11 iyun 2021-ci il tarixli qərarı ilə həmin maddi yardımların əmək pensiyasının məbləğində nəzərə nəzərə alınmadan ödənilməyə başlandığı pensiya hüququnun yaranma tarixi kimi qeyd edilən 01.06.2021-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar