Məhkəmə qərarları › İş №2-1(112)-1697/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1697/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1697/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, üçüncü şəxs “Pakistan Milli Bankı”nın Bakı filialının nümayəndəsi və vəkili Mustafayev Muxtar iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “Pakistan Milli Bankı”nın Bakı filialı üçünçü şəxslər qismində cəlb olumaqla) “icra məmumurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüquqlarının ilkin satış qiymətinin 760000 (yeddi yüz altmış min) manat üzərindən hərraca çıxarılmasının qanunsuz və əsasız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin nəticə hissəsinə dəyişiklik etmədən ərizənin əsaslandırılmasının dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim etmiş, ərizə məhkəmənin protokol qaydasında qərardadı ilə icraata qəbul edilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 26 dekabr 2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli qiyabi qətnaməsinə əsasən, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının cavabdehlər "xxxx" MMCnə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, "xxxx" MMC-dən cəmi 64228,18 manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, "xxxx" MMC-dən cəmi 174377,19 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla, “Golden Klassik’' MMC-dən 243402,46 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra məbləğində vəsaitin həmin Filialın xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-yə BŞİH Başçısının xx.xx.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasmda istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə bağlı keçirilən hərracı İddiaçı udmuş və bununla bağlı "xxxx" MMC tərəfindən tərtib edilmiş 46/02 nömrəli protokolun surətindən görünür ki, həmin torpaq sahəsinin icarə hüququ 155.000 manata İddiaçı satılmışdır. Sonradan Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı tərəfindən cavabdehlər "‘Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nə, İddiaçı və üçüncü şəxslər Bakı şəhər Sabunçu rayon icra və probasiya şöbəsinə, “Kemikl Prodakşn LTD“ MMC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının əldə edilməsinə dair hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin icarə hüquqlarının satılmasına dair yeni hərracın keçirilməsinə, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və həmin torpaq sahəsindən avadanlıqların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdu. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6644/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6112/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının İddiaçı satılmış hesab edilməsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilərək iddia qalan hissələrdə rədd edilmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-5892/2021 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6112/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə, həmin qərarında İddiaçı vicdanlı alıcı olması qəbul edilsə də, hərracın nəticələrini məhz hərrac təşkilatçısı tərəfindən yol verilmiş pozuntunun olması səbəbindən ləğv edildiyini bildirmişdir. Ali Məhkəmə həmin qərarında onu da xüsusilə qeyd etmişdir ki, “keçiriləcək yeni hərracda cavabdehin yenidən iştirakı və həmin torpaq sahəsinə icarə hüququnu əldə etməsi mümkündür” və ya cavabdeh hüquqlarının pozulması nəticəsində təqsirli şəxslərə qarşı ümumi qaydada iddia qaldıra bilər. Hazırda yuxarıda adı çəkilən icra sənədi yenidən icraya yönəldilmiş və yeni hərrac təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01/265 saylı bildirişindən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixə saat 11.00 təyin edilmiş hərracda torpağın ilkin satış qiyməti kimi 278.000 manat göstərilmişdir. Lakin sonradan xx.xx.2023-cü il tarixli 02/735 saylı bildirişə əsasən xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmiş hərracda isə həmin torpağın ilkin satış qiyməti kimi 760.000 manat göstərilmişdir. Birinci hərraca 278.000 manata çıxarılmış torpaq sahəsinin yenidən 760.000 manata hərraca çıxarılmasının səbəbləri aydın deyildir. Sonradan Salyan şəhərində yerləşən "xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkətinin tərtib etdiyi xx.xx.2023cü il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsinə dair Ekspert rəyi”-nə əsasən, torpaq sahəsinin icarə hüququnun dəyəri 760 000 (yeddi yüz altmış min) manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkətinin müəyyən etdiyi həmin qiymət ümumiyyətlə, həddən artıq şişirdilmiş qiymətdir və hərraca çıxarılacaq torpaq sahəsinin icarə hüquqlarının real qiymətini əks etdirmir. Bundan əlavə, qeyd etmək lazımdır ki, hərraca çıxarılması nəzərdə tutulan torpaq sahəsi xüsusi mülkiyyətdə deyil, yalnız icarə hüquqları satılır. İddiaçı qeyd erdir ki, vicdanlı alıcı kimi sayıldığı əvvəlki hərracla bağlı icra xərcləri və icra ödənişini təşkil edən 18960 manat banka qaytarılmış, torpağın hərracda yaranmış qiyməti 155.000 manat da ödənilmişdir. Faktiki olaraq iddiaçı həmin əmlak üçün 173960 manat ödəmişdir. Həmçinin, DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya verilmişdir. Çıxarış isə "xxxx" MMC tərəfindən təsdiq edilmiş icarə hüququnun əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 50/10 saylı, xx.xx.2016-cı il tarixli protokola əsasən verilmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-5892/2021 saylı qərarı ilə qüvvədə saxlanılan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6112/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsində isə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilmişdir. Belə hesab edilir ki, iddiaçının icarəsində olan 0,172 ha torpaq sahəsinin satışı ilə əlaqədar hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməmişdir. Belə olan halda torpaq sahəsinin qiymətinin 4 dəfə şişirdilmiş qiymətə yenidən hərraca çıxarılması əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “Pakistan Milli Bankı”nın Bakı filialı hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. İddiaya dair məhkəməyə yazılı münasibət (etiraz) təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər və digər üçüncü şəxslər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Pakistan Milli Bankı”nın Bakı filialının nümayəndəsi və vəkili tələbin icra məmurunun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icra vərəqəsinin icrası ilə bağlı olduğunu qeyd edərək iddianın mümkün sayılmamasını xahiş etid. İş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirmiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci tarixli, 2iq(82)- 2171/2011 nömrəli qiyabi qətnaməsi əsasında verilmiş xx.xx.2012-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, "xxxx" MMC-dən 30 iyun 2009-cu il tarixli, 51 saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2011-ci il tarixə olan 49280.86 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 64228,18 manat vəsaitin və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin, "xxxx" MMC-dən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 iyun 2009-cu il tarixli 52 saylı kredit müqaviləsi üzrə yaranmış 144236,44 manat məbləğində kredit borcu, 30140.75 manat məbləğində faiz borcu, cəmi 174377,19 manat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin, "xxxx" MMC-dən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli 159 saylı kredit müqaviləsi üzrə yaranmış 216500 manat məbləğində kredit borcu, 26902,46 manat məbləğində faiz borcu, cəmi 243402,46 mananat məbləğində borcun və vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanmış faizlərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində vəsaitin iddiaçı “Pakistan Milli Bankının” Bakı filialının xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-yə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinə yönəldilməsi müəyyən edilmişdir. -"xxxx" MMC-nin 46/02 nömrəli protokolundan görünür ki, Sabunçu rayon İcra şöbəsinin 1992/5 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən cavabdeh "xxxx" MMC-yə BŞİH başçısının xx.xx.2000-ci il tarixli, 231 saylı sərəncamı və xx.xx.2002-ci il tarixli, 0122 saylı icarə müqaviləsi əsasında istehsalat sahəsi üçün verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququ 155.000 manata 02 saylı qalib alıcı İddiaçı satılmış hesab edilməsi və lazımi sənədlərin tərtib edilməsi qərara alınmışdır. -AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüquqları qeydiyyata alınmışdır. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, qeyd olunan iş üzrə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının cavabdehlər "xxxx" MMC-yə və İddiaçı, üçüncü şəxslər Sabunçu rayon İcra şöbəsi və "xxxx" MMC-yə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının əldə edilməsinə dair hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin icarə hüquqlarının satılmasına dair yeni hərracın keçirilməsinə, həmin torpaq sahəsində inşa edilmiş hasarın sökülməsinə və həmin torpaq sahəsindən avadanlıqların çıxarılmasına dair iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli 2(103)-6644/2020 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1611/2021 saylı qərarı ilə Pakistan Milli Bankının Bakı filialının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6644/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2021-ci il tarixli 2(103)- 6112/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2020 saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0.172 ha torpaq sahəsinin icarə hüquqlarının İddiaçı satılmış hesab edilməsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair 46/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5892/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6112/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 26 dekabr 2011-ci tarixli, 2iq(82)- 2171/2011 nömrəli icra sənədinə əsasən borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. -Sabunçu RİŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, icra məmurunun yuxarıda qeyd olunan qərarı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. -"xxxx" MMC qiymətlənidirmə şirkəti tərəfindən Sabunçu RİŞ-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli, Rxx/xx/2023 saylı qiymətləndirmə hesabatından görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən mübahisəli torpaq sahəsinin xx.xx.2023-cü il tarixə bazar qiyməti 278.000 manat müəyyən edilmişdir. -Sabunçu RİŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin ilkin satış qiymətinin 278.000 manata hərraca çıxarılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. -"xxxx" MMC”-nin 01/265 saylı, xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi ilkin satış qiyməti 278.000 manata olmaqla hərraca çıxarılmışdır. -Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 26 dekabr 2011-ci tarixli, 2iq(82)- 2171/2011 nömrəli icra sənədinə əsasən borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. -Sabunçu RİŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, icra məmurunun yuxarıda qeyd olunan qərarı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. -Sabunçu rayon İcra şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə ünvanlanan 220532/26 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, zərurət yarandığından Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli icra sənədi üzrə aparılan hərracın dayandırılması xahiş olunur. -"xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən Sabunçu RİŞ-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən mübahisəli torpaq sahəsinin icarə hüququnun dəyəri 760.000 manat müəyyən edilmişdir. -Sabunçu RİŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin ilkin satış qiymətinin 760.000 manata hərraca çıxarılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. -Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Sabunçu rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə və “Pakistan Milli Bankının” Bakı filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 01/265 saylı açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsi ilkin satış qiyməti 760.000 manata olmaqla hərraca çıxarılmışdır. -Sabunçu RİŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584-cü məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin ilkin satış qiymətinin 760.000 manata hərraca çıxarılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Beləliklə, iş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı mübahisə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli qiyabi qətnaməsi əsasında verilmiş xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı cavabdeh Sabunçu rayon icra şöbəsinin icra məmurunun hərəkətləri ilə bağlıdır. Belə ki, iddiaçı qeyd olunan icra vərəqəsi üzrə tələbin yönəldildiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən 0,172 ha torpaq sahəsinin icarə hüququnun qiymətləndirilməsi və hərrac vasitəsilə satışa çıxarılması ilə bağlı icra məmurunun hərəkətlərini qanunsuz hesab edir və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). «İcra haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun: - 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. - 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. - 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından,hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən: “Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.” Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi icra sənədinin icra qurumu tərəfindən icra icraatı çərçivəsindəki hərəkətləri (hərəkətsizliyi) ilə bağldır. Bu tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi yolverilən deyil. Hazırkı mübahisə üzrə icra sənədi Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci tarixli, 2iq(82)-2171/2011 nömrəli qiyabi qətnaməsi əsasında verilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində işə iqtisadi mübahisə (hazırkı kommersiya mübahisələri) kimi baxıldığından həmin işin icrasına nəzarətə inzibati məhkəmə icraatı qaydasında baxılmasının hüquqi əsası yoxdur. Belə ki, mülki məhkəmə aktının icrası ilə bağlı icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərinin, eləcə də hərəkətsizliyinin mübahisələndirilməsi həmin məhkəmə aktının icrasına nəzarət edən məhkəməyə müraciət edilməlidir. Məhkəmə qeyd edir ki, “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632 nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək İnzibati və Kommersiya Məhkəmələri yaradılmışdır. Bakı şəhərində kommersiya mübahisələri üzrə səlahiyyətli məhkəmə Bakı Kommersiya Məhkəməsi olduğundan hazırkı iş üzrə icraya nəzarət də həmin məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə olan halda icra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq həmin hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar