Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16986/2025 17.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-N20616/2025 nömrəli imtinasını əsassız hesab edərək, 2-ci qrup əlilliyinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı xx.xx.2024-cü il tarixli, C00233546GTN nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı uşaqlıqdan astma xəstəsidir (irsi xəstəlikdir). İddiaçının diaqnozu bronxial astma, ağciyərlərin emfizeması, allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma, infeksion allergik forma, ağır gedişli nəzarət olmayan (kəsişmə mərhələsi) xəstəliyidir. O, uzun illərdir ki, ambulator və stasionar qaydada müalicələr almış, xx.xx.2007-ci il tarixdən 2-ci dərəcəli əlildir. Əlillik təyinatının tarixi isə xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı bu illər ərzində daimi ambulator müalicələrdə olmuşdur. İddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan cavab məktubunda bildirmişdir ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq gücləndirməyə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər öz təsdiqini tapmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli qərardan iddiaçının məlumatı xx.xx.2024-cü il tarixində sms vasitəsilə olmuşdur. İddiaçı həmin qərardan 10 ay sonra məhkəməyə müraciət etdiyindən iddianı mümkünsüz hesab olunması xahiş edilir. “Qiymətləndirmə nəticələri Müayinə tarixi: xx.xx.2024 Növbəti qiymətləndirmə tarixi: Təyinatın tarixi: Akt nömrəsi: xxxxxxx0011 Arayış təqdim ediləcək orqan: Müayinədən əvvəl qrupu İkinci dərəcəli əlillik Müvəqqəti əmək qabiliyyətini itirilməsi : Xeyr İlkin yaxud təkrar: Əmək qabiliyyətinin itirilməsi(%-lə): 0 Səbəbi : Müddəti: Qeyd: əyani müayinə nəticəsində yekun qərar verilsin. FEV1 30% orta ağıra uytğun Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə Əmək zəmanəti: TSEK arayışının nömrəsi: Diaqnozun mətni: J45.8 Qarışıq astma, Bronxial astma,infeksion allergik forma, nəzarət olunmayan. Kəskinləşmə mərhələsi Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Vətəndaşın əlillik hüququnun dəqiqləşdirilməsi məqsədilə yaşadığı ərazi üzrə TSEK-ə yaxınlaşması zəruridir.” Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin C00233546GTN nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra müraciəti əsasında iddiaçı xx.xx.2025-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq gücləndirməyə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər öz təsdiqini tapmamışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 İnstitutu” X6 tərəfindən müxtəlif tarixlərdə (sonuncu xx.xx.2025) verilmiş spirometriyalardan görünür ki, iddiaçıda “Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu” olması qeyd olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 İnstitutu” X6 tərəfindən verilmiş ******* və 000303 nömrəli xəstəlik tarixindən çıxarışlardan görünür ki, İddiaçı çıxarkən diaqnozu “Bronxial astma, infeksion allergik forma, nəzarət olunmayan. Tənəffüs çatışmazlığı (İİ və İİİ dərəcəli)” olmuşdur. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş: AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki: -İddiaçının əlillik vəziyyəti 19 saylı Şəhər Poliklinikası tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş göndəriş əsasında xx.xx.2007-ci il tarixdə (ilkin) qiymətləndirilmiş və "Səbəbi: Ümumi xəstəlik, X3: X Sinif – Tənəffüs sistemi xəstəlikləri => J40-J47- Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri =>J45 – Astma => J45.0 – Allergik komponentin üstünlüyü ilə gedən astma- Diaqnozun mətni: Bronxial astma, infeksion allergik forma, boğulma tutmalar ilə. Ağ ciyərin emfizeması. TÇ İ dər. ÜİX-yi. Gərginlik stenokardiyası İİİ f/s - Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər Bronxial astma, infeksion allergik forma, boğulma tutmaları ilə” səbəbi ilə 1 (bir) il müddətinə əlillik verilmişdir. -İddiaçının əlillik vəziyyəti 19 saylı Şəhər Poliklinikası tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş göndəriş əsasında xx.xx.2014-cü il tarixdə (təkrar) qiymətləndirilmiş və "Səbəbi: Ümumi xəstəlik, X3: X Sinif – Tənəffüs sistemi xəstəlikləri => J40-J47- Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri =>J45 – Astma => J45.0 – Allergik komponentin üstünlüyü ilə gedən astma- Diaqnozun mətni: Bronxial astma, infeksion allergik forma, boğulma tutmalar ilə. Ağır gedişli formonal asılılıq. Asteo-nevrotik sindrom. TÇ İİ dər. Ağciyərin enmfizeması- Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə 1 (bir) il müddətinə əlillik verilmişdir. -İddiaçının əlillik vəziyyəti 19 saylı Şəhər Poliklinikası tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş göndəriş əsasında xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Ümumi xəstəlik, X3: X Sinif – Tənəffüs sistemi xəstəlikləri => J40-J47- Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri =>J45 – Astma => J45.0 – Allergik komponentin üstünlüyü ilə gedən astma- Diaqnozun mətni: Bronxial astma, infeksion allergik forma, boğulma tutmalar ilə. Ağır gedişli, hormondan asılı vəziyyət - Meyar: 2.2. İkinci dərəcə əlillik => Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə 1 (bir) il müddətinə əlillik verilmişdir. -İddiaçının əlillik vəziyyəti elektron təyinat əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Ümumi xəstəlik, X3: X Sinif – Tənəffüs sistemi xəstəlikləri => J40-J47- Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri =>J45 – Astma => J45.0 – Allergik komponentin üstünlüyü ilə gedən astma- Diaqnozun mətni: Bronxial astma, infeksion allergik forma, boğulma tutmalar ilə. Ağır gedişli, hormondan asılı vəziyyət - Meyar: 2.2. İkinci dərəcə əlillik => Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə 5 (beş) il müddətinə əlillik verilmişdir. -Əlillik müddətinin qurtarması ilə əlaqədar 19 saylı Şəhər Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş göndəriş üzrə iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: Bronxial astma infeksion allergik forma ağır gedişli tam nəzarətsiz. Tənəffüs çatışmazlığı İİ dərəcə. Ağciyərlərin emfizeması. NSD kardial tipli – Səbəb: Əlavə müalicəyə ehtiyacın olması" ilə imtina verilmişdir. -Sonuncu Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş göndəriş üzrə iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: J45.8. Qarışıq astma. Bronxial astma infeksion allergik forma ağır gedişli tam nəzarətsiz. Kəskinləşmə mərhələsi – Səbəb: “Göndərişin natamam doldurulması" ilə imtina verilmişdir. -İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) hal-hazırda onda mövcud olan xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) müəyyən edilsin.
2. İddiaçı canlı müayinəsi zamanı onda xx.xx.2024-cü il tarixli, C00233546GTN nömrəli Forma 88-də göstərilən diaqnozlar öz təsdiqini tapırmı?
3. İddiaçı qiymətləndirilməsi zamanı onda astma (J45) müəyyən edilirsə, aşağıdakı ağırlaşmalardan hansı müşahidə edilir: -orta ağır gedişli – mülayim tez-tez kəskinləşmələr (ildə 3-6 dəfə) və orta ağır tutmalarla (qismən nəzarət olunan, orta ağır olan persistə edən bronxial astma) İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə -ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİ-İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə -ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB, İİİ mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə.
4. İddiaçı əyani müayinəsi zamanı emfizema (J43) diaqnozu müəyyən edilirsə, bu zaman onda aşağıdakı aöırlaşmaların hansı müşahisə edilir: -təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə -ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİ B və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə.
5. İddiaçı əyani müayinəsi zamanı onda “xroniki respirator çatmamazlıq, qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ (dərəcə) ilə” diaqnozu (J95-J99, J96.1) müəyyən edilirsə, təngnəfəsliyin simptomları orta ağır, yoxsa ağır gedişli kəskinləşməyə uyğundur?
6. İddiaçı əyani müayinəsi zamanı onda qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (İ10-İ15, İ11.9) kateqoriyasına aid edilən “ürək çatmamazığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, Arterial hipertoniya İ dərəcə” olması müəyyən edilirsə, onun hazırkı sağlamlıq vəziyyəti bu xəstəliyin ağırlaşması nəticəsində hədəf orqanların funksiyalarının mülayim, ciddi, yoxsa ağır pozulması (zədələnməsi) halına uyğundur? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T 929/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-6-cı suallara cavab: Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “X2 İnstitutu”na göndərilmiş və xx.xx.2025-ci il tarixdə İnstitutda aparılmış (əyani, döş qəfəsinin flüoroqrafik və spiroqrafik müayinə) müayinələrdən sonra ona XBT 10 kodu üzrə: “Əsas xəstəlik: J45.8-bronxial astma, qarışıq forma, nəzarət olunmayan, kəskinləşmə mərhələsi. Əsas xəstəliyin ağırlaşması: J96.1-obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Bakı Baş Səhiyyə Mərkəzi” tərəfindən təılib edilmiş C00233546GTN saylı Forma 88 haqqında göndərişdə XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: J45.8-qarışıq astma, bronxial astma, infeksion allergik forma, nəzarət olunmayan, kəskinləşmə mərhələsi. Ağırlaşmalar: J43-emfızema, ağciyərlərin emfızeması, J96.1-xroniki respirator çatmamazlıq, qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu, tənəffüs çatmamazlığı İİ (ikinci) dərəcə. Yanaşı xəstəliklər: İİ 1.9-(durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), arterial hipertoniya İ dərəcə” diaqnozu ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. İddiaçı “X2 İnstitutu”nda 17.02-xx.xx.2025-ci il tarixlərdə “Əsas xəstəlik: J45.8-qarışıq astma. Əsas xəstəliyin ağırlaşması: J96.1-xroniki respirator çatmamazlıq. Yanaşı xəstəliklər: B18.2-virus mənşəli xroniki C hepatiti” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Hazırda o, “J43-emfızema, ağciyərlərin emfızeması” xəstəliyi istisna olmaqla digər xəstəliklərdən əziyyət çəkir. Qərardadın 3 və 4-cü bəndlərinin yarımbəndlərində və 6-cı bənddəki hallar meyarlara aid olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən X6dir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, C00233546GTN nömrəli tibbi göndərişi (Forma 88) üzrə orqanizmin funksiyalarının pozulma faizinə uyğun olaraq (65-80 % arası) müvafiq əlilliyin təyin edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Göndərişin natamam doldurulması” səbəbi ilə təmin edilməmişdir. Sonradan iddiaçının müraciəti əsasında Agentlik tərəfindən tibbi sənədlər və əyani müayinə nəticələri araşdırılmış, lakin gücləndirməyə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər təsdiqini tapmadığından iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, istinad olunan qanunvericiliyin («Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.9-cu bəndi) tələblərinə əsasən, göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Belə ki, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda qeyd edilir ki, “18. Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. 20. Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh TSEK də göndərişin natamam və ya yanlış doldurulması və buna görə də, iddiaçının əlilliyinin qiymətləndirilməsinin mümkün olmaması barədə qənaətini konkret əsaslara söykənən qaydada əsaslandıra bilməmişdir. Bundan əlavə, işin hallarından göründüyü kimi, cavabdeh qurum iddiaçının tibbi sənədləri əsasında əlillik təyinatı aparmaqdan imtina etmiş və iddiaçıda mövcud olan xəstəliklərin əlilliyin təyin edilməsi üçün əsas vermədiyi, yəni ağırlaşmaların və patofunksional dəyişikliklərin təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Məhkəmə isə iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, iddiaçı hazırda göndərişdə qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda mövcud olan xəstəliklər qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlillik təyin edilməsi üçün əsas verir. Buna görə də, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, C00233546GTN nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən edilmişdir: Əsas diaqnoz – J45.8- Qarışıq astma, Bronxial astma, infeksion allergik forma, nəzarət olunmayan. Kəskinləşmə mərhələsi. Ağırlaşma – J43 – Emfizema, Ağciyərlərin emfizeması. Ağırlaşma – J96.1– Xroniki respirator çatmamazlıq. Qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ (ikinci) dərəcə. Yanaşı xəstəliklər – İ11.9 – [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertoniya İ dərəcə. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq ekspert rəyindən görünür ki, iddiaçıda xx.xx.2024-cü il tarixli Forma 88 üzrə “J43 – Emfizema, Ağciyərlərin emfizeması.” istisna olmaqla digər diaqnozlar, o cümlədən əsas xəstəliyin ağırlaşması kimi “xroniki respirator çatmamazlıq, qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu, tənəffüs çatmamazlığı İİ dərəcə”nin mövcudluğu öz təsdiqini tapmışdır. Bu da iddiaçının faktiki sağlamlıq vəziyyətinin XBT-10 təsnifatına uyğun olaraq J95–J99 kodları üzrə “tənəffüs sistemi orqanlarının digər xəstəlikləri” kateqoriyasına aid edilməsini şərtləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndində J95-J99 XBT kodu altında nəzərdə tutulan “tənəffüs sistemi orqanlarının digər xəstəlikləri” aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 1.1.1.1. təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə - 35-60 % -1 il . 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə - 65-80 % -2 il . ... Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə J95-J99 kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 1.1.1.1- 1.1.1.4-cü altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə qeyd edir ki, müvafiq tibb müəssisələri tərəfindən verilmiş instrumental müayinə nəticələrindən, eləcə də məhkəmə iclasında iddiaçının verdiyi izahatdan da müəyyən olunur ki, o, uzun illərdir ağır gedişli, nəzarət olunmayan bronxial astma və tənəffüs sistemi orqanlarının digər xroniki xəstəliklərindən əziyyət çəkir və bu diaqnozlarla ona əvvəlki dövrlərdə də əlillik təyin edilmişdir. İş materiallarında olan sonuncu Forma 88 və məhkəmə-tibbi ekspertiza rəyindən də görünür ki, iddiaçının sağlamlıq vəziyyəti zamanla pisləşmiş, xəstəliklər daha ağırlaşmış forma alaraq “xroniki respirator çatmamazlıq, qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu, İİ (ikinci) dərəcə tənəffüs çatmamazlığı” kimi davamlı və ifadəli funksional pozuntularla müşayiət olunmağa başlamışdır. Bu hallar iddiaçının orqanizmində tənəffüs funksiyalarının ciddi və davamlı şəkildə pozulduğunu, nəticə etibarilə həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşdığını göstərir. Nəzərə alınmalıdır ki, həmin xəstəliklər iddiaçının orqanizminin “tənəffüs sistemi orqanlarının digər xəstəlikləri” xəstəliyinə dair disfunksiyanın göstəricisidir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1.2-ci bəndində nəzərdə tutulan ağırlaşmalar halına uyğundur. Göstərilən xəstəliklər iddiaçının orqanizminin funksiyalarının 65-80 faiz pozulması kimi qəbul edilməsinə və ona 2 il müddətinə əlillik təyin edilməsi üçün əsas verir. Eyni diaqnozla bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1726/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydın olduğu nəzərə alınaraq cavabdehin kassasiya şikayəti mümkün sayılmamış, kassasiya şikayətinin qəbul edilməsindən imtina edilmişdir. Həmçinin oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsi də o yöndədir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin məhkəmə tibbi ekspertizası vasitəsi ilə şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə üçün hüquqi baza kimi çıxış edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, C00233546GTN nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov