Məhkəmə qərarları › İş №2-1(112)-1699/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1699/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1699/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın dayandırılması haqqında cavabdehin qərarının ləğv edilməsi və adıçəkilən kompensasiyanın dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) hərbi xidmət keçmişdir. xx.xx.2019-cu il tarixdə Xidmət rəisinin müvafiq əmri ilə öz arzusu ilə ehtiyata buraxılmışdır. Müraciətinə əsasən Bakı şəhəri Cavabdeh başçısının 27 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, 2 qızı və oğlu) güzəştli şərtlərlə yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmiş və həmin tarixdən ona cavabdeh tərəfindən müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi başlanılmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 5- 14/2-197/2023 nömrəli məktub göndərilərək ona müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya ödənişinin dayandırıldığı bildirilmişdir. Kompensasiya ödənişinin dayandırılması onunla əsaslandırılmışdır ki, “mənzil-uçot işinizə baxış keçirilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 №li Qərarının 1-ci bəndinin tələbləri Sizə şamil olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən dövlət büdcəsindən Sizə müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılır.” xx.xx.202023-cü il tarixdən iddiaçıya müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılmışdır. İddiaçı cavabdehin bu qərarı ilə razı deyildir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasına və “Hərbi qulluqçular haqqında haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin etiraz daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhər Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 10 iyul 2023-cü il tarixli məktubda aşağıdakı məzmunda cavab verilmişdir: “Bildiririk ki, Siz Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 27 №li Sərəncamı ilə ehtiyatda olan hərbi qulluqçu statusunda mənzil növbəsinə götürülmüşsünüz. Mənzil-uçot işinizə əlavə edilmiş Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nərimanov Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 354 №li arayışına əsasən Siz, xx.xx.1994-cü il tarixdən xx.xx.2019-cu il tarixinədək AR DSX-da həqiqi hərbi xidmət etmişsiniz və AR DSX AQK-nın 955 №li əmri ilə AR Qanununun 41.0.9-cu maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən öz arzunuzla AR SQdən tərxis olunmuşsunuz . Eyni zamanda nəzərinizə çatdırırıq ki, mənzil-uçot işinizə baxış keçirilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №li Qərarının 1-ci bəndinin tələbləri Sizə şamil olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən dövlət büdcəsindən Sizə müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılır. Müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsinin dayandırılması ilə bağlı hüquqlarınızın pozulduğunu hesab etdiyiniz təqdirdə müvafiq məhkəmə orqanına müraciət edə bilərsiniz. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il təvllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.2019-cu il tarixli, EZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 955 ş/h nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz arsusu ilə) Azərbaycan Resublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. -Bakı şəhər Cavabdeh başçısının “Ehtiyata buraxılmış hərbi qulluqçu İddiaçı güzəştli şərtlərlə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə” xx.xx.2020-ci il tarixli 27 nömrəli Sərəncamından görünür ki, ehtiyata buraxılmış hərbi qulluqçu İddiaçı ailə tərkibi 5 nəfər (özü, arvadı, 2 qızı, oğlu) olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin və ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, xx.xx.1994-cü ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikası DSX-də xidmət etmiş, Azərbaycan Respublikası DSX SQK-nın 955 №li əmri ilə Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən xx.xx.2019-cu ildə öz arzusu ilə tərxis olunmuşdur. xx.xx.2019-cu ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsində qeydiyyatdadır. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılmasının əsasları barədə məlumatın təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət etmiş və DSX rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə DSX N №li hərbi hissənin mənzil istismar bölməsinin rəisi vəzifəsindən azad olunmaqla, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu (öz arzusu İlə) maddəsinə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2019cu ilədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etmiş, xx.xx.2019cu il tarixli müvafiq əmr əsasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə Azərbaycan Resublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 27 №li Sərəncamı ilə ehtiyatda olan hərbi qulluqçu statusunda mənzil növbəsinə götürülmüş və ona müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləği ödənilməsinə başlanılmışdır. Lakin cavabdeh Nərimanov RİH xx.xx.2023-cü il tarixdən iddiaçıya müvəqqəti mənzilin kirayə pulunun ödənilməsini dayandırmış və bunu iddiaçının silahlı qüvvələrdən öz arzusu ilə ehtiyata buraxıldığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinin tələblərinin ona şamil edilməməsi ilə əsaslandırmışdır. İddiaçının hazırkı tələbi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuşdur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasına əsasən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli Plenumunun Qərardadında qeyd edilmişdir ki, “Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat; 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat; 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, istinad olunan qanunvericilik yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış “yaşayış sahəsi olmayan” hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün mənzil növbəsinə götürülməsi və müvəqqəti kirayə xərclərinin ödənilməsi imkanını nəzərdə tutur. Yəni həm Qanunda, həm də Nazirlər Kabinetinin qərarında konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçulara kirayə xərclərinin ödənilməli olması qeyd edilmişdir. Lakin iddiaçı iradəsindən asılı olmayan səbəblərdən deyil, öz arzusu ilə ehtiyata buraxılan hərbi qulluqçu olduğundan həmin hissədə nəzərdə tutulan şərt ona münasibətdə mövcud olmamışdır. Belə olan halda iddiaçıya müvəqqəti mənzilin kirayə haqlarının ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanunazidd olmamışdır. Məhkəmə qeyd edir ki, oxşar mübahisə ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında eyni hüquqi mövqe sərgilənmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Odru ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar