Məhkəmə qərarları › İş №2-1(112)-16992/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16992/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16992/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1995-cı il tarixli 715 saylı doğum akt qeydində doğum yerinin Gürcüstan, Dmanisi rayonu kimi yazılması öhdəliyinin vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1995-ci ildə Gürcüstanın Dmanisi rayonunda doğulmuşdur. Gürcüstan Respublikası tərəfindən tərtib olunmuş ilkin doğum haqqında qeydi xx.xx.1995-ci il tarixdə 52 saylı aktla Dmanisi rayonu Hammalı kənd sovetliyi tərəfindən qeydə alınmış, uşaq haqqında məlumat bəndində ad, soyad “İsazadə Tural”, doğum yeri “Gürcüstan, Dmanisi, Hamallı”, ata adı “Orxan Gülməmmədov”, ana adı “Natela Kamalova” qeyd edilmişdir. Həmin doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2010-cu ildə Rusiyada şəxsiyət vəsiqəsi almışdır və şəxsiyyət vəsiqəsində doğum yeri Gürcüstan, Dmanisi rayonu kimi qeyd edilmişdir. Lakin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 715 saylı, xx.xx.1995-ci il tarixli doğum haqqında akt qeydinin (ata adı “Orxan Gülməmmədov”, ana adı “Natela Kamalova” kimi qeyd olunmuşdur) uşaq haqqında məlumat bəndində ad, soyad “İddiaçı”, doğum yeri isə səhvən “Azərbaycan Respublikası, Bakı şəhəri” qeyd olunmuşdur. Hazırda sənədlərində olan bu uyğunsuzluq ona çətinliklər yaradır. İddiaçı xx.xx.2025-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsinə onlar tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin doğum yeri hissəsinə düzəliş edilərək Gürcüstan, Dmanisi rayonu kimi qeyd olunması üçün müraciət etmiş, lakin Suraxanı rayon qeydiyyat şöbəsi xx.xx.2025-ci il, 3-16-5/7-10- 1894/2025 nömrəli məktubu ilə doğum haqqında şəhadətnaməyə düzəliş etməkdən imtina edilmişdir. Həmçinin Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il, 3-16-5/7-10- 1894/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1995-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən X9 aid təkrar 715 saylı doğum haqqında akt tərtib edilmişdir və xx.xx.2005-ci il tarixdə valideynlərin birgə ərizəsinə əsasən, 176 saylı, xx.xx.2005-ci il tarixli atalığın müəyyən edilməsi haqqında akt tərtib edilərək uşaq qrafasında soyad “Gülməmmədov” soyadına düzəliş edilərək yeni AZ-İ 610862 saylı xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Daha sonra isə tərəfindən xx.xx.2025-ci il tarixli, 124 saylı ərizə ilə Suraxanı rayon qeydiyyat şöbəsinə İddiaçı Azərbaycan Respublikasında verilmiş doğum haqqında şəhadətnamənin ləğv edilməsi və Gürcüstan Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnamədəki məlumatların elektron sistemə qeyd edilməsi ilə bağlı müraciət edilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-5/7-10-2136/2025 nömrəli məktub ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı verilmiş doğum haqqında şəhadətnamənin doğum yeri hissəsinə düzəliş edilərək Gürcüstan, Dmanisi rayonu kimi qeyd olunmasından imtina edilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının müddəalarına ziddir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “İddiaçı aid ilkin doğum haqqında şəhadətnamə Gürcüstan Respublikası Dmanisi rayon Hamamlı kənd sovetliyi tərəfindən xx.xx.1995-ci il tarixli 52 saylı doğum akt qeydinə əsasən tərtib edilmişdir və doğum haqqında şəhadətnamədə uşaq bəndində soyad ad “İsazadə Tural” qeyd olunmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının informasiya sistemi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.1995-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən X9 aid təkrar 715 saylı doğum haqqında akt tərtib edilmişdir və xx.xx.2005-ci il tarixdə valideynlərin birgə ərizəsinə əsasən 176 saylı, xx.xx.2005-ci il tarixli atalığın müəyyən edilməsi haqqında akt tərtib edilərək uşaq qrafasında soyad “Gülməmmədov” soyadına düzəliş edilərək yeni AZ-İ 610862 saylı xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı aid iki doğum haqqında akt qeydi tərtib edilmişdir, iki aktın mövcüd olduğu və sənədlər arasında ziddiyyət olduğu üçün tərəfimizdən doğum haqqında akt qeydinin düzəliş etmək mümkün olmamışdır.”

4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, Gürcüstan Respublikası tərəfindən tərtib olunmuş ilkin doğum haqqında akt qeydi xx.xx.1995-ci il tarixdə 52 saylı aktla Dmanisi rayonu Hamamlı kənd sovetliyi tərəfindən qeydə alınmış, uşaq haqqında məlumat bəndində ad, soyad “İsazadə Tural”, doğum yeri “Gürcüstan, Dmanisi, Hamamlı” qeyd olunsa da, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 715 saylı xx.xx.1995-ci il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində ad, soyad “İddiaçı”, doğum yeri “Azərbaycan Respublikası, Bakı şəhəri” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından, tərtib olunmuş ilkin və təkrar doğum haqqında akt qeydləri arasında ziddiyyət olduğundan ərizənin icrası mümkün olmamışdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olmuşdur.

12. AZ-İ 610862 saylı xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə doğulan İddiaçı doğulduğu yer kimi Bakı şəhəri qeyd olunmuşdur. Anası X5, atası X3r.

13. AZ-İ 059053 nömrəli xx.xx.2005-ci il tarixli atalığın müəyyən olunması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1995-ci il tarixdə doğulan X6 atası hesab edilmişdir. Anası X5dır.

14. Gürcüstan Respublikası tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib olunmuş İ-ET 515078 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İsazadə Tural xx.xx.1995-ci il tarixdə Dmanisi rayonu, Hammalı kəndində anadan olmuşdur.

15. Gürcüstan Respublikası tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib olunmuş İ-ET 524240 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçıoviç xx.xx.1995-ci il tarixdə Dmanisi rayonu, Hammalı kəndində anadan olmuşdur.

16. xx.xx.2010-cu il tarixdə verilmiş Rusiya Federasiyasının şəxsiyyət vəsiqəsinin surətinə əsasən də İddiaçı xx.xx.1995-ci il tarixdə Gürcüstan, Dmanisi rayonu, Hamamlı kəndində anadan olmuşdur.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin təsdiq edilmiş surəti təqdim edilmişdir. - 715 saylı xx.xx.1995-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1973-cü il təvəllüdlü X4 atası, xx.xx.1976-cı il təvəllüdlü X2 anasıdır. Doğumu təsdiq edən sənəd qismində Dmanisi rayonu Hammalı kənd sovetliyi tərəfindən qeydə alınmış akt qeydi göstərilmişdir. - 176 saylı, xx.xx.2005-ci il tarixli atalığın müəyyən edilməsi haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1973-cü il təvəllüdlü X4 atası müəyyən olunmuşdur. Atalıq müəyyən edildikdən sonra “İddiaçı” adını almışdır. xx.xx.1976-cı il təvəllüdlü X2 anasıdır.

IV. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, Sevinc qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

20. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

21. Məhkəmə tərəfindən müəyyən edildi ki: - İddiaçı şəxsiyyət vəsiqəsi mövcuddur, xx.xx.2020-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin doğulduğu yer qrafasında “Bakı” qeyd olunmuşdur. - İddiaçı atalıq müəyyən olduqdan sonra “Gülməmmədov” soyadını almışdır, bunun əsasında 176 saylı, xx.xx.2005-ci il tarixli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmiş, həmin akt qeydində doğulduğu yer qrafasında “Bakı” qeyd olunmuşdur. - Dəyişiklik əsasında tərtib edilmiş AZ-İ 610862 saylı xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamədə İddiaçı doğulduğu yer “Bakı” olaraq qeyd edilmişdir. - Gürcüstan Respublikası tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib olunmuş İ-ET 524240 nömrəli İddiaçı məxsus doğum haqqında şəhadətnamədə doğulduğu yer qrafasında “Dmanisi rayonu, Hammalı kəndi” qeyd edilmişdir. - xx.xx.2010-cu il tarixdə verilmiş Rusiya Federasiyasının şəxsiyyət vəsiqəsində İddiaçı doğulduğu yer qismində “Gürcüstan, Dmanisi rayonu, Hammalı kəndi” qeyd olunmuşdur

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

23. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.

24. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının atalığı müəyyən edildikdən (176 saylı, xx.xx.2005-ci il tarixli akt qeydi) sonra yeni doğum haqqında şəhadətnamə (AZ-İ 610862 saylı xx.xx.2005-ci il tarixli) tərtib olunmuş və onun əsasında sənədlərdə doğulduğu yer qrafasında “Bakı şəhəri” qeyd olunmuşdur. Lakin məhkəmə sorğusu əsasında əldə edilmiş ilkin doğum haqqında akt qeydinin (715 saylı xx.xx.1995-ci il tarixli) təsdiq edilmiş surətindən görünür ki, uşağın doğumunu təsdiq edən sənəd Dmanisi rayonu Hammalı kənd sovetliyi tərəfindən qeydə alınmış akt qeydi olmuşdur.

25. Göründüyü kimi iddiaçının valideynlərinin birgə ərizəsinə əsasən, 176 saylı, xx.xx.2005-ci il tarixli atalığın müəyyən edilməsi haqqında akt tərtib edilərək uşaq qrafasında “Gülməmmədov” soyadına düzəliş ediləməsi və yeni AZ-İ 610862 saylı xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamə verilməsi nəticəsində doğulduğu yer qrafasında yanlışlığa yol verilərək “Bakı şəhəri” kimi qeyd olunmuşdur.

26. Belə ki, iddiaçıya məxsus olmuş Rusiya Federasiyasının şəxsiyyət vəsiqəsində və Gürcüstan Respublikası tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib olunmuş İ-ET 524240 nömrəli doğum haqqında şəhadətnamədə “doğulduğu yer qrafasında “Dmanisi rayonu, Hammalı kəndi” qeyd olunduğu aşkar görünür, həmçinin şəxsin ilkin doğum akt qeydinin tərtibi zamanı Dmanisi rayonu Hammalı kənd sovetliyi tərəfindən qeydə alınmış akt qeydinin əsas götürüldüyü müəyyən olunur.

27. Nəzərə alınmalıdır ki, ona məxsus şəxsiyyət vəsiqəsi, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə, yeni doğum haqqında şəhadətnamə və doğum haqqında akt qeydində, həmçinin Rusiya Federasiyası tərəfindən verilən şəxsiyyət vəsiqəsində və Gürcüstan Respublikası tərəfindən tərtib edilən doğum haqqında şəhadətnamədə “adı”, “soyadı”, “atası” və “anası” qrafalarında aparılan qeydlər eynilik təşkil edir. Belə ki, həmin sənədlərdən şəxsin xx.xx.1995-ci il tarixdə doğulduğu, atasının X4, anasının X1 görünür. Odur ki, həmin sənədlərin eyni bir şəxsə məxsus olması iş materialları ilə təsdiq olunur, cavabdeh isə qeyd edilən halları araşdırmadan müraciəti təmin etməkdən imtina etmişdir.

28. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında şəhadətnamə və doğum akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının doğulduğu yerin “Gürcüstan, Dmanisi rayonu, Hammalı kəndi” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında şəhadətnamə və akt qeydində düzəliş edilməli və onun ata adı “Bakı şəhəri” deyil, “Gürcüstan, Dmanisi rayonu, Hammalı kəndi” kimi göstərilməlidir.

29. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində doğulduğu yer qrafasında “Bakı şəhəri” əvəzinə “Gürcüstan, Dmanisi rayonu” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar