Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16999/2025 21.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hazırda istifadəsində olan 3 nömrəli Zeytun Sovxozunun xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə ona ayrılmış 0.10 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi və xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1990cı il 259 nömrəli qərarı və xx.xx.1990-cı il tarixli 489 nömrəli qərarları ilə sovxozun fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 6 ha və 8,4 ha ölçüdə fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. Eyni zamanda 3 nömrəli Zeytun sovxozu Həmkarlar İttifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 nömrəli və 28 dekabr 1990-cı il 43 nömrəli protokollarına əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq sözügedən sovxozun müvafiq əmri ilə (xx.xx.1991 ci il tarixli, 17 nömrəli) fəhlə və qulluqçulara ayrılan torpaq sahəsindən 0.10 ha torpaq sahəsi ona ayrılmışdır. Lakin torpaq sahəsinin yerləşmə cizgisi və xəritədən çıxarış tərtib edilərək ona təqdim edilməmişdir. Bu səbəbdən də, o ərizə ilə torpaq sahəsinin faktiki yerləşdiyi Cavabdehnə müraciət etdi, cavabdeh tərəfindən 5-12/2- 8-172-091/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq ona bildirildi ki, sözügedən cizginin verilməsi və xəritədən çıxarışın tərtib edilməsi üçün torpaqayıran quruma müraciət etməlidir. Qeyd olunan torpaq sahəsi ona ayrılarkən yerləşmə cizgisi və xəritədən çıxarış tərtib ərtib olunmadığından hazırda həmin ərazi üzrə səlahiyyətli şəxs olan Cavabdeh tərəfindən əraziyə yerində baxış keçirilib həmin cizgi və xəritədən çıxarış tərtib olunaraq ona təqdim edilməli idi. 3 nömrəli Zeytun sovxozu tərəfindən xx.xx.1991 ci il tarixli, 17 nömrəli əmrlə torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş (xx.xx.1971-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilirdi. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılırdı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddiaçının Cavabdehnə müraciətinə cavab olaraq bildirilmişdir ki, Abşeron rayon 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur. Göründüyü kimi, iddia ərizəsindən göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron rayon 3 nömrəli Zeytun sovxozunun xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmrinə əsasən ayrılmışdır. Abşeron rayon 3 nömrəli Zeytun sovxozu tərəfindən ayrılan torpaq sahələrinə dair sənədlər (əmrlər, qərarlar, sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron rayon İH tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Cavabdehndə hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından Cavabdeh hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Eyni zamanda iddiaçıya ayrılmış hazırda Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan sovxoz ərazisində yerləşən torpaq sahəsinin Cavabdehnə təhvil verilməsi barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdehnə təhvil verilməmişdir. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması və torpaq sahəsinin hansı əsaslarla ona ayrılması məhkəmə tərəfindən araşdırılmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı "torpaq sahəsinə yerləşmə sxeminin verilməsi" tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. -Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli Ə-234 nömrəli məktubu ilə təqdim edilən Abşeron Rayon 3 nömrəli Zeytun Sovxoz üzrə Əmrdən xx.xx.1991-ci il tarixli 17 nömrəli Çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 259 nömrəli qərarı ilə və Azərbaycan SSR Nazirlər Sovetinin 24 oktyabr 1990-cı il 489 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 6 ha və 8,4 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. 3 nömrəli Zeytun sovxozu Həmkarlar İttifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 nömrəl protokoluna əsasən və 28 dekabr 1990-cı il 43 nömrəli protokoluna əsasən sovxoz rəhbərliyindər adları protokolda qeyd olunan işçilərə 0.10 hektar hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Yuxarıdakılaı nəzərə alaraq aşağıda adları qeyd olunan fəhlə və qulluqçulara 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılması üçün əmr edilmişdir: 158.İddiaçı-fəhlə. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhəri Cavabdehnə ünvanladığı xx.xx.2021-ci il tarixli **********17 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən torpaq sahələrinə dair torpaqayırma cizgilərinin tərtib edilməsi barədə məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən müvafiq sənədlər torpaq ayrılması barədə qərarın tərkib hissəsi olduğu üçün həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəuyğun hesab olunur. Məhkəmə sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-İRA/2-1312/25 nömrəli məktubu ilə təqdim edilən Abşeron Rayon 3 nömrəli Zeytun Sovxoz üzrə Əmrdən xx.xx.1991-ci il tarixli 17 nömrəli Çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 259 nömrəli qərarı ilə və Azərbaycan SSR Nazirlər Sovetinin 24 oktyabr 1990-cı il 489 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 6 ha və 8,4 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. 3 nömrəli Zeytun sovxozu Həmkarlar İttifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 nömrəl protokoluna əsasən və 28 dekabr 1990-cı il 43 nömrəli protokoluna əsasən sovxoz rəhbərliyindər adları protokolda qeyd olunan işçilərə 0.10 hektar hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Yuxarıdakılaı nəzərə alaraq aşağıda adları qeyd olunan fəhlə və qulluqçulara 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılması üçün əmr edilmişdir: 158.İddiaçı-fəhlə. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 57782/2025nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1000.0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşı ilə, bir tərəfdən isə şərti sərhədlidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş 3 X2 sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Torpaq sahəsinin yerləşməsi ilə bağlı cizgi təqdim edilməmişdir. Sözügedən sahənin hər hansı dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. Həmçinin sahə mühafizə zonasına düşmür. Sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 1000.0 kv.m təşkil edir. Torpaq sahəsinin 3 tərəfli mişar daşı ilə digər sərhəd isə şərtidir. 3 tərəfi qonşu, 1 tərəfi yoldur. Təqdim edilmiş torpaq sahəsinin ortofoto görüntüsündən müəyyən olunur ki, İddiaçı məxsus torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmə halı, hər hansı mühafizə zolağına düşməsi müəyyən olunmur. Torpaq sahəsinin yaşayış məntəqəsində yerləşdiyi görünür. Cavabdeh Bakı Şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 5- 12/2-Ə-172-091/2025 nömrəli məktubunda bildirilmişdir ki, Abşeron rayonu, 3 №-li Zeytun sovxozu ərazisində Sizə ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışın hazırlanması barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan Abşeron rayonunun idarəçiliyində olmuş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, 3 №-li Zeytun sovxozu ərazisində istifadənizdə olan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Abşeron Rayon 3 nömrəli Zeytun Sovxozunun xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmri ilə sovxoz ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən əmr dövlət arxivinə təhvil verilmiş, lakin həmin əmrlə birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin yaşayış məntəqəsi kateqoriyalı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir. Rəyin özündə də iddia olunan torpaq sahəsinin 3 X2 sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşdiyi qeyd etmişlər. Eyni zamanda ərazinin ortofoto görüntüsündə də sahənin yaşayış məntəqəsi olduğu adi gözlə müşahidə olunmuşdur. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Abşeron Rayon 3 nömrəli Zeytun Sovxozunun xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmri hazırda da qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda sənəd üzrə ayrılmış 1000.0 kv.m ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron Rayon 3 nömrəli Zeytun Sovxozunun xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmri əsasında fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılan 0.10 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-16999/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16999/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver