Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1702/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı2 və digərlərinin Cavabdehnə qarşı “avtobus dayanacağının əvvəlki yerinə qaytarılması və avtomobillər üçün parklanma yerlərinin yaradılmasına icazə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı2 və digərlərinin Cavabdehnə qarşı “avtobus dayanacağının əvvəlki yerinə qaytarılması və avtomobillər üçün parklanma yerlərinin yaradılmasına icazə verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar "xxxx" Şirkəti, "xxxx" MMC, "xxxx" MMC, X8, X10, X9, X16 və X17 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “avtobus dayanacağının əvvəlki yerinə qaytarılması və avtomobillər üçün parklanma yerlərinin yaradılmasına icazə verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İş məhkəmə icraatına qəbul olunduqdan sonra iddiaçılar "xxxx" Şirkəti, "xxxx" MMC, "xxxx" MMC, X8, X10, X9, X16 və X17 məhkəməyə vəsatət təqdim edərək iddiaçıların müvafiq olaraq əsl iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı5, İddiaçı8, İddiaçı7, İddiaçı6 ilə əvəz edilməsini, İddiaçı1 isə iddiaçı qismində iş üzrə məhkəmə icraatına cəlb olunmasını, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmin Nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agenliyi ilə əvəz edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İş üzrə iddiaçı "xxxx" Şirkəti İddiaçı2 ilə, iddiaçı "xxxx" MMC İddiaçı3 ilə, iddiaçı "xxxx" MMC İddiaçı4 ilə, iddiaçılar X8 və X4 Xatirə Qulu qızı ilə, iddiaçı X1 Gülgaz Qazarxan qızı ilə, iddiaçı X2 İlyas Qiyas oğlu ilə və iddiaçı X3 Elxan Əhliman oğlu ilə əvəz edilmiş, İddiaçı1 inzibati məhkəmə icraatına iddiaçı qismində cəlb edilmiş, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həmin Nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agenliyi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 il bundan öncəyə qədər, yəni, Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində tunel tipli yol qovşağı inşa edilən vaxtadək, Ziya Bünyadov prospekti 69B ünvanında yerləşən ticarət obyektlərinin qarşısında eni 10 metrə qədər olan avtomobil dayanacağı mövcud idi. Tunelin tikintisi yekunlaşdıqdan sonra, yolun hərəkət hissəsinin eninin azaldılması səbəbi ilə yolda qismən tıxaclar yaranmağa başladı. Bir neçə ay bundan öncəyə qədər isə, yolun digər hissəsində avtobus dayanacağı yerləşirdi. Ancaq, artıq 6-7 ay olar ki, qeyri-müəyyən səbəblərdən dolayı həmin avtobus dayanacağının yeri yolun ən geniş hissəsindən (eni 22 metr) tunelin kənarına, yolun ən ensiz hissəsinə (eni 11 metr) köçürülmüş və müntəzəm marşrut avtobusları üçün xüsusi hərəkət zolağı təşkil edilmişdir, hansı ki, bu da daha ağır tıxacların yaranmasına səbəb olmuşdur. Həmçinin, hal-hazırda avtobus dayanacağının yerinə görə, ticarət obyektlərinin nə qarşısında, nə də yaxınlığında avtomobil saxlamaq mümkün deyildir. Bütün bunlar isə 20-dən çox ticarət obyektində satışın azalmasına və işçilərin ixtisarına səbəb olmuşdur. Mövcud vəziyyətdən zərər çəkmiş sahibkarlar tərəfindən, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinə, eləcə də, Bakı Şəhər İcra Hakimiyyəti başçısına və Azərbaycan Avtomobil Yollan X12 Heyətinin sədrinə kollektiv müraciət ünvanlanaraq, memar tərəfindən tələblərə uyğun olaraq hazırlanmış eskiz layihəsi əsasında avtobus dayanacağının yerinin dəyişdirilməsi və sahibkarların öz vəsaiti hesabına əvvəl olduğu kimi ticarət obyektləri qarşısında avtomobil dayanacağının yaradılmasında köməklik göstərilməsi xahiş olunmuşdur. Bakı Nəqliyyat Agentliyi tərəfindən müraciətə cavab olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində, həmçinin Ziya Bünyadov prospektində xüsusi hərəkət zolaqları təşkil edilmişdir. Müraciətdəki avtobus dayanacaq məntəqəsi də sözügedən xüsusi hərəkət zolağı üzərindədir və yerinin dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. Ancaq, cavab məktubunda, tıxacların daha da artması ilə nəticələnən avtobus dayanacaq məntəqəsinin köçürülməsinin səbəbi izah olunmamış, həmçinin, diskriminasiyaya yol verilərək eyni ünvanda yerləşən bəzi obyektlər qarşısında avtomobil dayanacağı yaradılmasına heç bir münasibət bildirilməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il, 2109 nömrəli Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. İddiaçılar qeyd olunan məsələ ilə bağlı 2023-cü ilin yanvar ayında Bakı Nəqliyyat Agentliyinə müraciət etmiş və Agentlik tərəfindən iddiaçılara əsaslandırılmış cavab verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 02 aprel tarixli 2018-ci il 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3.1.1-ci bəndinə əsasən Agentlik müntəzəm sərnişindaşıma işini təşkil edir, bu sahədə xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görür. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən Agentlik müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirir, onları quraşdırır və idarə olunmasını təmin edir. Bu məqsədlə Agentlik tərəfindən Bakı şəhərinin inzibati ərazisində avtobus dayanacaq məntəqələrinin vəziyyəti araşdırılmış və təhlükəli yol sahələri aşkar edildiyindən həmin təhlükələrin aradan qaldırılması üçün dəyişikliklər edilmişdir. Bu baxımdan, Ziya Bünyadov prospekti 69B ünvanında mövcud avtobus dayanacaq məntəqəsinin Böyükşor küçəsi ilə kəsişmədə dairəvi hərəkət olan əraziyə qaytarılması aşağıdakı səbəblərdən mümkünsüzdür: Dairənin həndəsi ölçülərinin uyğun olmaması; Dairəyə giriş-çıxışların sayının çox olması; Nəqliyyatın yerdəyişməsi zamanı konflikt nöqtələrinin yaranması; Sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməməsi; Avtobusların qabaritinin böyük olması və dairədə manevr etməsində çətinliyin yaranması. Həmçinin, Agentlik sərnişinlərin vaxtında təyinat məntəqəsinə çatdırılması, eləcə də piyadaların və digər hərəkət iştirakçılarının rahat, təhlükəsiz hərəkətinin təmin edilməsi üçün tədbirlər həyata keçirir. Belə ki, Z.Bünyadov pr. 69 ünvanında dayanacaq məntəqəsinə daxil olan 6 sayda (7A, 7B, 11, 24, 71 və 93 nömrəli) müntəzəm marşrut üzrə xətdə 85-90 avtobus istismar olunur. Qeyd olunan dəyişikliyin edilməsi isə həm sözügedən avtobusların hərəkətinə maneə yaradacaq, həm də xidmətlərin keyfiyyətinin düşməsi səbəbindən sərnişinlərin narazılığına səbəb olacaqdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq (7.2.15.1 - İri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının yaradılması) Ziya Bünyadov prospektində xüsusi hərəkət zolağı təşkil edilmişdir. Qeyd edilməsi zəruridir ki, avtobus zolağında parklanmanın təşkil edilməsi mümkün deyildir. Beləki, "Yol hərəkəti haqqında” Qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Həmin Qanunun 53-cü maddəsinin V hissəsinə əsasən parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. Bundan əlavə, aşağıdakı səbəblərə görə də avtobus zolağında parklanmanın təşkil edilməsi mümkünsüzdür: Sərnişindaşıma fəaliyyəti göstərən avtobusların fasiləsiz hərəkəti təmin edilmir, avtobusların intervalında gecikmələr yaranır; Avtomobillər avtobus zolağında "cib” tipli parklanma yerinə girişi-çıxışı zamanı hərəkət edən avtobuslara təhlükə yaradır; Ziya Bünyadov pr. 69 ünvanında səkinin eni və relyefin əlverişsiz olması “cib” tipli parklanma yerinin təşkil edilməsi üçün uyğun deyildir. (AzDTN 2.6-1 piyadaların hərəkəti üçün səki eni minimum 1.5 metr olmalıdır (cədvəl 8).) İddiaçılar həmin ünvanda yerləşən ticarət obyektlərinin sahibkarlarınin mənafeləri üçün qərar qəbul edilməsini xahiş etmişdirlər. Lakin, sözügedən iddiaçıların həmin xahişi etmək üçün subyektiv hüquqları yoxdur və ya həmin hüquqları təsdiq edən hər hansısa bir sənəd təqdim edilməmişdir. Cavabdeh daha sonra etiraza əlavə tədim edərək bildirmişdir ki, Parklanma yerlərinin müəyyən edilməsinə dair səlahiyyətlə bağlı: "Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsinin 1-ci hissəsinə əsasən dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla təşkil edilir. Azərbaycan Respublikası Prezidentinin "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 nömrəli 22 noyabr 1998-ci il tarixli Fərmanın 2.34-cü yarımbəndinə əsəsən həmin Qanunun 53-cü maddəsinin İ və İİ hissələrində, XİX hissəsinin ikinci və üçüncü cümlələrində və XXV hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Dayanacaq məntəqələrinin müəyyən edilməsinə dair səlahiyyətlə bağlı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarının” 13.1-ci bəndinə əsasən dövlət sifarişi əsasında yerinə yetirilən müntəzəm sərnişin daşımaları sifarişçisi və ya təşkilatçısı aşağıdakı hüquqlara malikdir: 13.1.2-ci sərnişin daşımaları marşrutlarında dayanacaq məntəqələrinin yerini və sayını müəyyənləşdirmək. "Avtomobil nəqliyyatı haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən marşrut şəbəkəsi müəyyənləşdirilir və dövlət sifarişi formalaşdırılır. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 4 iyul 2008-ci il tarixli 792 nömrəli Fərmanını 2.2-2-ci yarımbəndinə əsasən həmin Qanunun 21.1 -ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Bundan əlavə, "Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il № 2109 Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 02 aprel tarixli 2018-ci il 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3.1.4-cü bəndinə əsasən Agentlik müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirir, onları quraşdırır və idarə olunmasını təmin edir. İddia predmeti ilə əlaqəli olan dayancaq məntəqəsi üzrə avtobusların hərəkətinə dair: Bakı şəhəri, Ziya Bünyadov prospekti 69B ünvanında yerləşən dayanacaq məntəqəsindən 6 sayda marşrut (7A, 7B, 11, 24, 71 və 93 nömrəli marşrutlar) üzrə 468 ədəd avtobus hərəkət edir. Sözügedən ünvan üzrə səki sahəsinin parametrlərinə dair: Həmin ərazidə səki sahəsinin eni 4.4 metrdir. Nəqliyyat vasitələrinin paralel saxlanılması üçün cib tipli yerin eni 2.5 metr və uzunluğu 6 metr, perendikulyar saxlanılması üçün isə eni 6 metr və uzunluğu 2.5 metr olmalıdır. Avtobus zolağına ilə bağlı qanunvericiliyə dair: "Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 44-cü hissəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay). Həmin Qanunun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Ziya Bünyadov prospekti 69B ünvanında iddiaçıların ticarət obyektləri (cərgəsi) yerləşir. Həmin ticarət cərgəsinin qarşısında piyadaların hərəkəti üçün səki mövcuddur, ticarət cərgəsinin qarşısından keçən və səkiyə bitişik olan avtomobil yolunun hərəkət hissəsi isə 2 hərəkət zolağından ibarətdir. Onlardan biri - səkiyə bitişik olan, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdır. Mübahisə predmeti avtobus dayanacaq yeri isə həmin zolaqda iddiaçıların ticarət obyektlərinin (cərgəsinin) qarşısında yaradılmışdır. İddiaçıların tələbi avtobus dayanacağının əvvəlki yerinə, Böyükşor küçəsi ilə kəsişmədə dairəvi hərəkət olan əraziyə keçirilməsi və həmin ticarət cərgəsinin qarşısında “cib” tipli parklanma yerinin təşkil edilməsidir. Tətbiq edilən hüquq: “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasını Qanunu: 21.1. Avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) tərəfindən marşrut şəbəkəsi müəyyənləşdirilir və dövlət sifarişi formalaşdırılır. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli, 2109 nömrəli Fərmanı:
1. Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilsin.
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”: 1.2.6. dayanacaq məntəqəsi - müntəzəm marşrut üzrə sərnişin avtomobil nəqliyyatının dayandığı, marşrutun istiqaməti və hərəkət cədvəli haqqında məlumat olan, sərnişinlərin minib-düşdüyü, müvafiq qaydada işarələnmiş və təchiz olunmuş yerdir. 4.30. Dayanacaq məntəqələrinə dair tələblər aşağıdakılardır: 4.30.1. dayanacaq məntəqələri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət edilməklə yerləşdirilməli, sərnişinlərin təhlükəsiz, rahat giriş və çıxışını təmin etməlidir; 4.30.2. dayanacaq məntəqəsi müvafiq yol nişanı ilə təchiz olunmalı və yol işarəsi ilə işarələnməlidir; 4.30.3. dayanacaq məntəqələri yolun hərəkət hissəsindən yolkənarı bordyurla ayrılmış minmə və enmə üçün perronla, avtobusların dayanacağı üçün meydançalarla, habelə avtonəqliyyat vasitəsini gözləyən sərnişinlərin qorunması üçün örtüklə təchiz edilməlidir. 13.1. Dövlət sifarişi əsasında yerinə yetirilən müntəzəm sərnişin daşımaları sifarişçisi və ya təşkilatçısı aşağıdakı hüquqlara malikdir: ... 13.1.2. sərnişin daşımaları marşrutlarında dayanacaq məntəqələrinin yerini və sayını müəyyənləşdirmək; ...
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasını Qanunu: Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri ... İV. 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. ... Maddə 53. Parklanma İ. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) (Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) tərəfindən müəyyən olunur. İİ. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə razılaşdırılmaqla təşkil edilir. ... V. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. ...
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasını Qanunu: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
Məhkəmənin mövqeyi: Qanunvericliyin sadalanan normalarından göründüyü kimi, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması, o cümlədən Dövlət avtomobil yollarında parklanma yerlərinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbi baxımından, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də qiymətləndirilə bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Məhkəmə araşdırması zamanı yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Ziya Bünyadov prospekti 69B ünvanında iddiaçıların ticarət obyektlərinin (cərgəsinin) qarşısında piyadaların hərəkəti üçün səki mövcuddur, ticarət cərgəsinin qarşısından keçən və səkiyə bitişik olan avtomobil yolunun hərəkət hissəsi isə 2 hərəkət zolağından ibarətdir. Onlardan biri - səkiyə bitişik olan, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdır, hansı ki, həmin zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır. Mübahisə predmeti avtobus dayanacaq yeri isə həmin zolaqda iddiaçıların ticarət obyektlərinin (cərgəsinin) qarşısında yaradılmışdır. Başqa sözlə, avtobuslar sərnişinləri mindirmək və düşürmək üçün həmin hərəkət zolağında dayanır, daha sonra isə həmin hərəkət zolağı ilə hərəkətini davam etdirir. İddiaçıların bildirdiyi kimi, yolun qeyd edilən hərəkət hissəsində tıxacların mövcudluğu istisna edilməsə də, bunun yaranma səbəbi avtobus dayancaq yeri ola bilməz, çünki həmin zolaqda avtobus dayancaq yeri olmasa belə digər nəqliyyat vasitələrinin hərəkəti üçün yolun hərəkət hissəsində yalnız 1 hərəkət zolağı nəzərdə tutulmuşdur, onların ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olması qadağandır və inzibati məsuliyyətə səbəb olur. Həmçinin, iddiaçıların tələbi ilə əlaqədar olaraq avtobus dayanacağının əvvəlki yerinə, Böyükşor küçəsi ilə kəsişmədə dairəvi hərəkət olan əraziyə baxış keçirilmişdir. Həmin yerdə yolun hərəkət hissəsi böyük olsa da, avtobus dayancaq yeri piyada səkisinin kənarında təşkil edilməlidir ki, bu zaman avtobuslar sərnişinləri mindirmək və düşürmək üçün özünün (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş) hərəkət zolağından çıxmalı və piyada səkisinə yaxınlaşmalı olacaqdır. Çünki həmin hissədə “avtobus zolağı” piyada səkisinə bitişik deyil. Həmin ərazidə dairəyə giriş-çıxışlar da olduğunu nəzərə alsaq, avtobusların piyada səkisində təşkil olunacaq dayanacaq yerinə yaxınlaşması və daha sonra yenidən “avtobus zolağı”na qayıtması zamanı konflikt nöqtələrinin yaranması, avtobusların qabaritlərinin böyük olması səbəbindən dairədə manevr etməsində çətinliyin yaranması qaçılmazdır. Bundan əlavə həmin hissədən üzü mərkəz istiqamətində təxminən 40-50 metr məsafədə istiqamətləndirici adacıq mövcuddur ki, avtobusların yenidən “avtobus zolağı”na qayıtması üçün həmin adacığa daxil olmaqla yol hərəkət qaydalarını pozmaq məcburiyyətində qalması istisna olunmur. Yerində müayinə zamanı avtobusların yalnız qeyd edilən xüsusi zolaqda dayanıb və hərəkət etməsi, bu səbəbdən də hərəkətində hər hansı maneə, tıxaca səbəb olması və ya digər nəqliyyat vasitələri ilə konflikt nöqtələrinin yaranması müşahidə edilməmişdir. Müayinə zamanı çəkilmiş videoyazı və fotoşəkillər, o cümlədən ərazinin “Google Earth” proqramı vasitəsilə alınmış peyk görüntüsü iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən diskresion səlahiyyətlər əsasında avtobus dayanacağının yeri müəyyən edilmişdir və həmin səlahiyyətlərin məqsədinə uyğun olmuş, cavabdeh inzibati orqanın əsaslandırması məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə “avtobus dayanacağının əvvəlki yerinə qaytarılması” ilə bağlı tələb təmin edilə bilməz. İddiaçıların “avtomobillər üçün parklanma yerlərinin yaradılmasına icazə verilməsi” tələbinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı (çünki avtomobillər üçün parklanma yerlərinin yaradılması üçün ilk növbədə avtobus dayanacağı həmin ərazidən kənarlaşdırılmalıdır) olduğundan, “avtobus dayanacağının əvvəlki yerinə qaytarılması” barədə tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsini şərtləndirir. Bununla belə “avtomobillər üçün parklanma yerlərinin yaradılmasına icazə verilməsi” tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hətta avtobus dayanacağı həmin ərazidən kənarlaşdırılsa və səkinin eni buna imkan versə belə, avtomobillər üçün parklanma yerlərinin yaradılması qanunveriliklə yolverilən deyil. Çünki nəqliyyət vasitələrinin həmin parklanma yerlərinə daxil olması üçün “avtobus zolağı”na keçməsi zəruridir ki, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən, həmin “avtobus zolağı”nda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır. Yalnız həmin zolaq qırıqqırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Göründüyü kimi, qanunvericlikdə parklanmaya görə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa keçməyə icazə verilməmişdir. Mübahisənin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası diskresion səlahiyyətlər həddində qanunazidd olmamaqla iddiaçının hüquqlarını pozmamışdır. Cavabdehin imtinası mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı2 və digərlərinin Cavabdehnə qarşı “avtobus dayanacağının əvvəlki yerinə qaytarılması və avtomobillər üçün parklanma yerlərinin yaradılmasına icazə verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı2 və digərlərinin Cavabdehnə qarşı “avtobus dayanacağının əvvəlki yerinə qaytarılması və avtomobillər üçün parklanma yerlərinin yaradılmasına icazə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov