Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17028/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi,29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Hövsan bağ massivi üzrə “Azəryollayihə” bağçılıq yoldaşlığına aid 600 kvadrat metrlik 85/142 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, mövcud rəsmi sənədlərə əsasən, 29 aprel 1989-cu il tarixdə ona Bakı şəhəri Suraxanı rayonu Hövsan bağ massivi ərazisində 85/142 nömrəsi ilə 600 kvadratmetrlik bağ sahəsi ayrılmışdır. Ona ayrılmış 85/142 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi xahişinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-N-04010-8/202 **********18 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. İmtina cavabı təqdim edilmiş sənədlərin surət olması, protokoldan çıxarışda torpaq sahəsinin nömrəsinin qeyd edilməməsi, „142“ nömrəli bağ sahəsinə aid digər fiziki şəxsin adına qeydiyyat aparılması ilə əsaslandırılmışdır. Müraciətin təmin edilməsindən imtina Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, oxşar işlər üzrə son inzibati və məhkəmə təcrübəsinə uyğun olmadığından, qanuni və əsaslı sayıla bilməz. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, surətləri təqdim edilmiş sənədlərin əsli inzibati orqan tərəfindən tələb edilməmişdir və belə tələb icraat zamanı bildirilsəydi, sənədlərin əsli təqdim ediləcəkdi. Protokoldan çıxarışda torpaq sahəsinin nömrəsinin qeyd edilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, “Azəryollayihə” Bağçılıq-yoldaşlıq təsərrüfatı idarə heyətinin xx.xx.1988-ci il tarixli iclasının protokolundan bütün şəxslərlə bağlı çıxarışlar torpaq sahəsinin nömrəsi qeyd edilməməklə verilmişdir ki, cavabdeh inzibati orqan protokoldan belə çıxarışları təqdim etmiş digər şəxslərin eyni məzmunlu müraciətlərini müsbət həll etmişdir. O cümlədən protokolda çıxarışda əks olunmasa da, torpaq sahəsinin nömrəsi təqdim olunmuş digər çoxsaylı sənədlərdə təsbit edilmişdir. İmtinanın „142 nömrəli bağ sahəsinə aid digər fiziki şəxsin adına qeydiyyat aparılması” hissəsi ilə bağlı nəzərə alınmalıdır ki, təqdim edilmiş digər bütün sənədlərdə 142 nömrəli bağ sahəsinin ona ayrılması təkzibedilməz məlumatlarla təsdiq olunmasına baxmayaraq, cavabdeh inzibati orqan hansı əsasla və kimin adına qeydiyyatın aparılması ilə bağlı ona hər hansı məlumat verməmişdir. Qeyd edilənlər və aşağıda göstərilənlər cavabdehin imtinasının qanunsuz və əsasssız olmasını, iddianın isə təmin edilməsini şərtləndirir. Belə ki, Abşeron rayon X3 İcraiyyə Komitəsinin 29 aprel 1989-cu il tarixli 71.8 nömrəli sərəncamından görünür ki, “Azəryollayihə” kollektiv bağçılıq yoldaşlığı hüquqi şəxs qismində tanınmaqla, onun nizamnaməsi təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli ********** nömrəli Bölgü sxemindən də göründüyü kimi, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 142 saylı bağ sahəsinin ölçüsü 600 kvadratmetrə bərabər olmaqla, üzərində tikililərin olması, qonşuluğunda isə 84/144 nömrəli, daha sonrakı cərgədə isə 116/149 nömrəli bağ sahələrinin olması müəyyən edilmişdir. “Azəryollayihə” Bağçılıq-yoldaşlıq üzvləri barədə təsdiq edilmiş plana əsasən onun adına 85/142 nömrəsi altında bağ sahəsi ayrılmışdır. “Azəryollayihə” Bağçılıq-yoldaşlıq təsərrüfatı idarə heyətinin xx.xx.1988-ci il tarixli iclasının protokolundan çıxarışa əsasən həmin tarixdə Türkan üzümçülük sovxozunun ərazisindən ona 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Azəryollayihə” Layihə İnstitutu nəzdində Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvləri siyahısının 2-ci səhifəsindəki məlumata əsasən 85-ci sırada ona 600 kvadratmetrlik torpaq sahəsinin ayrılması göstərilmişdir. Bütün bunlarla yanaşı, bildirmək istəyir ki, qeyd edilən 600 kvadratmetrlik bağ sahəsini 35 ildən artıqdır ki, hasarlayaraq təyinatı üzrə istifadə edir. Həmin torpaq sahəsinin üzərində inşa etdiyi bağ evi yerləşir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə heç bir məhdudiyyət yaratmır. Qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi, hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə, həmin torpaq sahəsinin xəritə və elektron kadastr üzrə yerləşmə məlumatlarını müəyyən etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinə ayrılmış torpaq sahəsinə dair təqdim edilməli olan hüquqmüəyyəndici sənədlər barədə qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində olan əsaslardan biri əlavə edilməlidir. Təqdim etdiyi sənədlərə əsasən qanuni əsaslarla ona ayrılmış 600 kvadratmetrlik torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlıdır. Mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsasları təşkil edir. Beləliklə, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 600 kvadratmetrlik 85/142 saylı bağ sahəsinin ona ayrılması Abşeron rayon X3 İcraiyyə Komitəsinin 29 aprel 1989-cu il tarixli 71.8 nömrəli sərəncamı, “Azəryollayihə ” Bağçılıq yoldaşlığı üzvləri barədə təsdiq edilmiş planına, “Azəryollayihə” Bağçılıq-yoldaşlıq təsərrüfatı idarə heyətinin xx.xx.1988-ci il tarixli iclasının protokolundan çıxarışa, “Azəryollayihə” Layihə İnstitutu nəzdində Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvləri siyahısının məlumatına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli ********** nömrəli Bölgü sxemi ilə təsdiq olunur. Beləliklə, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 600 kvadratmetrlik 85/142 saylı bağ sahəsinin ona ayrılması Abşeron rayon X3 İcraiyyə Komitəsinin 29 aprel 1989-cu il tarixli 71.8 nömrəli sərəncamı, “Azəryollayihə ” Bağçılıq yoldaşlığı üzvləri barədə təsdiq edilmiş planına, “Azəryollayihə” Bağçılıq-yoldaşlıq təsərrüfatı idarə heyətinin xx.xx.1988-ci il tarixli iclasının protokolundan çıxarışa, “Azəryollayihə” Layihə İnstitutu nəzdində Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvləri siyahısının məlumatına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli ********** nömrəli Bölgü sxemi ilə təsdiq olunur. Cavabdehin xx.xx.2025-ci il tarixli İmtina cavabının zərfi üzərindəki poçt qeydinə əsasən həmin cavab xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 1052 nömrəli poçt şöbəsinə daxil olmuşdur. Odur ki, iddia tələbinin qaldırılması üçün qanunla müəyyən edilmiş müddət xx.xx.2025-ci il tarixdə başa çatır.
3. Cavabdeh imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilən protokoldan çıxarışda torpaq sahəsinin nömrəsi qeyd edilməmişdir. Həmçinin eyni bağçılıq-yoldaşlıq nəzdində “142” nömrəli bağ sahəsinə dair digər fiziki şəxsin adına qeydiyyat aparılmışdır.
4. İddiaçı tərəfindən təqdim edilmiş "Azəryollayihə" bağçılıq yoldaşlıq təsərrüfatının İdarə Heyətinin xx.xx.1988-ci il tarixli protokolunda qeyd edilmişdir ki, İddiaçı Türkan üzümçülük sovxozunun ərazisində torpaq sahəsinin ayrılması barədə nəzərə alınaraq İddiaçı üzümçülük sovxozunun ərazisində 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır.
5. İddiaçı tərəfindən təqdim edilmiş "Azəryollayihə" nəzdində bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı 142 nömrəli torpaq sahəsinin ayrılmasına dair qeyd mövcuddur.
6. İddiaçı tərəfindən təqdim edilmiş "Azəryollayihə" nəzdində bağçılıq yoldaşlıq təsərrüfatının plan cizgisində İddiaçı ayrılmış 142 nömrəli torpaq sahəsinin yerləşdi yer qeyd edilmişdir.
7. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Hövsan bağ massivi 85-142 saylı bağın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600 kv.m, faktiki sahəsi 615 kv.m., göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə bir mərtəbəli ev və market var. Market faktiki olaraq işləmir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
I. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
13. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, "Azəryollayihə" bağçılıq yoldaşlıq təsərrüfatının İdarə Heyətinin xx.xx.1988-ci il tarixli protokoluna əsasən İddiaçı Türkan üzümçülük sovxozunun ərazisində 6 sot torpaq sahəsinin ayrılması qərara alınmışdır. "Azəryollayihə" nəzdində bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı 85/142 nömrəli torpaq sahəsinin ayrılmasına dair qeyd mövcuddur. "Azəryollayihə" nəzdində bağçılıq yoldaşlıq təsərrüfatının plan cizgisində İddiaçı ayrılmış 85/142 nömrəli torpaq sahəsinin yerləşdi yer müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
15. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
17. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
20. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
21. Cavabdehin imtinasında göstərdiyi dəlil ondan ibarətdir ki, təqdim edilən protokoldan çıxarışda torpaq sahəsinin nömrəsi qeyd edilməmişdir. Həmçinin eyni bağçılıq-yoldaşlıq nəzdində “142” nömrəli bağ sahəsinə dair digər fiziki şəxsin adına qeydiyyata alınmışdır.
22. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, protokoldan çıxarışda torpaq sahəsinin nömrəsi qeyd edilməsə də, cavabdehin təqdim etdiyi sxematik xəritədə iddiaçının adına ayrılmış torpaq sahəsinin nömrəsi göstərilmişdir.
23. Bununla yanaşı məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktub ilə “142” nömrəli bağ sahəsinə dair çıxarışın verilməsi üçün əsas olmuş sənədlər təqdim edilmişdir. Sözügedən bağ sahəsi digər nömrə ilə (117/5) X1 verilmişdir, daha sonra bağın nömrəsi 85 nömrə ilə əvəz edilmiş, çıxarışda isə 142 kimi yazılmışdır. Göründüyü kimi digər şəxslərə ayrılan bağ sahəsi fərqli yerdə yerləşməklə, iddiaçının torpaq sahəsinə aidiyyəti yoxdur. Sözügedən hal cavabdehin xx.xx.2025-ci il tarixli müəyinə akt ilə təsdiq edilir.
24. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi üzrə “Azəryollayihə” bağçılıq yoldaşlığına aid 600 kv.m. 85/142 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva