Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1703/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Məhkəmə iclas katibi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddiaçının faktiki istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. İddiaçı uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmiş, yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2000-ci ilin oktyabr ayında mənzillə təmin olunmuşdur. 29.03.2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın faktiki yaşadığı 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. 2000ci ilin oktyabr ayından 2019-cu ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, İİ qrup əlildir. 2016-cı ilin oktyabr ayında sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X9 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 2 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair 21.10.2016-cı il tarixli “Rəy” tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-ıvQ nömrəli Qanununun tətbiqi barədə” 699 nömrəli, 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan 63 yaşayış binası qeydə alınmışdır. O, cümlədən ünvan 4 ünvanda yerləşən 4 mərtəbəli yataqxana da həmin siyahıdadır. Qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı ŞİH-ə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı ŞİH-nin 13.07.2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirin müavininin 27.07.2017-ci il tarixli 17/17/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Mübahisəli mənzillərin yerləşdiriyi yataqxana faktiki olaraq təxminən 94 mənzildən ibarət olmuş, lakin cavabdeh tərəfindən 71 ailəyə “birdəfəlik maddi yardım” ödənilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 1.8-ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.12.2016-cı il tarixli Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin “sakinlər”in əhatə dairəsi müəyyənləşdirilmişdir. “Qərara” görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur. Qəzalı vəziyyətdə olması müəyyən edilmiş yataqxananın sakinlərinin kompensasiya verilməklə köçürülməsi cavabdehə tapşırılmışdır. Qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılması və orada faktiki yaşayan ailələrinin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 89 saylı, 31.07.2017-ci il tarixli Sərəncamı ilə müvafiq “Komissiya” yaradılmışdır. “Komissiya” tərəfindən sakinlərin ilkin siyahısı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının da adı qeyd olunmuş, lakin iddiaçıya məlum olmayan səbəblərdən bu günədək kompensasiva ödənilməmişdir. “Komissiya” tərəfindən sakinlərin siyahıya alınmasında, kompensasiyanın ödənilməsində, sakinlərin köçürülməsində bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, “Komissiya” sakinləri siyahıya alarkən sakinlərin bir hissəsi ümumiyyətlə siyahıya salınmamışdır. Siyahının tərtib olunması iş vaxtına təsadüf etdiyindən sakinlərin bəziləri işdə olmuş, bəziləri isə bu və ya digər səbəblərdən yataqxanada olmamış və bu səbəbdən ilkin siyahıya düşməmişlər. Əraziyə xidmət edən 11 saylı MKİS tərəfindən əlavə siyahı tərtib olunaraq “komissiya”ya təqdim edilmiş, əlavə siyahı üzrə də sakinlərin heç birinə bu günədək kompensasiya verilməmişdir. Cavabdeh Suraxanı rayonu İcra Hakimiyyəti qəzalı vəziyyətdə olan binanın sakinlərin köçürülməsi üçün onlara bazar qiymətinə uyğun kompensasiya verməkdən yayınmaq məqsədilə “hər bir ailə üçün” “birdəfəlik maddi yardım” ödənilməsi ifadəsindən istifadə etməklə iddiaçı da daxil olmaqla sakinlərin bir hissəsinin hüquqlarını pozmuşdur. Nəzərə alınmalıdır ki, “maddi yardım” və “kompensasiya” fərqli anlayışlardır. Kompensasiyadan fərqli olaraq “maddi yardım” onu verənin özünün seçimi ilə kriteriyalaşdırılan anlayışdır. Həmin kriteriya publik hüquq sahəsində ‘’bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Suraxanı rayonu İcra Hakimiyyətinin o vaxtkı rəhbərliyi tərəfindən qəzalı vəziyyətdə olan binanın sakinlərinə “kompensasiya” deyil, “maddi yardım” anlayışının mahiyyətinə uyğun ödənişlər edilmişdir. Belə ki, qəzalı binada istər mülkiyyət hüququ ilə, istər istifadə hüququ əsasında yaşamasından asılı olmayaraq sakinlərin köçürülməsi üçün ayrılmış vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq, ədalətli ödənilməmişdir. Belə ki, bir otağa görə ödənilən kompensasiya məbləği 2 və ya 3 otağa görə də eyni olmuşdur (35.000 manat). Təqdim etdiyi Suraxanı İcra Hakimiyyətinə 27.07.2017-ci ildə daxil olmuş iF-336 saylı məktubun surətindən göründüyü kimi mübahisəli binada yaşayan 92 ailəyə və 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə “birdəfəlik maddi yardım” ödənilməsi nəzərdə tutulmuşdur. Suraxanı rayonu İcra Hakimiyyətinin yataqxana sakini X4 qarşı “birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə” dair iddia ərizəsinin surətindən göründüyü kimi cavabdeh tərəfindən ümumilikdə 71 ailəyə kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yataqxana tam məskunlaşdırılmış, təxminən 94-dən çox ailə yaşamışdır. İddia ərizəsindən göründüyü kimi həmin iş üzrə iddiaçı “birdəfəlik maddi yardım” əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılmasını tələb etmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh mənzili boşaltdıqdan sonra tələbkar “birdəfəlik maddi yardım”ı cavabdehin hesabına köçürmək əvəzinə daha “müdrik” davranmışdır. Belə ki, tələbkarın ərizəsi əsasında Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə istinad edərək icra sənədini Suraxanı rayon Məhkəməsinə qaytarmışdır. Yəni cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını və digər qanunvericilik aktlarından irəli gələn öhdəlikləri icra etməkdən (kompensasiya ödəməkdən) imtina etmiş, yayınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş və hələ də icra olunmamış 2-1(82)-692/2019 saylı qətnaməsindən göründüyü kimi cavabdeh şəxsi mülkiyyətdə olan mənzilə görə də kompensasiya ödəməkdən yayınmağa çalışmışdır. Qəzalı binanın sakinləri köçürülərkən cavabdeh Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti “Əsasnamə” ilə müəyyən edilmiş yerli icra hakimiyyəti başçısının fəaliyyətinin əsas prinsiplərinə (vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, qanunçuluq, müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması) riayət etməmişdir. Cavabdeh ümumilikdə qəzalı binanın sakinlərinin köçürülməsini qanunvericiliyin tələblərinə uyğun icra etməmiş, vəzifə səlahiyyətlərindən, qanundan suiistifadə etmiş, eyni zamanda iddiaçının da konstitusion hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Hal-hazırda binanın kommunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmir, binaya giriş-çıxış tam məhdudlaşdırılması səbəbindən əmlakdan istifadə hüquqları məhdudlaşdırıldığı birmənalı olaraq təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə əvvəlki kimi bərpası real görünmür. Cavabdehin ciddi icra orqanı olduğundan ona etibar edərək faktiki yaşadığı mənzildən çıxmışdır. Lakin, cavabdeh ona olan etibarından istifadə edərək iddiaçını aldatmış, bu günədək ona mənzil kirayə haqqı “birdəfəlik maddi yardım” və ya "kompensasiya” ödəməmiş və ya yaşayış sahəsi verməmişdir. Cavabdehə kompensasiya ödənilməsinə dair dəfələrlə şifahi və yazılı şəkildə müraciət etmişdir. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, R.Abdullayev küçəsi 24 saylı binanın 44 saylı mənzilinə görə dəyərinin bazar qiymətinə uyğun olaraq ödənilməsi tələbinə dair rəsmi müraciətinə bu günədək cavab verilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya qəzalı vəziyyətində olduğu müəyyən edilmiş binada 1 otaqlı mənzilə görə digər sakinlərə ödənilmiş məbləğdə (35.000 manat) “kompensasiya” “birdəfəlik maddi yardım” ödənilməli və ya yaşayış sahəsi verilməlidir. Şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi qeydiyyatı mübahisəli mənzilin yerləşdiyi yataqxanayadır. 29.03.2007-ci il tarixli 18 savlı orderin surətindən göründüyü kimi ümumi sahəsi 14,5 m2 olan, 1 otaqlı, 44 saylı mənzil iddiaçının qanuni istifadəsinə verilmişdir. 12.10.2000-ci il tarixli, 32 saylı müqavilənin surətindən göründüyü kimi, həmin vaxtdan kommunal xidmətlərə görə ödənişləri vaxtlıvaxtında ödəməyi, nizam-intizama, təmizlik işlərinə riayət etməyi və otağı yaxşı vəziyyətdə saxlamağı öz üzərinə götürmüşdür. 11 saylı MKİS-nin rəisi tərəfindən imzalanmış arayışın surətindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə həmin yataqxananın 44 saylı mənzilində yaşamışdır. Təqdim etdiyi ərizə-aktın surətindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında 2007-ci ildən 2019-ci ilin aprel ayınadək yaşamışdır. 11 saylı MKİS tərəfindən yaşadığı ünvana göndərilmiş “Bildiriş-xəbərdarlıq”dan məlum olur ki, binanın sakinləri köçürülənədək mübahisəli mənzildə yaşamışdır. Buna görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdehin 09.10.2020-ci il tarixli iddiaya qarşı yazılı münasibətində (etirazı) gösətrilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X9 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 6 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21.10.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də, onların arasında bu iş üzrə iddiaçı X1 yaşaması müəyyən edilməmişdir. Komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı şəhər İcra Hakimiyyətinin 26.09.2017-ci il tarixli 7- 430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 07/03- 317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 №-li 25.10.2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 26.08.2021-ci il tarixə təyin edilmişdir. İddiaçı, habelə vəkili və nümayəndəsi ayrı-ayrılıqda iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, habelə vəkilinin və nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına: - Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinin İddiaçı verilməsi barədə 1 saylı Təmir-Tikinti İdarəsinin 18 saylı 25.09.2007-ci il tarixli orderin kserosurəti əlavə edilmişdir; - 1 saylı Təmir-Tikinti İdarəsi ilə İddiaçı arasında bağlanmış yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi haqqında 12.10.2000-ci il tarixli, 32 saylı müqavilənin kserosurəti əlavə edilmişdir; - 1 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal Təsərrüfatı Birliyinin 11 saylı MKİS tərəfindən 95 saylı 01.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi,3,ev 55 ünvanında qonşuların aktına əsasən 2018-ci ildən yaşayır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 02.02.2021-ci il tarixli 018-1237-1221 saylı məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X7 29.03.2008-ci il tarixdən hal-hazıradək Bakı şəhəri, ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. - Azərbaycan Vətən Müharibəsi X6 tərəfindən təsdiqlənmiş 01.07.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 8 ünvanında yaşamışdır. - X8, X10, X2 notarial qaydada təsdiq edilmiş 28.10.2017-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 8 ünvanında yaşamışdır. - Cavabdehin 10.04.2021-ci il tarixli 1/446 saylı məktubundan görünür ki, ünvan 9 ünvanında yerləşən yataqxana binasında 44 saylı mənzil mövcud deyil. - Cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş ünvan 10 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş yataqxana binasında yaşayanların Suraxanı RİHB-nin 89 №-li 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən tərtib edilmiş siyahılarından görünür ki, İddiaçı və ailə üzvləri həmin yataqxanada yaşamamışlar. - Cavabdehin 1/894 saylı 21.06.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı X1 Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “ünvan 6 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35000 manat kompensasiya ödənilməsi” tələbinə dair inzibati işlə bağlı bildirilmişdir ki, həmin yataqxana binasında 44 saylı mənzil olmamışdır və Suraxanı rayon məhkəməsinin 12.10.2018-ci il tarixli, 2(010)-5411/2018 saylı qətnaməsində qeyd olunan 44 saylı mənzil Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8 saylı binada yerləşməklə üç nəfər ailə tərkibi ilə X5 məxsusdur. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan ünvan 6 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən iddiaçı X1 həmin dövrdə sözügedən yataqxanada faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Hazırkı iş üzrə mübahisənin əsasını cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya məxsus əmlakı sökməsinə görə iddiaçıya dəymiş ziyanla bağlı kompensasiya ödənilməli olması təşkil edir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçının kompensasiya tələb etdiyi ünvan 1 ünvanında yerləşən binanın 44 saylı mənzili üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan həmin yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən iddiaçının həmin dövrdə sözügedən yataqxanada faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdehin etirazına görə ümumiyyətlə binanın 44 saylı mənzili mövcud olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş siyahının kserosurəti heç bir vəzifəli şəxs tərəfindən imza edilmədiyindən və möhürlə təsdiq edilmədiyindən sübut kimi qəbul edilmə bilməz. İddiaçı tərəfindən ümumiyyətlə iddia etdiyi mənzilin ona məxsus olması barədə hər-hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Belə ki, onun iddia etdiyi kimi Bakı Dəniz Balıq Limanının 1 saylı TTİ-də iş yerindən verilmiş order kserosurətdir, iddiaçı özü isə məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, həmin idarədə işləməmiş, Penitensiar Xidmətdə hərbi qulluqda olaraq ehtiyata buraxılmış, iddia ərizəsində guya uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləməsi barədə göstərilənlər həqiqətə uygun deyil, həmin yataqxanadakı mənzili satın almış və satan adam ona həmin orderin surətini vermiş, orderin əsli olmamışdır. Odur ki, iddiaçının mənzilə dair hüququnun olmasını təsdiq edən sənəd kimi verdiyi orderin kserosurəti məhkəmədə həmin sənədin mövcudluguna şübhə yaradır və mötəbər sübut hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Beləliklə, iddiaçı ünvan 1 ünvanında yerləşən binanın 44 saylı mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən mötəbər sübut təqdim etməmiş və həmin hallar məhkəmə araşdırması zamanı da öz təqsdini tapmamışdır. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar onun tələbinin təmin olunmasına əsas vermir. Qanunvericiliyin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları- cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərər, bu zərərin nədə ifadə olunması, maddi və ya mənəvi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı faktiki istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia təmin edilməsin. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1703/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1703/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver