Məhkəmə qərarları › İş №2-1(112)-1703/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1703/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1703/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “qərarın ləğv edilməsi və hərbi xidmətə çağırışa möhlət verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun hərbi xidmətini icra etmə müddətinin təxirə salınmasının və psixoloji vəziyyətinin yenidən qiymətləndirilməsi üçün komissiyadan keçirilməyi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsi tərəfindən İddiaçı çağırış vərəqəsi göndərilərək, xx.xx.2021-ci il tarixdə saat 09:00-da hərbi xidmətə yola düşməyi, şöbəyə yaxınlaşmağı bildirilmişdir. Onun sağlamlığı və psixoloji vəziyyəti hərbi xidmətini icra etməyi üçün qənaətbəxş deyildir. Bununla bağlı ərizə ilə rəsmi qaydada Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixdə iddiaçıya cavab verərək bildirmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən 2021-ci ilin yanvar çağırışına cəlb edilmisiniz”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində çağırış komissiyasında tibbi şəhadətləndirilərkən sağlamlığınızdan şikayət etdiyiniz üçün həkim mütəxəssislər tərəfindən müayinə olunaraq xx.xx.2021-ci il tarixdə Akademik Ç.M.Abdullayev adına X3 müayinəyə göndərilmişsiniz. Akademik Ç.M.Abdullayev adına X2n daxıl olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” tibbi şəhadətləndirilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 №-li Qərarı ilə təsdiq edilmiş Xəstəliklər Cədvəlinin 42-ci maddəsinin ç bəndinə əsasən “Sıradankənar hərbi xidmətə yararlı” hesab edilərək siz 2021-ci ilin aprel çağırışına müddətli həqiqi hərbi xidmətə göndərilmək üçün cəlb edilmisiniz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2002-ci il təvəllüdlü çağırışçı İddiaçı 2021-ci ilin yanvar çağırışına cəlb edilmişdir. Xidmətin Nəsimi rayon idarəsinin çağırış komissiyasının həkim mütəxəssisləri tərəfindən tibbi şəhadətləndirilərkən sağlamlığından şikayət etdiyi üçün xx.xx.2021-ci il tarixdə Akademik Ç.M.Abdullayev adına X3 əlavə tibbi müayinə üçün göndərilmişdir. Həmin İnstitut tərəfinfən verilmiş xx.xx.2021-ci il tarixli 7/9-232 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən “Revmatizma. Qeyri-fəal mərhələ. Mitral qapağın prolapsı İ dərəcə. Ürək ritminin pozulması. Sinus taxakardiya (UJS-102-72). Neyrosirkulyator distoniya. Hipertonik tip” diaqnozu verilmişdir. Qeyd olunan diaqnoza əsasən çağırışçı İddiaçı Bakı şəhəri Nəsimi rayon idarəsinin çağırış komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qrafasının 42c və 47a maddələrinə uyğun olaraq dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə yararlı hesab edilmişdir. Rayon çağırış komissiyasının xx.xx.2021-ci il tarixli, 21- 13/583 nömrəli qərarına Mərkəzi çağırış komissiyasında baxılmış və çağırışçı İddiaçı Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilərkən ona “Revmatizma. Qeyri-fəal mərhələ. Mitral qapaqların prolapsı” diaqnozu verildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qrafasının 42ç maddəsinə uyğun olaraq sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında qərar qəbul edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Mərkəzi çağırış komissiyası yaradılır. Həmin Qanunun 16.1.1-ci maddəsinə əsasən komissiyanın sədri - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəhbəridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək, çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq Mərkəzi çağırış komissiyasının vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 2-1(112)-8813/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “Mərkəzi Çağırış Komissiyasının xx.xx.2021-ci il tarixli 2/54 nömrəli qərarının ləğv edilməsi və onun hərbi xidmətini icra etmə müddətinin təxirə salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Mərkəzi Çağırış Komissiyasının xx.xx.2021-ci il tarixli 2/54 nömrəli qərarının ləğv olunması və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışa möhlət verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.2002-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 38 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin xx.xx.2021-ci il tarixli, 888 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2002-ci il təvəllüdlü, çağırışçı İddiaçı 2021-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar olaraq çağırışa cəlb olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin çağırış komissiyasının həkim mütəxəssisləri tərəfindən tibbi şəhadətləndirilərkən sağlamlığından şikayət etdiyi üçün Ak.Ç.M.Abdullayev adına X3 əlavə tibbi müayinəyə göndərilmişdir. Daxil olmuş xx.xx.2021-ci il tarixli 7/9-232 “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda, “Revmatizm qeyri-fəal mərhələ. Mitral qapağın prolapsı İ dərəcə. Ürək ritminin pozulması. Sinus taxikardiyası. NSD hipertonik tip” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 №-li Qərarı ilə təsdiq edilmiş Xəstəliklər Cədvəlinin 42 “c” maddəsinə və 47 “a” maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 2/54 nömrəli protokolu ilə rayon çağırış komissiyasının xx.xx.2021-ci il tarixli 21-13/583 nömrəli qərarı ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 №-li Qərarı ilə təsdiq edilmiş Xəstəliklər Cədvəlinin 42 “ç” maddəsinin İ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 1554 nömrəli göstərişinə əsasən çağırışçı 2002-ci il təvəllüdlü İddiaçı 2021-ci ilin aprel çağırışına cəlb edilərək, xx.xx.2021-ci il tarixə çağırış vərəqəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin xx.xx.2021-ci il tarixli, 1050 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 1554 nömrəli məktubunda bildirilmişdir ki, çağırışçı 2002-ci il təvəllüdlü İddiaçı Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilərək «Revmatizm qeyri-fəal mərhələ. Mitral qapaq prolapsı İ (birinci) dərəcə» diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq olunmuş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin 42 “ç” maddəsinin İ qrafasına əsasən «Sıradankənar hərbi xidmətə yararlıdır» hesab edilmişdir. Rayon çağırış komissiyasının xx.xx.2021-ci iİ tarixli 21-13/583 nömrəli qərarı Mərkəzi Çağırış Komissiyasının xx.xx.2021-ci il tarixli 2/54 nömrəli protokolu ilə ləğv edilmişdir. Əsas: Xidmətin Mərkəzi hərbi həkim komissiyasının xx.xx.2021-ci il tarixli 17a/4 nömrəli protokolu. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 17a/4 nömrəli arayışına əsasən xx.xx.2002-ci il təvəllüdlü İddiaçı SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinin göndərişi əsasında “Revmatizm qeyrifəal mərhələ. Mitral qapaq prolapsı İ (birinci) dərəcə” diaqnozu qoyulmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 42 “ç” maddəsinin İ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilmişdir. - Ak.Ç.M.Abdullayev adına X1 xx.xx.2021-ci il tarixli, 7/9-232 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda İddiaçı qoyulmuş diaqnoz “Revmatizm. Qeyri-fəal mərhələ. Mitral qapağın prolapsı İ dərəcə. Ürək ritminin pozulması. Sinus taxikardiyası. NSD hipertonik tip” kimi qeyd edilmişdir. - Tibbi şəhadətləndirilmə vərəqindən görünür ki, İddiaçı təngnəfəslik, oynaqlarda olan ağrılar, hava çatmamazlığı, sıxılma hissi, sancılar kimi şikayətlərini, özünü 6-7 aydır ki, xəstə hesab etdiyini, müalicə aldığını bildirmiş, obyektiv müayinənin məlumatları kimi “....... Cor-tonlar korlaşıb. Tənəffüs vezikulyardır” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tibbi şəhadətləndirilmə vərəqindən görünür ki, psixoloq müayinəsində olarkən isə psixoloq iddiaçının psixoloji vəziyyəti barəsində “Qıcığa həssasdır. Emosional reaksiyaları dəyişkəndir. Hal-hazırda psixoloji durumu qənaətbəxş deyil” qeydini etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tibbi şəhadətləndirilmə vərəqindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasında xx.xx.2021-ci il tarixdə müayinədə olarkən şikayətinin oyaqlarında ağrıların olması olduğunu, 5-6 aydır özünü xəstə hesab etdiyini bildirmiş, “Revmatizm qeyri-fəal mərhələ. Mitral qapaq prolapsı İ dərəcə” diaqnozu qoyulmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 42 “ç” maddəsinin İ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8813/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı sağlamlıq vəziyyətinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasında yenidən müayinə edilməsi üçün 2 (iki) aylıq müddət təyin edilmişdir. Qeyd edilən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 60 nömrəli məktubunda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində qeydiyyatda olan 2002-ci il təvəllüdlü İddiaçı rayon çağırış komissiyası tərəfindən 16.11 2021-ci il tarixdə şəhadətləndirilməsi üçün Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Xidmətin Mərkəzi hərbi həkim komissiyasında müayinə nəticəsində İddiaçı “Revmatizm qeyri-fəal mərhələ. Mitral qapaq prolapsı. Ritm pozğunluğu qeyd olunmur” diaqnozuna əsasən akademik C.M.Abdullayev adına X2 əlavə müayinə olunması üçün zərurət yaranmışdır. Müayinənin nəticəsi xx.xx.2022-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmə nəticəsində R.İ Babayev “Revmatizm qeyri-fəal mərhələ. Mitral qapaq prolapsı İ (birinci) dərəcə” diaqnozuna müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarının “Xəstəliklər cədvəli”nin 42ç maddəsinin İ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 mütəxəssisi qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.2002-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda hansı xəstəlik və qüsurlar aşkar olunur?

2. xx.xx.2002-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyəti nəzərə alındıqda hərbi xidmətə yararlı hesab olunurmu (hərbi xidmətə yararlılığın kateqoriyası göstərilməklə)?

3. xx.xx.2002-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onun psixolojinevroloji vəziyyəti hərbi xidmətə yararsız hesab olunmasına təsir edirmi? Təsir edirsə, bu hərbi xidmətə yararsız hesab olunmanın hansı kateqoriyasına aiddir? Qeyd edilən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 xx.xx.2022-ci il tarixli, 1638 nömrəli məktubu ilə təqdim edilmiş K/156-2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş, 2002-ci il təvəllüdlü İddiaçı MN MTE və PAM-da məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərdə və Müdafiə Nazirliyi Baş Klinik Hospitalının mütəxəssislərinin rəyində olan məlumatlara əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir:

1. xx.xx.2002-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində hər hansı bir qüsur müəyyən edilmir.

2. xx.xx.2002-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı şikayətləri olduğu kardioloji və psixiatrik xəstəliklər üzrə sağlamdır, kardioloji və psixiatrik olaraq hərbi xidmətə yararlıdır.

3. Məhkəmə-tibbi ekspertiza zamanı şəxsin şikayətləri olduğu xəstəliklər və əvvəllər şəhadətləndirilməsi zamanı təyin olunmuş diaqnozlar üzrə müayinələri aparılaraq, ekspertiza qarşısında qoyulmuş suallara cavab verilir. Şəxsin hərbi xidmətə yararlılığının təyini üçün şəhadətləndirilməsi məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir.

4. xx.xx.2002-ci il təvəllüdlü İddiaçı həqiqi hərbi xidmətə tam yararlı olubolmamasının təyini üçün hazırkı müayinənin nəticəsi nəzərə alınmaqla, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin HHK-sı tərəfindən təkrar şəhadətləndirilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə görə hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. -12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. -12.3-cü maddəsinə görə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. -14.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. -16.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır. -17.1-ci maddəsinə görə Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır: 17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək; 17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; 17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq. -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. -18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. -20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -20.3. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən: -2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. -2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. -2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. Hazırkı iş üzrə İddiaçı rayon çağırış komissiyasının xx.xx.2021-ci il tarixli 21-13/583 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş Hərbi həkim Ekspertizası haqqında X6 42 “c" maddəsinə və 47 “a" maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilsə də, sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 2/54 nömrəli protokolu ilə rayon çağırış komissiyasının xx.xx.2021-ci il tarixli 21-13/583 nömrəli qərarı ləğv edilmiş və iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş Hərbi həkim Ekspertizası haqqında X6 42 “ç” maddəsinin İ qrafasına əsasən "Sıradankənar hərbi xidmətə yararlıdır" hesab edilmişdir. Məhkəmə icraatı gedişdində iddiaçının sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsi, eləcə də onun hərbi xidmətə möhlət hüququna əsas veribverməməsinin yoxlanılması məqsədilə yenidən müayinə edilməsi üçün aralıq inzibati aktla cavabdeh orqanın Mərkəzi Çağırış Komissiyasına göndərilmiş, tibbi müayinələr nəticəsində iddiaçı yenidən tibbi şəhadətləndirilərək "Sıradankənar hərbi xidmətə yararlıdır" hesab edilmişdir. Məhkəmə icraatı gedişində məhkəmənin əldə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 xx.xx.2022-ci il tarixli, 1638 nömrəli məktubu ilə təqdim edilmiş K/156-2022 nömrəli ekspert rəyində İddiaçı əyani tibbi müyainəsi zamanı şikayət etdiyi kardioloji və psixiatrik xəstəliklər üzrə sağlam olduğu, kardioloji və psixiatrik olaraq hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı halda iddiaçının istinad etdiyi cavabdehin mübahisələndiirlən qərarının ləğv edilməsi üçün əsasların olmadığı müəyyən olunur. Eyni zamanda iddia tələbinin ikinci hissəsi sağlamlıq vəziyyətinə görə möhlət verilməsi tələbi iddianın birinci hissəsindən asılı olduğundan birinci tələb təmin edilmədiyi halda iddia möhlət verilmə hissəsində də təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “qərarın ləğv edilməsi və hərbi xidmətə çağırışa möhlət verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar