Məhkəmə qərarları › İş №2-1(112)-1704/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1704/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1704/2024 26.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına olan mənsubiyyətinin müəyyən olunması məqsədi ilə cavabdehin qəbul etdiyi inzibati aktın ləğv olunması və onun Azərbaycan Respublikasına vəzifə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə 01 aprel 1948-ci il tarixdə 504 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Daha sonra 19 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə tərtib olunmuşdur. 1978-ci ildə isə ABŞ vətəndaşlığı əldə etmişdir. ABŞ-da 31 oktyabr 1978-ci il tarixdə 835247 seriya nömrəli şəxsiyyətini təsdiq edən sənədi əldə etmişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması məqsədi ilə 22 may 2023-cü il tarixli 163834/m daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciət ünvanlamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 25 may 2023-cü il tarixli və ******* nömrəli cavabında bildirmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı etdiyi müraciət üzrə 23 iyul 2018-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır və onun Azərbaycan Respublikasının vətəndaşlığına olan mənsubiyyəti müəyyən edilməmişdir. Atası - X11 xx.xx.1910-cu ildə anadan olmuş və Azərbaycan SSR vətəndaşlığı olmuşdur. Həmçinin, anası - X3 xx.xx.1926-cı ildə anadan olmuş və Azərbaycan SSR vətəndaşlığı olmuşdur. Anası - X3 milliyətcə azərbaycanlı olmuşdur. Doğum şəhadətnaməsindən də görünür ki, Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. Bu da özündə torpaq prinsipini şərtləndirir. Yəni ona Azərbaycan Respublikasının vətəndaşlığına olan mənsubiyyəti tanınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Azərbaycan SSR-nin hüquqi varisidir, o zaman belə bir xüsusat üzə çıxır ki, anası - X1 Azərbaycan SSR vətəndaşlığı olmuşdur. Beləliklə, bu digər bir prinsipi - qan prinsipini şərtləndirir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin xx.xx.2018-ci il tarixli müraciəti əsasında xx.xx.1947-ci il təvəllüdlü Vəfai-pərvanə Adelya Səfər qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Dövlət Miqrasiya Xidmətinin xx.xx.2018-ci il tarixli ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Təqdim olunmuş sənədlər əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən şəxs barəsində inzibati icraata başlanılmış, icraat zamanı şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək ölkə ərazisində doğulduğu nəzərə alınaraq “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilən əsaslara malik olub-olmaması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinə sorğu göndərilmişdir. Adıçəkilən qurumun xx.xx.2018-ci il tarixli məlumatında şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (1998-ci il 7 oktyabr tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı göstərilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Bundan başqa bildiririk ki, şəxslə bağlı icraat Dövlət Miqrasiya Xidməti tərəfindən 2018-ci il tarixdə aparılmış və müvafiq inzibati akt qəbul edilmişdir. İş materiallarından görünür ki, Pirkux (Vəfai-pərvanə) Adelya Səfər qızının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmədə qeydiyyatdan keçmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 8885444 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin xx.xx.2018-ci il tarixli sorğusu əsasında vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2018-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.1947-ci il təvəllüdlü Vəfai-pərvanə X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. AZ-İV seriyalı 867553 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (atası -; anası X3). Cavabdeh tərəfindən Vəfai-pərvanə X6 dair ОК seriyalı 835247 saylı xx.xx.1978-ci il tarixli pasport təqdim edilmişdir. A3 seriyalı 000389 saylı xx.xx.1978-ci il tarixli evlənmək haqqında şəhadətnamədən görünür ki, Vəfai- pərvanə İradj Mürsəl oğlu və İddiaçı Səfərəli nikaha daxil olmuşlar. A3 seriyalı 001144 saylı xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (atası -; anası X3). Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 3-16-5/8-15- 1085/2023 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı Səfərəli qızı xx.xx.1947-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə xx.xx.1948-ci il tarixdə Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən 504 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X10 Əli (milliyyəti ---), anası X3 (milliyyəti azərbaycanlı). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin aydın olmadığını bildirmiş, iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” kimi dəqiqləşdirilməsi barədə ərizənin və üzürlü səbəbləri göstərilməklə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb ola biləcəyi iddiaçıya izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi aydın deyil. Həmçinin iddiaçının hüquqi marağına uyğun olaraq məcburetmə növündə iddia qaldırmaq üçün nəzərdə tutulan 30 günlük müddət keçmişdir. Bu barədə iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” kimi dəqiqləşdirilməsi barədə ərizənin və üzürlü səbəbləri göstərilməklə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb ola biləcəyi iddiaçıya izah edilmişdir. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən hüquqi müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar