Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17047/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsinə dair iddiaçının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Donuzkökəltmə Sovxozu üzrə 12 mart 1994-cü il tarixli 23 saylı əmrdən çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 12 mart 1994-cü il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq aşağıda adları qeyd olunan sovxoz fəhlə və qulluçularına-İddiaçı fərdi ev tikmək üçün 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı həmin torpaq sahəsində qanuni şəkildə mənzil tikərək ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq sözügedən mənzildə, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, fərdi evdə yaşayır və evin bütün kommunal xərcləri tərəfindən ödənilir. Daha sonra iddiaçı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, fərdi evə dair sənədləşmə işlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçı hazırki tələb ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sovxoza ayrılmış ərazilərin hüdudlarından kənarda yerləşir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı əvvəlki (********** nömrəli) müraciətdə göstərilən ərazidən fərqli sahə göstərilmiş, hazırki torpaq sahəsinin ölçüsünün 0,0488 ha olduğu müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərdiyindən, hazırkı iş üzrə əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdir. Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən torpaq sahəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Tədqiq edilmiş sənədlər AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanladığı M-22-091 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə xx.xx.1995-ci il tarixli, 94 nömrəli əmrdən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təqdim edilmişdir. Binə qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı (Abşeron rayon Donuzkökəltmə sovxozu 94 saylı xx.xx.1995-ci il əmr) Xəzər RİHB tərəfindən təsdiq edilmişdir. Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin F-408 nömrəli xx.xx.2018-ci il tarixli Donuzkökəltmə sovxozunun 94 nömrəli 7 avqust 1995-ci il tarixli arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına əsasən sovxoz həmkarlar komitəsi ilə kollektivi şurasının birgə ümumi iclasının 12 mart 1994-cü il tarixli 23 nömrəli qərarı ilə sovxoz fəhlələrinə 0.07 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır.- 11. İddiaçı. Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 23 nömrəli 12 mart 1994-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 12 mart 1994-cü il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq aşağıda adları qeyd olunan sovxoz fəhlə və qulluqçularına fərdi ev tikmək üçün 0.07 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. 1. İddiaçı. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İddiaçı ünvanladığı 1 avqust 2025-ci il tarixli 3-21-3-02/2-M-1104-8/2025 nömrəli məktubunda göstərilmişdir ki, müraciətdə qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə (bundan sonra - Ərazi İdarəsi) ********** qeydiyyat nömrəli ərizəniz daxii olmuşdur. Lakin sözügedən torpaq sahəsinin sovxoz üçün ayrılmış ərazinin hüdudlarından (ayrıc aktından) kənarda yerləşdiyi və həmin sahənin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında ciddi uyğunsuzluğun mövcud olduğu məlum olmuşdur. Bu səbəbdən də ərizənin icrasından imtina edilmiş və bu barədə 10 may 2018-ci il tarixli **********59 nömrəli məktubla Ərazi İdarəsi tərəfindən məlumat verilmişdir. Hal-hazırki müraciət ilə əlaqədar olaraq aparılan araşdırma zamanı yuxarıda qeyd olunan səbəblərin aradan qaldırılmadığı eyni zamanda torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0,07 ha olmasına baxmayaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən əraziyə keçirilən baxış zamanı qeyd olunan sahənin faktiki ölçüsünün 0,049 ha olması məlum olmuşdur. xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, torpaq sahəsi hər tərəfdən mişar daşı ilə sərhədlənmiş, 2 tərəfi qonşu, 2 tərəfi isə yoldur. Torpaq sahəsində iki mərtəbəli yaşayış evi və həyət tikintiləri inşa olunub. Məhkəmənin mövqeyi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: - maddə 55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - maddə 66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - maddə 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. - maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən : 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.2-1. Hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;” İşin faktiki hallarına əsasən iddiaçıya torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 23 nömrəli 12 mart 1994-cü il tarixli əmri verilmişdir. Sözügedən inzibati akt hal-hazırda da qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuku iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən: - 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: - 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; Odur ki, cavabdehin etirazında göstərilənləri məhkəmə iddianın təmin edilməməsi üçün əsas hesab etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar Qeyd edilməlidir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunda yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-17047/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17047/2025
26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver