Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1705/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirаkı ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 130, 29 saylı yaşayış sahəsinə bitişik inşa edilmiş qeyri-yaşayış sahələri nəzərə alınmaqla bu yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 130,29 sayh mənzil daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixdə çıxarış verilmişdir. Yaşayış sahəsinin ümumi sahəsi 60.0 kv.m-dir. Qeyd olunmalıdır ki, bizim tərəfimizdən bu yaşayış sahəsi qeyri- yaşayış sahəsi kimi istifadə edilir, həmçinin 2014-cü ildə tərəfimizdən bu yaşayış sahəsinin qabaq və arxa hissəsinə qeyri-yaşayış sahələri inşa edilmişdir və bu sahələr mənzilə bitişikdir. 34.983 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi A.M.Şərifzadə küçəsi tərəfdən, 42,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi isə həyət tərəfdən inşa edilmişdir . Mənzil və sonradan inşa edilmiş sahələr qeyri-yaşayış sahəsi kimi istifadə olunur. 2014-cü ildə "xxxx" MMC tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırma bölməsi işlənib hazırlanmışdır. Mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi üçün bütün əsaslar mövcuddur və qeyri-yaşayış sahəsinə çevrildiyi təqdirdə digər şəxslərin hüquqlarını pozmur. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi üçün Cavabdehnə ərizə ilə müraciət etmişəm, lakin tədbir görülməmişdir və verilmiş cavabda əlavə tikinti işləri ilə bağh müvafiq icazə sənədinin təqdim edilmədiyi və bu səbəbdən də müraciətə baxılmasının mümkün olmadığı göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, ərizəyə 2014-cü ildə xxxx” MMC tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırma bölməsi də əlavə edilmişdir, həmin sahələr tam qanuni inşa edildiyi və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün əsaslar olduğu halda əsassız olaraq imtina edilmişdir. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir, halbuki yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar verilməli idi. Tədbir görülməməklə onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 qurum tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, iddiaçının mülkiyyətində olan Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 130 ünvandakı 29 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müraciətə və təqdim edilmiş sənədlərə Cavabdehndə baxılmışdır. Mənzildə aparılmış yenidənqurma, yenidən planlaşdırma və əlavə tikinti işləri ilə bağlı müvafiq icazə sənədləri təqdim edilmədiyinə görə müraciətə baxılması mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX №02954007 saylı çıxarışın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.0 kv.m olan mənzil xx.xx.2013-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Məhkəməyə iddiaçı tərəfindən sözügedən sahənin qeyri-yaşayış sahəsi kimi istifadəsinə icazə verilməsinə dair sübut kimi təqdim edilmiş Cavabdeh başçısının xx.xx.2004-cü il tarixli № 915 saylı “Şərifzadə küçəsi 130 saylı evin 29-cu mənzilində qapı oyuğu açılması faktının təsdiq edilməsi haqqında” sərəncamın təsdiq edilmiş surətinin təqdim edilməsi məqsədilə aidyyəti üzrə sorğular ünvanlamış, Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2020-ci il tarixli № 658 saylı cavab məktubu ünvanlanaraq qeyd edilmişdir ki, Yasamal rayon İHBnın arxiv fondu üzrə 2004-cü ilə dair 915 saylı sərəncamı xx.xx.2004-cü il tarixli deyil, xx.xx.2004-cü il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş İddiaçı barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli № 915 saylı sərəncamının surətindən görünür ki, Ak.Landau küçəsi 535-ci məhəllə 6 saylı evin 49-cu mənzilində yaşayan vətəndaş X2 Cavabdehnə mənzilindən küçəyə baxan pəncərənin giriş qapısı edilməsinin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zamanı məlum olmuşdur ki, mənzilin keçmiş sakini tərəfindən küçəyə baxan pəncərə giriş qapısı edilmiş və hazırda istifadə olunur. Qeyd olunanlara əsaslanaraq, vətəndaş X1 məxsus Ak.Landau küçəsi 535-ci məhəllə 6 saylı evin 49-cu mənzilinin küçəyə baxan pəncərəsinin giriş qapısı edilməsi faktı təsdiq edilmiş və sərəncamın icrasına nəzarət Cavabdeh Təsərrüfat şöbəsinə (M.Ağayev) həvalə edilməsi qeyd edilmişdir. Göründüyü kimi, Sözügedən sərəncam başqa ünvanla bağlı verilmişdir. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı ünvan 2 ünvanında yerləşən və mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq ərizə ilə cavabdeh İcra Hakimiyyətin müraciət etmişdir. Həmin inzibati orqanın cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və buna əsası kimi, mənzildə aparılmış yenidənqurma, yenidən planlaşdırılma və əlavə tikinti işləri ilə bağlı müvafiq icazə sənədləri iddiaçı tərəfindən təqdim edilməməsi qeyd edilmişdir. Araşdırılan inzibati işdən göründüyü kimi, məhkəmə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini tələb etmək iddiaçının hüququdur. Lakin, bununla bağlı qərarın verilməsi qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğuna bağlıdır. Bu şərtlərin mövcudluğunu müəyyən etmək isə qanunverciliyə əsasən cavabdeh inzibati orqanın vəzifəsi olaraq müəyyən edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasənhər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10.0-ci maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir:. 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; Həmin Məcəllənin 20.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə görə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə görə çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: - (maddə 21.2.1) sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); - (maddə 21.2.2) keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); - (maddə 21.2.3) keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); - (maddə 21.2.4) keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.10-cu maddəsinə görə keçirilmiş sahə yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyriyaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Həmin Məcəllənin 22.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 22.1.1) bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; - (maddə 22.1.2) bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; - (maddə 22.1.3) yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq mənzildə aparılmış yenidən qurma, yenidən planlaşdırma və əlavə tikinti işləri ilə bağlı müvafiq icazə sənədlərini nə inzibati orqana, nə də məhkəməyə təqdim edilmədiyindən, iddiaçının sübut kimi təqdim etdiyi Cavabdeh 915 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı arxivdə aşkar edilmədiyindən iddiaçının hazırki iddiasının hüquqi əsası yoxdur. Belə olan halda, Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini də rəhbər tutaraq hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yasamal RİH-ə qarşı «yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1705/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1705/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver