Məhkəmə qərarları › İş №2-1(112)-1705/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1705/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1705/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X2) qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona cavabdehin sərəncamı ilə yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində ev inşa edilmişdir. Həmin sahəyə yerləşmə cizgisinin verilməsi ilə bağlı müraciət edilmiş, lakin cavabdeh mülki mübahisənin olmasına istinad edərək, şərait yaradılmadığını qeyd edərək müraciətin təminindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh ümumiyyətlə həmin iddiaya cavab verməli orqan orqan hesab edilmir. Bundan əlavə, nümayəndəlikdən verilən məlumatdan görünür ki, həmin torpaq sahəsi ilə əlaqədar mülki mübahisə mövcuddur və torpaq sahəsinə baxış keçirilməsinə şərait də yaradılmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin 2487 nömrəli 30 dekabr 1999-cu il tarixli sərəncamında qeyd edilmişdir ki, 877 saylı sahədə 1200 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır. İmtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi mübahisəli olduğu üçün məhkəmə orqanlarında mülki işə baxıldığından, eyni zamanda torpaq sahəsinə baxış keçirmək üçün şərait yaradılmadığından sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun hesab edilmir. Xəzər Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı maneələrin aradan qaldırılmasına dair A.Kərimovaya qarşı iddiası rədd edilmişdir. Qətnamənin məzmunun onunla bağlıdır ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin iddiaçı ona aid olduğunu iddia etsə də, həmin torpaq sahəsinin ona aid olmasını dair sübut təqdim edilməmiş, sərəncama dair yerləşmə cizgisi mövcud olmadığından, naturada göstərilən yerin və sərəncamla ayrılmış sahə ilə əlaqəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh X1 qarşı evə köçürülmə barədə iddia qaldırmışdır. Birinci intansiya məhkəməsi iddianı rədd etmiş və qətnamə onunla əsaslandırılmışdır ki, ev özbaşına tikili olmuş, iddiaçının subyektiv hüququ həmin evlə bağlı olmamış, eləcə də işin mübahisələndirilməyən halından görünür ki, iddiaçı 2019-cu il tarixdən həmin yaşayış sahəsində yaşamamışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia olunan evin yerləşdiyi torpaq sahəsi sərəncamda göstərilən sahəyə uyğundur. Cavabdeh həmin evin atası tərəfindən atasına məxsus torpaq sahəsində yerləşdiyini, evin atası tərəfindən tikildiyini bildirsə də, buna dair əsaslı sübut təqdim etməmişdir. Ali Məhkəmə isə adıçəkilən qərarında qeyd etmişdir ki, cavabdeh evin sərəncamda göstərilən sahədə inşa edilmədiyini bildirsə də, həmin dəlillər araşdırılmamışdır. Ümumiyyətlə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam qəbul edilənədək torpaq sahəsinin sərhədlərinin yerində, naturada və xəritədə müəyyən edilməsi, başqa sözlə yerquruluşu işlərinin aparılmasına hüquqi olan təşkilatlar tərəfindən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi müəyyən edilmir. Bundan əlavə, Ali Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 1300 -1400 kv.m ilə qeyd edilsə də, ayrılan torpaq sahəsi 1200 kv.m -dir. Məhkəmə iddiaçının ailə münasibətlərinə xitam verildikdən sonra paylı mülkiyyətdə olan mənzildə yaşadığını, özbaşına tikili ilə hər hansı bağlılığının olmadığını nəzərə almamışdır. Mülki iş üzrə verilmiş ekspert rəyində qeyd edilmişdir ki, sərəncamda ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair hər hansı sxem, koordinat və istinad məsafəsi olmadığından həmin torpaq sahəsini naturada yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Tikilinin də bu səbəbdən sərəncamda göstərilmiş ərazidə tikilib-tikilməməsini müəyyən etmək mümkün olmamışdır. Üçüncü şəxsin məhkəməyə ünvanladığı vəsatətdə (ərizədə) qeyd edilmişdir ki, 1950ci illərdə Şüvəlan qəsəbəsində kolxoz fəaliyyəti göstərdiyi dövrdə qəsəbədə yaşayan vətəndaşların məhsulları yetişdirmək üçün bostan sahələri mövcud olmuşdur. Həmin illərdə A.Kərimovanın babasının ailəsi məxsus bostan sahəsi müəyyən müddət istifadə edilmədiyindən baxımsızlıq üzündən zibilliyə çevrilmişdir. 1980-ci illərin sonunda həmin sahə təmizlənmiş və istifadə edilməyə başlanılmış, 1990-cı illərdə orada otaq tikilmiş, sonradan sahə genişləndirilərək 125 kv.m sahə tikilmişdir ki, həmin evin iddiaçıya hər hansı aidiyyəti olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş “X5 və Eksertiza Mərkəzi” MMC-nin rəyində qeyd edilmişdir ki, sərəncam əsasında ayrılmış torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir, müəyyən edilmiş koordinatların faktiki naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofo görüntülərində qeyd edilir. Tikililərin mövqeyində uyğunsuzluq yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; 29-cu maddəsinə görə, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; 97-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı torpaqların hüquqi vəziyyətinə, torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri arasında, eləcə də kateqoriyalar üzrə bölüşdürülməsi haqqında, torpağın kəmiyyət və keyfiyyət xarakteristikasına və xalq təsərrüfatı üçün dəyərliliyinə dair zəruri məlumatları və sənədləri özündə əks etdirir. Dövlət torpaq kadastrının məlumatları torpaqlardan istifadə və onların mühafizəsi planlaşdırılarkən, torpaqlar verilərkən və geri alınarkən, torpağa görə haqq müəyyən edilərkən, yer quruluşu işləri aparılarkən, təsərrüfat fəaliyyəti qiymətləndirilərkən və eləcə də torpaqlardan istifadə və onların mühafizəsi ilə əlaqədar digər tədbirlər həyata keçirilərkən mütləq tətbiq edilməlidir. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, yer quruluşu, xəritələşdirmə, torpaq, aqrokimya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir; 99-cu maddəsinə görə, yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir; 101-ci maddəsinə əsasən, yer quruluşu işlərini xüsusi dövlət torpaq orqanı dövlət büdcəsi hesabına həyata keçirir Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) 43.1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 43.2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında”Əsasnamə: Bənd 2.Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: -qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; -mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; -torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; -torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. -Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Sadalanan qanun normalarının təhlili, göstərir ki, iddiaçının mübahisəli əmlakla bağlı hüquqlarının yaranmasından bəhs etmək üçün sərəncam yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edilməlidir və bu sərəncamla əldə olunan əmlak hüquqları qüvvəyə minməli idi. Lakin iş üzrə bu iki şərt yerinə yetirilmir. Belə ki, sərəncamın yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edildiyini təsdiq edəcək həmin dövrdə fəaliyyət göstərən dövlət torpaq və kadastr orqanları tərəfindən tərtib edilən heç bir sənəd cavabdehə və məhkəməyə təqdim olunmamışdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı sərəncamın qəbulundan uzun illər sonra həmin sərəncamla məhz hazırda üçüncü şəxsin yaşadığı evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrıldığını qeyd etsə də məhkəmə hesab edir ki, iddiaçının ilkin olaraq naturada göstərildikdən, yeri müəyyən edildikdən sonra cavabdeh tərəfindən qəbul edilməli olan 1999-cu il tarixli sərəncama istinad edərək yerləşmə cizgisi və xəritədən çıxarışın tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia üzrə iddianın təminini istisna edən faktiki şərtlər cavabdeh tərəfindən sübut edilmişdir. Nəzərəa alınmalıdır ki, sərəncamın qəbul edilməsi ilkin olaraq yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyindən, iddiaçının bu sərəncamla əldə etdiyi fərz olunan əmlak hüquqları qüvvəyə minməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən sərəncam naturada torpaq sahəsinin yeri müəyyən edildikdən sonra qəbul edilməlidir ki, işin faktiki hallarından da göründüyü kimi istinad olunan cavabdehin sərəncamı torpaq sahəsinin naturada yeri rəsmi qaydada müəyyən edilmədən, hansı torpaq sahəsinə dair olduğu müəyyən edilmədən qəbul edilmişdir ki, məhkəmə hesab edir ki, həmin sərəncam əsasında 25 il sonra, yəni uzun müddət keçdikdən sonra məhz hansı torpaq sahəsinin ayrıldığının müəyyən edilməsinin cavabdehdən gözləntisi məhkəmə hesab edir ki, iddianın təmini üçün əsas hesab edilə bilməz. Eyni zamanda, işin faktiki halları ilə də müəyyən edilir ki, üçüncü şəxs həmin torpaq sahəsinin uzun illərdir ki, onun ailəsinin istifadəsində olması ilə bağlı dəlillər irəli sürmüşdür ki, cavabdehdən sərəncamın qəbulundan 25 il sonra göstərilən torpaq sahəsinin sərəncamda nəzərdə tutulan sahə olmasının həmin dəlillər nəzərə alınmadan da gözlənilməsi məhkəmə hesab edir ki, işin adıçəkilən faktiki hallarına da uyğun deyildir. Beləliklə də torpaq sahəsinin ayrılmasına dair sərəncam naturada torpaq sahəsinin yerini müəyyən edən texniki sənədlərin tərtibatı aparılmadan qəbul edildiyindən hər hansı hüquqi qüvvəsi olmayan sənəd olmaqla, hazırda üçüncü şəxsin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı iddiaçıya hər hansı hüquq yaratmamışdır. Hüquqi qüvvənin yaranması ilə bağlı da məhz üçüncü şəxsin yaşadığı evin yerləşdiyi torpaq sahəsinin sərəncamda göstərilən torpaq sahəsi olmasına yönələn texniki sənədlərin hazırlanmasının cavabdehdən tələb edilməsi də məhkəmə hesab edir ki, işin faktiki hallarına uyğun olmamaqla cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı səlahiyyətindən kənar hərəkətlərin yerinə yetirilməsinə yönəlmişdir. İddiaçı tərəfindən təqdim edilən MMC-nin mütəxəssis rəyinə münasibətdə də məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin Vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-2201/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında (✯✯✯ ) ekspert rəyinin kommersiya şirkəti tərəfindən verilmiş mütəxəssis rəyi əsasında tərtibatına dair məsələyə münasibətdə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi ekspert rəyinin mötəbərliyini və sübut kimi nəzərə alınmasının mümkünlüyünü lazımi qaydada müzakirə etməmişdir. Əvvəla, həmin rəy tamamilə kommersiya hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilənləri təkrarlayır. Kommersiya hüquqi şəxsi tərəfindən belə bir rəyin verilməsinin mümkünlüyünə apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməli idi. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən rəyin iddianın təminininə əsas yaradan sübut qismində qəbul edilməsi istisna edilməlidir. Belə ki, mövcud müstəsna bazaya sahib olmalı olmayan kommersiya qurumu tərəfindən qəbul edilmiş hazırkı rəyin mötəbərliyi şühbə doğurur. Digər tərəfdən adıçəkilən rəydə sərəncamla ayrılmış torpaq sahəsinin yaşayış məntəqələri kateqoriyasına aid olması, müəyyən edilmiş koordinatların faktiki naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş orfoto görüntlərində qeyd edilir kimi hallara istinad edilmişdir ki, məhkəmə həmin məlumatların hazırkı iş üzrə aydınlaşdırılmalı hallarla iddianın mahiyyəti üzrə qiymətləndirilməsi baxımından hər hansı bağlılığının olmaması qənaətindədir. Belə ki, hazırkı mübahisə faktiki yaşayış evi və onun həyətyani torpaq sahəsinin harada yerləşməsi, koordinatlarının müəyyən edilməsi ilə yox, məhz həmin ərazisinin sərəncamla ayrılmış torpaq sahəsi olması ilə bağlı olmalıdır ki, 25 il sonra ayrılan torpaq sahəsinin məhz rəydə adıçəkilən koordinatlar daxilində olan torpaq sahəsinə aid olub-olmamasının müəyyən edilməsi istisna edilir. Yuxarıda da qeyd edildiyi kimi ilkin olaraq koordinatları, naturada yerləşdiyi yer müəyyən edildikdən sonra torpaqayırma barədə hüquqmüəyyənedici sənədin tərtibatına həyata keçirilməli idi ki, həmin prosedur nəzərə alınmadan sərəncamdan 25 il sonra həmin sahənin məhz fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi olması ilə bağlı dəlil, eləcə də həmin dəlilin təsdiqinə yönəlmiş rəy, bu rəyin kommersiya qurumu və ya rəy vermək səlahiyyəti olan dövlət qurumu tərəfindən verilməsindən asılı olmayaraq iddianın təmini üçün yetərli əsas qismində çıxış edə bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar