Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1706/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsində bildirilir ki, 17 yanvar 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən 2014-cü ilin gəlir vergisi bəyannaməsi kameral yoxlanılmış və yoxlamanın nəticəsinə dair **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək 14.407,46 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablama, vergi orqanının hərəkəti əsassızdır və qanuna zidd olduğu üçün qəbul edilmiş qərar ləğv olunmalıdır. Belə ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 2020-ci ildə qüvvədə olan 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Sahibkar (iddiaçı) İddiaçı 2018-ci ilin sonunadək sığorta agenti kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Bu səbəbdən 2014-cü ildə gəlir vergisinə cəlb edilən ümumi gəliri olmadığından həmin ilin bəyannaməsi 1 dekabr 2017-ci il tarixdə boş (rəqəmsiz) vergi orqanına təqdim edilmişdir. Eyni zamanda 2014-cü ildə sığorta agenti fəaliyyətindən əldə edilən gəliri sadələşmiş vergi bəyannaməsi təqdim edilərək vergiyə cəlb olunmuş və hesablanmış vergi məbləği büdcəyə ödənilmişdir. Gəlir vergisi bəyannamə təqdim edilən tarixdən, 2 ildən artıq müddətin və 2014-cü hesab dövründən 5 il müddətin ötməsinə baxmayaraq cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 37, 83 və 84-cü maddələrini pozaraq vergi məbləğini hesablamışdır. Bundan başqa, həmin dövrdə söğorta agentləri ilə yerli vergi orqanları arasında üzünmüddətli və çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Aslanovun və L.Səbizovanm şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 may 2016-cı il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2017-ci il tarixli qərarı məhkəmə çəkişmələrinə son qoyulmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, sığorta agentini “sığorta təşkilatı” anlayışına daxil edərək onları sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan şəxslərə aid etməklə məhkəmələr yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İPM-in 32, 45, 46, 47-ci maddələrinə əsaslanaraq, məhkəmədən cavabdehin 17 yanvar 2020-ci il tarixli **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi məhkəməyə təqdim olunmuş iddia ilə bağlı vəsatət ünvanlamış və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatətdə bildirilir ki, İddiaçı cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********055500 saylı “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və İPM-in tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun adıçəkilən qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı tərəfindən yuxarıda qeyd edilən iddia qaldırılarkən qanunvericilikdə müəyyən edilmiş prosessual pozuntuya yol verilmişdir. Hazırkı məsələ iddiaçı tərəfindən artıq məhkəmədə mübahisələndirilmiş və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə ki, vergi orqanı tərəfindən 2014-cü ilin gəlir vergisi üzrə iddiaçıya 14.407,46 manat məbləğinin hesablanmasına əsas olmuş “Vergilərin hesablanması barədə” 5 iyun 2015-cı il tarixli **********277100 nömrəli qərar məhkəmə qərarları ilə qanuni hesab edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2357/2015 saylı iş üzrə 15 sentyabr 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-96/2016 saylı 28 aprel 2016-cı tarixli qərarı ilə təmin edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 noyabr 2016-cı il tarixli 2-1(102)-1357/2016 nömrəli qərarı ilə təmin edilməmiş və apellyasiya məhkəməsinin iş üzrə qərarı qüvvədə saxlanılmışdır. Daha sonra iddiaçı tərəfindən yeni açılmış hallar ilə bağlı icraatı təzələnməsi barədə ərizə verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 iyul 2017-ci il tarixli 2-1(103)-96/2016 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2017-ci il tarixli 2-1(102)- 1891/17 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, hazırda mübahisələndirilən inzibati aktla əvvəlki məhkəmə instansiyalarında mübahisələndirilən inzibati akt mahiyyət etibarilə eyni dövrə aid olan vergi hesablamasını özündə əks etdirir. İddiaçı tərəfindən sonradan verilmiş dəqiqləşdirilmiş bəyannamə əsasında yenidən kameral vergi yoxlaması keçirilməklə yayındırılmış vergi məbləği iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və bu halda iddianın yolverilməzliyi nəzərə alınaraq, məhkəmə tərəfindən iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. İPM-in 2.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə və İPM-in 1.2-ci maddəsinə, MPM-in 153.2.2-ci maddəsinə əsaslanaraq, İddiaçı iddia tələbi ilə bağlı iddianın yolverilməzliyinə dair qərardad qəbul edilməsini xahiş olunur. Məhkəmədən İddiaçı iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 45.5-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: - (45.5.1) iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə “iddianın mümkün sayılmaması barədə” vəsatətə münasibətdə qeyd edir ki, cavabdeh tərəf bu vəsatətini məsələnin iddiaçı tərəfindən əvvəllər məhkəmədə mübahisələndirilməsi və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu ilə əsaslandırmışdır. Lakin məhkəmə bu mövqe ilə razılaşmır və vurğulayır ki, əvvəlki inzibati mübahisənin predmeti olan qərarla hazırkı mübahisə predmeti fərqli inzibati aktlar olduğundan, qeyd olunan hal hazırkı iddia üzrə mübahisəyə baxılmasını istisna edə bilməz. Qeyd olunanlardan əlavə, iddiaçının hazırda cavabdehin 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 20 iyul 2022-ci il tarixdə daxil olsa da, həmin qərarın 20 iyun 2022-ci il tarixədək iddiaçıya müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia müddəti vuraxılmamış qiymətkəndirilir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, aparılımış araşdırma nəticəsində vergi ödəyıcisı tərəfindən 2014-cü il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində 72.037,31 manat ümumi dövriyyə məbləğinin göstərildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növünün “Sığorta agentlərinin və maklerlərin fəaliyyəti” olduğu müəyyən edilmişdir. Belə ki, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-İİİQ nömrəli Qanununun 82-ci maddəsinin müddəalarına əsasən sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir. Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər. Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən kredit və sığorta təşkilatlarının, investisiya fondlarının, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının, lombardların sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidirlər. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi tərəfindən 2014-cu il üzrə gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi və dövriyyə məbləğinin göstərilməməsi vergidən yaynma bah kimi qiymətləndirilirək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 27 may 2015-ci il tarixli **********729200 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və müvafiq dövr üzrə cari gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2014-cu il üçün 14.407,46 manat (72.037,31 x 20%) olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə **********277100 nömrəli 5 iyun 2015-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən 1 dekabr 2017-ci il tarixdə 2014-cü il üzrə cari gəlir vergisi bəyannaməsi (göstəricisiz) vergi orqanına təqdim edilərək kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği azaldılmışdır. 4 may 2018ci il tarixdə 14.407,46 manat vergi məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Daha sonra azaldılmış 14.407,46 manat gəlir vergisi məbləği kameral vergi yoxlaması ilə 17 yanvar 2020-ci il tarixdə bərpa edilmişdir. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Göstərilənlərə və İPM-in 32.1, 68.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin hazırda (1 yanvar 2022-ci il tarixdən sonrakı dövrdə) qüvvədə olan tələblərinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinin hazırda (1 yanvar 2022-ci il tarixdən sonra) qüvvədə olan tələblərinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 37.4-cü maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 may 2019-cu il tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş «Kameral vergi yoxlamasının aparılmasına dair Qaydalar»ın 8.1-ci bəndinə görə: - (8.1.1) Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. - (8.1.2) Gəlir vergisinin bəyannaməsini verməli olan şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə vurğulayır ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur, gəlir vergisi üzrə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir. Hazırkı işin hallarına görə isə, 2014-cü il üzrə gəlir vergisi bəyannaməsinin 2019-cu ildə (mübahisə predmeti olan qərar 17 yanvar 202-ci il tarixdə qəbul olunmuşdur) təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir tutarlı münasibət bildirməmiş və bununla əlaqədar sübut, dəlil təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə həmin dövr üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verdiyi və ya 2015-ci ilin mart ayının 31-dən 30 gün keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərar qəbul etdiyi kameral vergi yoxlamasını onun üçün müəyyən olunmuş müddəti təxminən bir neçə il müddət ötürülməklə (pozmaqla) keçirmişdir. Bununla da, 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla əlavə vergi məbləğinin hesablanması barədə 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarı – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 yanvar 2020-ci il tarixli **********055500 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1706/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1706/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver