Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1706/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxslər "xxxx" QSC-nin nümayəndəsi X2, Üçüncü şəxs "xxxx" şirkətinin vəkili və nümayəndəsi Vəkil1, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "AZNEFT" İstehsalat birliyinin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" şirkəti, Azərbaycan Respublikası Əmlak Məsələlri Dövlət Xidməti, "xxxx" QSC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla "texniki pasport və çıxarışda yol verilmiş səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə 5.12.2017-ci il tarixli qərarının icrası zamanı, Bakı şəhəri, X4 prospekti, 77 “L” ünvanında yerləşən "xxxx" şirkətinin adına verilmiş əmlak kompleksinə dair **********36-12301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli texniki pasportda və ********** qeydiyyat nömrəli, 6.01.2021-ci il tarixli çıxarışda onun faktiki yaşadığı fərdi yaşayış evinə aid hissədə düzəliş edilərək yaşadığı evin yerləşdiyi torpaq sahəsinin həmin texniki pasportdan və çıxarışdan çıxarılması, texniki pasportda və çıxarışda torpaq sahəsinin və daşınmaz əmlakın sahəsi hissəsində müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirimdir) Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz göndərərək iddianın mümkün sayılmamasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının hazırki iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5589/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Müvafiq qərardadın əsaslandırıcı hissəsində iddiaçı tərəfindən düzəliş edilməsini ona münasibətdə tələb etdiyi mülkiyyət hüquqlarının qeyd alınmasına dair çıxarış artıq qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında rəsmiləşdiyindən hazırki inzibati icraatın predmetini təşkil edə bilmədiyi və qeyd olunanlara əsasən iddianın qeyrimümkün hesab edilməli olduğu qeyd edilmişdir. Məhkəmə iclasında tərəflərlə iddianın mümkünlüyü məsələsi müzakirə edilmişdir. İddiaçı məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəsatıti müdafiə edərək iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxlərin nümayəndələri iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2- 1(82)-3541/2017 nömrəli iş üzrə 5.12.2017-ci il tarixli qərarının icrası zamanı, Bakı şəhəri, X4 prospekti, 77 “L” ünvanında yerləşən "xxxx" şirkətinin adına verilmiş əmlak kompleksinə dair **********36-12301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli texniki pasportda və ********** qeydiyyat nömrəli, 6.01.2021-ci il tarixli çıxarışda onun faktiki yaşadığı fərdi yaşayış evinə aid hissədə düzəliş edilərək yaşadığı evin yerləşdiyi torpaq sahəsinin həmin texniki pasportdan və çıxarışdan çıxarılması, texniki pasportda və çıxarışda torpaq sahəsinin və daşınmaz əmlakın sahəsi hissəsində müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5589/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər "xxxx" QSCni, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini və "xxxx" Şirkəti cəlb olunmaqla) texniki pasporta və çıxarışa düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, X4 prospekti, 77 “L” ünvanında dair "xxxx" MMC-nin adına verilmiş “əmlak kompleksi kimi müəssisə”yə dair **********36-123301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş texniki pasporta və mülkiyyət hüquqlarına dair çıxarışa, eyni ünvanda ona məxsus və istifadəsində olan əmlakla bağlı olan hissəsinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...məhkəmə araşdırması zamanı Nərimanov rayonu, X4 prospekti 77 L ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" Şirkətinin adına verilmiş RX seriyalı, ******* nömrəli, həmçinin xx.xx.2021-ci il tarixli **********36-12301 reyestr nömrəli çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış sənədlərdən müəyyən edilir ki, Nərimanov rayonu, X4 prospekti 77 L ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" Şirkətinin adına verilmiş sözügedən çıxarış Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 2-1(82)- 3541/2017 saylı məhkəmə qərarına əsasən rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi ona məxsus əmlakla bağlı olan hissəsinə düzəliş edilməsini tələb etdiyi çıxarış qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında verildiyindən hazırki inzibati icraat çərçivəsində mübahisələndirilə bilməz. Bununla bağlı məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək, “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadına istinadən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb edilmiş üçüncü şəxslərin məhkəmə aktlarını müstəqil qaydada mübahisələndirmək hüququna malik olduğunu izah etmiş, lakin iddiaçı hazırki tələb üzrə qoyduğu tələbə baxılmasını xahiş etmişdir. Məhkəmə bir daha vurğulayır ki, iddiaçı tərəfindən düzəliş edilməsini ona münasibətdə tələb etdiyi mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarış artıq qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında rəsmiləşdiyindən hazırki inzibati icraatın predmetini təşkil edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia qeyri mümkün hesab edilməlidir”. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktı mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Həmçinin məhkəmə iclasında iddiaçının və üçüncü şəxs "xxxx" şirkətinin nümayəndəsinin izahatları ilə müəyyən edildir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5589/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadını mübahisələndirmiş, apellyasiya instansiya məhkəməsinin qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş və şikayəti təmin edilərək apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə bağlı eyin məzmunlu iddiasına apellyasiya instansiya məhkəməsində baxılacaqdır. Belə olan halda hazırkı iddia mümkün sayıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1706/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1706/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver