Məhkəmə qərarları › İş №2-1(112)-17063/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17063/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17063/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi Gumbatov Rovshanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması və yerləşmə cizgisinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli, 25 №-li sərəncamına və Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 №-li çıxarışına əsasən iddiaçıya Ramana qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv m.torpaq sahəsinin döngə nöqtələrinin naturadakı vəziyyətinin müəyyənləşdirilərək mərzçəkmə planının tərtib olunması və plan cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli, 25№-li sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. Abşeron rayonu S.Əliyev adına südlük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 №-li çıxarışına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Ramana qəsəbəsində 500 kv.m torpaq sahəsi ayrılmışdır. O, uzun illərdir ki, qanuni sahibliyində, istifadəsində olan həmin ərazidə 100 kv m.olan fərdi yaşayış evi tikmişdir və ondan fasiləsiz olaraq istifadə edir. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında 13 yanvar 2008-ci il, 2866 №-li sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazi hüdudları daxilindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sovxoz ərazisində həyətyanı torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıla bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması qanunsuzdur. Həmçinin qeyd edilir ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdehndə yoxdur. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin bildirilir ki, Azərbaycan SSR Ali Sovetinin 1963-cü il 4 yanvar tarixli Fərmanı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə Bakı şəhərinin inzibati ərazisinə aid torpaq sahələrindən, o cümlədən Sabunçu rayon inzibati ərazisindən kənd təsərrüfatına yararlı 8560 ha torpaq sahəsi Abşeron rayonunun idarəçiliyinə verilmiş və həmin ərazilərdə kənd təsərrüfatı müəssisələri kolxoz və sovxozlar yaradılmışdır. Bu torpaq sahələrindən 1990-cı illərin əvvəllərinə qədər təyinatı üzrə səmərəli istifadə olunsa da, sonrakı illərdə həmin təsərrüfatların əksər hissəsi öz fəaliyyətini dayandırmış, istifadələrində olan torpaq sahələri isə Abşeron Rayon İcra Hakimiyyəti və bələdiyyələrinin qərarları əsasında ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmişdir. Ayrılan torpaq sahələrinin əksəriyyəti yaşayış məntəqələrindən kənarda kənd təsərrüfatına tam yararlı və ya gölməçələrin əraziləri, sututarlar və eyni zamanda bütün kommunikasiyalardan uzaqda yerləşən torpaq sahələri olmuşdur. Vətəndaşlar isə həmin torpaq sahələrində pərakəndə formada fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri inşa etmişlər. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 iyun 2008-ci il tarixli, 2866 saylı Sərəncamı əsasında Sabunçu rayonunun inzibati ərazisində yerləşən 5 kənd təsərrüfatı müəssisəsi üzrə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan 2502,81 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Bundan istifadə edən vətəndaşlar onlara ayrılmış torpaq sahələrinin sənədləşməsi məqsədilə Sabunçu RİH-nə müraciət edərək torpaq sahələrinin mövcud vəziyyətdə koordinatlarının müəyyən edilməsi və torpaq sahələrinə cizginin çəkilib verilməsini xahiş edirlər. Kənd təsərrüfatı müəssisələri tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin müəyyən hissəsi Cavabdeh idarəçiliyinə qaytarılan ərazilərdən kənarda olduğundan, eyni zamanda həmin ərazilərin vaxtı ilə sututarlar və ya gölməçələr olması, bu ərazilərdə vətəndaşlara torpaq sahələrinin ayrılmasının praktiki olaraq mümkün olmaması səbəbindən Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların xahişinin təmin edilməsində çətinliklər yaradır. Müraciət edən vətəndaşlar dövlət arxivindən torpaq sənədlərinə dair arayışlar təqdim etsələr də, həmin vətəndaşların vaxtı ilə qeyd edilən müəssisələrdə işləmələri müvafiq sənədlərlə təsdiq edilmir və şübhə doğurur. Həmin dövrdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yalnız yaşayış məntəqələrinin torpaq sahələrinə aid kateqoriyadan olan torpaq sahələri ayrıla bilərdi. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1981-ci ildə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunan sənədlərin Dövlət Arxivinə təhvil verildiyi bildirilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Abşeron rayonu S.Əliyev adına südlükmaldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli 06 nömrəli əmrindən arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Abşeron rayonu S.Əliyev adına südlük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli 06 nömrəli əmrində göstərilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq X2 0,05 hektar torpaq sahəsinin ayrılması əmr edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,107 hektar təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 147,3 kv.m və 117 kv.m olan 2 ədəd yaşayış evi mövcuddur. Həmçinin sahədə köməkçi tikililər vardır. Torpaq sahəsi ümumi hasar daxilindədir, iddiaçının və qohumunun istifadəsindədir. Faktiki olaraq göstərilən 0,107 ha torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmamışdır. Göstərilən torpaq sahəsi sovxoz ərazisi deyil. AZ-İ 497925 saylı nikah haqqında şəhadətnaməyə əsasən Hümbətov Rövşən və X3 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada “Hümbətova” soyadı verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin naturadakı vəziyyətinin müəyyənləşdirilərək mərzçəkmə planının tərtib olunması və plan cizginin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İşdən görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. İşdən göründüyü kimi iddiaçının mərzçəkmə planının tərtib olunması və yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli, 25 nömrəli sərəncamı və Abşeron rayon S.Əliyev adına südlükmaldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmri əsasında iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair mərzçəkmə planının tərtib olunması və yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Cavabdehin imtina əsaslarını o təşkil etmişdir ki, torpaq sahəsi sovxoz ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ayrılmışdır. Torpaq sahəsi ayrılarkən yerləşmə sxemi verilməmişdir. Torpaq sahəsinin ayrıc aktı, baş planı və ayrılmış sahənin koordinatları barədə məlumat cavabdehdə yoxdur. Qeyd edilməlidir ki, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmrindən arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin əmrdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli, 25 nömrəli sərəncamına istinad edilmişdir. Sözügedən əmr və sərəncamın mötəbərliyi məhkəmədə şübhə doğurmur. Həmçinin, göstərilən torpaq sahəsi Abşeron rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə sovxoz işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ayrılmış və sovxozun müvafiq əmrləri ilə vətəndaşlar arasında bölüşdürülmüşdür. Həmin torpaq sahələrinin sovxoz ərazisi olması və yalnız kənd təsərrüfatı məqsədi ilə ayrılması ilə bağlı cavabdehin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin torpaq sahələrinin məhz sovxozun kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərə tutulmuş ərazisi olması müəyyən edilmir. Yəni, qeyd edildiyi kimi həmin torpaq sahəsi sovxoz işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ayrılmışdır və kənd təsərrüfatı təyinatlı olması hər hansı sənədlə təsdiq edilmir. Həmin torpaq sahələri sovxoz ərazisinə aid ola və ya olmaya bilər. Göründüyü kimi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli, 25 nömrəli sərəncamı və Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmri qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Mərzçəkmə planının tərtib olunması və yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini istisna edən bir hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli, 25 nömrəli sərəncamına və Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmrinə əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Ramana qəsəbəsində ayrılmış 500 kv metr torpaq sahəsinin döngə nöqtələrinin naturadakı vəziyyətinin müəyyənləşdirilərək mərzçəkmə planının tərtib olunması və yerləşəmə sxeminin (plan cizginin) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli, 25 nömrəli sərəncamına və Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X5 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmrinə əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Ramana qəsəbəsində ayrılmış 500 kv metr torpaq sahəsinin döngə nöqtələrinin naturadakı vəziyyətinin müəyyənləşdirilərək mərzçəkmə planının tərtib olunması və yerləşəmə sxeminin (plan cizginin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar