Məhkəmə qərarları › İş №2-1(112)-1707/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1707/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1707/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “məcburi iş günlərinin buraxıldığı müddət üçün orta əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra Hakimiyyətinin N-5/2-029 saylı, 18.10.2019-cu il tarixli imtina məktubunu qeyri-qanuni hesab edərək, iddiaçının işdən çıxarıldığı gündən etibarən, yəni 31.01.2017-ci il tarixdən 28.08.2019-cu il tarixə kimi məcburi iş günlərini buraxdığı müddətlərin orta əmək haqqının ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 26.12.1991-ci ildən Xətai rayon İcra Hakimiyyətində ümumi şöbədə müfəttiş, struktur dəyişikliyi ilə əlaqədar 28.11.2003-cü ildə komendant vəzifəsinə keçirilmiş, 22.04.2013-cü ildə aparatın informasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə keçirilmiş, 30.12.2013-cü ildə 2 saylı sahə İnzibati Ərazi Dairəsinə məsləhətçi-mühəndis vəzifəsinə keçirilmiş, daha sonra 31.01.2017-ci ildə heç bir qanun pozuntusuna yol verilmədiyi halda işdən azad olunmuşdur. Cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğv edilməsi barədə” iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, iddiaçının pozulmuş hüquqlarının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(82)-106/2018 saylı, 05 fevral 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sonradan cavabdeh Xətai rayon İcra Hakimiyyəti tərəfindən qeyd edilən məhkəmə qərarından Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli 2-1(103)-1630/2018 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-106/2018 saylı, 05.02.2018-ci il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı qalaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kasasiya şikayəti vermiş və Ali Məhkəmənin 2-1(102)-229/2019 saylı, 25.06.2019-cu il tarixli qərarı ilə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilmişdir. Lakin, ötürülmüş əmək haqqının bərpa olunması ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək 31.01.2017-28.08.2019 müddət ərzində yaranmış borc vəsaitin ödənilməsinin təmin edilməsi xahiş olunsa da, Xətai rayon icra Hakimiyyəti həmin vəsaitin iddiaçıya ödənilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, Xətai rayon İcra Hakimiyyətinin N-5/2-029 saylı, 18.10.2019-cu il tarixli məktubu ilə cavablandırdığı imtina əsassızdır. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Xətai rayon İcra Hakimiyyətində 26.12.1991-ci il tarixdən çalışmış və 31.01.2017-ci il tarixdə işdən azad edilmiş iş üzrə İddiaçı məhkəmələrdə etdiyi müraciətləri əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-229/19 saylı, 25.06.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti əsasında işə bərpa edilməsinə dair iddia tələbi təmin olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 117.1-ci maddəsinə əsasən icrası qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında öhdəliklər icra olunaraq İddiaçı Xətai rayon İcra Hakimiyyətində işə bərpa edilmiş, lakin ötürülmüş müddətin bərpası ilə əlaqədar göstərilən məhkəmə qərarında kompensasiyanın ödənilməsi öhdəliyi hər hansı bir təşkilatın üzərinə qoyulmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Xətai rayon İcra Hakimiyyətininnümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AZE № AA******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı xx xxxxxx 1966-cı il tarixdə Bərdə rayonunda anadan olmuşdur. İddiaçı Bakı şəhəri, Yasamal rayonu 12 ünvanında qeydiyyatdadır. - Xətai rayon İcra Hakimiyyəti Başçısının 31.01.2017-ci il tarixli, 05 saylı əmrindən görünür ki, İddiaçı Xətai rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçisi (mühəndis) Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanununun 25.2, 25.2.6, 33.1.6 və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 186.2-ci maddəsinin “ç” bəndlərinə əsasən 01.02.2017-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-106/2018 saylı, 05 fevral 2018-ci il tarixli qərarı ilə İddiaçı dövlət qulluğundan azad edilməsi barədə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının Xətai RİH başçısının 31.01.2017-ci il tarixli 05 saylı əmrinin ləğv edilməsi qərara alınmışdır. - Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-958/19 saylı, 25 aprel 2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-106/2018 saylı, 05 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2136/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı ilə, Bakı Apelyasiya Məhkəməsinin 2- 1(103)-958/19 saylı, 25 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısının İddiaçı barədə 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmrin ləğv edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Xətai rayon icra Hakimiyyətinin Başçısının 28.08.2019-cu il tarixli, 54 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 28.08.2019-cu il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məsləhətçi (mühəndis) vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatının 18 oktyabr 2019-cu il tarixli, N-5/2-029 saylı məktubun surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçı Xətai rayon İcra Hakimiyyəti başçısının 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmri 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məsləhətçi (mühəndis) vəzifəsindən azad olunmuşdur. Qaldırılan məsələ ilə əlaqədar 2 nömrəli Sahə İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinə müraciət edilməsi xahiş olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, iddiaçı Xətai rayon İcra Hakimiyyəti Başçısının 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmrinin ləğv edilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 05 fevral tarixli 2-1(82)-106/18 saylı qərarı ilə iddia təmin olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 fevral 2-1(82)-106/2018 nömrəli qərarında iddiaçıya kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısının İddiaçı barədə 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmrinin qəbul edildiyi vaxtdan, işə bərpa olunduğu vaxtadək, yəni 31.01.2017-28.08.2019-cu il dövrlər üçün orta əmək haqqının ödənilməsini xahiş edir. Bu halı onunla əsaslandırır ki, həmin dövrlərdə iddiaçının əmrin ləğvi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisənin nəticəsi olaraq, sözügedən əmr ləğv edilmişdir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, qüvvədə olan Əmək Məcəlləsinin normaları baxımından, iddiaçının mübahisə predmetini təşkil edən əmrin mübahisələndirdiyi vaxtda orta aylıq əmək haqqını tələb etmək hüququnun mövcüd olub-olmaması, hüququn mövcüd olduğu təqdirdə isə, həmin dövrün hansı illərlə əhatə olunmasıdır. Cavabdehin imtinasının və etirazının əsasında iki hal durur: 1) İddiaçının orta aylıq əmək haqqının ödənilməsi ilə bağlı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinə müraciət etməsi; 2) Məhkəmə qərarında kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulmamasıdır. Məhkəmə ilk öncə cavabdehin imtinasının birinci hissəsinə münasibət bildirir. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya, hazırki iddia tələbi ilə işdən azad edilməmişdən əvvəl, işlədiyi 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinə müraciət etməyini bildirmişdir. Halbuki, Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və bu halın həlli üçün Azərbaycan Respublikası Prezidentinin2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməni əsas gətirir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.1.8-ci maddəsinə əsasən, icra hakimiyyəti başçısının yanında olan qurumların maliyyələşdirilməsi və maddi-texniki təchizatını həyata keçirilməsi yerli icra hakimiyyətinin başçısının vəzifəsidir. Həmin Əsasnamənin 1.6-cı maddəsinə əsasən, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Həmin Əsasnamənin 2.15-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda inzibati vəzifə tutan işçiləri, müvafiq nümayəndələrin və qurum rəhbərlərinin təqdimatı ilə, yerli icra hakimiyyətinin başçısı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir. Qüvvədə olan normativ hüququ aktdan görünür ki, sahə inzibati ərazi idarələri üzrə nümayəndəliklər yerli icra hakimiyyətinin tabeliyindədir. Həmin nümayəndəliklərdə müəyyən vəzifəyə təyin olunma və vəzidən azad edilmə səlahiyyətləri yerli icra hakimiyyətinin başçısına aiddir. Nümayəndəliklər müstəqil balansa sahib olsalar belə, həmin nümayəndəliklərin maliyyələşdirilməsi icra hakimiyyətinin başçısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd etmək istəyir ki, İddiaçı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində məsləhətçi-mühəndis vəzifəsində işləsə də, iddiaçının işdən azad edilmə əmri Xətai rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, yaranmış mübahisə iddaçı İddiaçı ilə Xətai rayon İcra Hakimiyyəti arasında yarandığından, hazırki iddia tələbi üzrə cavabdehlik daşıyan orqan məhz Xətai rayon İcra Hakimiyyətidir. Cavabdehin imtinasının ikinci hissəsinə münasibət bildirərkən, Məhkəmə aşağıdakı normalara istinad edir: Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən, bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-ci maddəsinin ikinci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər Şərh olunan maddələrin normasına görə, AR ƏM-in 300-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri açıqlanır. Maddənin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmaması dedikdə üç hal nəzərdə tutulur: a) işəgötürənin, əmək müqaviləsinin AR ƏM-in 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş qaydada ləğv edilməsi əsaslarını pozması; b) işəgötürənin AR ƏM-in 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə riayət etməməsi; c) işəgötürənin AR ƏM-in 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət verməməsi. Göstərilən hər üç halda işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəni həll edən məhkəmə işçinin AR MPM-n 149 və 150-ci maddələrində nəzərdə tutulmuş qaydada verdiyi iddia ərizəsini və işin bütün faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün (işçidən asılı olmayan səbəblərə görə baş verən iş buraxma halları) əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılır. İşə bərpa tələbi ilə əlaqədar olmayan, lakin maddi tələblərlə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət etmə hüququ ilə bağlı Məhkəmə bildirir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, eləcə də maddi və mənəvi ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnu pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qüvvədə olan qanunvericiliyin normaları əsasında Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısının İddiaçı barədə 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2136/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarında məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasa da, həmin öhdəliyin cavabdeh tərəfindən icra etməməsi qanunaziddir. Belə ki, cavabdeh qüvvədə olan qanunvericiliyin normalarını rəhbər tutaraq, öz təqsiri nəticəsində iddiaçının işdən azad etdiyi vaxtdan işə bərpa etdiyi vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqını ödəməlidir. Nəzərə alsaq ki, Xətai rayon icra Hakimiyyətinin Başçısının 28.08.2019-cu il tarixli, 54 saylı əmri ilə İddiaçı 28.08.2019-cu il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının 4 nömrəli sahə inzibati ərazi dairəsə üzrə nümayəndəlikdə məsləhətçi (mühəndis) vəzifəsinə təyin edilsə də, iddiaçı əmək hüququnun pozulmasını aşkar etmiş və qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddəti ötürmədən, 23 oktyabr 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-2136/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı əsasında iddiaçı 28 avqust 2019-cu il tarixdən Xətai rayon İcra Hakimiyyətində işə bərpa olduğundan, onun işdən azad edildiyi vaxtdan işə bərpa ediliyi vaxtadək ödənilməmiş orta aylıq əmək haqqını tələb etmək hüququ vardır. Odur ki, cavabdeh Xətai rayon İcra Hakimiyyətinin imtinası qanuna zidd və iddiaçının əmək hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı işdən azad edildiyi vaxtdan işə bərpa olunduğu vaxtadək, yəni 31.01.2017-ci il tarixdən 28.08.2019-cu il tarixədək məcburi iş günlərini buraxdığı üçün orta aylıq əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair üzrə məhkəmə vasitəsi ilə verilir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı işdən azad edildiyi vaxtdan işə bərpa olunduğu vaxtadək, yəni 31.01.2017-ci il tarixdən 28.08.2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi cavabdeh Xətai rayon İcra Hakimiyyətinin həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar