Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1709/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X6 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla uşağın adının dəyişdirilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı X3 adının “Zara” adına dəyişdirilməsi ilə bağlı cavabdehin üzərinə məcburi öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14.09.2020-ci il tarixli, 2-1(112)-6430/2021 nömrəli qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, övladı X3 adının "Zara" adına dəyişdirilməsi ilə bağlı cavabdehə 11.08.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin komissiyanın 13 avqust 2020-ci il tarixli, "K-50-164" №-li məktubuna əsasən müraciəti təmin edilməmişdir. Sözügedən orqanın qəbul etdiyi qərar, xüsusilə gender bərabərliyinin pozulması baxımından əsassızdır. O, 14 avqust 2014-cü il tarixdə X10 adlı şəxslə rəsmi qaydada ailə həyatı qurmuşdur. Birgə nikahdan 18.05.2015-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Övladı dünyaya gəlməmişdən öncə ər-arvad olaraq onun adının "Əsnat" qoyulmasını planlaşdırmışlar. Lakin övladı dünyaya gəldikdən sonra onun razılığı gözlənilmədən həyat yoldaşı və onun anasının şəxsi mülahizəsi ilə ona "Umiyyə" adı qoyulmuşdur. Bu da Aliə Məcəlləsinin 53.2-ci maddəsinin pozulması deməkdir. Ailə həyatı boyunca həyat yoldaşının anası tərəfindən mütəmadi olaraq mənəvi-psixoloji təzyiqlərə, lüzumsuz və qeyri-etik təqiblərə məruz qaldığından, nəticə etibarı ilə ailə daxili münaqişələrin günbəgün artması səbəbindən həyat yoldaşından rəsmi qaydada ayrılmışdır. Birgə nikahdan dünyaya gəlmiş qızı, nikahı rəsmi qayda pozulması anından etibarən onun himayəsindədir. Atası demək olar ki, onunla maraqlanmır, tərbiyə olunmasında iştirak etmir. Bunun da məlum olan əsas səbəblərindən biri odur ki, o, ikinci dəfə nikaha daxil olaraq ailə həyatı qurub və həmin nikahdan bir oğlan övladı dünyaya gəlib. Övladının təlim-tərbiyəsində, mənəvi ehtiyaclarının qarşılanmasında, azyaşlı olaraq zəruri qayğı ilə əhatə olunmasında təkbaşına iştirak edir. O, özünü uzun müddətdir ki, "Zara" adı ilə tanıyır və bu adla çağırışa cavab verir. Odur ki, övladının gələcəyi ilə bağlı mövcud vəziyyəti və ehtiyacı nəzərə alaraq cavabdehə müraciət etmişdir. Uşağın atası X6 yeni ünvanı və əlaqə nömrəsi ona məlum olmadığından onun razılıq ərizəsinin alınması mümkün olmadı. Digər tərəfdən belə hesab etmişdir ki, uşağa ad qoyularkən onun razılığı nəzərə alınmadığı kimi onun adının dəyişdirilməsin də qarşı tərəfin razılığının olubolmaması nəzərə alınmamalıdır. Bununla da gender bərabərliyi təmin olunmalıdır. Eyni zamanda qeyd etdiyi kimi uşağın atası X6 ünvanı və əlaqə nömrəsi ona məlum olmadığından onun mövcud məsələyə münasibətinin öyrənilməsi mümkün olmayıb. Bunun da səbəbi olmuşdur ki, övladının təlim-tərbiyəsindən yayınmağı özünə rəva bilən məlum şəxs mütəmadi olaraq əlaqə vasitələrini dəyişir. Bu fakt cavabdeh orqana da məlum olmuşdur. Belə olan halda isə Ailə Məcəlləsinin 54.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ərizəsi təmin edilməli idi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. İddiaçının qaldırdığı məsələnin qanunvericiliklə nəzərdə tutulmuş qaydada həlli üçün azyaşlı övladları X3 atası X6 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin Komissiyaya təqdim olunmadığından iddiaçının müraciəti təmin edilməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs X10 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, iddiaçı ilə 14.08.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birqə nikahlarından övladı X7 dünyaya gəlmişdir. Qızı dünyaya gəldikdən sonra ona iddiaçının da razılığı ilə anasının adı olan “Umiyyə” adı qoyulmuşdur. İddiaçı ilə aralarında olan nikah pozulmuşdur. Qızı Umiyyə iddiaçının himayəsindədir. Qızının adının “Zara” adına dəyişdirilməsinə qəti etiraz edir. Qızı 18 yaşına çatandan sonra adını özü dəyişə bilər. Hazırda isə qızının adının iddiaçının istəyi ilə dəyişdirilməsi qanuna ziddir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə doğulmuşdur. - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 315959 №-li, 18.04.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X8 ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cü ilin aprel ayının 06 günündə 147 № ilə qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 047496 №-li, 17.04.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X8 olan X7 18.05.2015-ci ildə doğulmuşdur. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 05/13-223 №-li, 05.02.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş doğum haqqında akt qeydindən görünür ki, tibbi müəssisəsinin (Bakı şəhəri 3 №-li ŞKX, 62422 №, 21.05.2015) arayışına əsasən atası X10, anası X8 olan X3 18.05.2015-ci ildə doğulması qeydə alınmışdır. X1 müraciəti əsasında aparılmışdır. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış K- 50-164 №-li, 13.08.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Qaldırdığı məsələnin qanunvericiliklə nəzərdə tutulmuş qaydada həlli üçün azyaşlı övladı X3 atası X6 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin Komissiyaya təqdim olunması xahiş olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X10 və X4 birgə nikahından 18.05.2015-ci ildə X7 anadan olmuşdur. Tərəflər arasında nikah pozulmuş və azyaşlı Umiyyə Hacıyeva iddiaçının yanında saxlanılmışdır. İddiaçı qızının adının "Zara" adına dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh uşağın atasının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin Komissiyaya təqdim olunmamasını əsas gətirərək iddiaçının müraciəti təmin etməmişdir. Azyaşlının atası Ağarza Hacıyev uşağının adının dəyişdirilməsinə etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. - 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. - 54.4-cü maddəsinə əsasən 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”dır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. - 2.2-ci maddəsinə əsasən valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. - 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə hesab edir ki, 18.05.2015-ci il təvəllüdlü X3 adı onun mənafeyinə xələl gətirə biləcək, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmadığından, həmçinin adının dəyişdirilməsinə atasının razılığı olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X3 doğum akt qeydiyyatının aparılması zamanı anasının müraciətinin olmaması onun adının dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1709/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1709/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver