Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-171/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X5 və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrdə dəyişiklik edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N №-li hərbi hissədən ehtiyata buraxılması ilə bağlı əmrdə düzəliş edilməsi və hərbi qulluq fəaliyyətini həyata keçirərkən xəstəliyi ilə əlaqədar hərbi qulluqdan azad edilməsi kimi əmrin formalaşdırılmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin üzərinə Azərbaycan Respublikası Müdafiə nazirinin onun, yəni xx.xx.1991-ci il təvəllüdlü leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.2017-ci il tarixli 0353 №li əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 №li 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılmasına dair öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Hərbi Dəniz Qüvvələrində xidmət etmiş və leytenant rütbəsində olmuşduur. İşlədiyi dövrdə nümunəvi davranmışdır. Lakin son zamanlar səhhətində ciddi psixoloji problemlər yaranmışdır. Buna görə də ailəsi onun qulluq etdiyi “N” saylı hərbi hissədən müayinə olunmaq üçün Hərbi Hospitala göndərilməsini tələb etmişlər. 23 dekabr 2016-cı ildə Hərbi Hospitalda müayinə olunduqdan sonra həkim ona “Azteno-veqetativ təzahürlər" diaqnozu qoyaraq 10 gün ambulator müalicəni ev şəraitində aparılmasını məsləhət görmüşdür. Müalicədən 7 gün sonra 31 dekabr 2016-cı il tarixdə gözaltı damarlarının qanla dolması nəticəsində, üzünün həmin nahiyəsində qaraltılar yaranmışdır. 02 yanvar 2017-ci il tarixdə işə çağırılmış, üzündəki həmin qaraltıların fiziki xəsarət olub-olmaması ilə bağlı cinayət hadisəsinin baş verib-verməməsini aydınlaşdırmaq üçün hərbi polisdə araşdırma aparılmışdır. Orada həmin qaraltıların ev şəraitində öz-özünə kənar təsir olmadan baş yarandığını bildirmişlər. Həmin ilin yanvar ayında ondan laborator müayinələr üçün nümunələr götürülmüş, nümunələrin müayinəsi nəticəsində onda narkotik vasitənin qalıqları aşkar olunmamışdır. Müalicələr səmərə vermədiyinə görə 17 may 2017-ci ildə o, məzuniyyətdə olarkən psixiatrın yanında müayinə olunmuş, sonuncu onun psixioloji durumunda gərginlik olduğunu bildirərək, belə vəziyyətdə işləyə bilməyəcəyini bildirmişdir. Məzuniyyətinin bitməsinə N gün qalmış hərbi hissədən işdən azad olunduğu bildirilmişdir. O, Hərbi Dəniz Qüvvələrində xidmət edərkən xəstələnmiş və psixi xəstəlik tapmışdır. Hərbi qulluqda olarkən xəstələnməsinə görə ehtiyata buraxılması, pensiya və digər hüquqlarının bərpa olunması barədə Müdafiə Nazirliyinə olunmuş müraciətləri nəticəsiz qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair 06 may 2020-ci il tarixli 11/2199 saylı etirazda göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmışdır. İddiaçı barədə təqdimat səlahiyyəti olan vəzifəli şəxlər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılması ilə əlaqədar müəyyən edilmiş çıxış müavinatı almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmişdir 2 (iki) ildən çox vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Beləliklə hesab edirlər ki, məhkəmə iddianı mümkün saymamalıdır. Belə ki, xx.xx.2017-ci ildə olan münasibətlərə dair mübahisə 2 il sonra qaldırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. İddia mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Cavabdehin mübahisəli əmri 1) inzibati orqan (Müdafiə Nazirliyi) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasını) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hərbi qulluqçu olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2.inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı - Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı oğlu barəsində cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyi tərəfindən verilmiş ehtiyata buraxılması barədə əmri məhkəməyə iddia vermək yolu ilə mübahisələndirmiş, qeyd olunan iddia ərizəsi iddiaçı tərəfindən imzalanmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddianın qaldırılması müddətə tabe tutulmuş və müddətin başlanğıcı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində müəyyən edilmişdir. Bununla bağlı məhkəmənin müvafiq sorğusuna cavab olaraq, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş N nömrəli Hərbi hissənin 1115 №li xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, ehtiyatda olan leytenant İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 №li əmri ona rəsmi qaydada təqdim (elan) olunmamışdır (iş vər. səh 42). Mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 №li əmrindən iddiaçının iddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia əsaslıdır. Belə ki, iş materiallarında olan; AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. EZ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı 2009-cu ildə C.Naxçıvanski adına hərbi liseyi, 2013-cü ildə isə Azərbaycan Ali Hərbi Dənizçilk Məktəbini bitirmişdir. xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 21 iyun 2017-ci il tarixli 165 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki; - leytenant İddiaçı Əlizamın oğlu, Müşahidə Rayonunun Baş İnformasiya postunun rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 may 2017-ci il tarixli 0353 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 21 iyul 2017-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. - leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 5 iyun 2002-ci il tarixli 220 №-li əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq görülməmişdir. - leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinətinin verilməsi əmr edilmişdir. - leytenant İddiaçı 2017-ci il üçün nəzərdə tutulmuş maddi yardım və növbəti məzuniyyətə getməsi ilə əlaqədar olaraq bir aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı verilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 19 may 2017-ci il tarixli 0353 nömrəli əmrindən çıxarış (dax.ol.№ 1078), leytenant İddiaçı üzülüşmə vərəqəsi (dax.ol.№4072). Təhvil-qəbul aktı (dax.ol.№4015). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 22 may 2020-ci il tarixli 1/768 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü İddiaçı 19 nömrəlii Birləşmiş Şəhər Xəstəxanasının göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X4 stasionar müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə idarəsi 19 saylı Birləşmiş şəhər xəstəxanasının xx.xx.2020-ci il tarixli 294 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı, xx.xx.2017ci il tarixdən 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin psixiatr kabinetində qeydiyyata götürülüb. Dz:Depressiya, psixotik əlamətlərlə Şizofreniya başlanması istisna olunmur. Dəfələrlə ambulator müalicələr almışdır. Hal-hazırda özəl müalicəsini davam etdirir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 3-cü bəndində göstərilmişdir ki, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Nizamnamənin 5-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 18-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Qeyd olunan Qanunun 22-ci maddəsinin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbixidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. İşdən göründüyü kimi, iddia tələbinin maddi-hüquqi əsasını Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə təşkil edir. Həmin Əsasnamənin 155-ci maddəsində qeyd olunub ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Əsasnamənin 156-cı maddəsinin; - “e” bəndində qeyd olunub ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılırlar. - “v” bəndində qeyd olunub ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xəstəliyə görə (hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin; - 5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 6.3-cü bəndinə əsasən səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. - 7.2-ci bəndinin ç) yarımbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” barədə qərar çıxarır. - 8.1-ci bəndinə əsasən “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. - 8.3-cü bəndində əsasən “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A”-hərbi xidmətə yararlıdır; “B”sıradankənar hərbi xidmətə yararlıdır; “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç”-hərbi xidmətə müvəqqəti yararsızdır; “D”-həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 6 saylı Əlavə – “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. Həmin Qaydaların 9-cu hissəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin “v”, “q”, “e”, “ə” bəndləri, 158-ci maddəsinin “b” bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər; məhkəmənin hökmünün surəti (bu Əsasnamənin 158-ci maddəsi ilə buraxıldıqda) göndərilir. İddiaçıya münasibətdə yuxarıda göstərilən normaların məzmunundan aydın olur ki, iddiaçı ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli, hərbi həkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilməli, onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilməli, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmalı idi ki, inzibati orqan tərəfindən müvafiq əmr qəbul edilərkən qaydaların qeyd olunan tələblərinə əməl olunmaması inzibati icraat pozuntularına yol verilməsi kimi qiymətləndirilməldir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 1905 №li məktubda qeyd olunmuşdur ki, SHXÇDX-nin Qaradağ rayon idarəsi tərəfindən İddiaçı dair sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında araşdırılaraq xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli, 330 saylı qərarı ona verilmişdir. Qeyd olunan məktuba əlavə olunmuş Komissiyanın xx.xx.2021-ci il tarixli 330 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhəri Qaradağ RHK tərəfindən 2009-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə kimi Bakı şəhəri 2 nömrəli X3 müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Depressiv epizod” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon idarəsinin xx.xx.2021-ci il tarixli 487 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 1097 nömrəli arayışı, 2 nömrəli Bakı ş. 2 nömrəli X2 verilmiş xx.xx.2017-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR". Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin ç) yarımbəndi. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin iddiaçı xx.xx.1991-ci il təvəllüdlü leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.2017-ci il tarixli 0353 №li əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 №li 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılması məsələsi ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 2 (iki) aylıq müddət təyin edilmişdir. Qərardaddan narazı qalan cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi şikayət verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün inzibati iş üzrə materialların birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1614/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət təmin olunmayaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 11/3364 №li xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin xx.xx.2022-ci il tarixli 1/3984 №li məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2-1(112)-171/2022 nömrəli qərardadına əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması barədə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0353 nömrəli şəxsi heyət üzrə əmrinə dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 29 noyabr 2021-ci il tarixli 330 nömrəli qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılması məsələsinə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuş təqdimat və təqdimata əlavə olunmuş müvafiq sənədlərə əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması barədə əmrin imzalanması zamanı qüvvədə olan qanunların pozuntusuna yol verilməmişdir. Hərbi qulluqçuların səhhətinə görə hərbi xidmətdən ehtiyata buraxılması “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq (hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) həyata keçirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 29 noyabr 2021-ci il tarixli 330 nömrəli Qərarına əsasən ehtiyatda olan leytenant İddiaçı həqiqi hərbi xidmətə yararlıq dərəcəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 69.1-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 69.2-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Beləliklə, məhkəmə araşdırması ilə bir daha təsdiq olundu ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 79 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1991-ci il təvəllüdlü leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması haqqında xx.xx.2017-ci il tarixli 0353 №li əmrində dəyişiklik edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 330 №li 29 noyabr 2021-ci il tarixli Qərarına uyğunlaşdırılmaqla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə - hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən ehtiyata buraxılması vəzifəsi qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev