Məhkəmə qərarları › İş №2-1(112)-171/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-171/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-171/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2004-cü il tarixdə verilmiş 082695 nömrəli “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuş, 1992-1993-cü illər ərzində Azərbaycan Respublikası Silahı Qüvvələrinin müvafiq hərbi hissələrinin tərkibində erməni millətçilərinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Hətta döyüşlər zamanı yaralanaraq müəyyən müddət müalicə almış və sonra yenidən hərbi xidmətə qayıtmışdır. Göstərilənlərə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi (əvvəlki Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı) tərəfindən xx.xx.2000-ci il tarixdə ona MN seriyalı 041967 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Həmin vəsiqə sonradan itdiyi üçün xx.xx.2004-cü il tarixdə ona təkrar olaraq 082695 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Bir müddət sonra isdiaçı naməlum şəraitdə “Müharibə veteranı” vəsiqəsini yenidən itirmiş və bununla əlaqədar həmin vəsiqənin dublikatının verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Müdafiə Nazirliyi iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Komissiyaya təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər iddiaçıya “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsinə kifayət etmir. Müdafiə Nazirliyinin yuxarıda qeyd olunan məktublarının əlaqəli təhlilindən də məlum olur ki, iddiaçıya "Müharibə Veteranı” vəsiqəsi verilmiş və həmin vəsiqə hazırda da qüvvədədir. Çünki Nazirlik birinci məktubunda iddiaçıya "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və yaxud "Müharibə veteranı” statusunun ləğv edilməsi barədə protokolun və ona əsas olmuş sənədlərin surətlərinin təqdim olunması ilə bağlı da sorğu verdiyini qeyd etmişdir. İkinci məktubda isə sorğulara cavab olaraq Komissiyaya təqdim olunmuş sənədlərin daha əvvəl iddiaçıya verilmiş vəsiqənin dublikatının verilməsinə guya kifayət etmədiyi bildirilmiş, lakin vəsiqənin statusunun ləğv olunması ilə bağlı hər hansı bir qeyd göstərilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin imtinasının qanunsuz hesab olunması və daha əvvəl ona verilmiş “Müharibə Vetranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)- 940/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Bundan dərhal sonra iddiaçı məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 940/2021 saylı qərarı əlavə olunmaqla yenidən ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyi ərizəyə xx.xx.2021-ci il tarixli məktubla cavab verərək yenə də “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsindən imtina etmişdir. Daha sonra isə Məhkəmə xx.xx.2021-ci il tarixli məktubu ilə xx.xx.2021-ci il tarixli, 2-1(112)-940/2021 saylı qərarını icra olunması üçün AR Müdafiə Nazirliyinə göndərmişdir. Lakin bugünədək Müdafiə Nazirliyi tərəfindən Məhkəmənin qərarının icrası ilə bağlı hər hansı bir rəsmi məlumat verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. İddiaçı iddia ərizəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi (Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı) tərəfindən verilmiş MN seriyalı 041967 nömrəli xx.xx.2000-ci il tarixli vəsiqəsinin naməlum şəraitdə itirdiyi üçün həmin vəsiqənin dublikatının verilməsini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli 082695 nömrə ilə İddiaçı təkrar olaraq vəsiqə verilmiş, lakin sözügedən təkrar verilmiş vəsiqənin aqibəti barədə hər hansı məlumatlar qeyd etməmişdir. İddiaçının eyni iddia üzrə 1 may 2020-ci il tarixli iddia ərizəsinə dair Bakı İnzibati Məhkəməsində məhkəmə baxışı zamanı iddia ərizəsinə göndərilmiş münasibətdə (etiraz) iddia üzrə bütün hallara tam aydınlıq gətirilməsi məqsədilə müvafiq sənədlərlə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir. Bu kimi hallarla bağlı Məhkəmə tərəfindən 31 mart 2021ci il tarixli 2-1(112)-940/2021 nömrəli qərar qəbul edilmişdir. Qərarda cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi qərara alınmışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-940/2021 nömrəli qərarı icra edilmişdir. Komissiyaya daxil olmuş sənədlər əsasında 11 iyun 2021-ci il tarixli iclasda baxılmış və qərara alınmışdır ki, döyüş əməliyyatları aparılan zaman İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumatın, habelə hərbi biletində möhtəbərliyi şübhə doğurmayan hərbi hissənin gerbli möhürü ilə təsdiq olunmuş xidməti və döyüşlərdə iştirakı barədə qeydlər olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bu səbəbdən Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən haqlı olaraq İddiaçı ‘Müharibə Veteranı” adının və vəsiqəsinin yenidən (təkrar) verilməsindən imtina edilmişdir. İddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bəndə əlavə edilmiş Qeydə görə bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin 2-ci hissəsinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncuon birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə, yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması başa düşülür. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən iddiaçının bu iki şərti ödəməsi öz təsdiqini tapır. Belə ki, iddiaçıya məxsus НЗ №6508145 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1992-xx.xx.1992-ci illərdə N saylı hərbi hissənin tərkibində Ağdərə rayonunun Çıldıran kəndində döyüşlərdə iştirak etmişdir. İddiaçının təqdim etdiyi Səbail Rayon Hərbi Komissarlığının xx.xx.1999-cu il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Milli Ordunun N saylı hərbi hissəsində hərbi xidmət keçmiş və xx.xx.1992-ci ildə Ağdərə rayonu, Çıldıran kəndində gedən döyüşlərdə yaralanmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 1373 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış, ehtiyatda olan, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 57 №-li əmrilə (əsas: §-1, səh-51, sıra-1, əmr olduğu kimi yazılmışdır) hərbi hissədə kəşfiyatçı-sanitar mahir atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 60 №-li əmrində (əsas: §-1, səh-53, əmr olduğu kimi yazılmışdır) sərhəddəki vəziyyəti nəzərə alaraq, N №-li hərbi hissə komandirinin sərəncamına əsasən, Füzuli rayonuna ezam olunan müddətdən artıq xidmət etmiş, sıravi hərbiçilərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 71 №-li əmrində (əsas: §-2, səh-64, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr olduğu kimi yazılmışdır) Füzuli rayonundan, ezamiyyətdən geri qayıdaraq öz vəzifələrinin icrasına başlamış hərbiçilərin siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 78 №-li əmrində (əsas: §-7, səh-72, sıra-1, əmr olduğu kimi yazılmışdır) “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ailə vəziyyətinə görə, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin 185 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.1992-ci il tarixdə “Sağ sağrının, sol budun dəlib keçən, sol diz oynağının toxunan güllə yarası”, xx.xx.1992-ci il tarixdə “Sağ sağrının, sol budun dəlib, sol diz oynağının toxunub keçən güllə yaralanması nəticəsində, sol diz oynağında cüzi hərəkət məhdudluğu” və xx.xx.1993-cü il tarixdə “Sağ sağrının, sol budun dəlib keçən güllə yarası. Sol diz oynağının toxunan güllə yarası” diaqnozları ilə Müdafiə Naziliyinin Hərbi Poliklinikasının (229 №-li Hərbi Poliklinikanın) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Yaralanma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır: 1. 39 q maddənin İ bəndinə əsasən xəstəliyə görə 30 (otuz) gün məzuniyyət verilmişdir; 2. 39 q maddənin İ bəndinə əsasən xəstəliyə görə 30 (otuz) gün məzuniyyət verilmişdir; 3. Müdafiə nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinin İ bəndinə əsasən hərbi xidmətə yararlıdır (Əsas: Müdafiə Naziliyinin Hərbi Poliklinikasının (229 №-li Hərbi Poliklinikanın) 1992-1993-cü illərə məxsus “Hərbi Həkim Komissiyasının İclas Protokolları” kitablarının 4256, 4869, 83-cü sayındakı qeydlər). Göründüyü kimi, iş materialları ilə iddiaçının 1992-1994-cü illərdə N və N saylı hərbi hissənin tərkibində Ağdərə, Fizuli rayonlarında döyüş əməliyyatlarında iştirak etməsi, bu zaman yaralanması və aldığı xəsarətin səlahiyyətli orqan tərəfindən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi, həmçinin iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 78 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ailə vəziyyətinə görə, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunması tam təsdiq edilir. Belə olan halda aydındır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə uyğun olaraq ona müharibə veteranı adının verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir. İşdən görünür ki, məhz bu hallar nəzərə alınaraq xx.xx.2000-ci ildə iddiaçıya ilk dəfə müharibə veteranı statusunu təsdiq edən vəsiqə verilmişdir. Belə ki, iş materiallarında olan M/V №041967 nömrəli vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2000-ci il tarixdə iddiaçıya müharibə veteranı vəsiqəsi verilmişdir. M/V №041967 nömrəli xx.xx.2024-cü il tarixli vəsiqənin surətindən isə müəyyən edilir ki, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı tərəfindən iddiaçı təkrar müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı hazırda hər iki vəsiqəni itirdiyindən ona verilmiş müharibə veteranı vəsiqəsinin dublikatının verilməsini xahiş edir. İşdə olan cavabdehin xx.xx.2020-ci il traixli məktubunan görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş itirilmiş, korlanmış və yararsız hala düşmüş Müharibə veteranı" vəsiqəsinin əvəzinə yeni vəsiqənin (dublikatın) verilməsinə dair ərizəsi və sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın icraatına qəbul edilmişdir. Bununla əlaqədar, ona “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi və yaxud “Müharibə veteranı" statusunun ləğv edilməsi barədə protokolun və ona əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin alınması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sına sorğu göndərilmişdir. Müvafiq sorğulara cavablar alındıqdan sonra məsələyə baxılaraq müvafiq qərar qəbul olunacaq, bu haqda iddiaçıya əlavə məlumat veriləcəkdir. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış ərizəyə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-cu il tarixli iclasında baxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən Komissiyaya təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər iddiaçıya “Müharibə Veteranı" vəsiqəsinin dublikatının verilməsinə kifayət etmir. Bununla əlaqədar, “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsi məsələsinə yenidən baxılması üçün hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini, hərbi xidmət barədə arxiv arayışını, döyüşlərdə iştirakı (yaralanmağı) təsdiq edən digər arayış və sənədləri komissiyaya təqdim edilməsi xahiş edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya müharibə veteranı statusunun və bunu təsdiq edən vəsiqəsinin verilməsini qəbul etmiş, onun ləğv edilib edilməməsi hallarını araşdırmaq üçün zəruri sorğu göndərmiş, lakin həmin halı aydınlaşdırmadan təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin iddiaçıya “Müharibə Veteranı" vəsiqəsinin dublikatının verilməsinə kifayət etmədiyi barədə hər hansı bir əsaslandırmadan məhrum qənaətə gəlmiş, bununla statusun ləğv edilməməsini və hazırda qüvvədə olduğunu qəbul etmişdir. Cavabdeh iddiaçıdan hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti, hərbi xidmət barədə arxiv arayışı, döyüşlərdə iştirakı (yaralanmağı) təsdiq edən digər arayış və sənədlərin komissiyaya təqdim edilməsini xahiş etsə də, iddiaçının təqdim etdiyi sənədlərin heç birinə hüquqi qiymət vernəmiş, iddiaçının döyüş əməliyyatları zamanı yaralanmasını da nəzərə almamışdır. Beləliklə, işin yuxarıda sadalanan hallarına əsasən iddiaçıya müharibə veteranı statusunun verilməsi ilə bağlı bütün şərtlər ödənildiyindən, iddiaçının həmin statusunun olması və ləğv edilməməsi müəyyən edildiyindən, yekunda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar