Məhkəmə qərarları › İş №2-1(112)-1711/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1711/2024

01.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1711/2024 01.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli DVX 000123 (Vergi sisteminə düşən tarix) tarixli aktın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, 000123 seriyalı akta əsasən OVN qərarı **********1878 qərarda 51075.01 manat miqdarında əlavə hesablanmış vergi və ya sığorta haqqı həmçinin Akta əsasən analoji hesablanan 95224.59 manat və 17500.48 manat faiz üzrə digər vergi öhdəliklərini məbləğini ödəməyi qeyd olunmuşdur. Həmin qərarla razı olmadığı üçün xx.xx.2023-cü il tarixdə vergi orqanına **********586300 şikayət ərizəsi ünvanlamışdır. Lakin inzibati orqan tərəfindən keçirilən operativ vergi nəzarətinin aktı qüvvədə saxlanıldı. Gələn uyğunsuzluq məktublarına əsasən təkrar inzibati orqana xx.xx.2023 tarixli **********307900 edilən şikayətə əsasən inzibati orqan tərəfindən apellyasiya şurasına və ya məhkəmə orqanına müraciət edilməsi bildirildi. Həmin akt əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, X5 Limited (VÖEN-**********) Şirkətinin 2019cu il mənfəət vergisi bəyannaməsinin “Əlavə 1” bölməsində 432809.03 manat mal qalığına əsasən 3 ildən sonra xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri nəticəsində həmin malların yerində olmadığını aşkarlayaraq Vergi Məcəlləsinin 58.13 maddəsinə əsasən 10% maliyyə sanksiyası 51075.01, həmçinin 17 313.56 manat mənfəət vergisi tətbiq edilmişdir. Digər tərəfdən operativ vergi nəzarəti yoxlaması zamanı **********147200 nömrəli məktubla həmin yoxlamaya təsir edəcək sənədlər təqdim edilmişdir. Belə ki, məktubda malların qaytarılması ilkin uçot sənədi və həmçinin elektron sistemdə qaimələrin qaytarılması aktları ilə bağlı məlumatlar əks edilmişdir. Qaimənin qaytarıldığı şirkət V-Trade MMC (VÖEN-**********) xx.xx.2019-cu il tarixdə qoşulma prosesi nəticəsində ləğv edilərək hüquqi varisi Veysəloğlu MMC (VÖEN-0********) elan edilmişdir. İlkin uçot sənədinə əsasən 27 may tarixdə qarşı tərəfə təqdim edilmişdir. Ancaq elektron sistemdə həmin qaimələrin qaytarılması ləğv edilən Şirkətin asan imzası olmadığı üçün mümkün olmamışdır. X5 Limited Şirkəti tərəfindən qaytarma qaimələri tərtib edilsə də qarşı tərəf bunu təsdiqləyə bilmədiyi üçün sistem tərəfindən avtomatik qaytarma qaimələri ləğv edilmişdir. X4 İnvest Limited Şirkəti həmin malların ödənişlərini icra etmiş və əvəzləşdirmə əməliyyatı aparmışdır. Həmin əvəzləşdirmə əməliyyatının çıxarılması və yaranan 77911,01 manat vergi öhdəliyinin icrası tərəfindən həyata keçiriləcəkdir. Operativ vergi nəzarəti çərçivəsində tətbiq edilən maliyyə sanksiyasının (17313.56 mənfəət, 51075.01 OVN qərarı) ləğv edilməsi xahiş edilmişdir. 3 ildən artıqdır ki, fəaliyyəti olmayan müəssisənin əlavədə malların qaytarılmasını sübut edən ilkin uçot sənədini və elektron qaimələrin qaytarılmasını ancaq qarşı tərəfin asan imzası olmadığı üçün avtomatik ləğv edilməsini sübut edən məlumatlar diqqətinə çatdırılmışdır. Fəaliyyəti olmayan müəssisənin tətbiq edilən maliyyə sanksiyalarını ödəmə qabiliyyəti sıfıra bərabərdir. Lakin yuxarıda qeyd edildiyi kimi əvəzləşdirilən ƏDV məbləğinin əvəzləşmədən çıxarılması ilə yaranan vergi öhdəliyinin icrasını müəssisə öz üzərinə götürür. Qeyd edilənləri nəzərə alaraq digər tətbiq edilən maliyyə sanksiyalarının ləğv edilməsi xahiş edilmişdir. Həmin anbar qalığının məbləğin satışı ilə bağlı heç bir əsas yoxdur. Nəzərə alınması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********1878 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli DVX 000123 №-li aktın ləğv edilməsi” tələbinə dair 2-1(112)-12080/2023 saylı iş üzrə inzibati mübahisələr dair məhkəmə işi icraatdadır. İddiaçı tərəfindən dövlət büdcəsinə 138.397,77 (bir yüz otuz səkkiz min üç yüz doxsan yeddi manat, yetmiş yeddi qəpik) manat vergi borcu ödənilmişdir. Dövlət Vergi Xidmətindən daxil olmuş arayışa əsasən vergilər, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə borc yoxdur. Riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərar və maliyyə sanksiyasının tətbiq edilməsi halı yoxdur. Qeyd olunanların nəzərə alınaraq icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, həmin Qanunun 23.3.5.1-ci, 23.3.5.2-ci və 23.3.5.3-cü (maliyyə sanksiyasına münasibətdə) maddələrində qeyd olunan halların mövcud olmaması barədə arayışdan görünür ki, “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vergilər üzrə, məcburi dövlət sosial sığorta haqqı üzrə, işsizlikdən sığorta haqqı üzrə, icbari tibbi sığorta haqqı üzrə borcu, o cümlədən riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərar və maliyyə sanksiyasının tətbiq edilməsi halı yoxdur. Azərbaycan Respublikası Mərkəzi Bankı (X3) tərəfindən təqdim edilmiş ********** saylı xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X5 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin balansına 138397,77 manat məbləğində pul ödənişi edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiadan imtina edildiyi üçün icraata xitam verilməli və iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55, 81.1 və 83.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar