Məhkəmə qərarları › İş №2-1(112)-17111/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17111/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17111/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinə qarşı “möhlət hüququnun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinə qarşı “möhlət hüququnun verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış və bu məqsədlə tibbi yoxlanışa göndərilmişdir. Tibbi yoxlanışdan sonra o, hərbi xidmətə yararsız hesab edilərək, 3 il müddətinə möhlət hüququ verilmişdir. Təkrarən 2022-ci il tarixində iyun ayında hərbi xidmətə çağrılmış, tibbi yoxlanışdan keçmiş və ona yoğun bağırsağın uzantısı (dorixo-siqma) qoyularaq 3 illik möhlət hüququ verilmişdir. 2025-ci ilin sentyabr ayında yenidən iddiaçı müddətli həqiqi hərbi ximdətə çağrılmış, tibbi yoxlanışdan keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçı bildirir ki, səhhətində qeyd olunan xəstəlikdən əlavə, digər xəstəliklər vardır. Bunları tibbi komissiyada bildirməsinə baxmayaraq, heç bir əhəmiyyət verilməmiş və xidmətə yararlı olmağına dair rəy verilmişdir. Göründüyü kimi, Tibbi-Sosial Ekspertiza Komissiyası bu amilləri qiymətləndirmədən ədalətsiz və qərəzli rəy qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyində “hərbi xidmətə yararlıdır" kimi qiymətləndirilmişdir. İddiaçı tibbi-sosial ekspert komissiyasında müayinə olunarkən, müayinə səthi aparılmış, şikayətlərim nəzərə alınmamış və nəticədə əsassız rəy qəbul edilmişdir. Mən uzun illərdir "Yoğun bağırasğın uzantısı, baş nahiyəmdə ciddi ağrılar" xəstəliyindən əziyyət çəkirəm, qan təyziqinin olması səbəbindən normal həyat fəaliyyətindən geri qalıram. Bundan əlavə, xəstəliyim səbəbilə hərəkət zamanı ciddi çətinliklər yaşayıam. Bu halların mənim sağlamlıq vəziyyətimə mənfi təsir göstərməsinə baxmayaraq, Tibbi-Sosial Ekspertiza Komissiyası bu amilləri qiymətləndirmədən ədalətsiz və qərəzli rəy qəbul etmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddia tələbinə münasibətdə verdiyi etirazda qeyd etmişdir ki, iddiaçının inzibati orqana müraciəti və onun barəsində forma 44 olmamışdır. Odur ki, cavabdeh iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə cavabdehlər qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Adıçəkilən Məcəllənin:

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. Bununla bağlı Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında” Əsasnamənin: 1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılan müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi istisna olmaqla), hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət; 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2-1.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin aparılması üçün tibbi müayinənin nəticələrinə dair sənədləri onların rəsmiləşdirildiyi gün altsistemə daxil edir. Agentlik çağırışçının yekun tibbi müayinəsini altsistemə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Yuxarıda sadalanan normaların müqayisəli təhlilindən də göründüyü kimi şəxsin hərbi xidmətə yararlılıq kateqoriyalarının müəyyən edilməsi müvafiq Əsasnamə əsasında həyata keçirilir. Qeyd etmək lazımdır ki, ilkin hərbi qeydiyyat, müddətli həqiqi xidmətə çağırılma və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının “B”, “C”, “Ç” və “D” olaraq təyin edilməsi hallarında, hərbi həkim komissiyalarının verdiyi rəylər Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndikdən sonra, müvafiq göndəriş (forma 44) VEİS üzərindən formalaşdırılır və yekun tibbi müayinə üçün altsistemə ötürülür. Bununla yanaşı, “A” kateqoriyasına daxil olan şəxslər üçün, göndərişin formalaşdırılması və yekun tibbi müayinənin Tibbi Sosial Reabilitasiya Agentliyinə göndərilməsi Əsasnamədə nəzərdə tutulmamışdır. İddiaçı, cavabdehlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun Nizami rayon İdarəsini göstərmişdir. Lakin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi məktubdan göründüyü kimi, iddiaçıya aid yekun tibbi müayinənin həyata keçirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən müvafiq göndəriş verilməmişdir. Beləliklə, bu çərçivədə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının hüquqlarının pozulması ilə bağlı heç bir hüquqi əsas müəyyən olunmamışdır. İddiaçı, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ayrıca cavabdeh tərəf kimi göstərmişdir. Halbuki, qeyd olunmalıdır ki, müvafiq Əsasnaməyə əsasən, ilkin hərbi qeydiyyatın, çağırışa uyğunluğun və hərbi xidmətə yararlılığın müəyyən edilməsi yalnız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Buna görə də, iddiaçının ayrıca cavabdeh qismində göstərdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini hazırki iş üzrə cavabdehlik daşımır. Bundan əlavə, iddianın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinə qarşı olan hissəsi ilə qeyd olunur ki, iddiaçı iddia ərizəsində yalnız yekun tibbi müayinənin nəticələrindən narazılıq ifadə edilmiş və həmin nəticənin ləğv edilməsi, hərbi xidmətə yararlılıq kateqoriyasının yenidən müəyyən edilməsi və möhlət hüququnun verilməsini tələb etmişdir. Lakin, bu tələblərin əsası, nə iddia ərizəsi, nə də hər hansı bir müvafiq sənəd ilə əsaslandırılmışdır. Həmçinin, iddiaçı tərəfindən möhlət hüququnun verilməsi ilə bağlı müraciət edilməmiş və bu barədə inzibati icraata başlanılmamışdır. Bu fakt, iddiaçının hüquqi marağının aydın olmamasını göstərir. İnzibati orqan tərəfindən iddiaçının hüququnun pozulmasına dair hər hansı bir hərəkət və ya hərəkətsizlik yoxdur. Nəticə etibarilə, hüquqi baxımdan qeyri-müəyyən olan bu iddia iddiaçının hüquqi marağının aydın olmamasını göstərir ki, mövcud iddia mümkünlük şərtlərinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar