Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1713/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, ev 9Q ünvanına daimi pasport qeydiyyatına alınması vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu ildə X12 ilə ailə həyatı qurduqdan sonra Zaurun anası X2 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, ev 9Q ünvanına gəlin köçmüşdür. Birgə nikahlarından doğulmuş azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X7 da sözügedən ünvanda doğulub, boyabaşa çatıblar. Hal-hazırda da ailəsilə birlikdə həmin ünvanda yaşayırlar. Faktiki olaraq sözügedən ünvanda yaşasa da ünvan 2nvanında daimi passport qeydiyyatındadır. AR Qanunvericiliyinin tələblərinə müvafiq olaraq iddiaçı faktiki olaraq yaşadığı ünvana daimi passport qeydiyyatına alınmaq istəyir. Bu səbəbdən də Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Sabunçu RPİ tərəfindən ərizəsi təmin edilməmiş, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu isə iddiaçının hüquqlarını pozmaqla yanaşı, həm də formal olaraq qeydiyyatda olduğu mənzilin mülkiyyətçisi ilə aralarında əhəmiyyətsiz münaqişələrin yaranmasına səbəb olur. Belə ki, qeydiyyatda olduğu mənzilin mülkiyyətçisi iddiaçıya görə əlavə kommunal ödənişlər etdiyini əsas gətirərək həmin mənzildən daimi passport qeydiyyatından çıxmasını tələb edir. Ona görə də faktiki olaraq yaşadığı ünvana daimi passport qeydiyyatına alınmağı zərurəti yaranmışdır. Həyat yoldaşı Zaur Yusifzadə və anası Zafda Yusifova da sözügedən mənzildə daimi passport qeydiyyatındadırlar. Bundan əlavə ailə üzvləri, eləcə də Zafta Yusifova da iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, ev 9Q ünvanına daimi passport qeydiyyatına alınmasına etiraz etiraz etmirlər. Eyni zamanda ailə üzvləri, mərhum qaynatası X8, qaynanası X4, həyat yoldaşı X12 da sözügedən ünvana, yəni ünvan 3u rayon məhkəməsinin 29 noyabr 2005-ci il tarixli, 2-2611/05 saylı qətnaməsi ilə daimi passport qeydiyyatına alınmışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 2nvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin 2-2611/05 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X3 cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair iddia tələbi təmin edilərək X8 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, ev 9Q saylı evə qeydiyyata alınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli, 384679 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2099-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İ № 570473 nömrəli xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən X12 və X5 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 647 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, ev 9Q sayl fərdi yaşayış evnin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən xx.xx.1951-ci il təvəllüdlü X4, xx.xx.1977-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X14 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, ev 9Q ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyti Başçısının Zabrat Qəsəbəsi inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi xx.xx.2023-cü il tarixli, 5-18-10/2-1365/2023 nömrəli cavab məktubunda bildirmişdir ki, İddiaçı ünvan 6 ünvanda qeydiyyatsız yaşayır.(AZ-l № 570473 saylı nigah haqqında şəhadətnaməyə əsasən). Həmin ünvanda qeydiyyatda olan ailə tərkibi: (ASAN 5 arayışına əsasən)) Həyat yoldaşı: X12-1984, Oğlu: X14-2017, Qızı: X7-2018, Oğlu: X13-2011. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 073-17360Y-3222 nömrəli məktubunda bildirilmişdir ki, Sizin qeydiyyatsız yaşadığınız Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 8 ünvanına qeydiyyata alınmağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmağınız imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə müraciət etməyiniz məqsədə müvafiq hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçıların məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı əri X12, övladları X14, X7, X13 ilə ünvan 11 ünvanda faktiki yaşasa da özü həmin ünvanda qeydiyyatda deyildir. Həmin ünvana iddiaçı X1 Rayon Məhkəməsinin 2-2611/05 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən ailə üzvləri ilə birlikdə qeydiyyata alınmışlar. İddiaçının yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Belə olan halda hesab edilir ki, iddiaçının ailə üzvləri həmin ünvanda qeydiyyatda olduğu halda iddiaçının da ailə üzvləri ilə birgə faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmanı tələb etməkdə haqlıdır. Bu zaman məhkəmə o halı da nəzərə alır ki, mübahisəli ünvanda qeydiyyatda olan qohumlarının da iddiaçının həmin ünvana qeydiyyata alınmasına etirazları təqdim edilməmişdir. Beləliklə, iddiaçının yaşadığı ünvana qeydiyyata alınmasından imtina edilməsi ona münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, ev 9Q ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nizami küçəsi, ev 9Q ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1713/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1713/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver