Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1714/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5793/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” hissəsinin ləğv edilməsi, iddiaçıya artıq ödənilmiş pul vəsaiti qismində 3.419,04 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə iddiaçıdan əvəzləşdirilmə nəticədə silinmiş 1 740, 19 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. Mübahisənin predmeti.
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, iddiaçıdan artıq ödənilmiş 3419.04 manat pul vəsaitinin tutulmasının qanunsuz hesab edilməklə həmin borcun ləğv edilməsi, iddiaçıya ödənilməli olan 1740.19 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qərarın ləğv edilməsi və iddiaçıya ödənilməli olan 1740.19 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5793/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” hissəsinin ləğv edilməsi, iddiaçıya artıq ödənilmiş pul vəsaiti qismində 3.419,04 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə iddiaçıdan əvəzləşdirilmə nəticədə silinmiş 1 740, 19 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 01 noyabr 2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2017-ci ildən sabiq dövlət qulluqçusu kimi DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O, digər əmək fəaliyyəti ilə yanaşı xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə qədər, xx.xx.2004-cü ildən xx.xx.2016-cı ilə qədər DSMF-də müxtəlif vəzifələrdə dövlət qulluğunda işləmişdir. Onun dövlət qulluğunda iş stajı 16 il 08 ay 4 gündür. Lakin DSMF orqanı apardığı araşdırma nəticəsində iddiaçının 11 il 11 ay 10 gün olmaqla dövlət qulluq stajını əsas götürməklə iddiaçının pensiyasını yenidən hesablamışdır. Bu zaman təbii olaraq inzibati orqan tərəfindən yenidən hesablanma nəticəsində iddiaçının pensiya məbləğində azalmalar müşahidə olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci ilədək 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almış, sonradan xx.xx.2024-cü ildən iddiaçı əlillik qiymətləndirilməsi dəyişilmiş və ona 3-cü dərəcəli əllik qiymətləndirilməsi əsasında sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan əlilliyə görə əmək pensiyası təyin olunan zaman apardığı araşdırma nəticəsində guya müəyyən etmişdir ki, vaxtilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilən zaman pensiyanın hesablanma qaydasında yalnışlıqlara yol verilmiş və bunun nəticəsində də ümumilikdə 3419.04 manat məbləğində pul vəsaiti iddiaçıya artıq şəkildə ödənilmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası üzrə 1740.19 manat pulun əskik ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh orqanın apardığı araşdırmanın yekununa uyğun olaraq iddiaçıya ödənilməli olan 1740.19 manat vəsait iddiaçıya artıq ödənilmiş 3419.04 manat pul vəsaiti ilə əvəzləşdirilmiş və bunun nəticəsində 1678.85 manat məbləğində artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi iddiaçıdan tələb edilmişdir. Hazırkı vəziyyətdə cavabdeh orqan bir araşdırma ilə iki hal üzrə qanunvercilik normalarını pozmuşdur. 1.İddiaçıya ödənilməli olan 1740.19 manat vəsaiti AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 145 №-li Qərarı ilə təsdiq edilmiş Qaydasının 6.6-cı bəndini düzgün şəkildə şərh etmədən həmin pul vəsaitini əvəzləşdirmiş; 2.“İnzibati icraat haqqında” AR Qanununa zidd olaraq etimad hüququnun qorunması prinsipinə istinad etmədən 3419.04 manat məbləğində artıq ödənilmiş pul vəsaitini borc şəklində hesablamışdır. Birinci halla bağlı - “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasıçısının razılığı ilə, əmək pensiyasını təyin edən orqanın qərarı əsasında razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin qaydaların 6-cı bəndi əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi adlanır. Həmin bəndə xx.xx.2023-cü il tarixdə aşagıdakı məzmunda 6.6-cı bənd əlavə edilmişdir:”Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.16-cı-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir”. Göründüyü kimi qanunvercilik artıq ödənilmiş məbləğin əvəzləşdirməsi qaydasını Qanunun 39.1-ci maddəsi nəzərə alınmaqla həyata keçirilməli olduğunu şərtləndirir. Yəni cavabdeh inzibati orqan tərəfindən ilk növbədə artıq ödəmə halı müəyyən edilməli daha sonra həmin artıq ödənilmiş məbləğin 39.1-ci maddəyə əsasən könüllü olaraq DSMF-nin büdcəsinə ödənilməsi üçün şəxsin razılığı alınmalı, əgər bu razılıq olmadığı təqdirdə o zaman həmin məbləğin tutulması barədə məhkəmədə iddia qaldırılmalıdır. Qaldırılmış iddia təmin olunduğu təqdirdə isə cavabdeh orqanın iddiaçıya ödəməli olduğu əlavə məbləğ mövcuddursa o zaman Qaydaların 6.6-cı yarımbəndi tətbiq edilərək əvəzləşdirmə həyata keçirilməlidir. Hazırkı mübahisənin mahiyyətindən görünür ki, artıq ödənilmiş məbləğin DSMF-nin büdcəsinə qaytarılması ilə əlaqədar vətəndaşdan yazılı razılıq alınmamışdır. Həmçinin həmin məbləğin DSMF-nin büdcəsinə qaytarılması üçün məhkəməyə iddia ilə müraciət edilməmişdir. Bu hallar mövcud olmadan cavabdeh inzibati orqanın ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirilməsi ilə əlaqədar hərəkəti qanuni və əsaslı ola bilməz. İkinci halla bağlı aparılan inzibati icraat zamanı iddiaçının pensiyasının azalmasına yönəlmiş hərəkətləriniz əsaslı olmamışdır. Belə ki, İddiaçı tərəfindən ilkin pensiya təyinatı zamanı tələb olunan sənədlər DSMF orqanına təqdim edilmişdir. İlkin təyinat aparılan zaman tərəfinizdən həmin sənədlər əsasında pensiyanın məbləği müəyyən edilmişdir. Yəni əgər hər hansı bir anlaşılmazlıq və ya düzgün olmayan məlumat təqdim edilsə idi bu zaman təyinat düzgün şəkildə həyata keçirilə bilməzdi. Göründüyü kimi İddiaçı pensiyasının azaldılmasında ifadə olunan hərəkətlər əsassızdır. Bundan başqa İddiaçı pensiyasının azalmasına səbəb olan mərkəzi filialın inzibati aktı (qərar) ona təqdim edilməmişdir. Adıçəkilən qərarın vətəndaşa təqdim edilməməsi “İnzibati icraat haqqında” AR Qanununun pozulması hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 17 mart 2017-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. 17 mart 2017-ci il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə əlavəsi 57,76 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat olmaqla orta aylıq əmək haqqısı 407,76 manat təşkil edib. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 11 il 11 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (407,76 manat) 60 faizi-244,66 manat məbləğində hesablanıb. Adıçəkilən şəxsin 11 il 11 ay 10 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 39,72 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə əlavəsi 63,64 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat olmaqla orta aylıq əmək haqqısı 443,64 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (407,76 manat) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (443,64 manat) arasındakı fərq məbləğinin (35,88 manat) 39,72 faizi-14,25 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (244,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 258,91 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə əlavəsi 95,94 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat olmaqla orta aylıq əmək haqqısı 640,94 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (443,64 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (640,94 manat) arasındakı fərq məbləğinin (197,30 manat) 39,72 faizi 78,37 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (258,91 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 337,28 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 622,20 manat köçürülüb. Bu səbəbdən də həmin dövr ərzində İddiaçı 3419,04 manat artıq pul vəsaiti ödənilib. Adıçəkilən şəxsin əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 aprel 2022-ci il tarixindən dayandırılıb. Adıçəkilən şəxsin təkrar müayinədən keçməsi ilə əlaqədar 11 yanvar 2024-cü il tarixindən İİİ dərəcəli əlilliyi müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023- cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində onun əmək pensiyası 11 yanvar 2024-cü il tarixindən 473,21 manat məbləğində müəyyən edilib, həmçinin İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 1740,19 manat pensiya məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ödənilməli olan 1740,19 manat pul vəsaiti ona son üç il üzrə artıq ödənilmiş 3419,04 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 1678,85 (3419,04-1740,19) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 5.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir,iddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 7.İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə işlasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİİ. Tədqiq edilmiş sənədlər
İddiaçının cavabdehə ünvanlanmış ərizəsinə əsasən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, ondan 3419.04 manat artıq ödənilmiş pul vəsaitinin tutulmasının qanunsuz hesab edilməklə həmin borcun ləğv edilməsi, ona ödənilməli olan 1740.19 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qərarın ləğv edilməsi və ona ödənilməli olan 1740.19 manat pul vəsaitinin ödənilməsi xahiş edilmişdir.
Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-5793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının yaşa görə pensiyası yenidən hesablanmış və 473 manat 21 qəpik pensiya məbləği təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 12 iyul 2024-cü il tarixli, 9-3/2- 2175/2024 saylı məktubunda aşağıdakılar qeyd edilmişdir- 1998-2003-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 2004-2011-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə rayon şöbələrində aparıcı müfəttiş, aparıcı məsləhətçi, məsləhətçi-mühasib, məsləhətçi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 2011-2016-cı illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda baş məsləhətçi vəzifəsi müddətli əmək müqaviləsi əsasında tutulduğu üçün qeyd edilən illər dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
İV. Tətbiq edilən hüquq
9.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4-cü maddəsinə əsasən bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir:22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı;22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı;22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı;22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın: 1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1-ci bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda;..6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə;..6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda;6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.3-cü bəndinə əsasən avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınır. 6.6.-ci bəndinə ədsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir 11.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0-ci maddəsinə əsasən bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3-cü maddəsinə əsasən bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda; 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. V. Məhkəmənin mövqeyi
12. İşin faktiki hallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2017-ci ildən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin əlillik qiymətləndirilməsinin müddəti xx.xx.2022-ci ilə qədər qüvvədə olmuş və iddiaçıya həmin tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Daha sonra 11 yanvar 2024-cü il tarixindən İİİ dərəcəli əlilliyi müəyyən edilməsi ilə bağlı cavabdeh xx.xx.2024-cü ildən sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Eyni zamanda cavabdeh vaxtilə iddiaçıya əmək pensiyası təyin edilən zaman pensiyanın hesablanmasında yanlışlıqlara yol verilməsi əsası ilə 3419.04 manat məbləğində pul vəsaitinin iddiaçıya artıq şəkildə ödənilməsi nəticəsinə gəlmiş, cavabdeh tərəfindən apardığı araşdırmanın yekununa uyğun olaraq iddiaçıya ödənilməli olan 1740.19 manat vəsait iddiaçıya artıq ödənilmiş 3419.04 manat pul vəsaiti ilə əvəzləşdirilmiş və bunun nəticəsində 1678.85 manat məbləğində artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi iddiaçıdan tələb edilmişdir. 13.Məhkəmə ilkin olaraq yuxarıda sadalanan “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən qeyd edir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.Hazırki işdə iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə, əslində isə iddiaçıya borc hesablanması, iddiaçıdan həmin hesablanmış borcun tələb edilməsi, inzibati orqanın mülahizəsinə əsasən hansısa qaydada əvəzləşdirmələrin aparması kimi hərəkətlərdən əvvəl, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün razılıq ərizəsinin təqdim edilməsi bildirilmiş, lakin həmin məktubun iddiaçıya təqdim edilməsi barədə sübut inzibati iş materiallarında mövcud deyildir, eyni zamanda məktubda- “əmək pensiyası təyin edilərkən əmək kitabçanızda işlədiyiniz vəzifənin düzgün qeyd edilməməsi ilə əlaqədar əmək pensiyanızın düzgün hesablanmadığı aşkar olunub” ifadəsi qeyd edilsə də, məhz hansı vəzifənin düzgün qeyd edilməməsi iddiaçının nəzərinə çatdırılmamış, yəni cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasın konkret nə ilə bağlı olduğu iddiaçıya bildirilməmişdir. Beləliklə, ilkin olaraq məhkəmə müəyyən etmişdir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. 15.Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. 16.Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması, daha doğrusu isə qeyd hissəsində borc hesablanaraq həmin borcun əvəzləşdirilməsi, faktiki olaraq iddiaçıdan borc tutulması barədə iddiaçını əlverişsiz vəziyyətə gətirən qərar qəbul etmiş və həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarına əsasən pensiyadan tutmalar yalnız pensiya alan şəxsin razılığı və ya məhkəmə qərarı əsasında icra edilə bilər. Hazırki halda iddiaçı onun pensiyasından tutmalara (cavabdehin adlandırdığı kimi əvəzləşdirmə aparılmasına) razılığını bildirməmişdir və eyni zamanda bu barədə məhkəmə qərarı da mövcud deyildir. 17.Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, yəni əmək pensiyasının yol verilmiş səhv nəticəsində yanlış – artıq məbləğdə təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir.Onun əmək kitabçası da iddiaçı tərəfindən yazılmamışdır. Belə olan halda maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, bu da cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas olmamasına dəlalət edir. 18.Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, ... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə, səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. 19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-cü maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 21.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası əsaslı olduğu üçün təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-5793/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” hissəsi ləğv edilməli, iddiaçıya artıq ödənilmiş pul vəsaiti qismində 3.419,04 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə iddiaçıdan əvəzləşdirilmə nəticədə silinmiş 1 740, 19 manat məbləğində pulun ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
22. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5793/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” hissəsi ləğv edilsin. İddiaçı artıq ödənilmiş pul vəsaiti qismində 3.419,04 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə iddiaçıdan əvəzləşdirilmə nəticədə silinmiş 1740,19 manat məbləğində pulun ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova