Məhkəmə qərarları › İş №2-1(112)-17144/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17144/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17144/2025 15.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının qanuni nümayəndəsinin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı və X5 Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların qanuni nümayəndəsinin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 iddiaçılar siyahısından çıxarılmasını xahiş etmiş və İddiaçı (bundan sonra – iddiaçı) məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X7 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Bununla bağlı atasına, nənəsinə və babasına məcburi köçkün vəsiqəsi verilmiş və məcburi köçkün statusu əldə edilmişdir. Atası xx.xx.2009-cu ildə anası X6 ilə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2009-cu ildə o anadan olmuşdur. Hal-hazırda onlar Bakı şəhəri, Yeni Yasamal-2, ev 10, mənzil İİİ blokun zirzəmisində müvəqqəti məskunlaşmışlar. İddiaçının qanuni nümayəndəsi hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 1i ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının anası X6 isə ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. X6 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. İddiaçının anası yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsinin nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. AZ-İİ 380017 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Qanuni nümayəndə, anası isə X3r. AZE-İ № 551239 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən Qanuni nümayəndə və X2 nikahı xx.xx.2009-cu ildə bağlanılmış, nikah bağlandıqdan sonra arvada “Sadıqova” soyadı verilmişdir. Qanuni nümayəndə verilmiş AA seriyalı, 368088 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən o, Füzuli rayonundan məcburi köçkündür və Yasamal rayonunda məskunlaşmışdır. Cavabdehin iddiaçının qanuni nümayəndəsinin müraciətinə verilən xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçının anası X2 qeydiyyatı ünvan 2 ünvanında olduğundan iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçının qanuni nümayəndəsi iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir (1). Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər (9). Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir (10). Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir (12). Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a (bundan sonra - Qaydalar) əsasən bu Qaydalar Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli 669-İQ nömrəli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli 55-İQ nömrəli Qanunlarının, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq hazırlanmış, məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edir. “Qaydalar”ın “Əsas anlayışlar” bölməsində göstərilmişdir ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Qaydalar”ın 4.1-ci bəndində göstərilmişdir ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;[3] 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. İşdən göründüyü kimi iddiaçının qanuni nümayəndəsi ərinin məcburi köçkün statusuna malik olmasına əsaslanaraq övladına məcburi köçkün statusunun verilməsini xahiş edir. Sözügedən “Qaydalar”ın da 4.1.6-cı bəndindən göründüyü kimi yetkinlik yaşına çatmamış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün iki şərt mövcuddur: 1) şəxsin atası “məcburi köçkün” statusuna malik olmalı; 2) şəxsin hər iki valideyni işğal olunmuş rayon və ya şəhərdə rəsmi qeydiyyatda olmalıdır. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətinə imtina cavabı vermişdir. Göründüyü kimi iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün qanunvericiliklə müəyyən edilən hər iki şərt mövcud deyildir. Yəni valideynlərindən biri işğalda olmuş ərazidə qeydiyyatda deyildir. Bu hal isə iddiaçıya məcburi köçkün statusunun verilməsini istisna edir. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur, cavabdehin imtinası qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar