Məhkəmə qərarları › İş №2-1(112)-1715/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1715/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1715/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Səbail rayonu, N saylı hərbi hissə) cavabdeh – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Parlament prospekti, 3) qarşı «əmrin ləğv edilməsi» iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 1978-ci il təvəllüdlüdür, 1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 2001-ci ildə həmin təhsil müəssisəsini “suüstü gəmilərin radiotexniki və rabitə vasitələri” ixtisası üzrə bitirmişdir. 2001 – 2002-ci illərdə AR Müdafiə Nazirliyi N saylı hərbi hissənin Hidroqrafiya gəmiləri divizonunun rabitə və radiotexniki vasitələr üzrə mütəxəssisi, 2002 – 2006-cı illərdə həmin hərbi hissənin Müşahidə rayonu komandirinin texnika üzrə müavini, 2006 – 2007-ci illərdə N saylı hərbi hissənin Sex rəisinin müavini, 2007 – 2014-cü illərdə N saylı hərbi hissənin Dəniz müşahidə şöbəsinin zabiti (hidroakustika üzrə), 2014-cü ilin fevral ayından iyul ayınadək həmin şöbənin rəsininin hidroakustika üzrə baş köməkçisi, 2014-cü ilin iyul ayından adıçəkilən şöbənin rəisi vəzifələrində xidmət etmişdir. İkinci dərəcəli kapitan rütbəsi daşıyır. Xidmət dövründə o, 2002 – 2004-cü illərdə X3 “Beynəlxalq dəniz ixtisası” və “ingilis dili” üzrə kurslarına, 2004-cü ilin may – oktyabr aylarında Almaniyada “dəniz ixtisası üzrə irisürətli katerin taktikası, radiotexniki kəşfiyyat, rabitə və silah” kurslarına, 2008-ci ildə 1 ay müddətində NATO ilə Əməkdaşlıq Proqramı çərçivəsində X7 üzrə ABŞ-ın İraqda apardığı dənizdə neft platformalarının mühafizəsi üzrə tədbirə cəlb olunmuşdur. Bundan başqa, ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox dövlətlərdə (Türkiyə, Pakistan, Kanada və s.) müxtəlif tədbirlərdə iştirak etmişdir. 2019-cu ildə keçirilmiş sonuncu attestasiyanın nəticələrinə görə 98,14 bal qiymətləndirilmişdir. Müdafiə Nazirliyinin müvafiq əmrləri ilə təltif olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0625 nömrəli əmri ilə aşağı vəzifəyə, yəni N saylı hərbi hissənin Dəniz müşahidə şöbəsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı 0625 nömrəli xx xxxxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia qaldırılmışdır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «cavabdehin xx xxxxxx 2020-ci il tarixli 0625 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddiaçı hesab edir ki (iddia ərizəsinə əsasən), cavabdehin xx xxxxxx 2020-ci il tarixli 0625 nömrəli əmri müvafiq hissədə qanuna ziddir və onun hüquqlarını pozmuşdur. Belə ki, uzun müddət xidməti dövründə şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. Fəaliyyətində nöqsan olmamış, lakin 2020-ci ilin avqust ayında o, hərbi hissə rəhbərliyi tərəfindən qərəzli və haqsız olaraq aşağı vəzifəyə, daha dəqiq desək tutduğu şöbə rəisi vəzifəsinin köməkçisi vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixli əmr ləğv edilməlidir. İddia tələbi əsaslıdır. Cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi iddiaya etiraz edir. Cavabdeh tərəf hesab edir ki (iddiaya qarşı yazılı etiraza əsasən), xx xxxxxx 2020-ci il tarixli 0625 nömrəli əmr iddiaçıya aid hissədə qanunidir və iddia tələbi əsassızdır. Belə ki, həmin əmr müvafiq hərbi hissə komandirinin təqdimatı əsasında verilmişdir. X4 aşağı (işgüzar keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan) vəzifəyə təyin edilməsi məqsədəuyğyun hesab edilmiş və o, belə xarakterizə olunmuşdur: müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmır, rəhbər sənədlərlə işləmək bacarığı zəifdir, edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmır, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir, kollektivdə və yoldaşları arasında az hörmətə malikdir, hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmaqda çətinlik çəkir, təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir, təşəbbüskardır, vətənpərvərdir, dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun xx xxxxxx 2020-ci il tarixli əmrinin qanuni olduğunu bildirdi və iddia tələbini əsassız sayaraq onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 01420 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “v” bəndinə müvafiq olaraq (xəstəliyə görə), həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Cavabdeh mübahisələndirilən əmri xx xxxxxx 2020-ci il tarixə, iddia ərizəsinin verilməsi isə xx xxxxxxxx 2020-ci il tarixə, yəni əmrin qəbulundan 30 gün sonrakı tarixə təsadüf etdiyindən, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli əmrə münasibətdə mübahisələndirmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Bakı şəhəri, Səbail rayonu, N saylı hərbi hissədir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə onunla hərbi qulluqçu arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı olduğundan, eləcə də iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2 və 8.1.3-cü maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin xx xxxxxx 2020-ci il tarixli 0625 nömrəli əmri iddiaçıya aid hissədə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının x xxxxxxx 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci maddəsinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Əsasnamənin 81-ci maddəsinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda, b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə, v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə, q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən, d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X2 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Hərbi qulluqçuların müvafiq heyətlərinin şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir. Əsasnamənin 86-cı maddəsinə görə hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Attestasiya zaman hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onların xidmətdə və davranışda şəxsi nümunəviliyini təmin etməyə, onlarda tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə etməyə, şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onların təşkilatçılıq bacarığının inkişafına yönəldilməlidir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41- .9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 22.1-ci maddəsinə görə inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək mübahisələndirilən xx xxxxxx 2020-ci il tarixli 0625 nömrəli əmrə münasibətdə belə qənaətə gəlir ki, sübutetmə yükü daşıyan cavabdeh əmrin müvafiq hissədə qəbulunu şərtləndirən hallara dair məhkəmə icraatında heç bir tutarlıq sübut və dəlil təqdim etməmişdir. Əmrin verilməsinə əsas kimi təqdim olunan təqdimata gəldikdə isə, bu sənəd formal mülahizələrə istinad olunmaqla gəlinən nəticəyə münasibətdə kifayət qədər əsaslandırılmamışdır. Belə ki, təqdimatda onu xarakterizə edən hallar sırasında nöqsan kimi “rəhbər sənədlərlə işləməyi bacarmır”, “edilən tənqidlərdən düzgün nəticə çıxarmır”, “kollektivdə və yoldaşları arasında az hörmətə malikdir”, “hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onun tələbləri əsasında qurmaqda, mürəkkəb şəraitdə düzgün qərar verməkdə çətinlik çəkir” ifadələri əks olunmuşdur. Lakin nəzərə alınmalıdır ki. sadalanan hallar məcmusunda onun xidmət etdiyi sahədə (şöbənin faəliyyətində) uğursuz nəticələri konkret bildirilməmişdir. Bundan başqa, ölçü kriteyası belə müəyyən olunmayan, sırf mülahzələr üstündə köklənən “kollektiv və yoldaşları arasında az hörmətə malik” xüsusatı xidmətin bütün spesifikaları baxımından subyektiv və qərəzsizliyi az ehtimal olunan fikir təzahürü kimi qiymətləndirilir. Qeyd olunmalıdır ki, təqdimatda iddiaçını müsbət xarakterizə edən az əhəmiyyətli olmayan bəzi cəhətlər, o cümlədən onun fiziki cəhətdən sağlam, mənəvi cəhətdən saf, təşəbbüskar, vətənpərvər olması, dövlət sirrini qorumağı bacarması, eləcə də yaxın dövrdə keçirilmiş attestasiyanın nəticələri üzrə “98” bal toplaması da göstərilmişdir. Xüsusilə vurğulanmalıdır ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 86-cı maddəsində attestasiya zaman məhz hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiymət verilməsi, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivinin müəyyənləşdirildiyi təsbit olunmuşdur. 2019-cu ildə keçirilmiş sonuncu attestasiyanın nəticələrindən qısa müddət (1 ildən çox olmayan) sonra, hərbi qulluqçu kimi hazırkı iddiaçının xidməti fəaliyyətində təqdimatda qeyd olunan tərzdə mənfi xarakterli halların baş verməsi ağlabatan və məntiqi də görünmür. Göstərilən bütün xüsusatların məcmusunda məhkəmə hesab edir ki, hətta onun xidməti fəaliyyətində sadalanan nöqsanlar mövcud olsa belə seçilmiş intizam tədbiri, yəni aşağı vəzifəyə, xüsusilə də tutduğu əvvəlki “şöbə rəisi” vəzifəsinin köməkçisi vəzifəsinə keçirilməsi «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsində təsbit edilmiş “mütənasiblik prinsipi” ilə də uzlaşmır. Həmçinin, təqdimatda iddiaçını səciyyələndirən xüsusatlar, hansı ki formal mülahizələrə söykənir, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə istinadən onun aşağı vəzifəyə keçirilməsinə əsas vermir. Məhkəmə bir halı da diqqətə çəkir ki, hazırkı məhkəmə icraatında iddiaçı mübahisələndirilən xx xxxxxx 2020-ci il tarixli əmrin qəbulundan əvvəl ehtiyata buraxılması barədə ərizə ilə aidiyyəti üzrə müraciət etdiyini bildirsə də, cavabdeh inzibati orqan bunu təkzib edən heç bir sübut gətirməmişdir. Halbuki, 10 ildən artıq zabit rütbəsində xidmət etmiş hərbi qulluqçu kimi onun müvafiq hüququ da yaranmışdır. Bu hal da, müvafiq əmrin adekvat addim və qərəzsiz hərəkət kimi qiymətləndirilməsinin əlayhinə çıxış edir. Beləliklə yuxarıdakılara əsasən belə nəticəyə gəlir ki, cavabdehin xx xxxxxx 2020-ci il tarixli 0625 nömrəli əmri iddiaçıya aid hissədə qanuna zidddir və onun hüquqlarının həyata keçirilməsinə maneələr yaradır, yəni hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 0625 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 70.1, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 0625 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan: Bakı şəhari, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar