Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17157/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair məxsusluq barədə arayışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Lenin (indiki Sabunçu) rayon XDS İK-nin 34/79 saylı xx.xx.1988-ci il tarixli qərarından görünür ki, Maştağa-Nardaran yeni yaşayış massivində kvartal 44, sahə 4 ünvanında fərdi yaşayış evinin tikintisi üçün X6 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının «Lenin (indiki Sabunçu) rayon XDS İK-nin 34/79 saylı xx.xx.1988-ci il tarixli qərarında qismən dəyişiklik edilməsi barədə»125 nömrəli xx.xx.2024-cü il tarixli sərəncamına əsasən Lenin (indiki Sabunçu) rayonu XDS İK-nin 34/79 saylı xx.xx.1988-ci il tarixli qərarında düzəliş edilərək X3 adının “Ağacəlil” əvəzinə “Ağacəmil” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri 18 saylı Notariat Ofisi xx.xx.2025-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, “Bakı şəhəri 18 saylı notariat ofisi sizə bildirir ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsinin ərizəsinə əsasən notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı Ağacəmil oğlu mərhum X2 vərəsəsidir. Vərəsəlik işinin həlli üçün mərhum X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Yeni Massiv, Maştağa-Nardaran 44, sahə 4 ünvanında yerləşən daşınmaz əmlaka dair Arayışın (Forma 37) sorğunu təqdim edən şəxs vasitəsilə bizə göndərməynizi xahiş edirəm.” İddiaçı Maştağa-Nardaran yeni yaşayış massivində kvartal 44, sahə 4 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X4 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş yerləşmə cizgisində istinad məlumatları və sahənin kontur ölçüləri qeyd olunmamışdır. Bundan başqa, ünvan nömrəsi qonşu qeydlərə əsasən fərqlidir. Belə ki, oxşar sahə nömrələri iddiaçı tərəfindən göstərilən sahədən şimalda, digər cərgədə yerləşir. Həmçinin, təqdim olunmuş sənədlər surətdir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lenin (indiki Sabunçu) rayonu XDS İK-nin xx.xx.1988-ci il tarixli, 34/79 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yaşayış massivi, kvartal 44, sahə 4 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinin mərhum atası X7 məxsus olması (onun mülkiyyətində olması) barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1952-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası, X8 05 mart 1997-ci il tarixdə ölmüşdür. Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) xx.xx.1988ci il tarixli, 34/79 saylı qərarı ilə atası X5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yaşayış massivi, kvartal 44, sahə 4 ünvanında fərdi yaşayış evinin tikintisi məqsədi ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə sxemi verilmişdir. Bildirir ki, qeyd olunan qərarda atasının adı Ağacəmil əvəzinə Ağacəlil yazılmışdır. Odur ki, bununla bağlı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 125 nömrəli Sərəncamı ilə Lenin (indiki Sabunçu) rayonu XDS İK-nin 34/79 saylı, xx.xx.1988-ci il tarixli qərarında düzəliş edilərək atasının adının Ağacəmil kimi oxunması qərara alınmışdır. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 28 mart 2024-cü il tarixdə keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli 34/79 saylı qərarının təsdiq edilmiş kserosurəti 2 (iki) vərəqdən ibarət olmaqla verilmişdir. Qeyd olunan torpaq sahəsi 1988-ci ildən hazırki vaxta kimi mübahisəsiz qaydada onların istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair çıxarış almaq istəyərkən, onlara məlum olmuşdur ki, atasının adına vərəsəlik işi açılmalıdır. Odur ki, bununla bağlı Bakı şəhəri 18 saylı Notariat ofisinə müraciət etdi və atasının adına vərəsəlik işi açılmışdır. Bakı şəhəri 18 saylı Notariat ofisinin xüsusi notariusu D.Bəşirov Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, mərhum X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Yeni Massiv, Maştağa-Nardaran 44, sahə 4 ünvanında yerləşən daşınmaz əmlaka dair arayışın (Forma 37) verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin qeydiyyata alınıbalınmaması haqqında dəqiq məlumat təqdim edilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin qeydiyyata alınıb-alınmaması yerləşmə cizgisində istinad məlumatları və sahənin konturları qeyd olunmamışdır. Ünvan nömrəsi qonşu qeydlərə görə fərqlidir. Həmin müraciətə əsasən dövlət qeydiyyatına alınmasında imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunmuş yerləşmə cizgisində istinad məlumatları və sahənin kontur ölçüləri qeyd olunmamışdır. Bundan başqa, ünvan nömrəsi qonşu qeydlərə əsasən fərqlidir. Belə ki, oxşar sahə nömrələri iddiaçı tərəfindən göstərilən sahədən şimalda, digər cərgədə yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə):
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. Qeyd edilən normanın məzmununa əsasən mərhum X3 mübahisələndirilən torpaq sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüququnun xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1-ci bəndinə əsasən “Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir.” Cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlilləri ondan ibarətdir ki, təqdim olunmuş yerləşmə cizgisində istinad məlumatları və sahənin kontur ölçüləri qeyd olunmamışdır. Bundan başqa, ünvan nömrəsi qonşu qeydlərə əsasən fərqlidir. Belə ki, oxşar sahə nömrələri iddiaçı tərəfindən göstərilən sahədən şimalda, digər cərgədə yerləşir. Bununla bağlı aşağıdakılar qeyd edilir: Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə materiallar ilə təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından isə görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha, faktiki sahəsi 0.0633 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. 1 mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Göstərilən torpaq sahəsinin mövcud vəziyyətinin koordinat cədvəli əlavə edilib. Yerləşməsinə aidiyyatı üzrə baxılması məqsədəuyğundur. Qeyd edilməlidir ki, torpaq sahəsinin yerləşmə cizgisində istinad məlumatları və sahənin kontur ölçülərinin qeyd olunmaması, o cümlədən ünvan nömrəsinin qonşu qeydlərə əsasən fərqli olması iddiaçının məsuliyyəti ilə bağlı məsələ olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Lenin (indiki Sabunçu) rayonu XDS İK-nin xx.xx.1988-ci il tarixli, 34/79 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yaşayış massivi, kvartal 44, sahə 4 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinin mərhum X7 məxsus olması (onun mülkiyyətində olması) barədə arayış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva