Məhkəmə qərarları › İş №2-1(112)-1716/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1716/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1716/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21a, mənzil 32 saylı mənzilin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlətin reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci il tarixində doğulmuş və 2011-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərəm Seyidov küçəsi ev 21 a,mənzil 32-də yaşayır. Yaşadığı bina əvvəllər Azərbaycan Respublikası Dövlət Neft şirkətinin balansında olmuşdur. İddiaçı “Azneft” İB-nin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində işləyir. Yaşayış yeri olmadığı üçün 1984-cü ildə mənzil növbəsinə dayanmışdır. ARDNŞ-nin rəhbərliyinin xx.xx.2010-cu il tarixli - nömrəli protokolunun çıxarışı əsasında uzun müddət mənzilin alınmasını gözləmişdir. Nəhayət xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 9 mərtəbəli, 21a saylı binada iddiaçıya 2-ci giriş 7-ci mərtəbədə 3-otaqlı sahəsi 53.04 kv.m olan 32 saylı mənzil verilmişdir. İddiaçının adına Səbayıl rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 286 nömrəli sərəncamı verilmişdir. İddiaçı yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarə xx.xx.2023-cü il tarixli № 3-21-3-02/2-Q-0089-8/2023 saylı məktub ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazisi İdarəsinin imtinası qanunsuz və əsassızdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 12 saylı sərəncamı 1 oktyabr 2009cu il tarixində qüvvəyə minmiş Mənzil Məcəlləsindən sonra verilmişdir. Sözügedən Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21A, 32 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********49 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 12 saylı sərəncamı xx.xx.2012ci il tarixlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bundan əlavə qeyd olunan ünvana idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin sənəd üzrə yaşayış sahəsinin 53.04 kv.m qeyd edilsə də, faktiki 52.8 kv.m olduğu müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2010-cu il tarixli, 9 nömrəli Protokoluna əsasən siyahı üzrə 9-cu sırada “Bibiheybətneft” NQÇİ-nin işçisi İddiaçıdur. O xx.xx.1984-cü ildə mənzil uçotuna götürülüb. 4 nəfərdən ibarət ailə tərkibi var (özü, arvadı, oğlu, qızı). Səbail rayonu, Ö.F.Neymanzadə küçəsi, ev 27, 1 otaqdan ibarət, yaşayış sahəsi 23 kv.m olan 17 nömrəli mənzil təhvil verilmək şərti ilə növbəlik əsasında siyahı üzrə 9-cu olan İddiaçı bölgüsü aparılan ünvan 2 ünvandan giriş 2, mərtəbə 7, 3 otaqdan ibarət 53,04 kv.m. yaşayış sahəsi olan 32 nömrəli mənzili seçdi və seçimini imzası ilə təsdiq etdi. Yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, ev 27, 1 otaqdan ibarət, yaşayış sahəsi 23 kv.m olan 17 nömrəli mənzil təhvil verilmək şərti ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a nömrəli evin, giriş 2, mərtəbə 7, mənzil 32, yaşayış sahəsi 53,04 kv.m olan 3 otaqlı mənzil İddiaçı 4 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə verilməsi qərara alınmışdır. - İddiaçı – 1957-ci il təvəllüdlü – özü - X3 – 1953-cü il təvəllüdlü – həyat yoldaşı - X4 – 1991-ci il təvəllüdlü – qızı - X10 – 1989-cu il təvəllüdlü - oğlu

6. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 29-3752BB nömrəli məktubuna əsasən mənzillə təmin edilirlər: ...17. İddiaçı

7. Səbail rayonu İcra Hakimiyyətinin Başçısının “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında” xx.xx.2012-ci il tarixli, 12 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 29-3752 BB saylı məktubu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cu il tarixli birgə iclasının (pr. № 9) qərarına əsasən Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə ...İddiaçı mənzil ilə təmin edildikləri bildirilməklə qərarın təsdiq olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Komitəsinin xx.xx.2010-cu il tarixli, 9 saylı protokolu ilə adları aşağıda qeyd edilən mənzil verilmiş, mənzil növbəsindən çıxarılan işçilərin siyahısı təsdiq edilmişdir. İddiaçı 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı, oğlu) yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 27 saylı evin 17 saylı mənzili təhvil verilməklə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a saylı evin, giriş 2, mərtəbə 7, yaşayış sahəsi 53,04 kv.m olan 3 otaqlı, 32 saylı mənzili verilmiş və mənzil növbəsindən çıxarılmışdır. - İddiaçı – 1957-ci il təvəllüdlü – özü - X3 – 1953-cü il təvəllüdlü – həyat yoldaşı - X4 – 1991-ci il təvəllüdlü – qızı - X10 – 1989-cu il təvəllüdlü - oğlu

8. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş 401 nömrəli Arayışa əsasən İddiaçı Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a nömrəli, 9 mərtəbəli evin 7ci mərtəbəsində, sahəsi 53,4 kv.m olan 32 nömrəli, 3 otaqlı mənzildə yaşayır. İddiaçı ailəsi 9 nəfərdən ibarətdir. İddiaçı – özü – 2012 (qeydiyyata alınma tarixi) X3 – yoldaşı – 2012 (qeydiyyata alınma tarixi) X10 – oğlu – 2012 (qeydiyyata alınma tarixi) X6 – gəlini – 2018 (qeydiyyata alınma tarixi) X7 – nəvəsi – 2018 (qeydiyyata alınma tarixi) X11 – nəvəsi – 2018 (qeydiyyata alınma tarixi) X8 – qızı – 2012 (qeydiyyata alınma tarixi) X9 – nəvəsi – 2012 (qeydiyyata alınma tarixi) X12 – nəvəsi – 2016 (qeydiyyata alınma tarixi)

9. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********952 nömrəli Ərizəyə əsasən X6 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21a-da yerləşən 32 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış almasına razılıq vermişdir.

10. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********977 nömrəli Ərizəyə əsasən X4 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21a-da yerləşən 32 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış almasına razılıq vermişdir.

11. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********978 nömrəli Ərizəyə əsasən X3 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21a-da yerləşən 32 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış almasına razılıq vermişdir.

12. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********219 nömrəli Ərizəyə əsasən X13 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21a-da yerləşən 32 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış almasına razılıq vermişdir.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

20. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

21. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

22. X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

26. Cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.11-ci maddəsinə (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi) istinad edərək iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir.

27. Buna baxmayaraq məhkəmə hesab edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1-ci maddəsi çıxış edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı “Bibiheybətneft” NQÇİ-nin işçisi olaraq 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı) xx.xx.1984-cü ildə mənzil uçotuna götürülmüşdür. 5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2010-cu il tarixli, 9 nömrəli Protokolu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 29- 3752BB nömrəli məktubuna əsasən Səbail rayonu İcra Hakimiyyətinin Başçısının “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında” xx.xx.2012-ci il tarixli, 12 nömrəli Sərəncamı ilə İddiaçı 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı, oğlu) yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 27 saylı evin 17 saylı mənzil təhvil verilməklə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a saylı evin, giriş 2, mərtəbə 7, yaşayış sahəsi 53,04 kv.m olan 3 otaqlı, 32 saylı mənzili verilmiş və mənzil növbəsindən çıxarılmışdır. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş 401 nömrəli Arayışa əsasən İddiaçı 9 nəfər ailə tərkibi ilə Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a nömrəli, 9 mərtəbəli evin 7-ci mərtəbəsində, sahəsi 53,4 kv.m olan 32 nömrəli, 3 otaqlı mənzildə qeydiyyatda olmaqla yaşayır.

29. Digər tərəfdən mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli sərəncamı əsasında ayrılsa da, iddiaçının mübahisəli mənzilə hüquqları xx.xx.2012-ci il tarixdən deyil, mənzilin ona verilməsi vaxtından əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək – xx.xx.2009-cu ilədək yaranmışdır. Çünki iddiaçı “Bibiheybətneft” NQÇİ-nin işçisi olaraq xx.xx.1984-cü ildən mənzil növbəsində olduğundan mübahisə edilən daşınmaz əmlak xx.xx.2012-ci il tarixində ona (4 nəfər ailə üzvü ilə) ayrılmışdır.

30. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

31. Məhkəmə iddiaçının ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, iş materiallarına əlavə olunmuş ərizələrə əsasən mübahisələndirilən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz edilmir. Məhkəmə hesab edir ki, analogiya qaydasında qeyd edilən müddəalar hüququn qeydiyyatı üçün əsas qismində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1-ci maddəsi çıxış etdikdə də tətbiq edilə bilər. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır.

32. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzillə eyni binada yerləşən digər mənzillər üzərində başqa şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qedyiyyata alınmışdır. Belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftar (hüquqlarının qeydiyyatından imtina) bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.

33. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

34. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a saylı evin giriş 2, mərtəbə 7, yaşayış sahəsi 53,04 kv.m olan 3 otaqlı, 32 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar