Məhkəmə qərarları › İş №2-1(112)-1717/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1717/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1717/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ölkədən çıxışına qoyulmuş qadağanın qanunsuz hesab edilməsi və kompensasiya” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə onun ölkədən çıxışına qoyulmuş qadağanın qanunsuz hesab edilməsi, ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ona dəymiş 1374 manat məbləğində maddi ziyanın və 3000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 18 dekabr 2021-ci il tarixdə 3 günlük X1 getmək üçün turizm şirkətindən bilet almışdır və həmin biletlə 18 dekabr 2021-ci il tarixdə saat 10-da təyyarə ilə uçuş olmalı idi. O, həmin gün saat 08:00 radələrində Heydər Əliyev adına Beynəlxalq hava limanına gəlmiş, qeydiyyatdan keçmiş, baqajını təhvil vermişdir. Sonra pasport qeydiyyatında keçən zaman ona bildirmişlər ki, onun sərhəddən keçməsinə qadağa var və həmin qadağa Baş Prokurorluq tərəfindən qoyulmuşdur. O, həmin əməkdaşdan qadağanın səbəbi və nə vaxt qoyulması barədə məlumat verməsini soruşduqda ona bu barədə məlumat verə bilməyəcəyini, Baş Prokurorluğa yaxınlaşması bildirilmişdir. O, bundan sonra “ASAN xidmət” Mərkəzinə gedərək, qadağanın olması və səbəbləri barədə arayış verilməsini xahiş etmişdir. “ASAN xidmət” Mərkəzində sistemə baxılmış və onun ölkədən çıxışına qadağanın olmadığını bildirmişlər. O, bundan sonra Baş Prokurorluğun 961 qaynar xəttinə zəng vuraraq, şikayətini bildirmiş və həmçinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xəttinə də zəng vuraraq, şikayətini bildirmişdir. Bundan sonra Baş Prokurora şikayət ərizəsini və teleqramı göndərmişdir. O, 3 günlük, yəni xx.xx.2021-ci il tarixdə gediş və 21.12.21-ci il tarixdə dönüş biletini, otel, sığorta və vizanı ’’Unikal" Traveldən 1004 manat ödəməklə almışdır. Bundan başqa Covid- 19 testi üçün 40 manat ödəniş etmiş və hava limanına getmək üçün taksi xidmətindən istifadə edərək 30 manat ödəniş etmişdir. Onun ölkədən çıxışına qanunsuz qoyulmuş qadaqa nəticəsində maddi ziyan çəkmiş, həmçinin gedəcəyi səfərdən qalaraq, mənəvi iztirab və narahatlıq keçirmişdir. O, məhkəməyə müraciət edərək, ölkədən çıxmağa məhdudiyyət qoyulmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə şikayəti təmin olunmamış və inzibati məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edərən iddiaçı iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, onun şikayəti qismən təmin edilərək, Cavabdeh tərəfindən onun Azərbaycan Respublikasına giriş-çıxışa qoyulmuş məhdudiyyət qanunsuz hesab edilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, şikayət verən İddiaçı Cavabdeh İstintaq İdarəsi tərəfindən ölkədən çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin ləğv edilməsi barədə şikayəti qismən təmin edilmiş, Cavabdeh İstintaq İdarəsi tərəfindən İddiaçı Azərbaycan Respublikasına giriş-çıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı cinayət məsuliyyətinə cəlb olunması barədə məlumat yoxdur; Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 01 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məktubda göstərilənlər araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh İstintaq idarəsində fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi istintaq edilir. İstintaq zamanı İddiaçı cinayət məsuliyyətinə cəlb edilmə, bu səbəbdən ölkə hüdudlarını tərk edərək cinayət məsuliyyətindən yayınmasına böyük ehtimalın olması müəyyən olunaraq xx.xx.2021-ci il tarixdə sonuncunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilməklə qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Belə ki, iddia ərizəsində cavabdeh tərəfindən iddiaçının ölkədən çıxışına qoyulmuş qadağanın qanunsuz hesab edilməsi, həmin qadağanın götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ona dəymiş 1374 manat məbləğində maddi ziyanın və 3000 manat mənəvi ziyanın cavabdehdən tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İşin mübahisəsiz halıdır ki, iddiaçının barəsində sərhədkeçməyə məhdudiyyət Cavabdehndə ibtidai istintaqı aparılan cinayət işi üzrə tətbiq edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının ölkədən çıxışına aparılan hər hansı cinayət təqibinin gedişində qadağa qoyulmuşdursa, həmin məsələnin mübahisələndirilməsi də yenə cinayət-mühakimə icraatı qaydasında aparılmalıdır. Çünki bu zaman tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin və yenə publik hüquqa əsaslanılmaqla qəbul edilmiş qərarlarının qanuniliyi və əsaslılığı yoxlanılır. Cavabdehndə aparılan cinayət işinin istintaqı zamanı həyata keçirilən fəaliyyətlə bağlı tətbiq edilən hüquq isə inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun; 449.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 449.3-cü maddəsinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutulması və həbsdə saxlanılması; 449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən mübahisələndirilən məsələnin CPM-in 449.3-cü maddəsində aşkar şəkildə sadalanmaması sözügedən məsələyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması halını dəyişdirmir. Çünki yuxarıda da qeyd edildiyi kimi, istintaq orqanı tərəfindən bu tədbir cinayət təqibinin gedişində tətbiq edilmişdir. Odur ki, həmin tədbirinin tətbiq edilməsinin qanuniliyi və əsaslılığına da yenə cinayət təqibi çərçivəsində məhkəmə nəzarəti qaydasında qiymət verilməlidir. Sözügedən məsələyə məhkəmə nəzarəti qaydasında baxılmalı olması həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 avqust 2009-cu il və 12 mart 2015-ci il tarixli qərarlarındakı hüquqi mövqelərdən də irəli gəlir. Belə ki, həmin qərarlarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliklə müəyyən məsələnin tənzimlənməməsi və ya qismən tənzimlənməsi şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqlarının prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avquts 2009-cu il tarixli qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli qərarda isə göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayətprosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Odur ki, CPM 449.1 və 67.3-cü maddələrinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə məhkəmə nəzarətini həyata keçirən ümumi məhkəmələr (rayon (şəhər) məhkəməsi) tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.1-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Həmçinin məhkəmə vurğulayır ki, iddianın əsas hissəsinin (qadağanın qanunsuz hesab edilməsi və götürülməsi) mümkün sayılmaması ondan asılı olan digər hissənin (maddi və mənəvi ziyanın ödənilməsi) də mümkün sayılmamasını şərtləndirir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusilə qeyd edir ki, şəxsin barəsində cinayət təqibi orqanı tərəfindən cinayət işinin istintaqı ilə bağlı tətbiq edilmiş ölkədən çıxışa məhdudiyyət qoyulmasına dair tədbirin mübahisələndirilməsinə dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni 2018 № 1 https://supremecourt.gov.az/uploads/files/bulletenler/Bulleten_2018_1.pdf ) “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ölkədən çıxışına qoyulmuş qadağanın qanunsuz hesab edilməsi və kompensasiya” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar