Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1719/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi İslamov Tamerlan Cəlil oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Göradil bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 1503 nömrəli bağ sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X3 İcrayə Komitəsinin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarına əsasən iddiaçıya Bakı şəhəri, Göradil bağ massivində 23 nömrəli order əsasında 0,12 ha olan 1503 nömrəli sahədə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi faktiki istifadəsində olsa da torpaq sahəsinin plan və ölçüsü iddiaçıya təqdim edilməmişdir. Bu səbəbdən, qonşu bağ sahələri ilə arasında tez-tez mübahisələr yaranır. Qanuni istifadəsində olan bağ sahəsinə dair plan-ölçünün verilməsi məqsədilə cavabdeh təşkilata ərizə ilə müraciət etsə də, cavabdeh təşkilat 17.06.2021-ci il tarixli imtina məktubu ilə bağ sahəsində hasarlanma və mərzçəkmə işləri sxematik xəritəyə uyğun aparılmadığından və arxiv cizgisi olmadığından bağ sahəsinin dəqiq yerinin təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, plan ölçünün verilməsindən imtina olunmuşdur. Cavabdeh təşkilatın imtinası qanuna ziddir belə ki, yuxarda qeyd edildiyi kimi bağ sahəsi Bakı Şəhər XDS İK-nın müvafiq qərarı ilə iddiaçıya təhkim edilmiş və həmin sərəncam əsasında ona 23 saylı Order verilmişdir. Eyni zamanda, bağ sahəsi naturada təhvil verilsə də, plan sxem keçmiş bağlar təsərrüfatı idarəsi tərəfindən iddiaçıya verilməmişdir. Keçmiş Bağlar təsərrüfatı İdarəsinin Arxivi cavabdeh təşkilata təqdim edildiyindən cavabdeh təşkilatın bilavasitə borcudur ki, iddiaçıya torpaq sahəsinin plan ölçüsünü təqdim etsin. İmtinada qeyd edilən səbəblər müvafiq plan ölçünün verilməməsi üçün əsas ola bilməz və ona məxsus bağ sahəsinə plan-ölçünün, çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilən zaman bağ sahəsində hasarlama və mərzçəkmə işləri sxematik xəritəyə uyğun aparılmadığından və arxiv cizgisi olmadığından bağ sahəsinin dəqiq yerini təyin etmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********53 saylı, 17.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı İdarənin mütəxəssinə bağ sahəsinin yerini tanımadığını bildirmişdir. Ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığı və bağ sahələrinin yerləşmə ardıcıllığı faktiki vəziyyətdə sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi üçün müvafiq bağ sahəsinin yerini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer barədə məlumatı yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X3 İcrayə Komitəsinin 13.06.1990-cı il tarixli 4/143 saylı qərarı və ona əlavə edilmiş, 191 №-li Göradil BTK üzvlərinin sıyahısından çıxarışdan görünür ki, Əliyev (siyahıda qeyd edildiyi kimi) Rafiq Mövsüm oğluna bağ sahəsi ayrılmışdır (23-cü sıra). Bakı şəhər XDS İK-nın X1 və istismarı birliyi Göradil bağlar sahəsinin 191 saylı Kooperativinin 23 saylı, 13.07.1990-cı il tarixli Orderinin surətindən görünür ki, Bakı şəhər XDS İK-nın 13.06.1990-ci il tarixli qərarına əsasən, Əliyev (orderdə qeyd edildiyi kimi) Rafiq Mövsüm oğluna 191 nömrəli BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1503 saylı bağ sahəsi ayrılmışdır; 1 saylı Bakı Ərazi İdarəsinin 17.06.2021-ci il tarixli daşınmaz əmlak üzrəində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilən zaman bağ sahəsində hasarlama və mərzçəkmə işləri sxematik xəritəyə uyğun aparılmadığından və arxiv cizgisi olmadığından bağ sahəsinin dəqiq yerini təyin etmək mümkün olmamışdır; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin 03.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Göradil bağ massivi, 0,12 ha, 1503 saylı bağ sahəsinə dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir; 1 saylı Bakı Ərazi İdarəsinin 21.10.2021-ci il tarixli məktubu ilə, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi üzrə 191 nömrəli Bağ Tikinti Kooperativinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, Əliyev (siyahıda qeyd edildiyi kimi) Rafiq Mövsüm oğlunun adı Kooperativin üzvlərinin siyahısında (bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir) göstərilsə də, onun adına order arxiv qovluğunda mövcud deyil. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri X3 İcrayə Komitəsinin 13.06.1990cı il tarixli 4/143 saylı qərarı və Bakı şəhər XDS İK-nın X1 və istismarı birliyi Göradil bağlar sahəsinin 191 saylı Kooperativinin 23 saylı, 13.07.1990-cı il tarixli Orderinə istinad edərək, Bakı şəhəri, Göradil bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 1503 nömrəli bağ sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən bağ sahəsinin dəqiq yerini müəyyən etməyin mümkün olmaması əsas gətirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində iddiaçıya bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-ci maddəsinin birinci hissəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66-ci maddəsinin ikinci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin dördüncü hissəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsinə torpaq sahəsi ayrılarkən X1 və İstismarı Birliyi tərəfindən Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmiş, ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi barədə ayrıc aktı tərtib edilməmiş, sahənin plan və ölçüsü iddiaçıya təqdim edilməmişdir. X1 və İstismarı Birliyi ləğv edilənədək bu sənədlərin əldə edilməsi üçün təşəbbüs göstərilməmişdir (iddiaçı həmin sənədlərin mövcudluğuna istinad etməmişdir). Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının order əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının özünün belə naturada harada yerləşdiyini bilmədiyi sahənin order ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyil. Beləliklə, iş materiallarında olan orderdə (həmin order Bağ Tikinti Kooperativinin arxiv qovluğunda aşkar edilməmişdir) bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilsə də, torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər təqdim edilmədiyindən və ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından (mübahisəsiz haldır ki, torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində deyil) həmin order özlüyündə iddiaçının torpaq sahəsinə hüququnun qeydə alınması üçün mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1719/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1719/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver