Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1719/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmə qəradadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək prokurorluq orqanlarında işləmişdir. 27 sentyabr 2020-ci il tarixdə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləyərkən, erməni silahlı birləşmələri tərəfindən mövqelərimizə qarşı genişmiqyaslı hücum əməliyyatlarına başlanılması və digər faktlar üzrə AR CM-nin 100.1, 100.2, 116.0.7, 120.2.7, 120.2.12, 29 120.2.7, 29 120.2.12 və 186.3-cü maddələri ilə başlanılmış 16/D- 49149 nömrəli cinayət işini icraatına qəbul edib, istintaq qrupunun rəhbəri təyin edilməklə, Füzuli rayonuna ezam edilmişdir. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək davam edən “Vətən müharibəsi” zamanı rəhbərliyin müvafiq göstərişlərinə əsasən, bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etmişdir. Həmçinin, müharibə vaxtı aktiv döyüş əməliyyatları aparılan ərazilərə gedərək, X7 və digər şəhidlərin meyitlərinin olduğu yerləri müəyyən edib foto və video çəkiliş aparılmaqla döyüş gedən ərazilərdən çıxarılmasını təmin etmişdir. Eləcə də, qənimət götürülmüş əmlaklara baxış keçirilməsi və aldığı digər tapşırıqlar üzrə bir neçə dəfə Füzuli, Xocavənd, Xocalı, Qubadlı və Cəbrayıl rayonlarının ərazisinə göndərilmişdir. Habelə, rəhbərliyin müvafiq göstərişinə əsasən, 08 noyabr 2023-cü il tarixdən N noyabr 2020-ci il tarixə keçən gecə saat 05 radələrində Şuşa şəhərindəki düşmən hərbi qulluqçularının meyitinə baxış keçirmək üçün gedərkən, Çanaqçı, Sığnaq və Daşaltı kəndlərindən keçən zaman düşmən tərəfindən atılmış ağır artilleriya silahlarından atəşə tutulmuşdur. N noyabr 2020-ci il tarixdə günorta saatlarında artıq Daşaltı kəndində olarkən, düşmən qüvvələri tərəfindən ağır artilleriya silahlarından atılmış atəşlər nəticəsində kəndin giriş və çıxış yolları vurularaq yararsız hala düşdüyü üçün 10 noyabr 2020-ci il tarixdə gecə saat 02 radələrində atəşkəs elan olunanadək, yəni təqribən səkkiz saat müddətində atəş altında qalmışdır. Daha sonra Şuşa şəhərinə çataraq, orada çox sayda erməni hərbi qulluqçunun meyitinə video və foto çəkiliş aparılmaqla baxış keçirmiş, ümumən 2000 (iki min)-dən artıq şəhidin və 200 (iki yüz)-dən artıq erməni hərbi qulluqusunun meyitinə baxış keçirilməsi, həmçinin məhkəməgenetik ekspertizaların təyin edilməsi və tanınmaya təqdim edilmə istintaq hərəkətlərinin keçirilməsini şəxsən təmin etmişdir. Müharibədən sonrakı altı ay ərzində tərəfindən zəruri istintaq hərəkətləri aparılmaqla itkin hesab olunan hərbi qulluqçularımızım şəhid olduqları yerlər müəyyən edilmiş, işğaldan azad edilmiş ərazilərdə, habelə minalanmış sahələrdə və düşmənin nəzarətində olan ərazilərdə baxış keçirərək çox sayda itkin hesab olunan hərbi qulluqçunun meyitlərinin tapılmasını təmin etmişdir. Qeyd etdikləri ilə bağlı bütün sənədlər, o cümlədən protokollar, foto və video çəkilişlər cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin, Prokurorluq, Polis, DTX, SHXÇÜDX, Müdafiə Nazirliyi, Füzuli və Beyləqan rayon icra hakimiyyətləri və digər müvafiq qurumlardan ezam edilmiş nümayəndələr, eləcə də məhkəmə-tibb ekspertləri və könüllü işləyən mülki şəxslər bu hallara birbaşa şahid olmuşlar. Habelə, ordu rəhbərliyi tərəfindən bu fəaliyyətlərinə görə ona fəxri fərmanlar verilmiş və Baş Prokurorluğun muzeyində müharibədə iştirak etmiş prokurorluq əməkdaşlarının siyahısı olan lövhədə fotoşəkili yerləşdirilmişdir. Müharibədən sonra, Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən ayrı- ayrı tarixlərdə, bir neçə dəfə ona “Müharibə veteranı” adının verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunsa da, həmin müraciətlərə baxılmamış, bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. 10 may 2023-cü il tarixdə o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə ilə müraciət edərək, “Müharibə veteranı” adının verilməsini xahiş etmişdir. Baş Prokurorluğun Kadrlar idarəsindən 04 iyul 2023-cü il tarixdə təqdim olunmuş 25 iyun 2023-cü il tarixli, 2-2-10/4/3-797/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, “Veteranlıq haqqında” Azərbaycan Respublikası qanununun 5-ci və 7-ci maddəsinə və Nazirlər Kabinetinin 216 saylı, xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olmadığı üçün müraciətimin təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Məktubu 04 iyul 2023-cü il tarixdə qəbul etməyi barədə Baş Prokurorluqda saxlanılan nüsxədə qeydiyyat aparılmış və cavabdeh təşkilat təqdim etdiyi məktubda öz qərarını əsaslandırmamışdır. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona “Müharibə veteranı” adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, Veteranlıq haqqında Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmçinin, cavabdeh təşkilatın məktubunda qeyd olunmuş qanun və əsasnamədə ona “Müharibə veteranı” adının verilməsinin uyğun olmamasına dair heç bir tələb və ya müddəa yoxdur. Belə ki, “Veteranlıq haqqında” Qanunun 5-ci maddəsində “əmək veteranları”, 7-ci maddəsində isə “veteran adlarının və vəsiqələrinin verilməsi prosesi göstərilməklə, onun müraciətində qeyd etdiyi halları, yəni 2-ci “Vətən müharibəsi”ndə iştirakı ilə bağlı müharibə veteranı adının verilməsini əks etdirmir. Həmçinin, Nazirlər Kabinetinin 216 saylı, xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə belə ona müharibə veteranı adının verilməsinin uyğun olmamasına dair tələblər yoxdur. Əksinə həmin əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabr 10-dək işğal altında olmuş ərazilərdə hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edilmiş şəxslərə ezamiyyət vəsiqələri, əmrdən çıxarışlar və başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Onun müharibədə iştirak etməyi ezamiyyət vəsiqəsi, ordu rəhbərliyi tərəfindən verilmiş “Fəxri Fərman”, Baş Prokurorluğun muzeyinə müharibə iştirakçısı olmağına dair fotoşəkilinin yerləşdirilməsi, eləcə də, foto və video çəkilişlər, habelə istintaq qrupunun rəhbəri olduğu 16/D-49149 saylı cinayət işi üzrə aktiv döyüş əməliyyatları gedən ərazilərdə aparılmış istintaq hərəkətlərinə dair çox sayda protokollar və rəsmi sənədlərlə tam təsdiq edilir. Habelə, göstərdiyi faktları təsdiq edən çox sayda şahidlər vardır. Qeyd olunan sübutlarla onun müharibədə iştirakı tam təsdiq edilmiş və qanunvericiliyin tələbinə əsasən, ona “Müharibə veteranı” adının verilməsi uyğun olduğu halda, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyası heç bir səbəb və əsas olmadan “Müharibə veteranı” adının verilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya “Müharibə veteranı” adı verilməlidir.
4. Cavabdeh qurumun xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Ehtiyata buraxılmağınızı əsas gətirərək Baş Prokurorluğun rəyi olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995ci il tarixli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Hərbi Porokurorluq Orqanları sistemində xidmət edən hərbi qulluqçulara Respublika Prokurorluğunda yaradılan komissiyanın rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin rəy olmadığına görə, bu Əsasnamənin tələblərinə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.”
5. Cavabdeh qurumdan məhkəməyə daxil olan iddiaya yazılı etirazında iddianın rədd edilməli olduğu bildirilir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Normanın mahiyyətindən göründüyü kimi bu kateqoriyadan olan şəxslərə “Müharibə veteranı” statusunun verilməsi məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların səlahiyyətinə aid edilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun iddiaçıya ünvanladığı 25 iyun 2023-cü il tarixli 2-2- 10/4/3-797/2023 nömrəli məktubda iddiaçıya "Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün rəy verilməsi barədə müraciətinə Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının 24 iyun 2023-cü il tarixli iclasında baxıldığı, “Veteranlar haqqında” Azərbaycan Respublikasın Qanununun 5-ci və 7-ci maddəsinə və AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olmadığı üçün iddiaçının müraciətinin təmin edilməsinin məqəsədəmüvafiq olmadığı bildrilmişdir. Komissiyanın 03 oktyabr 2023-cü il tarixli qərarında iddiaçının ehtiyata buraxılmağı əsas gətirilərək Baş Prokurorluğun rəyi olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli qərarı ilə Prokurorluq orqanlarında xidmət edən hərbi qulluqçulara status Respublika Prokurorluğunda yaradılan komissiyanın rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verildiyindən, həmin rəy olmadığından iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
II. İddianın növü və mümkünlüyü
9. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
10. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
14. İş materiallarında olan AR Hərbi Prokurorluğunun Əmrindən çıxarışa əsasən:
1. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə mayoru İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Beyləqan və Füzuli rayonlarına (Füzuli hərbi prokurorluğuna) ezam edilsin.
2. Əmr elan və icra olunması üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğunun aidiyyəti struktur qurumlarına göndərilsin.
15. İş materiallarında olan AR Müdafiə Nazirliyi 212№-li hərbi hissənin xx.xx.2023-cü il tarixli 71№-liə arayışına sasən: Verilir ondan ötrü ki, həqiqətən 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikasının Hərbi Prokrorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində xidmət etmiş, ədliyyə polkovnik-leytenantı İddiaçı mənəvipsixoloji təminatın yerinə yetirilməsində, yəni bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi nizamın möhkəmlənməsi və döyüş ruhunun yüksəldilməsi, döyüş əməliyyatlarında iradə zəifliyi və qorxaqlıq göstərən şəxslərin qanunazidd əməllərinin qarşısını alınmasında,habelə hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etmiş, bu fədakar əməyinə və dəstəyinə görə tərəfimdən 22 fevral 2021-ci il tarixdə “Fəxri Fərman’la təltif olunmuşdur.
16. İş materiallarında olan AR Müdafiə Nazirliyi 212№-li hərbi hissənin xx.xx.2023-cü il tarixli 72№-liə arayışına əsasən: Verilir ondan ötrü ki, həqiqətən 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikası Hərbi prokrorunun müavini, ədliyyə general-mayoru X6, Azərbaycan Respublikası Hərbi Prokrorluğunun Hərbi Təsisatlarda Təhqiqata Nəzarət və Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, ədliyyə polkovniki X3, Respublika Hərbi Prokrorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi ədliyyə polkovnik-leytenantı İddiaçı, Respublika Hərbi Prokrorluğunun mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru X8 və Füzuli hərbi prokrorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı X4 bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonu Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində mövqelənmiş N nömrəli hərbi hissənin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonu Daşaltı kəndində mövqelənmiş N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksədilməsi ilə yanaşı, hərbi xidmət əleyhinə törədilən cinayətlər və bu cinayətlərin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə proflaktik tədbirlər görmüşlər.
17. İş materiallarında olan 212№-li hərbi hissənin komandiri X5 Fərmanına əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi” dövründə bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş hərbi hissələri, eləcə də döyüş əməliyyatları aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onların xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında göstərdiyi fədakar əməyinə və dəstəyinə görə Təltif Olunur ədliyyə polkovnik-leytenantı İddiaçı.
IV. Məhkəmənin mövqeyi
18. İddia tələbi “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsidir.
19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
21. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
22. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
23. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
24. Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
25. Beləliklə, işin hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir.
26. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğun rəyi olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli qərarı ilə Prokurorluq orqanlarında xidmət edən hərbi qulluqçulara status Respublika Prokurorluğunda yaradılan komissiyanın rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verildiyindən, həmin rəy olmadığından iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mümkün deyil.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçının “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə əlaqədar müraciətləri prokurorluq orqanlarından xaric edildikdən sonra olduğu üçün Respublika Prokurorluğunda müvafiq komissiya tərəfindən rəy verilməsi qeyd edilən Əsasnamədə nəzərdə tutulmamışdır. Bu səbəbdən də “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Respublika Prokurorluğunda yaradılan komissiyanın rəyi olmadan Müdafiə Nazirliyi tərəfindən verilir.
28. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi səlahiyyətlərinin icrası ilə bağlı Füzuli rayonuna ezam edilsə də, o, birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişdir, həmçinin bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün ezam edilməmişdir.
29. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi onun hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etməsi və s. o anlama gəlmir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Belə ki, yuxarıda qeyd edilən Əsasnaməyə əsasən döyüş əməliyyatları aparılan ərazilər və ya ona yaxın ərazilərdə öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı cinayət işinin istintaq hərəkətləri ilə əlaqədar ezamiyyə edilmə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas hesab edilmir. İddiaçı yalnız vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün ezam edilmişdir.
30. Beləliklə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 10 və 11-ci bəndlərin nəzərdə tutulan (döyüş əməliyyatlarının bütün təminat növləri) meyarlara uyğun olmadığına görə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilməlidir.
31. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
32. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
34. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva