Məhkəmə qərarları › İş №2-1(112)-1719/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1719/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1719/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanli Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin onun sığorta stajına daxil edilməklə 60 yaşı tamam olduğu xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin onun sığorta stajına daxil edilməklə 60 yaşı tamam olduğu xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə Salyan rayonunda anadan olmuşdur. 1980-ci ildə Qafur Məmmədov adına Bakı Dənzi yolları məktəbinə daxil olmuşdur. 1983-cü ildə həmin məktəbi bitirmiş, Hərbi xidmətini oxuduğu məktəbdə keçmişdir. Ehtiyyatda olan zabitdir, təlimləri Gürcüstan Respublikası Poti şəhərində hərbi gəmilərdə keçmişdir. xx.xx.1984-cü ildə X5 idarəsində motorçu vəzifəsində işə başlamış, xx.xx.1984-cü ildə işdən azad edilmişdir, xx.xx.1985-ci ildə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “CK Otpor” gəmisinə baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir, xx.xx.1992-ci ildə Salyan rayonu “Ornament” kooperativində anbardar vəzifəsində işləmiş, xx.xx.1992-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1993-cü ildə yenidən 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “Surovıy” gəmisinə baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir, xx.xx.1997-ci ildə Salyan tikinti X7 Cəmiyyətinə xəzinadar vəzifəsinə qəbul edilmişdir, xx.xx.1999-cu ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1999-cu ildə Salyan Sərnişin ATSC-yə Dispeçer vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" D-LTD firmasına gözətçi vəzifəsinə təyin edilmiş, sonrada xx.xx.2012-ci ildə firmaya məxsus olan "xxxx" gəmisinə 2-ci mexanik vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci ildə AR əmək məcəlləsinə əsasən işdən azad edilmiş, xx.xx.2017-ci ildə "xxxx" EKO MMC-yə baş mexanik vəzifəsinə qəbul edilmiş (Monolit Gəmisinə). xx.xx.2018-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2021-ci ildə “Siti Keytrinq” Qapalı Səhimdar Cəmiyyətinə mühafizəçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2024-cü ildə "xxxx" QSC-yə mühafizəçi vəzifəsinə qəbul edilmiş və halhazıradəkdə həmin işdə işləyir. Yuxarıda qeyd edilən Dənizçilik sahəsində işlədiyi işlər Azərbaycan Respublikası Nazirlər Kobinetinin 12 saylı xx.xx.2017-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi vermək haqqındakı, qərarı, güzəştli şərtlərlə pensiya olmağa səlahiyyət verir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlər təqdim etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 19 oktyabr 2020-ci il tarixli **********1 nömrəli məktubla cavablandnlmış və bildirilmişdir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Halbuki iddiaçının güzəştli şərtlərlə pensiya təminatına imkan verən ən azı 15 il sığorta stajı vardır və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışmışdır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutualn hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə görüdüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyəti istiqaməti və.s) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Mərkəzi filialın imtina məktubunda iddiaçının təqdim etdiyi məlumatlara əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutualn hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərləyaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

3. Cavabdeh iddiaya dair etiraza əlavə təqdim edərək bildirmişdir ki, mərkəzi filialın 05 dekabr 2024-cü il tarixli 3-17-1/3-1-97862/2024 nömrəli xidməti məktubuna əsasən iddiaçının ümumi iş stal 34 il 9 ay 13 gün (xx.xx.2006-cı il tarixinədək 21 il 6 ay 13 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 13 il 3 ay), güzəştli iş stajı isə 10 ay 7 gün (xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar.

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus ИT- ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1984-cü ildə X5 idarəsində motorçu vəzifəsində işə başlamış, xx.xx.1984-cü ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “CK Otpor” gəmisinə baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1992-ci ildə Salyan rayonu “Ornament” kooperativində anbardar vəzifəsində işləmiş, xx.xx.1992-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1993-cü ildə yenidən 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “Surovıy” gəmisinə baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1997ci ildə Salyan tikinti X7 Cəmiyyətinə xəzinadar vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1999-cu ildə Salyan Sərnişin ATSC-yə Dispeçer vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2011-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına gözətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci ildə "xxxx" D-LTD firmasına gözətçi vəzifəsinə təyin edilmiş, sonrada xx.xx.2012-ci ildə firmaya məxsus olan "xxxx" gəmisinə 2-ci mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci ildə AR əmək məcəlləsinə əsasən işdən azad edilmiş, xx.xx.2017-ci ildə "xxxx" EKO MMC-yə baş mexanik vəzifəsinə qəbul edilmiş (Monolit Gəmisinə). xx.xx.2018-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2021-ci ildə “Siti Keytrinq” Qapalı Səhimdar Cəmiyyətinə mühafizəçi vəzifəsinə qəbul olunmuş, xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2024-cü ildə "xxxx" QSC-yə mühafizəçi vəzifəsinə qəbul edilmiş və halhazıradəkdə həmin işdə işləyir. "xxxx" QSC X1 AM03/02-555 nömrəli xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək motorçu vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan X2 aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət- göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 00 il 10 ay 07 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təstiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin ( kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X4 yenidən təşkili yolu ilə "xxxx"Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. "xxxx" QSC-nin KŞ/03 nömrəli xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı "xxxx" QSC şirkətində 01 sentyabr 2021-ci il tarixindən 17 mart 2024-cü il tarixinədək və 14 avqust 2024-cü il tarixindən hal-hazıradək mühafizəçi vəzifəsində işləyir. 10/1984 nömrəli diplomdan görünür ki, iddiaçı 1980-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinə daxil olmuş və 1984-cü ildə bitirmişdir. BЦ 057409 nömrəli hərbi biletdən görünür ki, iddiaçı 26 yanvar 1982-ci ildən 1984cü ilədək hərbi xidmətdə olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərildiyi xx.xx.2024-cü il tarixli 3-17-1/2-Z-137120/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X2 12 fevral 2025-ci ildə sorğu ünvanlanaraq, İddiaçı xx.xx.1985-xx.xx.1992-ci illərdə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “SK Otpor” gəmisində baş mexanik vəzifəsində, xx.xx.1993-xx.xx.1995-ci illərdə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “Surovıy” gəmisinə baş mexanik vəzifəsində, xx.xx.2012-xx.xx.2017-ci illərdə "xxxx" D-LTD firmasına məxsus "xxxx" gəmisində 2-ci mexanik vəzifəsində və xx.xx.2017-xx.xx.2018-ci illərdə "xxxx" D-LTD firmasına məxsus "xxxx" gəmisində baş mexanik vəzifəsində çalışdığı, lakin 4 nömrəli Balıq Nəzarəti müfəttişliyi və "xxxx" D-LTD firması hal-hazırda fəaliyyət göstərmədiyi səbəbindən, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün zəruri olan güzəştli arayışı alınması qeyri-mümkün olması bildirilərək, işin tam, obyektiv və hərtərəfli araşdırılması ilə bağlı yaranmış zərurət ilə əlaqədar olaraq, İddiaçı işlədiyi 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “SK Otpor” gəmisində baş mexanik vəzifəsinnin, 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “Surovıy” gəmisinə baş mexanik vəzifəsinin, "xxxx" D-LTD firmasına məxsus "xxxx" gəmisində 2-ci mexanik vəzifəsinin və "xxxx" D-LTD firmasına məxsus "xxxx" gəmisində baş mexanik vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olub-olmaması barədə və olduğu təqdiqdə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarına istinad edilməklə güzəştli arayışın təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə sorğusu əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X1 22 aprel 2025ci il tarixli 13-3-1/2-474/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı "xxxx" QSC-də işləməmişdir və hal-hazırda da işləmir. Həmçinin adları qeyd olunan gəmilər "xxxx" QSC0nin balansına daxil deyildir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən şəxsin çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricililərin siyahısı”nın 21.2-ci bəndinin (Dəniz və çay donanması) “b” yarımbəndinə (üzən heyət), (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti) uyğun göstərilmişdir.

Tətbiq edilən hüquq.

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı": - 21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)

Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək,iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

11. “Əmək pensiyaları haqqında” Qanun yuxarıda qeyd olunan tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir:) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması.

12. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir.

13. İddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasının səbəb olmuş hal ondan ibarətdir ki, cavabdeh iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olmasını göstərir (10 ay 7 gün (xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər) qəbul edir. Halbuki iddiaçı xx.xx.1985-xx.xx.1992-ci illərdə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “SK Otpor” gəmisində baş mexanik vəzifəsində, xx.xx.1993-xx.xx.1995-ci illərdə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “Surovıy” gəmisinə baş mexanik, xx.xx.2012-xx.xx.2017-ci illərdə "xxxx" D-LTD firmasına məxsus "xxxx" gəmisində 2-ci mexanik vəzifəsində və xx.xx.2017-xx.xx.2018-ci illərdə "xxxx" D-LTD firmasına məxsus "xxxx" gəmisində baş mexanik vəzifəsində işləmişdir ki, həmin müddət 16 il 15 gün təşkil edir. Həmin müddətdə də iddiaçının işlədiyi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2. Dəniz və çay donanması: - b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) peşəyə aiddir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/20 nömrəli “Əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubunda göstərilmişdir ki, “müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər-hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər.” İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X1 22 aprel 2025-ci il tarixli 13-3-1/2-474/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricililərin siyahısı”nın 21.2-ci bəndinin (Dəniz və çay donanması) “b” yarımbəndinə (üzən heyət), (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti) uyğun göstərilmişdir.

14. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

15. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

16. Şərh olunan normaların məzmunundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir.

17. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X1 tərəfindən verilmiş məktub iddiaçının həmin müəssisədə işlədiyi bütün işlərin, peşələrin, vəzifələrin, o cümlədən cavabdeh tərəfindən qəbul etməkdən imtina etdiyi - güzəştli stajının 12 il 06 ay şərtini ödəməsini təsdiq edir.

18. Beləliklə işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçının 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur, həmin tarixə ümumi iş stajı 34 il 9 ay 13 gün, güzəştli stajı isə 16 il 15 gün təşkil edir. Yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur.

19. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda iddiaçının üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.

20. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.

22. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illərin onun sığorta stajına daxil edilməklə 60 yaşı tamam olduğu xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

23. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

25. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar