Məhkəmə qərarları › İş №2-1(112)-172/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-172/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-172/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, yekunda ona xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü qrup əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, birinci Qarabağ Müharibəsi iştirakçısı və veteranıdır. Azərbaycan Respublikasının müdafiəsi zamanı Ağdam rayonunda döyüş tapşırıqlarını həyata keçirərkən 1992-ci ilin noyabr ayının 23-də yaralanmış və xəstəxanaya gətirilərək orada müalicə almışdır. Bunların nəticəsində ona əlillik dərəcəsi təyin olunmuşdur. Daha sonra əlil olduğu üçün əlilliyə görə pensiya təyin olunmuşdur. Həmçinin müharibə əlilləri üçün verilən Prezident təqaüdü də təyin olunmuşdur. İddiaçı odlu silahın partlaması nətcəsində yaralanmışdır və hələ də bədənində qəlpələr gəzdirir. Bu səbəbdən artıq 28 ildir ki, əlil olmağına baxmayaraq gözlənilmədən ona təyin edilmiş əlillik dayandırılmışdır. İddiaçı əmək qabiliyyətinin bir qismini itirmişdir və sağlam şəkildə fəaliyyət göstərə bilmir. 28 il əlil olan bir şəxsin yenidən sağalması mümkün deyildir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 23 saylı şəhər poliklinikasının xx.xx.1993-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S96 - Əzələ və vətərin aşıq-baldır oynağ...; Diaqnozun mətni: Güllə yaralanmasından sonra sağ bazu sümüyünün aşağı 1/3 qeyri düzgün bitişməyən sağalmış sınığı. Sağ dirsək oynağının kontrakturası, qismən funksiya pozğunluğu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Güllə yaralanmasından sonra sağ bazu sümüyünün aşağı 1/3 qeyri düzgün bitişməyən sağalmış sınığı. Sağ dirsək oynağının kontrakturası, qismən funksiya pozğunluğu..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 23 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: sağ bazu sümüyünün kor qəlpə yaralanmasından sonrakı kondulus üstü q/d bitişmiş sınığı. Sağ dirsək oynağının postravmatik artrozu. bükücü kontarkturası ağrı sindromu ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ bazu sümüyünün kor qəlpə yaralanmasından sonrakı kondulus üstü q/d bitişmiş sınığı." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 23 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Sağ bazunun odlu silahla yaralanması Sağ diz oynağının artrozu, ağrı sindromuilə.Sağ bazu sümüyünün odlu silah yaralanması əticəsində kondilustan keçən q/d bitişmiş sınığı. Sağ dirsək oynağının bükücü kontrakturası.Nevrasteniya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ bazunun odlu silahla yaralanması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Sağ bazunun odlu silahla yaralanması Sağ diz oynağının artrozu, ağrı sindromuilə.Sağ bazu sümüyünün odlu silah yaralanması əticəsində kondilustan keçən q/d bitişmiş sınığı. Sağ dirsək oynağının bükücü kontrakturası.Nevrasteniya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ bazunun odlu silahla yaralanması” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 23 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0050003AADDZ saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Odlu silah yaralanması partlayış travması.Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ bazunun aşağı 1/3-nin qəlpə yaralnması və posttravmatik çapığı. Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyridüzgün bitişmiş sınığı.Dirsək oynağının valqus deformasiyası, artrozu konturakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.1993-cü il tarixli göndərişi əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinin müəyyənləşdirilməsi üçün ilkin müayinə aparılmış və xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 1 il müddətinə 3-ci qrup əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.1994-cü il göstərilmişdir. İşdən görünür ki, daha sonra iddiaçıya təyin edilmiş əlilliyin müddəti 1 olmaqla uzadılmışdır. İş matriallarından görünür ki, sonuncu dəfə iddiaçının əlillik vəziyyəti elektron təyinat əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 5 il müddətinə 3-ci qrup əlillik təyin edilməklə növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. İşdən olan 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 00500003AADDZ nömrəli göndərişdən görünür ki, Poliklinika tərəfindən iddiaçıya yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplt odlu silahdan atəş, Odlu silah yaralanması partlayış travması.Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ bazunun aşağı 1/3-nin qəlpə yaralnması və posttravmatik çapığı.Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyridüzgün bitişmiş sınığı.Dirsək oynağının valqus deformasiyası, artrozu konturakturası diaqnozu qoyulmuşdur. Bu göndəriş əsasında xx.xx.2021-ci il tarixdə aparılmış müayinədən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş və səbəb “diaqnoz əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarından göstərilmişdir ki, “Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 830 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu silah kor qəlpə ilə sağ bazunun yaralanması, sağ bazu sümüyünün sınığı. Sağ dirsək oynağının kontrakturası funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ bazu sümüyünün aşağı 1/3-nin bitişmiş sınığından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv müayinə zamanı sağ bazuda 3 sm diametrli zərif çapıq sahələr müəyyən edilsə də, əlillik təyinatına əsas verən hərəki məhdudluq və ya əzələ atrofiyası müəyyən edilməmişdir. Hər iki yuxarı ətrafın əzələ gücü, tonusu, həcmi simmetrikdir. Verilən bütün funksional sınaqları yerinə yetirmiş, müayinə zamanı hər iki yuxarı ətrafını aktiv işlətmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 201.5-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına meyarlarına Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İddiaçı bu qərardan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı mövcud olan xəstəlik və qüsurlarının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan xx.xx.2022-ci il tarixli, 2-1(112)-5179/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin ediərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 ekspertlərinə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə bağlı Birlik tərəfindən xx.xx.2023-cü il tarixdə T131/2023 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydən görünür ki, onun tərtibində məhkəmə-tibb eksperti X4 ilə yanaşı iş üzrə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti X5 iştirak etmiş, ekspert rəyi həmin şəxs tərəfindən də imzalanmışdır. Buna görə də məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 23 saylı şəhər Poliklinikasından verilmiş 00500003AADDZ nömrəli Forma 088 saylı göndərişində qeyd edilmiş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. Belə ki, onun xx.xx.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnsti-tutunda müayinəsi zamanı müəyyən edilmiş “Odlu silah yaralanmadan sonra sağ bazunun aşağı /s-nin arxa iç səthində kobud dartıcı çapıq toxuması, sağ bazu sümüyünün distal metafizinin qeyri-düzgün bitişmiş sınığı, valqus deformasiyası, sağ dirsək oynağının açıcı-bükücü kəskin kontrakturası (açma-110dər, bükmə 100dər.) əzələ atrofiyası, daimi ağrı sindromu və sağ yuxarı ətrafın funksiyasının pozulması. (XBT 10 ilə: Y36.2, L90.5, S42.4, M84.0, M21.1, M25.5, M62.5, R32.2, Z73.6)” diaqnozu qoyulmuşdur. Məhkəmə ekspert rəyi ilə qiymətləndirmə üçün tələb olunan halların olub olmamasının müəyyən edilmədiyini nəzərə alaraq xx.xx.2023-cü il tarixdə iş üzrə əlavə məhkəmə-tibbi ekspertiza təyin etmişdir. Həmin qərardadın icrası məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X6” X10 müalicə müəssisəsi olmadığından İddiaçı hazırda 00500003AADDZ nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. Lakin, onun tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş 00500003AADDZ saylı göndərişlə göndərilmiş Forma 088-də qeyd edilən və hazırda müəyyən olunan “W33-Yivli tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silah yaralanması partlayış travması. М21.8- Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. Sağ bazunun aşağı 1/3-nin qəlpə yaralanması və postravmatik çapığı. Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Dirsək oynağının valqus deformasiyası, artrozu, kontrakturası.;” diaqnozdakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alan məhkəmə bildirir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə isə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. İstinad olunan normalardan görünür ki, şəxsin istənilən sağlamlığının pozulması deyil, cəmiyyətdə digər şəxslərlə bərabər səviyyədə tam və səmərəli iştirakına mane olan pozulması ona əlilliyin təyin edilməsinə əsas yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğun dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının aldığı xəsarət nəticəsində sağlamlığına zərər vurulması işin mübahisəsiz halıdır, ekspert rəyləri də bu faktı təsdiq edir. Lakin həmin xəsarət nəticəsində orqanizmin funksiyalarının əlillik təyin etməyə imkan verən dərəcədə pozulmasının müəyyən edilməsi üçün iddiaçının sağlamlıq vəziyyəti Meyarlarda göstərilən əlamətləri də özündə əks etdirməlidir. Belə ki, iddiaçı barəsində verilmiş göndərişdə qoyulan diaqnozlara əsasən ona əlillik təyin edilməsi üçün onda aşağıdakı əlamətlərdən hər hansı biri də müşahidə olunmalıdır: - bilək oynağının funksional yararsız vəziyyətdə ankilozu; - ağır dərəcəli bazu oynağının qeyri-stabilliyi, eləcə də laxlayan oynaq və daimi oynaq çıxıqları və ya bazu oynağının funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası); - bazu sümüyünün psevdoartrozu: qeyri-stabil; - said sümüyünün psevdoartrozu: qeyri-stabil; - funksional əlverişsiz vəziyyətdə dirsək oynağının ankilozu (60 dərəcədən az, 150 dərəcədən çox); - hər iki dirsək oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu (60 dərəcədən az, 150 dərəcədən çox); - laxlayan dirsək oynağı; - hər iki bilək oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu; - on barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası); - hər iki bud-çanaq oynağının ankilozu; - hər iki bud-çanaq oynağının hərəkətinin orta dərəcə məhdudlaşması; - bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu; - hər iki bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması; - budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinə; - budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinin başa çatmasından sonra müalicəsinin sonuna qədər; - bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, mülayim pozuntularla; - hər iki bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, təzahür edən pozuntularla; - bud sümüyünün psevdoartrozu, mülayim pozuntularla; - bud sümüyünün psevdoartrozu, təzahür edən pozuntularla; - diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu; - hər iki diz oynağının funksional əlverişli vəziyyətdə ankilozu; - hər iki diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu; - pəncənin qüsurlu vəziyyətdə ankilozu; - hər iki aşıq-baldır oynağının ankilozu; - hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz); - bud-çanaq oynağının birtərəfli çıxığı; - bud-çanaq oynağının ikitərəfli çıxığı; - baldır sümüklərinin psevdoartrozu: qeyri-stabil; - başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntular; - başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları; - başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi. Lakin iş materialları ilə bu hallardan hər hansı birinin iddiaçıda olması müəyyən olunmur. Yəni iddiaçının sağlamlıq vəziyyəti sağ bazunun odlu silahla yaralanması diaqnozuna uyğun olsa da, bu xəstəliyin gedişatının forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələri və tezliyi, patoloji prosesin yayılması kimi kliniki funksional xüsusiyyətləri əlillik təyin edilməsinə əsas vermir. İddiaçı məsəslə ilə bağlı 23 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubunu təqdim edərək, iddiaçıda hər iki dirsək oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu (60 dərəcədən az, 150 dərəcədən çox) olduğunu bildirsə də, bu halı sübut edən instrumental müayinə nəticələrini məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar