Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1721/2023 07.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, şəxsiyyət vəsiqəsi almaq üçün "Asan" Xidmət Mərkəzinə yaxınlaşsa da doğum haqqında şəhadətnaməni itirdiyi üçün bu səbəbdən şəxsiyyət vəsiqəsi almağa müraciət edə bilməmişdir. Buna görə də, məcbur olaraq Bakı şəhəri 5 saylı Bakı "Asan" Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, ona təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhəri 5 saylı Bakı "Asan" Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi 12 iyul 2022-ci il tarixli məktubla ona təkrar şəhadətnamənin verilməsindən imtina etdi. İmtina məktubunda səbəb kimi onun şəxsiyyət vəsiqəsinin olmaması göstərilərək iddiaçıya məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün iddiaçı doğum haqqında təkrar şəhadətnaməni ala bilmir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 4.2ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir, 9-cu bəndinə görə İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Eyni zamanda, İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 13-cü, 48-ci, 49-cu maddələrinə əsasən iddiaçıya yardım göstərmək, həmçinin işin hallarını və mübahisənin vəziyyətini tərəflərin iştirakı ilə müzakirə etmək məqsədi ilə məhkəmə iclaslarını xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin etmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzrlü səbəb göstərmədən iştirak etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində qeyd olunmuşdur: “12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.” Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları öz xidməti vəzifəsinə görə araşdırmaq məqsədi ilə İddiaçı (xx.xx.1996-cı il təvəllüdlü) ölkə hüdudlarından giriş-çıxışı, hərbi qeydiyyatı və hərbi xidməti, vətəndaşlığı, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilib-verilməməsi, cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilib-edilməməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olub-olmaması, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib-edilməməsi barədə məlumatların təqdim edilməsinə dair müvafiq sorğular göndərmişdir. Eyni zamanda məhkəmə cavabdeh orqana sorğu göndərərək İddiaçı (xx.xx.1996-cı il təvəllüdlü) doğum aktı qeydi barədə bütün sənədlərin, o cümlədən həmin şəxs barəsində ölüm akt qeydi açılmışdırsa, ölüm akt qeydi ilə bağlı bütün sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunmasını tələb etmişdir. Məhkəmənin sorğusuna əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, 19 aprel 1996-cı il təvəllüdlü Rəsulov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsindən hərbi xidmətə çağırılmamışdır. Şəxsin hərbi xidmət keçməsi və hərbi qeydiyyatı barədə uçot sənədlərində məlumat yoxdur. Məhkəmənin sorğusuna əsasən, Daxili İşlər Nazirliyi Baş Əməliyyatlar və Statistik İnfomasiya İdarəsi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, 19 aprel 1996-cı il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilib-edilməməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olubolmaması, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib-edilməməsi barədə məlumat yoxdur. Məhkəmənin sorğusuna əsasən, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti xx.xx.2022ci il tarixdə məktubu ilə bildirmişdir ki, 19 aprel 1996-cı il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, İddiaçı ölümü haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış Qeydiyyat Sistemində yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, 19 aprel 1996-cı il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər (25.0.): fiziki və ya hüquqi şəxslər (25.0.1); dövlət orqanları və ya bələdiyyələr (25.0.2.) Həmin Məcəllənin 26-ci maddəsində göstərilmişdir: “26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində göstərilmişdir: “4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0-cı maddəsinə əsasən,bu Məcəllədə aşagıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd; Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd – Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər müvcud olduğu halda, onlar şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul oluna bilər. Məhkəmə araşdırması nəticəsində aşkar olunmuşdur ki, iddiaçının şəxsiyyətini müəyyən edilməsini mümkün edən sənədin hər hansı dövlət orqanında, tədris müəssisəsində, və s. təşkilat, idarə, müəssisədə olması (hərbi xidmətdə olması, yaşayış yeri üzrə qeydiyyatı, dövlət sərhədindən keçməsi, ölüm aktı qeydinin olub-olmaması) barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Məhkəmə iddia ərizəsinə əsasən müəyyən etdi ki, iddiaçı onun şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmir. Belə ki, belə bir sənəd onda mövcud deyil. İddiaçının şəxsiyyətini müəyyən etmək mümkün olmadığından cavabdehin üzərinə ona aid sənədlərin verilməsi vəzifəsinin qoyulması mümkün deyil. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmadığından, iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyindən, iddiaçının cavabdeh 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1721/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1721/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver