Məhkəmə qərarları › İş №2-1(112)-17214/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17214/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17214/2025 05.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 175 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, 19 saylı binanın 8 saylı mənzilində yaşayan X5 A.Qurban küçəsi, 19 saylı evin qarşısında 0.02 ha torpaq sahəsinin ayrılması və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. Bununla bağlı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 266.7 kv.m. olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətində olmaqla, xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 263 nömrəli reyestr kitabının 24485 nömrəli vərəqində qeydiyyata alınmışdır. Verilmiş çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla Qarayev Eldarın istifadəsində olması göstərilmişdir. Qeyd olunan daşınmaz əmlakı alqı-satqı əsasında almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 266.7 kv.m. olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətində olmaqla, xx.xx.2023-cü il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla İddiaçı istifadəsində olması göstərilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, bu barədə çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etdi. Müraciətindən sonra cavabdehin əməkdaşları gəlib, baxış keçirtmiş, hərşeyin qaydasında olduğu bildirilmişdir. Bir müddət sonra, yəni 05 avqust 2025-ci il tarixdə sms vasitəsi ilə kod və link göndərilmişdir. Ona göndərilmiş ödənişlərə və hazır sənədlərə keçid linkinə daxil olduqda ödənilməli olan dövlət rüsumları ekranda göstərilmiş, lakin ödəniş etmək mümkün olmamışdır. Hazırda da linkə daxil olmaq olur, lakin ödəniş etmək mümkün olmur. Odur ki, cavabdehə yenidən müraciət edərək, bu baş verənləri dedikdə adına imtina gəldiyini bildirmişlər və imtina məktubunu təqdim etdilər. İmtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-cü il tarixli, 175 nömrəli sərəncamı tapılsa da həmin sərəncamda X5 dair məlumat əks olunmamışdır. Halbuki, sərəncamın 1-ci bəndində qeyd olunur ki, A.Qurban küçəsi 19 saylı binanın 8 saylı mənzilində yaşayan X5 A.Qurban küçəsi 19 saylı evin qarşısında 0.02 ha torpaq sahəsi ayrılması və fərdi ev tikintisinə icazə verilsin. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Odur ki, bu qanunsuzluğun qarşısının alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İstər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-cü il tarixli, 175 nömrəli sərəncamının özü, istərsə də Dövlət arxivində olan nüsxəsi mövcuddur. Belə ki, sərəncamı əsli qeyd olunan daşınmaz əmlak üzərində ilkin çıxarış alınarkən cavabdehə təqdim olunmuş, arxiv nüsxəsi isə Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Dövlət Arxivinin Bakı filialından Xətai RİH başçısının xx.xx.1998-ci il tarixli, 175 saylı Sərəncamı əldə edilmişdir. Həmin nüsxəni hazırki ərizəyə əlavə edir. İddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi məhz icra hakimiyyəti orqanının qərarı əsasında verilmiş və həmin qərar hazırda qüvvəsində olmaqla dəyişdirilməmiş və ləğv edilməmişdir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına vətəndaş X5 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri Xətai rayon İHB-nın 175 saylı, xx.xx.1998-ci il tarixli sərəncamdan çıxarışın arxivdə mövcudluğu, həmçinin qüvvədən düşüb-düşməməsi ilə bağlı hər hansı məlumatın olub-olmaması barədə məlumat verməyinizi və sərəncamın təsdiq edilmiş surətini 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsinə dair xx.xx.2025-ci il tarixli, **********53 nömrəli sorğu ünvanlanmış, sorğuya cavab olaraq göndərilmiş 3-48-2F/2-2279/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, Xətai RİH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 175 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət. X8 barəsində heç bir məlumat yoxdur.”

4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına vətəndaş X5 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri Xətai rayon İHB-nın 175 saylı, xx.xx.1998-ci il tarixli sərəncamdan çıxarışın arxivdə mövcudluğu, həmçinin qüvvədən düşüb-düşməməsi ilə bağlı hər hansı məlumatın olub-olmaması barədə məlumat verilməsi və sərəncamın təsdiq edilmiş surətini 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsinə dair xx.xx.2025-ci il tarixli, **********53 nömrəli sorğu ünvanlanmış, sorğuya cavab olaraq göndərilmiş 3-48-2F/2-2279/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, Xətai RİH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 175 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət. X8 barəsində heç bir məlumat yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir.

5. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialının 28 oktyabr 2025-ci il tarixli 3-48-2F/2-2772/2025 saylı məktubu ilə bildirilmişdir ki, Xətai RİH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 175 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin sərəncamın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir.

6. Xətai Rayon İcra Hakimiyyəti Başçısının 175 saylı xx.xx.1998-ci il tarixli sərəncamından arxiv çıxarışına əsasən A.Qurban küçəsi, 19 saylı binanın 8 saylı mənzilində yaşayan X5 A.Qurban küçəsi, 19 saylı evin qarşısında 0.02 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir.

7. ƏMDK DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ (tam) X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır, 0.01631 ha olan torpaq sahəsi dövlət mülkiyyətindədir.

8. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ (tam) X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır, 0.016310 ha olan torpaq sahəsi dövlət mülkiyyətindədir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. İddia mümkündür

III. Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 175 saylı xx.xx.1998-ci il tarixli “Qəsəbə daxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” sərəncamına əsasən X5 Xətai rayonu, A.Qurban küçəsi, 19 saylı evin qarşısında 0.02 ha torpaq sahəsinin ayrılması və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsi üzərində qanuni əsaslarla inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, torpaq sahəsinə yalnız istifadə hüququ tanınmışdır. Mübahisə predmeti olan daşınmaz əmlakı alqı-satqı yolu ilə əldə edən iddiaçı cavabdehə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.

18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

24. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçıya qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

25. Məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Xətai Rayon İcra Hakimiyyəti Başçısının) 175 saylı xx.xx.1998-ci il tarixli sərəncamı) X5 A.Qurban küçəsi, 19 saylı evin qarşısında 0.02 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılan yaşayış evinin layihəsi əsasında həmin torpaq sahəsi üzərinə inşa edilmiş fərdi yayayış evinə dair mülkiyyət hüququ X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin torpaq sahəsinə dair mülkiyyət hüququ tanınmamışdır. Alqı-satqı münasibətləri nəticəsində həmin daşınmaz əmlak eyni əsaslarla iddiaçının adına xx.xx.2023-cü il tarixdən dövlət reyestrində qeydiyyatdadır. Göründüyü kimi qeydiyyatın özünün inzibati orqan tərəfindən torpaq sahəsinin şəxsin istifadəsinə verilməsini nəzərə almadan aparıldığı müəyyən olunur. Əlavə edilmiş sxematik planın cizgiləri ilə iddia olunan torpaq sahəsinin konfiqurasiyasının üst-üstə düşdüyü müəyyən edilmişdir, torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı isə məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir.

26. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri, yəni Xətai RİH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 175 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialında mövcud olsa da, həmin sərəncamda vət. X8 barəsində heç bir məlumat olmaması halını məhkəmə əsassız hesab edir.

27. Belə ki, məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Xətai RİH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 175 saylı sərəncamının arxiv çıxarışında X8 haqqında məlumat aşkar edilmişdir.

28. Göründüyü kimi cavabdehin hüquqmüəyyənedici sənəd qismində təqdim edilən sərəncamın arxiv nüsxəsində torpaq sahəsi ayrılan şəxs barəsində məlumat olmaması dəlili məhkəmə araşdırılması ilə təkzib edildi. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsindən istifadə olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Eyni zamanda, sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

29. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarınn dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar