Məhkəmə qərarları › İş №2-1(112)-17219/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17219/2025

06.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17219/2025 06.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçınn cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı (3-cü şəxs: X2) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). İddiaçının əsaslandırması: İddianın məzmunundan görünür ki, iddiaçı mənzil kimi qeyd edilən faktiki fərdi yaşayış sahəsi kimi iddia edilən tikilinin qanuni istifadəsində olmasına istinad edir və bildirir ki, evə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı müraciət edilmiş, lakin müraciətin təminindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi kimi əsas göstərilərək qanunsuz olaraq imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı mənzilin faktiki sahədə mövcud olmadığı, torpaq sahəsində fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. İnşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş aprel 2000-ci il tarixli texniki pasport torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən, texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Elektron kadastr məlumatlarına əsasən ümumi əraziyə digər şəxsin müraciəti olmuşdur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Tərəflər məhkəmə iclasında iştirak etmirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak X1 və İddiaçı paylı mülkiyyətində olmuşdur. Texniki pasportdan görünür ki, daşınmaz əmlak 1 mərtəbəli 3 otaqlı sahədir. Notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X2 notarial qaydada ərizə ilə yeni tikilən fərdi yaşayış evinin iddiaçının adına özəlləşdirilməsinə etirazının olmadığını bildirmişdir. 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Biləcəri qəsəbəsi, Biləcəri-1, hərbi şəhərcik 27 saylı fin evinin mülkiyyətçisi İddiaçı ərizəsi əsasında evə baxış keçirilən zaman aşkar olunmuşdur ki, ev 1960-cı ildə tikilmiş, çıxarışla özəlləşdirilmişdir. İstismar müddəti keçdiyi üçün evin divarlarında çatlar əmələ gəlmişdir. Taxtalar çürüyərək yararsız hala düşmüşdür. İddiaçı yaşadığı fin evi yaşayış üçün yararsızdır. Eskiz layihəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsi, ev 27 ünvanda yerləşən əmlak 2 mərtəbəli, 7 otaqlı yaşayış evidir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə ilkin olaraq mübahisə predmetini təşkil edən daşınmaz əmlakın yerləşdiyi yaşayış sahəsinin və altındaki olan və həyətyani torpaq sahəsinin ümumi istifadədə olubolmaması, ümumiyyətlə mübahisə predmetini təşkil edən daşınmaz əmlakın mənzil və ya fərdi yaşıyış evi kimi xidmət etməsini müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, onun təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlər (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) üzərində hüquqları yaranır. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək hesab edir ki, iddiaçının mübahisəli əmlaka münasibətdə mülkiyyət hüquqları yaranmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisə predmetini təşkil edən əmlak yenidənqurma işləri aparılmamışdan əvvəl rəsmi sənədlərdə “mənzil” kimi qeyd edilsə də, faktiki vəziyyətinə və istifadə xüsusiyyətlərinə görə həmin əmlak fərdi yaşayış evi (fin tipli ev) qismində mövcud olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, həmin daşınmaz əmlakın fin tipli yaşayış evi olması və sözügedən dövrdə texniki cəhətdən yararsız vəziyyətdə olması aidiyyəti üzrə 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən tərtib edilmiş müvafiq aktla təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, yaşayış evi qəzalı və istifadəyə yararsız vəziyyətdə olduğuna görə sökülmüş və onun yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yeni yaşayış evi inşa edilmişdir. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktirikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxsin həmin mənzil üzərində hüquqlarının yaranması müəyyən olunur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-3003/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mənzil hesab edilməsi üçün onun çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanı olmalıdır, xxxx 2018-ci il tarixli texniki pasporta görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38, mənzil 1-də yerləşən 1 mərtəbəli yaşayış sahəsi hər hansı bir çoxmənzilli binanın tərkibində olmamaqla yanaşı, ayrıca tikili olan fərdi yaşayış evi kimi inşa olunmuş, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina etmiş, qeyd olunan mənzildə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsində olmuş, buna dair sərəncam, texniki pasport iş materiallarına əlavə edilmişdir. Ali Məhkəmənin 2-1(102)-1601/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Ali Məhkəmənin 2-1(102)-42/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsi müvafiq sənədlərdə mənzil kimi qeyd olunsa da, əslində həm işə əlavə olunmuş sənədlərdən, həm işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından, həm də mənzilin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətindən görünür ki, üzərində hüququn qeydiyyata alınmasının tələb olunduğu torpaq sahəsində əlahiddə olaraq yalnız həmin mənzil mövcuddur və həmin mənzil təcrid olunmuş ayrıca fərdi yaşayış evidir. Həmin ünvanda hər hansı başqa mənzilin, yaşayış sahəsinin mövcud olduğu iş üzrə materiallardan görünmür. Cavabdeh tərəfindən də belə bir halın mövcudluğuna istinad edilməmiş və bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Mənzilin çoxmənzilli evdə müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir neçə otaqdan və müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, istinad olunan sənədlərdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin mənzil kimi qeyd olunmasına rəğmən, həmin mənzil hazırkı mübahisəyə münasibətdə fərdi yaşayış evi kimi qiymətləndirilməli və qəbul edilməlidir. Ali Məhkəmənin 2-1(102)-2788/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli qərarında qeyd edilmişdir ki, . Apellyasiya instansiyası məhkəməsi işin materiallarına, o cümlədən, mütəxəssis rəyinə istinadla haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fəri yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən yaşayış sahəsi çoxmənzilli binada yerləşmir. Başqa sözlə, həmin yaşayış sahəsi Mənzil Məcəlləsinin 13.3cü maddəsinin deyil, yaşayış evinə aid edilən 13.2-ci maddəsinin tələblərinə uyğundur. Ali Məhkəmənin 2-1(102)-293/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-931/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cü il tarixli qərarında oxşar mövqedən çıxış etmişdir. Formalaşmış məhkəmə təcrübəsindən də göründüyü kimi həmin işlərdə mənzil kimi dövlət qeydiyyatına alınmış əmlakın əvvəllər həyətyani torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədinin mövcud olmaması fərdi yaşayış evlərinin səhvən mənzil kimi qeydiyyatı ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi rəsmi sənədlərdə “mənzil” kimi qeyd edilmiş olsa da, həm söküntüdən əvvəl mövcud olmuş tikili, həm də söküntüdən sonra həmin torpaq sahəsində inşa edilmiş tikili faktiki xüsusiyyətlərinə və istifadə təyinatına görə fərdi yaşayış evi olmuşdur. Belə ki, daşınmaz əmlakın qeydiyyat sənədlərində “mənzil” kimi göstərilməsinə baxmayaraq, iş materiallarında mövcud olan əvvəlki texniki pasportun məzmunundan da aydın görünür ki, sözügedən yaşayış sahəsi bir mərtəbədən ibarət olan və konstruktiv-planlaşdırma xüsusiyyətlərinə görə fərdi yaşayış evi kimi istifadə edilən tikili olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin təqdim edilməməsi əsası ilə yeni inşa olunmuş əmlaka dair hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə mövqe tutulsa da, cavabdeh orqan söküntüdən əvvəl mövcud olmuş yaşayış sahəsinin faktiki vəziyyətinə görə fərdi yaşayış evi olmasını, eləcə də həmin əmlakın torpaq sahəsi ilə funksional və ayrılmaz bağlılığını lazımi qaydada nəzərə almamışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, həmin dövrdə mövcud olan əmlak iddiaçı ilə yanaşı üçüncü şəxs X1 paylı mülkiyyətində olmuşdur. Nəzərə alınmalıdır ki, üçüncü şəxs öz iradə ifadəsi ilə yeni inşa edilmiş fərdi yaşayış evinə münasibətdə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etməmiş, əksinə buna müsbət münasibət bildirmişdir. Məhkəmə həmin mövqeni üçüncü şəxsin müvafiq hüquqi nəticələr doğuran razılıq xarakterli iradə ifadəsi kimi qiymətləndirir. Məhkəmə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini, mütəxəssis rəyinin alınmasını və ya mübahisəli əraziyə yerində baxış keçirilməsini zəruri hesab etmir. Belə ki, istər söküntüdən əvvəl mövcud olmuş yaşayış tikilisinin, istərsə də söküntüdən sonra inşa edilmiş tikilinin planlaşdırma quruluşu, torpaq sahəsindən təcrid olunmuş vəziyyətdə yerləşməsi, müstəqil giriş-çıxış imkanına malik olması və mənzil kimi çoxmənzilli yaşayış binasına xas xüsusiyyətləri daşımaması, əksinə fərdi yaşayış evi xüsusiyyətlərinə malik olması iş materiallarında olan texniki sənədlər və digər sübutlarla aydın şəkildə təsdiq olunur. Beləliklə, iş materiallarından da göründüyü kimi söküntüdən əvvəl mövcud olmuş və fərdi yaşayış evi olan daşınmaz əmlak formal olaraq “mənzil” kimi qeydiyyata alınmışdır. Bu isə həmin tikilinin yerləşdiyi torpaq sahəsinə münasibətdə iddiaçının qanuni istifadə hüquqlarının yaranmasına əsas vermişdir. Mövcud tikilinin yararsız vəziyyətə düşməsi səbəbindən sökülməsi və onun yerləşdiyi torpaq sahəsinin hüdudları daxilində yeni fərdi yaşayış evinin inşa edilməsi, eləcə də tikilinin faktiki olaraq ayrıca yerləşməsi, iddiaçının əmlakın yerləşdiyi torpaq sahəsinin faktiki istifadəçisi olmasını və həmin torpaq sahəsinə dair hüquqlarının yaranmasını istisna etmir. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdeh fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcud olmadığını iddia etsə də, həmin torpaq sahəsində söküntüdən əvvəl mövcud olmuş tikili üzərində iddiaçının hüquqlarının olması, həmçinin həmin tikilinin sənədlərdə “mənzil” kimi göstərilməsinə baxmayaraq faktiki olaraq fərdi yaşayış evi olması nəzərə alınmadan iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsi, ev 27 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq koordinatlara uyğun müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar